Ulu Öndərin qətiyyəti,
cəsarəti, siyasi
nüfuzu müstəqilliyimizin
daimiliyini təmin etdi
1993-cü ildən başlanan inkişaf yolu
Azərbaycanı bugünkü zəfərlərinə
qovuşdurdu və yeni dövrə qədəm
qoymasını şərtləndirdi
“Atamın yolu
mənim üçün bir işıq yoludur. Onun siyasətini
davam etdirmək mənim onun oğlu kimi və Prezident kimi
borcumdur. Mən ilk dəfə Prezident seçiləndə
andiçmə mərasimində dedim ki, Heydər Əliyev
yolu ilə gedəcəyəm, bu yoldan dönməyəcəyəm
və bu yolun Azərbaycan üçün yeganə yol
olduğunu demişdim. Bütün sahələrdə - istər
xarici siyasət sahəsində, istər iqtisadiyyat, sosial, o
cümlədən Dağlıq Qarabağ məsələsində
bu yola sadiqəm.”
Yazıma dövlət başçısı İlham Əliyevin 44 günlük İkinci Qarabağ müharibəsinin getdiyi dönəmdə Türkiyənin “TRT Haber” televiziya kanalına müsahibəsində söylədiyi bi fikirlərlə yol salmağım səbəbsiz deyil. Prezident İlham Əliyevin bu fikirlərinin davamı olaraq Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü və Heydər Əliyev Fondunun fəaliyyətə başlamasının 7 illiyi münasibətilə keçirilən təntənəli mərasimdəki nitqində söylədiyi aşağıdakı sözlərini də qeyd etmək istərdim: “Müstəqilliyimizin ilk illərini xatırlayaq. Ölkəmizdə hökm sürən ağır böhranın müxtəlif səbəbləri var idi…Qısa söyləsəm, sanki biz işıqdan məhrum olmuşduq. Şəhərlərimizin işıqları söndüyü kimi, daxilimizdə də ümid çıraqlarımız sönmüşdü. İşığı, nuru, ümidi bizə Heydər Əliyev qaytardı. O, ölkəni böyük bəlalardan xilas etdi və Azərbaycan xalqına güvənərək yeni, müasir tariximizin ilk səhifələrini yazmağa başladı. 1993-cü ildə heç də hamı inanmırdı ki, gün gələcək və Heydər Əliyevin bütün arzuları, planları, ideyaları reallaşacaqdır. Bütün çətinliklərə baxmayaraq, o, Azərbaycanın neft strategiyasını uğurla reallaşdırdı və onunla da gələcək qələbələrimizin, nailiyyətlərimizin təməlini qoydu. Bu gün böyük insan Heydər Əliyevin ömür yolu hər birimiz üçün xalqa, Vətənə xidmət etməyin rəmzinə çevrilib. Bu gün Onun ən sevimli kəlamlarından birini- “Mən fəxr edirəm ki, mən azərbaycanlıyam” kəlməsini təkrar edərək biz onun unudulmaz xatirəsi qarşısında baş əyirik.”
Dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycan dövləti, xalqı qarşısındakı misilsiz xidmətlərinə işıq salan bu kimi fikirləri xeyli sayda sadalamaq olar. Bu fikirlər bugünümüzün reallıqları fonunda müstəqilliyimizin bərpasının ilk illərinə, eyni zamanda, Ümummilli Liderin uğurlu siyasəti nəticəsində ölkəmizin haradan haraya gəlib çıxmasına baxışı əks etdirir. Təbii ki, bugünkü Azərbaycanı o illərin Azərbaycanı ilə müqayisə etmək mümkün deyil. Ulu Öndər Heydər Əliyev tarixi qayıdışı ilə yeni Azərbaycan qurdu və onun gələcəyinin parametrlərini müəyyənləşdirdi. Dahi şəxsiyyətin xidmətləri barədə söylənilən fikirlərin ümumiləşdirilmiş ifadəsi Onun özünün qeyd etdiyi “Nə qədər ki Azərbaycan var, mən də varam. Mən isə Azərbaycanda əbədi olacağam!” fikirləridir.
