Şuşa Zəfərimizin rəmzi, tacıdır
Bu gün
harada yaşamasından
asılı olmayaraq hər bir azərbaycanlı
torpaqlarımızın, o cümlədən
Qarabağın tacı
Şuşanın işğal
deyil, işğaldan azad edildiyi tarixləri
qeyd edir
Dövlət başçısı İlham Əliyevin 44 günlük İkinci Qarabağ müharibəsinin gedişi dövründə Türkiyənin «A Haber» televiziya kanalına müsahibəsində «Qarabağın qəlbi, gözü Şuşadır. Azərbaycanlıların gözü-qulağı Şuşadan gələcək xəbərdədir. İstiqaməti Şuşa olaraqmı verdiniz, inşallah» sualına cavabını xatırlatmaq istərdik: «İstiqamət hər tərəfdir. İşğal edilmiş torpaqların hər bir qarışı, hər bir şəhər bizim üçün doğmadır, əzizdir. Mənim üçün hər bir kəndin dəyəri, qiyməti o biri kəndlə müqayisədə, o biri şəhərlə müqayisədə eynidir, bərabərdir. Ancaq siz də yaxşı bilirsiniz ki, Şuşanın Azərbaycan xalqının qəlbində xüsusi yeri var. Bu, bizim tarixi şəhərimizdir, qədim mədəniyyət ocağıdır. Şuşa Azərbaycan xalqına bir çox istedadlı, dahi şəxslər bəxş edibdir. Əlbəttə ki, Şuşasız bizim işimiz yarımçıq olar. Təbii ki, müzakirələr prosesində də hər zaman bu məsələ gündəlikdə idi.»
«Yəqin ki, Qarabağı azad etmək rəhmətlik atanızın vəsiyyətidir» sualına cavab olaraq isə onu qeyd etmişdir ki, mən hər zaman çalışmışam ki, atamın yoluna sadiq olum. 2003-cü ildə ilk dəfə Azərbaycan xalqı mənə etimad göstərəndə seçkilərdən əvvəl mən demişdim ki, əgər siz mənə bu inamı, etimadı göstərsəniz, mən Heydər Əliyev siyasətinə sadiq olacağam, bütün istiqamətlər üzrə onun yolu ilə gedəcəyəm. Şadam ki, sözümə sadiq oldum, sözümü tutdum. Bu gün Azərbaycanın sürətli və uğurlu inkişafı, beynəlxalq müstəvidə böyük hörmətə malik olması, ölkə daxilində sosial, iqtisadi, digər problemlərin həlli, böyük layihələrin həyata keçirilməsi, əlbəttə ki, Heydər Əliyev yolunun davamıdır. Əlbəttə ki, ərazi bütövlüyümüzün bərpası bizim üçün bir nömrəli vəzifədir. Biz buna nail olmaq üçün böyük səy göstərdik. Bu gün ordumuzun potensialı bütün dünyanın gözü önündədir. İnkişaf etmiş bəzi ölkələrin hərbi mütəxəssisləri də artıq təcrübəmizi öyrənirlər. Ona görə atamın yoluna sadiq qalaraq bu şərəfli missiyanı icra edirik. İnşallah, sona qədər başa çatdıracağıq.
2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində tarixi Zəfərə imza atdıq. «İkinci Qarabağ müharibəsi şanlı tariximizdir» söyləyən cənab İlham Əliyev onu da bildirir ki, ancaq müharibə olmaya bilərdi. Əgər Ermənistan və onun rəhbərliyi, onun arxasında dayanan qüvvələr beynəlxalq hüquqa, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə əməl, böyük dövlətlər Ermənistana onun işğalçılıq siyasətinə görə sanksiyalar tətbiq etsəydilər, heç olmasa, onların işğalçılıq siyasətini pisləsəydilər, bəlkə də müharibəyə ehtiyac qalmazdı. Azərbaycan dövləti uzun illər ərzində təmkinlilik, eyni zamanda, aparılan danışıqlara sadiqlik göstərirdi. Baxmayaraq ki, illər keçdikcə ümidlərimiz də tükənirdi, işğalçı dövlət daha da azğınlaşırdı, hesab edirdi ki, torpaqlarımızı əbədi işğal altında saxlaya bilər.
