AZƏRBAYCAN
DİLÇİLİK ELMİNƏ QİYMƏTLİ
TÖHFƏ
Azərbaycan dilçilik elminin istedadlı alim və tədqiqatçıları
müxtəlif tarixi dönəmlərdə bu
elmə bir-birindən
faydalı elmi tədqiqat işləri ilə öz töhfələrini veriblər.
Bu dilçi-alimlər arasında AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnsttitutunun Dilçilik şöbəsinin aparıcı elmi işçisi, dosent Zülfiyyə İsmayılın sözügedən sahədə apardığı elmi araşdırmalar zəngin təfəkkürdən süzülüb gələn dəyərli elmi nəticələrdir. Belə ki, dosent Zülfiyyə İsmayılın yenicə işıq üzü görmüş “Ədəbi-bədii dil və dilçilik araşdırmaları” adlı kitabında ədəbiyyatşünaslığımızdakı bir çox şəxsiyyətlərin də yaradıcılıqlarının dil-üslub xüsusiyyətləri alimin qələmi ilə elə incəliklə araşdırılır ki, bu fikirlərə diqqət edərkən həmin ədəbi şəxsiyyətin təhlilə cəlb olunmuş əsəri ilə tanış olmadan da, ondan ətraflı məlumat almaq imkanı əldə edə bilirsən. Çünki Z.İsmayıl həmin ədəbi şəxsiyyətin, nəzədə tutduğu müəyyən əsərinin dil-üslub xüsusiyyətini araşdırarkən, bütünlükdə o şəxsiyyətin, demək yerinə düşür ki, sıfırdan sonadək bütün yaradıcılıq nümunələrini mütaliə edir. Bəli, gözdən, nəzərdən keçirmək yox, məhz mütaliə edir. Bunun nəticəsidir ki, Z.İsmayılın qələmindən intişar edən elmi məqalələr öz yüksək sanbalı, dəyərli və günümüzdə, təəssüflər olsun ki, bir çox elmi və publisistik “məqalələrdə” görünməyən, hətta itməkdə olan orijinallığı ilə fərqlənir.
Kitabın elmi redaktoru AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev, rəyçilər dosent Aytən Cəfərova və dosent F.Rzayevdir. Əsər “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi”nə ithaf olunub. Kitabın ilk səhifəsində Ulu Öndər Heydər Əliyevin Azərbaycan türklərinin dilinin möhtəşəmliyini ifadə edən dəyərli kəlamları təqdim olunur: “Biz əcdadlarımıza daim minnətdar olmalıyıq, ona görə ki, torpaqlarımız, ərazimiz cürbəcür şahlıqların, sultanlıqların, xəlifələrin, dövlətlərin əlinə keçdiyi vaxtlarda da dilmiz ölməyib, yaşayıb. Onu xalq yaşadıbdır”. Ulu Öndərin dilimizin qədimliyini, möhtəşəmliyini ifadə edən dəyərli fikirləri, eləcə də onu qorumağın mütləqliyini göstərən haqlı tələblərini müəllif hər üç cildin elə ilk səhifəsində təqdim edir. Özü də məhz bu dəyərli kəlam və tövsiyələrin işığında öz fəaliyyətini təşkil edən müəllif hər üç cilddə dilimizin zəngin ifadə imkanlarından sinədolusu bəhs edir.
“Ədəbi-bədii dil və dilçilik araşdırmaları” adlı kitabının III cildini müəllif haqlı olaraq “Heydər Əliyev və Azərbaycan dili məsələləri” başlıqlı giriş xarakterli məqaləsi ilə başlayır. Məqalədə müəllif Ulu Öndərin Azərbaycan dilinin qorunması, inkişafı ilə bağlı olan dəyərli kəlamlarının Ümummilli Liderimizin bu istiqamətdə gördüyü işlərdə də mükəmməl şəkildə gerçəkləşməsindən, əməliləşməsindən olduqca geniş şəkildə bəhs edir. Ümumiyyətlə, biz bu əsərin hər 3 cildini mütaliə edərkən Zülfiyyə İsmayılın Ulu Öndərin dil siyasəti ilə bağlı bütün fəaliyyətinin ən diqqətcil, ən nümunəvi izləyicisi, bu fəaliyyətdən örnək götürərək öz elmi yolunu məhz bu yolda mükəmməl şəkildə təşkil etdiyini aydınca görürük.