Xaos, anarxiya, özbaşınalıq və mənəm-mənəmlikdən
boğaza yığılan xalq tələb edirdi ki…
Ulu Öndərin misilsiz xidmətlətindən bəhs edərkən ilk olaraq gözlərimiz önünə Onun xilaskarlıq missiyası gəlir. Ümummilli Lider 1993-cü ildə Azərbaycanın ən ağır günlərində xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdı və ölkəmizin həmin dövrün təhlükələrindən xilas etdi. Müstəqilliyimizin bərpasının ilk illərində ölkəyə rəhbərlik edənlərin səriştəsizliyi, idarəçilik qabiliyyətlərinin yoxluğu, kreslo uğrunda didişmələri Azərbaycanı müstəqilliyini itirmək, sonu görünməyən vətəndaş müharibəsi girdabına salmaq təhlükəsi ilə üz-üzə qoymuşdu. 1992-ci ildə hakimiyyəti zor gücünə ələ keçirən bədnam AXC-Müsavat cütlüyünün bir illik hakimiyyəti dövründə ölkəmizi hansı faciələrlə, təhlükələrlə üz-üzə qoyduğu yaxın tariximizin qaranlıq səhifəsi kimi daim ürək ağrısı ilə vərəqlənir. Müstəqilliyini yenicə bərpa etmiş Azərbaycan öz şəxsi ambisiyalarının quluna çevrilən, korporativ maraqlarını dövlət maraqlarından üstün tutan yaramaz ünsürlərin yarıtmaz idarəçiliyi altında sürətlə uçuruma doğru gedirdi. Səriştəsiz rəhbərlik, getdikcə idarəolunmaz hal alan xaos, anarxiya, özbaşınalıq, cəbhədə yaranan gərgin vəziyyət həmin dövrün hər kəsin görüb hiss etdiyi və yaşadığı reallıqları idi. Ermənistan tərəfindən ərazilərimizin biri-birinin ardınca işğalı, xarici qüvvələrin təhriki ilə ayrı-ayrı bölgələrdə getdikcə daha təhlükəli xarakter alan separatçılıq və parçalanma meyillərinin baş qaldırması xalqın sabaha ümidini itirirdi. Xalq belə bir ağır durumdan yeganə çıxış yolunu bütün mənalı həyatı Vətənə, millətə şərəfli xidmət nümunəsi olan dahi siyasətçi, zəngim idarəetmə təcrübəsinə malik qüdrətli dövlət xadimi Heydər Əliyevin hakimiyyətə qayıtmasında görür, mövcud iqtidardan təkidlə bunu tələb edirdi. Təkidli tələb qarşısında aciz qalan və vəziyyətin daha da ağırlaşacağından qorxuya düşən AXC-Müsavat iqtidarının başsız “başbilənləri” məsuliyyətdən yayınmaq üçün biri-birinin ardınca vəzifələrindən istefa verməklə xalqı sakitləşdirməyə çalışırdılar. Bu addımın da bir nəticə vermədiyini, əksinə vəziyyətin getdikcə gərginləşdiyini görən “özündən bəylər” son nəticədə Ulu Öndər Heydər Əliyevi hakimiyyətə dəvət etməyə məcbur oldular. Vəziyyət ağırlaşdıqca xalq çıxış yolu axtarmağa başladı. Xalqımız əmin idi ki, Ulu Öndər Heydər Əliyev onların çağırışını cavabsız qoymaz, Azərbaycanın teleyinə biganə yanaşmaz. Buna görə ayağa qalxaraq xilaskarına - dahi şəxsiyyət Heydər Əliyevə üz tutdu, Onu təkidlə hakimiyyətə dəvət etdi. Beləliklə, 1993-cü il iyunun 9-da Ulu Öndər Heydər Əliyev xalqın təkidli çağırışına səs verərək Naxçıvandan Bakıya qayıtdı.