Ermənistanın qəbul etdiyi təcavüzkar və hücum xarakterli milli təhlükəsizlik strategiyası və hərbi doktrina, işğal edilmiş ərazilərdə qeyri-qanuni məskunlaşdırma siyasətini genişləndirməsi, “Yeni ərazilər uğrunda yeni müharibə” çağırışı, mülki şəxslərdən ibarət “könüllü dəstələri” yaratmaq qərarı, 2020-ci il iyulun 12-də Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində təxribat törətməsi, eyni zamanda, bütövlükdə qoşunların təmas xəttində gərginliyi artırması, cəbhə xəttinə yaxın ərazilərdə qoşunlarını cəmləşdirməsi, böyük həcmdə silah-sursat toplaması Ermənistanın genişmiqyaslı hücuma hazırlaşdığını göstərirdi. Azərbaycan dəfələrlə bəyan etmişdi ki, Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdə qanunsuz mövcudluğu regionda sülh və təhlükəsizlik üçün əsas təhdiddir və hər zaman vəziyyətin gərginləşməsinə səbəb ola bilər.
Ermənistanın təxribatına və növbəti hərbi təcavüzünə cavab olaraq Azərbaycan xalqı torpaqlarımızın işğaldan azad, Ermənistanın sülhə məcbur edilməsi, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin tələblərinin yerinə yetirilməsi, məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması və ədalətin bərpası üçün Vətən müharibəsinə başladı. Bu müqəddəs amal uğrunda bütün Azərbaycan xalqı səfərbər və həmrəy oldu. 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində müzəffər Azərbaycan Ordusu Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, Azərbaycan xalqının tarixində, mədəniyyətində və qəlbində xüsusi yeri olan, Qarabağın tacı sayılan Şuşa şəhərini, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələrini, Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndlərini, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndləri daxil olmaqla, ümumilikdə, 300-dən çox yaşayış məntəqəsini, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəklikləri işğaldan azad etdi. Rəşadətli Azərbaycan əsgər və zabitləri addım-addım irəliləyərək, Ermənistanın uzun illər ərzində qurduğu mühəndis-istehkam sistemlərini yarıb keçdilər, torpaqlarımız qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı və canı bahasına azad edildi.
Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə Şuşanın düşmən əsarətindən qurtarılması müharibənin taleyində həlledici rol oynadı, Ermənistanın öz məğlubiyyətini etiraf etməsi və kapitulyasiyası ilə nəticələndi, işğalçını Kəlbəcər, Ağdam və Laçın rayonlarını Azərbaycana qaytarmağa məcbur etdi. Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin qələbəsini təmin edən mühüm amillər oldu. Ulu əcdadlarımızın zəngin dövlətçilik və hərb tarixindən ilhamlanan Azərbaycan xalqı daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi və düşmən üzərində tarixi zəfər çaldı.
Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev 8 noyabr 2020-ci il tarixində Şuşanın işğaldan azad edilməsi müjdəsini xalqa çatdırarkən bildirdi: «Mən bu gün ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!» Bu fikirlərin davamı olaraq onu da qeyd etdi ki, demişdim gün gələcək biz Şuşa şəhərində erməni vandalları tərəfindən dağıdılmış məscidlərimizi bərpa edəcəyik və bu gün gəlir. Bu gün Azərbaycan bayrağı Şuşada dalğalanır. Bu gün bütün Azərbaycan xalqı qürur hissi ilə bu xoş xəbəri qarşılayır.
Həmin müraciətdə 44 günlük İkinci Qarabağ müharibəsinin rəmzinə çevrilən «Dəmir yumruq»dan bəhs edərək bildirdi ki, demişdim bu yumruq elə belə yumruq deyil. Bu, dəmir yumruqdur. Bu dəmir yumruqla düşmənin başını əzirik və əzəcəyik! Eyni zamanda, bu yumruq birliyimizin rəmzidir: «Bax, bu gün Azərbaycan xalqı bu yumruq kimi birləşib! Həmişə belə olacaq! Bu birlik əbədi olacaq! Bu birlik bizə gələcəkdə də bütün vəzifələri icra etmək üçün imkan yaradacaq.» Bu tarixi bir gündə Azərbaycan xalqına bu müjdəni verməyi həyatında bəlkə də ən xoşbəxt günlərdən biri olduğunu xüsusi vurğulayan cənab İlham Əliyev əminliklə Şuşanın dirçələcəyini bildirdi.