Əsərin ilk bölməsi “Ədəbi dil və bədii düşüncə” adlanır. Bu bölmədə müəllif Naxçıvan ədəbi mühitinin istedadlı simalarının ədəbi yaradıcılıqlarının dil və üslubi xüsusiyyətlərini incəliklərinədək araşdırır, həmin insanların əsərlərinə əsl vətənpərvər dilçi nöqteyi-nəzərindən yanaşaraq təhlilə cəlb edir. Belə mükəmməl təhlillərindən birində də Naxçıvan və Qərbi Azərbaycanla doğmalıqla bağlı olan həm istedadlı alim, həm də lirik duyğuların əsrarəngiz ifadəçisi olaraq zəngin məna və mətn tutmuna malik şeirlər müəllifi, şairə, pedaqoq filologiya elmləri doktoru, professor Mahirə Nağıqızı Hüseynovanın əsərlərinin dil-üslub imkanlarının zənginliyini bir daha təsdiq edir.
Digər bir tədqiqatını isə Z.İsmayıl “Unudulmayan alimin xatirəyə dönən şair ömrü” adlı yazısının tərkibində gerçəkləşdirir. Ümumiyyətlə, Zülfiyyə İsmayıl doğma el-obasına o qədər bağlı, qəlbində o qədər böyük bir sevgi bəsləyən insandır ki, onun alimlik istedad və bacarığı yüksək vətənpərvərlik sevgi və ideyaları ilə möhkəm çulğaşaraq apardığı tədqiqatları, elmi araşdırmaları vətənpərvər-alimin istedad və intellektual təfəkkürünün zənginliyi kimi ərsəyə gəlir, formalaşır.
O çalışır ki, elinin-obasının elmi-və bədii yaradıcılıqla məşğul olan, yaşından, mövqeyindən asılı olmayaraq bütün insanların yaradıcılığına öz dəyərli rəyini versin, onlara qədirbilənliklə yanaşsın. Şair və yazıçıların bədii yaradıcılıq nümunələrinin dil-üslub xüsusiyyətləri, mən deyərdim ki, Zülfiyyə İsmayıl qələmindəki kimi uğurlu tədqiqi və təhlili çox az müşahidə olunur. Bu sədaqətinin bariz örnəklərindən biri də doğma Naxçıvanın Sədərək elinin yetirməsi türkoloq alim, şair Cəfər İsmayıl oğlu Cəfərovun həm elmi, həm də bədii yaradıcılığı ilə bağlı apardığı dərin araşdırmanın nəticəsidir. Bu məqalədə Z.İsmayıl Cəfər Cəfərov yaradıcılığını sanki yenidən dirçəldir, az qala “sandıq ədəbiyyatı”na çevrilməkdə olan bu yaradıcılıq örnəklərinin dil-üslubi xüsusiyyətlərinə işıq, həm də vətənsevər nöqteyi-nəzərin işığını salaraq onu dirçəldir. Yazını mütaliə edərkən, Zülfiyyə İsmayılın sanki Cəfər Cəfərov şəxsiyyətini lap yaxından tanıyan bir insan olduğunu düşünmək olar. Çünki Z.İsmayıl C.Cəfərov şəxsiyyətindəki yüksək insani keyfiyyətləri, onun dünyayabaxış istiqamətlərini o qədər aydın və dəqiqliklə xarakterizə edir ki, bu, sözün əsl mənasında, insanda heyrət doğurur. Mən, C.Cəfərovun övladı olaraq buna doğrudan da, heyrət edirəm. Amma düşünəndə ki, Z.İsmayıl klassiklərimizin şəxsiyyəti barədə də onların əsərləri üzərindən beləcə dərin elmi və psixoloji analiz aparıb, onda bu heyrət yavaşıyır. Amma burada yavaşımayan, hətta qaynayan məqam o olur ki, Z.İsmayıl ədəbi şəxsiyyətin bədii yaradıcılığı vasitəsilə onun şəxsiyyəti, xarakteri, dünyaya baxışı, fəlsəfi dünyagörüşü barədə çox mükəmməl şəkildə fikir, rəy söyləmək qabiliyyətinə malikdir. C.Cəfərovun müxtəli mövzulu şeirləri içərisində Vətən mövzulu şeirlərini Z.İsmayıl dərindən şərh edir və Cəfər Cəfərov şəxsiyyətinin Vətən eşqi, xoşbəxt gələcəkli Vətən arzularını onun misraları vasitəsilə olduqca mükəmməl şəkildə aşkarlayır: “C.Cəfərov şeirlərində Vətən və yurd sevgisi kimi poetik düşüncələri yüksək şeiriyyətlə qələmə alınmışdır. Təəssüf ki, qanlı-qadalı 90-cı illərdə “Azərbaycan torpağıdır Qarabağ!” – deyən ziyalımız dünyanı lərzəyə gətirən “Qarabağ Azərbaycandır!” şüarının 44 gündə həsrətə son qoyan reallığını görmədi... 22 bəndlik şeirin növbəti bəndləri də dövrün reallıqlarını əks etdirmək baxımından olduğu qədər, deyim və duyum tərzi, bədii-məcazi imkanlarından istifadə baxımından da səciyyəvidir”.