Zamanın çağırışından yaranan partiya
Bu məqamda bir az əvvələ ekskurs edərək Ulu Öndər Heydər Əliyevin Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıdışını şərtləndirən amillər sırasında mübaliğəsiz demək olar ki, öncül mövqeyə malik olan Yeni Azərbaycan Partiyasının yaranması dövrünə qısa nəzər salmaq istəyirəm. Çünki dövlət müstəqillimizin bərpası tarixindən bəhs edərkən həmin dövrün ən parlaq səhifələrindən birini təşkil edən, təşəkkül tapması və inkişafı bilavasitə Ulu Öndər Heydər Əliyevin adı və fəaliyyəti bağlı olan Yeni Azərbaycan Partiyasının keçdiyi yolu təhlil etmək zərurəti yaranır. Bu baxımdan ki, Yeni Azərbaycan Partiyasının yaranması Ümummilli Lider Heydər Əliyevin 90-cı illərin əvvəllərində hakimiyyətə qayıdışı ideyası ilə eyniyyət təşkil edir. Yuxarıda vurğuladığım kimi, müstəqilliyimizin bərpasının ilk illərində ölkəmizdə yaşanan durum Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışını zərurətə çevirdi. YAP-ın yaranması isə bu zərurətin əslində təşkilatlanma mərhələsi idi. Dövlət başçısı, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev partiyanın VII qurultayında bu mühüm məqamı xüsusi qeyd etdi ki, faktiki olaraq 1992-ci ilin noyabr ayı gənc ölkəmizin həyatında yeni bir mərhələyə yol açdı. Ondan sonra heç bir il keçməmiş – 1993-cü ilin oktyabr ayında Heydər Əliyev xalqın mütləq əksəriyyətinin dəstəyi ilə Prezident seçildi və ölkəmizin böhrandan çıxma prosesi artıq başladı: “Biz bu tarixi yaxşı bilməliyik. O tarixi yaşamayanlar isə bunu öyrənməlidirlər. Mən demişəm, bizim dərsliklərdə bu tarixlə bağlı geniş məlumat verilməlidir. O tarixin canlı şahidləri öz xatirələrini bölüşməlidirlər ki, bu tarix əbədi yaşasın. Bu müstəqillik tariximiz məhz ondan başladı, 1991-ci ilin oktyabrından yox.”
Ulu Öndər Heydər Əliyev hələ 1994-cü ildə Yeni Azərbaycan Partiyasının yaradılmasının ikinci ildönümü münasibətilə keçirilən ümumrespublika müşavirəsində partiyanın yaranmasını zəruri edən səbəbləri açıqlayaraq bildirirdi: “Şübhəsiz ki, Yeni Azərbaycan Partiyasının yaranması mənim adım ilə bağlıdır və bu, mənim iştirakımla olmuşdur. Lakin mən həmişə həqiqəti sevmişəm və həyatım da həqiqət üzərində qurulmuşdur. Buna görə də bildirmək istəyirəm ki, Yeni Azərbaycan Partiyasının yaranması mənim təşəbbüsümlə olmayıbdır. Bu partiyanın yaranması Azərbaycanın demək olar əksər bölgələrində, şəhərlərində, rayonlarında, əmək kollektivlərində yaranan əhval-ruhiyyədən irəli gəlmiş bir hadisədir.” Xalqın böyük əksəriyyətinin istəyini ifadə edən, bu gün sonsuz qürur hissi ilə bəyan edirəm ki, sıralarında mənim də olduğum 91 nəfər ziyalının Ulu Öndər Heydər Əliyevə müraciəti Azərbaycanın bugünkü reallıqlarının əsası oldu. Həmin müraciətdə Ulu Öndərə xitabən bu inam ifadə edilirdi ki, yeni qüvvələrin öncülü, aparıcısı Sizin kimi şəxsiyyət olarsa, tezliklə müstəqil respublikamızın inkişaf istiqamətləri həm müəyyənləşdirilər, həm də uğurlu addımlar atılar.