Ötən üç ildən artıq dövrdə işğaldan azad edilmiş digər ərazilərimiz kimi, Azərbaycanın döyünən ürəyi Şuşanın da düşmən tapdağından təmizlənilməsindən böyük qürur hissi ilə söz açır, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, rəşadətli Ordumuza minnətdarlığımızı ifadə edirik. Dastana çevrilən Şuşa əməliyyatı bu gün də dünyanın hərbi ekspertləri tərəfindən təhlil edilir, öyrənilir. Müasir texnologiyaları özündə əks etdirən müharibə taktikası, son üç ildən artıq dövrdə təkmil dirçəliş modeli bir daha imkanlarımızın təqdimatında əhəmiyyətli rol oynayır.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Şuşaya səfərlərinin say tərkibi genişdir. Cənab İlham Əliyev müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə xalqa müraciətini də məhz Şuşadan etdi. “Mən bu təbrik müraciətimi Bakıdan da edə bilərdim. Amma hesab etdim ki, mən bu gün burada olmalıyam, Şuşada olmalıyam, bu binanın önündə olmalıyam” söyləyən dövlət başçısı bildirdi ki, Şuşa Zəfərimizin rəmzi, tacıdır. Şuşa işğaldan azad olunanda bu meydanda qəhrəman Azərbaycan hərbçiləri mənə Şuşanın azad olunması ilə bağlı raport vermişlər. Bu binanın damında Azərbaycan Bayrağı qaldırılmışdır və Şuşanın azad olunması bizim tarixi Zəfərimizin əsas hissəsi idi. Ondan bir gün sonra Ermənistan kapitulyasiya aktına imza atmışdır: “Qarabağı azad görmək Heydər Əliyevin və bütün dünya azərbaycanlılarının əsas arzusu idi. Biz bu arzunu, Azərbaycan xalqının arzusunu yerinə yetirdik. 2020-ci il 8 noyabr tarixdə əbədi qalacaq. O gün mənə, bax, bu meydandan Şuşanın azadlığı ilə bağlı hərbi raport veriləndən sonra, bu binanın üstünə Bayrağımız qaldırılandan sonra atamın məzarını ziyarət etdim və ürəyimdə dedim ki, “Tapşırıq yerinə yetirildi. Məruzə edir Ali Baş Komandan İlham Əliyev!”. Ondan sonra Şəhidlər xiyabanını ziyarət etdim, şəhidlərimizin ruhu qarşısında baş əydim, ürəyimdə dedim ki, qanınız yerdə qalmadı.»
Dövlət başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın tarixi Zəfərimizdən dərhal sonra 16 noyabr 2020-ci il tarixdə Cəbrayıl və Füzuli rayonlarına, o cümlədən Cəbrayıl və Füzuli şəhərlərinə səfərləri bərpa-quruculuq işlərinə başlanması istiqamətində ilk addım oldu. Bu səfər zamanı Zəfər yolunun təməli qoyuldu. Çox qısa zamanda bu yolun tikintisi başa çatdırılaraq istifadəyə verildi. Belə ki, Müzəffər Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 2021-ci ilin 7 noyabr tarixində Şuşaya səfər etdilər. Ölkə Prezidenti və birinci xanım əvvəlcə Füzuli rayonunda Zəfər yolunun açılışında iştirak etmişdilər.