Naxçıvan ədəbi mühitinin orta nəsil nümayəndələrindən olan Hüseyn Razi yaradıcılığını da Zülfiyyə İsmayıl həm Vətən-xalq-xalqın ziyalısı istiqamətində, nöqteyi-nəzərilə araşdırır, həm də bədii təsvir və ifadələrdən yüksək peşəkarlıqla istifadənin ən bariz nümunələrinin təqdimi baxımından tədqiq edir.
XX əsrin II yarısından sonrakı Azərbaycanda mənzum dramaturgiyanın banisi kimi tanınan, Naxçıvan torpağının yetirməsi, şairə-dramaturq Kəmalə Ağayevanın yaradıcılığı da Zülfiyyə İsmayıl tədqiqində bir daha yenilənir, dil və bədii xüsusiyyətləri peşəkarlıqla onun qələmi vasitəsilə bir daha aşkara çıxarılır. Bu barədə “Kəmalə yaradıcılığının dil-üslub xüsusiyyətləri” başlıqlı yazıda geniş bəhs olunur.
Naxçıvan ədəbi mühitinin müasir dövrünün nümayəndələrindən olan Alməmməd Eldaroğlu və Qafar Qəribin də şeir yaradıcılıqlarının dil-üslub xüsusiyyətləri Zülfiyyə İsmayıl qələminin təhlil süzgəcindən keçir, müəllif hər iki şairin dünyagörüşünə məxsus fəlsəfi yanaşmalarını şeirlərinə əsaslanaraq şərh etməklə yanaşı, onların şeirlərinin dil və üslubi ifadə imkanları barədə də diqqətçəkən yazı ilə çıxış edir.
“Dilçilik elmimiz: ustadlar və yeni nəsillər” adlı II bölməni kitabın müəllifi Z.İsmayıl bölmənin adından da göründüyü kimi, Azərbaycan dilçilik elminin ustad səviyyəsinə yüksəlmiş görkəmli şəxsiyyətlərinin, eləcə də bu elmə yenicə gələn və gəlməkdə olan tədqiqatçıların sözügedən elm sahəsindəki əsərləri barədə maraqlı fikirlərini elmi məqalələr şəklində bütövləşdirir.
Dilçilik elmimizin görkəmli simalarından olan, bu elmə zəngin töhfələr bəxş etmiş professor Əbülfəz Quliyevin elmi yaradıcılığı ilə bağlı olan məsələlər kitabın II bölməsində “Əbülfəz Quliyevin tərcümə əsərlərinə dair” başlıqlı yazıda öz əksini tapır. Bu məqalədə Z.İsmayıl alimin dilçilik elminin əsas istiqamətlərindən olan tərcüməçilik fəaliyyətindən bəhs edir. O, Ə.Quliyevin tərçüməçilik fəaliyyətinin ən dəyərli töhfələrindən olan Ruminin “Məsnəvi” əsərinin, Ədib Əhməd Yügnəkinin “Atabətül-həqaiq” əsərinin, Taylan Sorqunun “İttihad və Tərəqqidən Cümhuriyyətə bitməyən savaş” adlı xatirələr kitabını və digər bu kimi tarixi və mədəniyyət baxımından əhəmiyyətli əsərlərin tərcüməsini edərək onu Azərbaycan elmi ictimaiyyətinə təqdim edir.