Milli
Qurtuluşdan Milli Zəfərə doğru…
Ulu
Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli
tələbi ilə hakimiyyətə qayıdışı
çağdaş tariximizə sözün həqiqi mənasında,
ölkəmizin taleyində dönüş anı kimi
yazıldı. Bu gün haqlı olaraq Milli Qurtuluş
Günü adlandırdığımız 1993-cü ilin 15
iyun tarixi müstəqillik tariximizin ən şərəfli səhifəsi,
başqa sözlə ifadə etməli olsam qətiyyətli
Prezident, Müzəffər Ali Baş Komandan İlham
Əliyevin müdrik rəhbərliyi ilə Azərbaycan xalqının
İkinci Qarabağ müharibəsində tarixi Zəfərinə gedən
yolun başlanğıcı oldu. Məhz həmin gün Azərbaycan
dövlətinin sükanı arxasına keçən
Ümummilli Lider ölkənin müstəqilliyini qorudu,
respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan
qaldırdı və dayanıqlı inkişafın təməlini
qoydu. Müstəqilliyimizin dönməz xarakter alması, milli
şüurun dirçəlişi,
hər bir inkişafın təməl daşı kimi dəyərləndirilən
iqtisadiyyatın inkişafı, iqtisadi və siyasi
islahatların vəhdətinin təmin edilməsi, müstəqilliyimizin,
suverenliyimizin qarantı olan ordu quruculuğu istiqamətində
görülən işlər,
informasiya mübarizəsində uğurlarımız və
sair kimi bugünümüzə, gələcəyimizə xidmət
edən uğurlu
addımların hər biri həmin
dövrün əsas mahiyyətini
təşkil edir. Heç şübhəsiz, Azərbaycanın
bugünkü inkişafı, tarixi zəfərləri
üçün Ümummilli Liderə borcluyuq. Məhz Onun
düşünülmüş və məqsədyönlü
siyasəti nəticəsində Azərbaycan tərəqqi
yoluna çıxdı, Ulu Öndərin hakimiyyətdə
olduğu 1993-2003-cü illərdə möhkəm təməl
formalaşdı. Bu gün müstəqil Azərbaycanda elə
bir sahə yoxdur ki, onun inkişafında dahi şəxsiyyətin
rolu olmasın. Bu reallığı da xüsusi qeyd etməliyəm
ki, Ümummilli Lider hələ hakimiyyətinin birinci
dövründə, həmçinin fəaliyyətinin
Naxçıvan mərhələsində Azərbaycanın
bugünü üçün
mühüm işlər görmüşdü. Dahi şəxsiyyətin
atdığı hər bir addımının,
gördüyü işlərin təməlində Vətən,
xalq, dövlət sevgisi dayanırdı. Ümummilli Liderimiz Azərbaycanı
daim zirvələrdə görmək, Günəş kimi
dünyaya doğmasını istədi və gələcəyə
xidmət edən uğurlu siyasəti ilə bu məqsədlərinə nail oldu.
“Əsrin
müqaviləsi” Azərbaycanın
əsrlərə
bərabər
30 illik inkişaf yolunun bələdçisidir
1994-cü
il 12 may tarixində Ermənistanla atəşkəs sazişinin,
onun ardınca həmin ilin 20 sentyabrında “Əsrin müqaviləsi”nin
imzalanması Azərbaycanın bütün sahələrdə
inkişafına yol açdı. İqtisadi müstəqilliyimizin
təmin edilməsi ölkəmizin siyasi mövqeyini daha da
möhkəmləndirdi. Heç də təsadüfi deyil ki,
müəllifi Ulu Öndər Heydər Əliyev olan və bu gün Prezident İlham
Əliyevin müasir dövrün tələblərinə
uyğun olaraq yaradıcılıqla təkmilləşdirdiyi
neft strategiyasının uğurlarını Azərbaycan
xalqı bütün sahələrdə
hiss edir. Bu baxımdan ki, neft gəlirlərinin idarə edilməsində
şəffaflıq kriteriyalarını qorumaq məqsədilə
1999-cu ildə Ümummilli Liderin Fərmanı ilə
yaradılan Dövlət Neft Fondu ölkəmizin hərtərəfli
inkişafına xidmət edən mühüm sosial-iqtisadi
layihələrin icrasını təmin edir. Müstəqilliyimizin
bərpasının ilk illərində əhalinin sosial
müdafiəsinin gücləndirilməsi, yüksək
rifahının təmin edilməsi prioritet məsələ
idi. Ümummilli Lider bildirirdi ki, neft Azərbaycanın ən
böyük sərvəti olub, xalqa, özü də təkcə
indiki nəslə deyil, həm də
gələcək nəsillərə mənsubdur.