Zəfər yolunun tikintisinin qısa vaxtda həyata keçirilməsi Azərbaycan xalqının qazandığı parlaq Qələbənin simvoludur. Bu layihə ilin bütün fəsillərində çətin relyef şəraitində, keçilməz dağ yolları yarılaraq həyata keçirildi. Belə bir qısa vaxtda icra olunan və dünyada analoqu olmayan layihə Azərbaycan dövlətinin gücünü, onun malik olduğu potensialı və ən əsası Prezident İlham Əliyevin qətiyyətini bütün dünyaya göstərdi. Şanlı Ordumuzun ölkəmizin mədəniyyət paytaxtı olan Şuşa şəhərini mənfur düşməndən azad edərkən istifadə etdiyi cığır-yolun əbədiləşdirilməsi məqsədilə tikilən və Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən “Zəfər yolu” adlandırılan avtomobil yolunun inşası dövlətimizin başçısının daimi nəzarəti altında icra olundu. Başlanğıcını Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi magistral avtomobil yolundan götürən 101 kilometrlik Zəfər yolu Qarabağın tacı olan Şuşa şəhərinə qədər uzanır. Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonlarının ərazisindən keçməklə inşa edilən Zəfər yolu Füzuli və Şuşa şəhərləri də daxil olmaqla bu rayonların onlarla yaşayış məntəqəsini əhatə edir. Bu layihə həm də ona görə müstəsna əhəmiyyət daşıyır ki, o, ilk növbədə, öz doğma yurdlarına qayıdacaq insanların rahatlığının təmin olunmasına, onlar üçün yüksək səviyyəli həyat və yaşayış standartının yaradılmasına xidmət edir.
Dövlət başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 2021-ci ilin may ayında Şuşaya səfər edərək Cıdır düzündə təşkil edilən «Xarıbülbül» musiqi festivalında iştirak etdilər. Qədim mədəniyyət beşiyi olan Şuşa 29 ildən sonra yenə doğmalarını, qonaqlarını qarşıladı. Prezident İlham Əliyev musiqi festivalının açılış mərasimində böyük qürur hissi ilə bildirdi: «Biz burada, Cıdır düzündə - hər bir azərbaycanlı üçün müqəddəs olan yerdə yığışmışıq və bu musiqi bayramını, bu birlik bayramını, bu qayıdış bayramını, bu ləyaqət bayramını qeyd edirik. Yaşasın Şuşa! Yaşasın Qarabağ! Yaşasın Azərbaycan!»
Həmin ilin iyun ayında isə Şuşa daha bir mühüm hadisəyə şahidlik etdi. 15 iyun-Milli Qurtuluş Günündə Azərbaycan və Türkiyə dostluğunun, qardaşlığının, müttəfiqliyinin rəsmiləşdirilməsi mərasimi keçirildi. İmzalanan müttəfiqlik sənədi iki dost, qardaş, müttəfiq ölkənin münasibətlərinin gələcək inkişafı üçün yol xəritəsi oldu.
2021-ci ilin avqust ayı tariximizə Vaqif Poeziya Günləri ənənəsinin bərpası ayı kimi daxil oldu. Cənab İlham Əliyev açılış mərasimində çıxış edərək bu mühüm məqamı xüsusi qeyd etdi ki, işğal dövründə bir çoxlarımız - həm keçmiş məcburi köçkünlər, həm bütün Azərbaycan xalqı, o cümlədən də mən dəfələrlə fikirləşirdik ki, dünyada ədalət yoxdur. Çünki ədalət olsaydı, biz bu vəziyyətə düşməzdik: «Mən də o cümlədən belə fikirdə idim. Ancaq həyat göstərdi ki, ədalət var, sadəcə, dözümlü olmaq lazımdır, səbirli olmaq lazımdır, ədalətə inanmaq lazımdır və ədalətə nail olmaq üçün çalışmaq lazımdır, hədəfə doğru getmək lazımdır. Ədaləti bərpa etmək üçün fədakarlıq göstərmək lazımdır. Bu gün biz hamımız ürəyimizdə deyirik və açıq deyirik ki, bəli, ədalət var, ədalət bərpa edildi, biz bu gün Şuşadayıq və bundan sonra Şuşada əbədi yaşayacağıq.» O da vurğulandı ki, noyabrın 8-də Azərbaycan xalqına Şuşa müjdəsini verərkən demişdim Şuşa artıq azaddır, bu, həqiqətdir. Biz azad Şuşada yığışmışıq: «Demişdim ki, biz Şuşaya qayıtmışıq. Bu da həqiqətdir. Festivallar, poeziya günləri, mədəni tədbirlər və bir çox başqa tədbirlər artıq keçirilir və keçiriləcəkdir. Demişdim ki, biz Şuşanı dirçəldəcəyik. Bu da baş verir, biz Şuşanı dirçəldirik.»