Professor Mahirə Hüseynovanın “Qərbi Azərbaycandakı paleotoponimlər” adlı monoqrafiyası haqqında öz fikirlərini “Qərbi Azərbaycandakı paleotoponimlər etnoyaddaşın abidəsi kimi” başlıqlı yazısında geniş planda təqdim edir. Bu əsəri Qərbi Azərbaycana qayıdış istiqamətində aparılan siyasətə dəstək xarakteri daşıyan çox əhəmiyyətli mənbə adlandırır. Zülfiyyə İsmayıl M.Hüseynovanın sözügedən əsərini haqlı olaraq “daşların dili danışan əsər” adlandıraraq həm də bu əsəri qondarma erməni iddialarına qarşı ən tutarlı cavab kimi də xarakterizə edir.
Dilçi alim, professor Nadir Məmmədlinin “Əbdürrəhim Ərdəbili Şirvaninin “Məzhər üt-türki” adlı əsəri adlı monoqrafiyası haqqındakı fikirlər Z.İsmayıl tərəfindən “Əbdürrəhim Ərdəbili Şiravninin “Məzhər üt-türki” adlı əsəri Nadir Məmmədlinin təqdimatında başlıqlı məqaləsində yüksək peşəkarlıqla şəkildə şərh edilir. Z.İsmayıl məqaləsinin nəticəsində əsəri belə qiymətləndirir: “Məzhər üt-türki” üç əsr əvvəl Cənubi Azərbaycan ərazisində işlək olan Səfəvi və Əfşar türkcəsinin təbliği, tədqiq baxımından dəyərli və çox əhəmiyyətlidir”.
Professor İbrahim Bayramovun “Azərbaycan dialektologiyası” əsərinin dilçilik elminə böyük töhfə olduğu və dərin əhəmiyyətini yüksək vurğu ilə ifadə edən Z.İsmayıl yazılı nitqində - məqaləsində də bunu olduqca geniş və ətraflı şəkildə təqdim edir. Bu əsərin Azərbaycan dilçilik elminin dialektologiya bölməsi üçün çox əhəmiyyətli mənbə rolu kəsb etdiyini söyləyir. Bu monoqrafiyada da Qərbi Azərbaycanla bağlı olan siyasətin əsas istiqamətlərindən olan elmi araşdırmalar bölməsi üçün faydalı məqam – “Qərbi Azərbaycan şivələrinin tədqiq tarixi” adlı bölmə özünə geniş yer alıb. Z.İsmayıl da bunu sözügedən siyasət üçün çox böyük əhəmiyyət daşıdığını yazır. Eləcə də bu istiqamətdə son ildə əsərləri çap olunmuş Almaz Bədəlovanın “Qərbi Azərbaycan şivələri lüğəti”, Əlvan Cəfərovun “Qərbi Azərbaycan və Şərqi Anadolu dialektlərinin etnolinqvistikası” haqqında da maraqlı və ətraflı fikirlərlə təqdimat edən Z.İsmayıl bu əsərləri də Qərbi Azərbaycana qayıdış istiqamətində aparılan siyasət üçün əhəmiyyətli dəstək kimi xarakterizə edir.
Eləcə də alim Elbrus Vəliyevin “Qrammatik məfhumların tədrisində bədii ədəbiyyatlardan istifadə” dərsliyi ilə, Elnarə Niftəliyevanın “Azərbaycan dilində enontiosemiya hadisəsi” əsəri, İsrafil Babayevin “İngilis və Azərbaycan dillərində zərf və onun funksiyaları” adlı əsərləri haqqında öz fikirlərini diqqətçəkən məqalələr şəklində ümumiləşdirərək sözügedən kitabda həmin məqalələri təqdim edir.
Ümumiyyətlə, Zülfiyyə İsmayılın “Ədəbi dil və dilçilik araşdırmaları” kitablar seriyasının hər bir cildi Azərbaycan dilçilik elmi üçün əhəmiyyətli töhfədir.
Aytən Cəfərova,
AMEA Naxçıvan Bölməsi
fil.ü.f.d., dosent
İki
sahil.- 2024.- 7 may, ¹79.- S.7.