Müasir müstəqil Azərbaycanın memarı

 

Ümummilli Lider Heydər Əliyev-101

 

Ulu Öndər Heydər Əliyev bütün dövrlərdə öz doğma xalqına sədaqətlə xidmət etmişdir. Dahi Lider Sovet Azərbaycanı dövründə - 1969-1982-ci illərdə Azərbaycanı ən geridə qalmış nöqtədən ən qabaqcıl yerlərə gətirib çıxarmışdır. Müstəqil Azərbaycanın sənaye və iqtisadi potensialı məhz o illərdə formalaşmışdır. Məhz o illərdə yetişmiş kadrlar müstəqil Azərbaycanda və bu gün də fəaliyyət göstərərək bizim ümumi inkişafımızı təmin edirlər.

 

Ulu Öndərə göstərilən inam Azərbaycan xalqının müdrikliyini bir daha göstərdi. 1993-cü ildə xalq böyük səs çoxluğu ilə öz seçimini etdi və Ulu Öndər Heydər Əliyevi Prezident seçdi. Həmin seçimlə bugünkü qüdrətli Azərbaycan dövlətinin təməli qoyuldu. Xalqın mütləq əksəriyyətinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilən Ümummilli Lider andiçmə mərasimindəki nitqində deyib: “Bu gün mənim üçün tarixi, əlamətdar bir gündür. Mənə göstərilən bu böyük etimada görə Azərbaycan vətəndaşlarına, Azərbaycan xalqına hörmətimi, məhəbbətimi bildirir və əmin etmək istəyirəm ki, həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm.”

1994-cü il sentyabrın 20-də imzalanmış “Əsrin kontraktı” ölkəmizin inkişafında növbəti bir dönüş nöqtəsi idi. İndi Azərbaycan dövlətinin payına düşən mənfəət neftinin 75 faizi bu gün bizim iqtisadiyyatımızı gücləndirir. Azərbaycan dövləti “Əsrin kontraktı”nın icrasına bir manat vəsait qoymayıb. Ancaq mənfəət neftinin 75 faizi Azərbaycana gəlir. Bu gün xarici şirkətlərlə aparılan neft-qaz əməliyyatları çərçivəsində minlərlə milli kadr yetişib. Bu gün “Əsrin kontraktı”nın icrasında işləyən insanların 90 faizi Azərbaycan vətəndaşlarıdır. Elə kadrlar yetişdi ki, bu gün istənilən sahədə işləyə bilərlər. Bu da ölkəmizə böyük əlavə üstünlük verir.

Ulu Öndər Azərbaycana rəhbərlik etdiyi dövr ərzində onu bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxara bilmiş, ölkənin gələcək inkişaf strategiyasını müəyyən etmiş və onun həyata keçirilməsi üçün mühüm addımlar atmışdır. Ulu Öndərin 1993-cü ilin oktyabrında dövlət başçısı seçilməsindən sonra müstəqil Azərbaycanın hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması prosesi əsaslı şəkildə sürətlənmişdir. Ümummilli Lider ilk növbədə ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin iş aparmış, qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirilmiş, respublikamızın sosial-iqtisadi yüksəlişinə yol açan ən mühüm amil kimi cəmiyyətdə ictimai-siyasi sabitlik bərqərar edilmişdir.

Xalqın tarixi yaddaşının özünə qaytarılması Azərbaycanın sürətli inkişafında hərəkətverici qüvvəyə çevrilmişdir. Ulu Öndərin təşəbbüsü ilə hələ SSRİ-nin mövcudluğu dövründə - 1990-cı il noyabrın 17-də üçrəngli dövlət bayrağımızı Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilmiş, Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırılmışdı.

Bu gün Azərbaycan Məhz Ulu Öndər qoyduğu yolla uğurla gedir. Milli-mənəvi dəyərlərin qorunmasında gənc nəslin vətənpərvərlik ruhunda yetişməsində Ulu Öndərin çox böyük rolu olmuşdur. Məhz Onun təşəbbüsü ilə 1996-cı ildə Azərbaycanda Birinci Gənclər Forumu keçirilmişdir.

Milli ideologiyanın yaradılması Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət quruculuğu siyasətinin mühüm tərkib hissəsidir. Heydər Əliyevin formalaşdırdığı və inkişaf etdirdiyi azərbaycançılıq fəlsəfəsi Azərbaycanın müasir dünyada yerini müəyyən etmiş, milli dövlətçiliyimizin ideya əsasını təşkil edərək dünya azərbaycanlılarının həmrəyliyi üçün möhkəm zəmin yaratmışdır.