Demokratiya
prinsiplərinə sadiqlik uğurlarımızın rəhnidir
Ölkəmizdə
iqtisadi və siyasi islahatların vəhdətinin təmin edilməsi
uğurlarımızın davamlılığında əhəmiyyətli
rol oynadı. İlk gündən hüquqi, dünyəvi
dövlət quruculuğu yolunu tutan Azərbaycan demokratik təsisatların
yaradılması istiqamətində atdığı
addımlarla diqqətdə oldu. İnsan hüquqlarının
qorunması dövlət siyasətimizin əsasını təşkil
etdi. Azad mətbuatın inkişafı, çoxpartiyalı
sistemin yaradılması, seçkilərin demokratik, şəffaf,
beynəlxalq standartlara uyğun keçirilməsi
üçün zəruri addımlar atıldı. Ulu Öndər
Heydər Əliyev bildirirdi ki, demokratiya bizim strateji kursumuzun əsas
mahiyyətini təşkil edir. Azərbaycan demokratiya yolu ilə
gedir və gedəcək. Heç bir qüvvə bizi bu yoldan
döndərə bilməz. Milli
Konstitusiyamızın bütün maddələrində
insan amilinə diqqət, dövlətçiliyin möhkəmləndirilməsi
üçün vətəndaşların üzərinə
düşən vəzifələr
tam aydınlığı ilə müəyyənləşdirildi.
Şərqdə ilk dəfə olaraq Azərbaycanda
ölüm hökmünün ləğv olunması, Amnistiya
aktları və əfv Fərman və sərəncamları
ilə azadlıqdan məhrum edilmiş minlərlə məhbusun
cəzasının çəkilməmiş hissəsindən
azad olunması beynəlxalq arenada
insan amilinə diqqətin nümunəsi kimi dəstəkləndi. Ulu Öndər Heydər Əliyevin
Fərmanı əsasında mətbuatın
üzərində senzuranın
ləğvi azad, müstəqil
mətbuatın formalaşmasında həlledici rol oynadı.
1998-ci ilin 6 avqustunda “Azərbaycan Respublikasında söz, fikir
və məlumat azadlığının təmin edilməsi
sahəsində əlavə tədbirlər haqqında” Fərmanın
imzalanması ilə ölkə mətbuatının
inkişafında yeni bir mərhələnin
başlanğıcı qoyuldu.