Təkcə bir il çərçivəsində dövlət başçısı İlham Əliyevin Şuşaya səfərlərinə və bu səfərlər çərçivəsində yaşanan hadisələrə, eyni zamanda, açılışı və təməlqoyma mərasimləri keçirilən sosial obyektlərə nəzər saldıq. Bu gün Şuşa iqtisadi, siyasi, humanitar, diplomatik mərkəz kimi dünyanın diqqətindədir. Azərbaycan mütəmadi olaraq bu və ya digər sahələrdə mövcud çağırışları müzakirə etmək üçün tərəfdaşlarını, dostlarını Şuşada bir araya gətirir. Şuşadan dünyaya ünvanlanan hər mesaj ölkəmizin postmünaqişə dövrünün reallıqları fonunda beynəlxalq nüfuzunun artmasını nümayiş etdirir. Azərbaycanın sözünün imzası qədər əhəmiyyətli olduğu günümüzün reallıqlarında özünün aydın ifadəsini tapır.
Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ötən dövr ərzində işğaldan azad edilmiş ərazilərimizə, o cümlədən Şuşaya davamlı səfərləri Böyük Qayıdış Proqramının uğurlu icrasını təmin edir. Hər bir səfər mədəniyyət paytaxtımızın simasının sürətlə dəyişməsini, əvvəlki şan-şöhrətinin özünə qayıtmasını, ənənələrin bərpasını şərtləndirirdi.
Prezident İlham
Əliyevin tarixi Zəfərimizdən sonra
işğaldan azad edilmiş ərazilərimizə
elə bir səfəri, eyni zamanda, KİV-ə elə
bir müsahibəsi yoxdur ki, mədəniyyət
paytaxtımızdan söz
açmasın, onun dirçəldilməsinin vacibliyini
bəyan etməsin. Bu, Şuşanın Azərbaycan xalqının,
ölkə Prezidentinin
ürəyində hansı
uca zirvədə dayandığını nümayiş
etdirir. Diqqət yetirsək görərik ki, hər bir
bayram, tarixi günlərdə Şuşaya
səfərlər edilir
və buradan dünyaya, işğalçı
dövlətə postmünaqişə
dövrünün reallıqları
ilə bağlı çağırışlar olunur.
Dövlət başçısının
çıxışlarında bu fakt da
diqqətə çatdırılır
ki, əslində, Şuşanın mədəni
dirçəlişinin təməli
hələ illər öncə Ümummilli Lider Heydər Əliyev tərəfindən
qoyulub. Onun 1982-ci ildə Şuşaya 2 dəfə səfər edərək Vaqifin məqbərəsinin, Poeziya
Evinin açılışında
və orada keçirilən Vaqif Poeziya Günlərində
iştirak etməsi xalqımızın, şuşalıların
yaddaşına ən
xoş xatirələr
kimi həkk olunub. Cənab İlham Əliyev 2021-ci ilin yanvarında ilk dəfə Şuşaya səfər edəndə həmin məqamları, həmçinin
39 il öncə Şuşaya səfərini
xatırlamışdır. “Bu tarixi gün
mənim yadımdadır.
Çünki o vaxt atamla bərabər, bax, bu yerdə
mən də durmuşdum. Bu, tarixi videokadrlar
da var. Çox şaxtalı,
qarlı bir hava idi. Möhkəm
qar yağırdı.
Amma buna baxmayaraq, bu tədbirə yığışmış
insanlar, Azərbaycan ziyalıları heç o
soyuğu hiss etmirdilər.