Azərbaycançılıq ideologiyası təkcə bu dövlətin ərazisində yaşayan şəxsləri yox, eyni zamanda, bütün dünyada məskunlaşan soydaşlarımızı əhatə edən, dünya azərbaycanlılarını vahid ideologiya ətrafında birləşdirən milli məfkurəyə çevrildi. “Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” Ulu Öndər Heydər Əliyevin bu kəlamları hər bir həmvətənimiz üçün milli qürur rəmzinə çevrilmişdir.

Ulu Öndər Heydər Əliyev öz xalqına sıx bağlı olan dahi şəxsiyyət idi. Məhz Onun təşəbbüsü ilə Azərbaycan dilinin qorunmasına dair önəmli addımlar atılmış, bu istiqamətdə müvafiq sərəncamlar imzalanmışdır. Azərbaycan dilinin qorunması milli kimliyimizin qorunması deməkdir. Dünyada 50 milyondan çox insan üçün Azərbaycan dili Ana dilidir. Məhz Ulu Öndərin təşəbbüsü ilə Ana dilimizin qorunması istiqamətində atılan addımlar bu gün də davam etdirilir.

Tariximizə müstəqil dövlətimizin qurucusu kimi daxil olmuş Ulu Öndər Heydər Əliyevin xatirəsinə xalqımızın ehtiramını ifadə etmək arzusundan, onun zəngin mənəvi irsini əks etdirmək, azərbaycançılıq fəlsəfəsinin ölkəmiz üçün əhəmiyyətini vurğulamaq, milli dövlətçilik ideyalarını yeni nəsillərə aşılamaq zərurətindən irəli gələrək 2004-cü il 10 may tarixində Heydər Əliyev Fondu yaradılmışdır. Xalqın milli-mənəvi dəyərlərini, tarixi kimliyini, milli özünəməxsusluğunu qoruyub saxlayan, həmçinin gələcək nəsillərə də ötürməyi bacaran Ulu Öndər Heydər Əliyev daim elmin, təhsilin, milli-mənəvi dəyərlərin böyük hamisi və qoruyucusu olmuşdur. Heydər Əliyev Fondu məqsədyönlü fəaliyyəti ilə hər zaman bu amala sadiqliyini nümayiş etdirmişdir.

Bu gün  Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə Fond Ulu Öndərin ideyalarını böyük əzm və sədaqətlə həyata keçirir. Məhz bu məqsədlə Heydər Əliyev Fondunun fəaliyyətində müxtəlif kateqoriyadan olan insanların problemlərinin həllinə, ölkənin yaradıcı və elmi potensialının artırılmasına dəstək, müasir tələblərə cavab verən təhsil ocaqlarının, xüsusilə yeni müasir ibtidai tədris müəssisələrinin tikilməsi, habelə ətraf mühitin, fauna və floranın qorunması prioritet təşkil edir.

Azərbaycan Ulu Öndərin yolu ilə gedərək öz dövlət müstəqilliyini daha da möhkəmləndirib. Bu gün, sözün əsl mənasında, müstəqil xarici və daxili siyasət apara bilən ölkələrin sayı dünyada çox məhduddur. Azərbaycan o ölkələrdəndir ki, heç bir kənar qüvvə bizim iradəmizə təsir edə bilməz. Maliyyə imkanlarımız, maddi vəziyyətimiz imkan verir ki, ancaq öz daxili resurslarımız hesabına yaşayaq və daxili resurslar hesabına Qarabağı, Zəngəzuru yenidən quraq.

Son 20 ildə dünya miqyasında Azərbaycan qədər sürətlə inkişaf edən ikinci ölkə yoxdur. İqtisadiyyatımız 3 dəfədən çox artıb. Valyuta ehtiyatlarımız 65 milyard dollara çatıb, xarici borcumuz 6 milyard dollardan bir qədər çoxdur. Valyuta ehtiyatlarımız xarici borcu təxminən 10 dəfə üstələyir. Xarici borc isə ümumi daxili məhsulumuzun cəmi 9-10 faizini təşkil edir.

Müstəqillik ən böyük nemətdir, ən böyük sərvətdir. Bu gün biz bütün azərbaycanlılar qürur hissi ilə qeyd edirik ki, biz sözün əsl mənasında, müstəqil ölkə kimi yaşayırıq. Azərbaycanda təhlükəsizlik təmin edilir, əmin-amanlıq hökm sürür.

Ulu Öndərin qüdrətli dövlətçilik siyasəti ilə və gələcək nəsillərə əmanət qoyduğu müstəqilliyimizlə qürur duyur, bu müstəqilliyi bizə bəxş etmiş dahi şəxsiyyəti daim ehtiramla yad edirik.

 

Fəsli Nəbiyev,

YAP Gənclər Birliyinin sədr müavini

 

İki sahil.- 2024.- 8 may, ¹80.- S.5.