Bu gün
cahanşümul qələbələri ilə dünyaya səs
salan
müzəffər
ordumuzun bünövrəsini Ulu Öndər qoymuşdur
Müharibə
şəraitində yaşayan Azərbaycanda iqtisadiyyatla
yanaşı, ordu quruculuğuna da xüsusi diqqətin göstərilməsi
vacib məqamlardan idi və heç də təsadüfi
deyildi ki, Ulu Öndər bu sahədə
də mühüm addımlar atdı. Öncə bu
reallığı qeyd edək ki, hakimiyyətinin birinci
dövründə Azərbaycanın müstəqil gələcəyini
düşünərək hərbi kadrların yetişdirilməsi
məqsədilə Cəmşid Naxçıvanski adına hərbi
liseyin yaradılması dahi şəxsiyyətin
atdığı addımlar sırasında oldu. Hazırda
orduda xidmət edən zabitlərin böyük əksəriyyəti
həmin liseyin yetirmələridir. Ümummilli Lider müstəqillik
dövründə ordu quruculuğunu prioritet sahə kimi
öndə saxlayaraq Silahlı Qüvvələrin maddi-texniki
bazasının möhkəmləndirilməsi, beynəlxalq
standartlara cavab verməsi üçün zəruri işlər
gördü. Ulu Öndərin Fərmanı ilə 26 İyun
tarixinin Silahlı Qüvvələr Günü kimi təsis
edilməsi bu sahəyə diqqətin bariz nümunəsi oldu.
Dahi şəxsiyyət Heydər Əliyev belə bir
çağırışı səsləndirirdi ki, sülh
danışıqlarını cəsarətlə aparmaq
üçün güclü ordu olmalıdır. Ən
yüksək tribunalardan sülh
danışıqlarının səmərə verməyəcəyi
təqdirdə hərb yolunun istisna edilməməsi barədə
Ulu Öndərin səsləndirdiyi bəyanatlar Azərbaycan
Ordusunun gücünə, qüdrətinə əsaslandı.
1994-cü ildə Azərbaycan Ordusunun həyata keçirdiyi
uğurlu Horadiz əməliyyatı
hərb tariximizin qürurverici səhifələrdəndir.
Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan
Silahlı Qüvvələrinin 1994-cü il yanvarın 5-dən
6-na keçən gecə həyata keçirdiyi uğurlu əməliyyat
nəticəsində Füzuli rayonunun 20 Arazboyu kəndi,
Horadiz qəsəbəsi və Cəbrayıl rayonunun Cocuq Mərcanlı
kəndi işğaldan azad edildi. Ordumuz həmin
döyüşlərdə düşmənə öz
gücünü göstərdi. Ümummilli Liderin rəhbərliyi
ilə Horadiz və işğaldan azad olunmuş digər
yaşayış məntəqələrində infrastrukturun
bərpasına başlanıldı. Xalqımız Azərbaycan
Ordusunun 1994-cü ildə Ulu Öndər Heydər Əliyevin
rəhbərliyi ilə qazanılan qələbənin sevincini
22 il sonra yenidən yaşadı. 2016-cı ilin Aprel
döyüşlərində yüksək strateji əhəmiyyətə
malik Lələtəpə və Talış yüksəklikləri
düşməndən azad edildi. 2018-ci ilin mayında isə
Naxçıvanda 11 min hektara yaxın ərazini və Şərur
rayonunun Günnüt kəndini işğaldan azad edən
ordumuz bir daha sübut etdi ki, öz şərəfli
misiyasını yerinə yetirmək gücündədir.
Bütün
dünyada Azərbaycan deyəndə
Heydər Əliyev,
Heydər
Əliyev deyəndə isə Azərbaycan göz önünə
gəlir
Ümummilli
Lider müstəqil Azərbaycan dövlətinin sükanı
arxasına keçdiyi ilk gündən uğurlu xarici siyasət
kursunun müəyyənləşdirilib həyata keçirilməsiniən
mühüm vəzifələrdən biri qarşıya
qoyurdu. Bu baxımdan dahi liderin
ayrıl-ayrı dövlətlərlə ikitərəfli və
çoxtərəfli çərçivədə əlaqələrin
qurulması, nüfuzlu beynəlxalq təşkilatlarda təmsilçilik
istiqamətində atdığı addımları xüsusi
qeyd etməliyik. Məhz Ulu
Öndərin bu siyasəti nəticəsində çox
qısa müddətdə Azərbaycan yeni dostlar, tərəfdaşlar
qazandı. Beynəlxalq təşkilatlarla qurulan əlaqələr
həqiqətlərimizin dünya ictimaiyyətinə
çatdırılmasında növbəti tribunalar oldu. Real
faktlara, tarixi həqiqətlərə əsaslanan təbliğatımız
sayəsində erməni yalanları ifşa olundu, müstəqilliyimizin
bərpasının ilk illərində ölkəmiz
haqqında məlumatsızlığın yol
açdığı informasiya blokadası aradan
götürüldü. Ümummilli Liderin xarici ölkələrə
elə bir səfəri olmadı ki, Qarabağ həqiqətləri,
münaqişənin əsl mahiyyəti müzakirə
mövzusu olmasın. Ulu Öndər hakimiyyətə
qayıdışının ilk günündən bu
çağırışı etdi ki, harada yaşamasından
asılı olmayaraq bütün dünya azərbaycanlılarının
bir amal-azərbaycançılıq ideyası ətrafında
birləşməsi əsasdır. Biz bu istiqamətdə
atılan uğurlu addımların nəticəsini 44
günlük İkinci Qarabağ müharibəsində
qazandığımız tarixi
Zəfərimizdə gördük.