Çünki Qarabağ
xanının vəziri
olan Molla Pənah Vaqifin möhtəşəm məqbərəsi
açılırdı. Bu təşəbbüsü Ulu Öndər
Heydər Əliyev irəli sürmüşdü,
onun rəhbərliyi ilə inşaat işləri aparılmışdı
və gözəl, əzəmətli məqbərə
ucaldılmışdı.”
Qeyd etdiyimiz kimi, torpaqlarımızın sahibinə
qovuşmasından sonra
əsas məqsəd bu əraziləri yenidən bərpa etmək və qurmaqdır. Dövlət başçısının tapşırıqlarına
uyğun olaraq bu ərazilərdə təkmil, müasir idarəçilik sistemi yaradılır. O da məlumdur
ki, cənab İlham Əliyevin
Sərəncamı əsasında
Prezidentin şəxsi
nümayəndəliyi ilk olaraq
Şuşada yaradıldı.
Dövlət başçısı İlham Əliyevin Sərəncamı
ilə 2022-ci ilin «Şuşa İli» elan edilməsi
Qarabağın tacının
daha da dirçəlməsinə,
bərpa və quruculuq işlərinin sürətinə, miqyasına
təsirsiz ötüşmədi.
Bütün işğaldan
azad edilmiş ərazilərimiz müasir
dövrün tələbləri
əsasında yenidən
qurulur, dünya Azərbaycanın təqdim
etdiyi yeniliklər sırasında “ağıllı
şəhər” və
“ağıllı kənd”
layihələrinin şahidinə
çevrilir.
Bu gün mədəniyyət
paytaxtımız Şuşada
elə bir sahə yoxdur ki, bu əsrarəngiz şəhər onunla bağlı beynəlxalq əhəmiyyətli tədbirlərə
ev sahibliyi etməsin. 2022-ci ildə planetmizin müxtəlif guşələrində yaşayan
soydaşlarımızın birliyinə, həmrəyliyinə
şahidlik edən Şuşada Dünya Azırbaycanlılarının Zəfər
Qurultayı keçirildi.
Ötən il ölkə
Prezidenti İlham Əliyevin
tapşırığına əsasən, “Heydər Əliyev İli” çərçivəsində
və Azərbaycan
Milli Mətbuatının 148-ci ildönümü ilə bağlı “4-cü Sənaye
İnqilabı dövründə
Yeni Media” Qlobal Media Forumu
baş tutdu. Tədbirə 49 ölkədən
150 xarici qonaq, o cümlədən dünyanın
34 ölkəsinin dövlət
informasiya agentliyi, 12 beynəlxalq təşkilat
və media qurumu qatılıb. Həmçinin
Forumda 60 yerli media rəhbəri və nümayəndəsi iştirak
etdi. Bunları qeyd etməyimiz səbəbsiz deyil. Hər bir beynəlxalq
əhəmiyyətli tədbir
əhatə etdiyi mövzu ilə yanaşı, iştirakçıların
hansı ölkələri
təmsil etməsi və say tərkibi ilə diqqətdə olur. Bu tədbirlər tarixi Zəfərimizin reallıqlarının dünya
ictimaiyyətinə çatdırılmasında
əhəmiyyətli rol
oynayır. Dövlət
başçısı İlham Əliyevin Qlobal Media Forumundakı çıxışı
və xarici media nümayəndələrini maraqlandıran
suallara cavabı Azərbaycan reallıqlarının
təbliğində və
öyrənilməsində zəngin mənbə oldu. Qlobal Media Forumundakı çıxışında
“Şuşa şəhəri
bizim cəsarətimizin
rəmzidir” söyləyən
dövlət başçısı
İlham Əliyev onu
da əlavə etdi ki,
Şuşada artıq
bir neçə beynəlxalq tədbir, “Xarıbülbül” Beynəlxalq
Musiqi Festivalı, Vaqif Poeziya Günləri
keçirilib. Şuşa
Qlobal Media Forumu ölkəmiz və Qarabağ bölgəsi üçün çox möhtəşəm bir tədbirdir: “Şuşa rəsmi olaraq Azərbaycanın Mədəniyyət
Paytaxtıdır və
bizim qələbəmizin
rəmzidir. Şuşa,
eyni zamanda, sülhün rəmzidir. Şuşa azad olunduqdan sonra İkinci Qarabağ müharibəsi başa çatdı.»
Bu gün işğaldan azad edilmiş ərazilərimizdə Böyük
Qayıdış Proqramı
uğurla icra edilir. Təkcə Qarbağın tacı Şuşanın timsalında
görülən bərpa-quruculuq
işlərinin aydın
təsəvvürünü yaratmaq mümkündür.
Üç ildən artıq dövrdə bərpa-quruculuq işlərinin
miqyası o qədər
genişdir ki, onları
bir yazıda belə əhatə etmək mümkünsüzdür.
Bu işlər Azərbaycanın
malik olduğu maliyyə
imkanlarının dünyaya
təqdimatında öz
sözünü deyir.
Artıq
bərpa-quruculuq işləri
soydaşlarımızın doğma yurd-yuvalarına qayıdışı ilə
müşayiət olunur.
Ağalı, Talış,
Zabux kəndlərinin,
Füzuli və Laçın şəhərlərinin
sırasına bu il Cəbrayıl, Kəlbəcər,
Şuşa, Xankəndi
və Xocalı şəhərləri əlavə
olunacaq. Ümumlilikdə
Böyük Qayıdış
Proqramının başa
çatacağı 2026-cı ilədək 140 min məcburi
köçkünün qayıdışı
nəzərdə tutulub.
Soydaşlarımızın doğma yurd-yuvalarına mərhələ-mərhələ qayıdışı hər
birimizdə böyük
qürur hissi yaradır.
Qarabağın tacı Şuşa
yaxın günlərdə
növbəti dəfə
dünyanın diqqətində
olacaq. May ayının
11-13-də burada Heydər
Əliyev Fondunun və Mədəniyyət
Nazirliyinin birgə təşkilatçılığı ilə “Xarıbülbül”
VII Beynəlxalq Musiqi Festivalı keçiriləcək.
Şuşa şəhəri
2024-cü il üçün “İslam Dünyasının Mədəniyyət
Paytaxtı” elan olunub.
Prezident İlham Əliyev
ötən ilin noyabrında bununla bağlı tədbirlər
haqqında Sərəncam
imzaladı. Öz növbəsində “Xarıbülbül”
Beynəlxalq Musiqi Festivalı da İslam dünyası
ölkələri arasında
mədəni əlaqələrin
inkişafına töhfə
verəcək. Builki
festival iştirakçıları arasında həm də ICESCO-ya üzv ölkələrdən
ifaçılar və
yaradıcı kollektivlər
yer alacaq. Mayın 11-də Cıdır
düzündə “Şuşa
– İslam Dünyasının Mədəniyyət Paytaxtı
2024” ilinin və “Xarıbülbül” VII Beynəlxalq
Musiqi Festivalının
açılış konserti
keçiriləcək. Festival mayın 13-də Laçında
davam edəcək. Həkəri çayı
ətrafında qonaqlara
fərqli ölkələrdən
gələn ifaçıların
təqdimatında konsert
təqdim olunacaq.
Bu gün harada yaşamasından asılı
olmayaraq hər bir azərbaycanlı qürurludur. Artıq torpaqlarımızın işğal
deyil, işğaldan azad edildikləri tarixləri qeyd edirik. Eyni zamanda,
Prezident İlham Əliyevin
Sərəncamı ilə
Vətən müharibəsində
əldə olunmuş
tarixi Qələbəni
əbədiləşdirmək məqsədilə işğaldan
azad edilmiş şəhərlərin günləri
təsis edildi. Şuşa 28 il düşmən
tapdağı altında
qalsa da əyilmədi,
daim azad olunacağı günü
gözlədi. Məhz
həmin gün 2020-ci
il 8 noyabr tarixində gəlib çıxdı.
Bu gün Şuşa azaddır, dirçəlir
və tezliklə öz sakinlərini qarşılıyacaq. 2024-cü il Şuşa sakinlərinin qayıdış ili kimi də tarixə
yazılacaq.
Yeganə Əliyeva
İki sahil.- 2024.- 8 may, ¹80.- S.4.