Ümummilli
Lider Heydər Əliyevin dövlətimiz, xalqımız
qarşısındakı xidmətlərinin miqyası o qədər
böyükdür ki, heç şübhəsiz onları bir
yazıda əhatə etmək qeyri-mümkündür. Azərbaycanın
bu gün bütün dünyaya səs salan möhtəşəm
nailiyyətlərinin əsasını qoymuş dahi rəhbərin
Vətənimiz, xalqımız, dövlətimiz
qarşısında misilsiz xidmətlərini özündə
əks etdirən və gələcək nəsillər
üçün zəngin mənbə
olacaq xeyli sayda kitablar nəşr
olunub. İllər keçdikcə Ümummilli Lider Heydər
Əliyevin xidmətlərinin böyüklüyünü təsdiqləyən
daha yeni-yeni nəşrlər çap olunur, məqalələr yazılır,
elmi araşdırmalar aparılır. Ötən il
Prezident İlham Əliyevin Sərəncamı
ilə Azərbaycanda “Heydər Əliyev İli” elan edildi.
“Heydər Əliyev İli” dahi şəxsiyyətin cild-cild
kitablara sığmayan misilsiz xidmətlərini nəinki Vətəni
Azərbaycanda, bütövlükdə dünya miqyasında
indiki və gələcək nəsillərə
çatdırmaq üçün geniş imkanlar yaratdı.
Dövlət başçısı İlham Əliyevin Ulu
Öndərin 100 illiyi münasibətilə ötən ilin 10
may tarixində Qarabağın taçı, mədəniyyət
paytaxtımız Şuşadan xalqa müraciəti hər
birimizi qürurlandırdı. Bu müraciət Heydər
Əliyev yolunun Azərbaycana qazandırdığı
reallıqların öyrənilməsi üçün zəngin
mənbə oldu. Həmin müraciətində Müzəffər
Ali Baş Komandan böyük qürur hissi ilə qeyd etdi ki,
Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu
Şuşanı, Qarabağı və Zəngəzuru azad
görmək idi. Biz Onun və bütün Azərbaycan
xalqının, bütün dünya azərbaycanlılarının
arzusunu çin etdik.
“Mənim
axıra çatdıra bilmədiyim
taleyüklü
məsələləri, planları, işləri…”
Ulu Öndər Heydər Əliyevin
xalqımız və dövlətçiliyimiz
qarşısında ən
böyük xidmətlərindən biri sonrakı
dövrdə də Azərbaycanın tərəqqi yolunda əmin
addımlarla irəliləməsini təmin edəcək
layiqli varis, qətiyyətli lider yetişdirməsidir.
Ümummilli Liderin xalqa 1 oktyabr
2003-cü il tarixli müraciəti bugünkü zəfərlərimizin,
uğurlarımızın başlanğıcı oldu. Həmin
müraciətdə bu inam ifadə edilmişdi:
“Üzümü Sizə - həmvətənlərimə
tutaraq, qarşıdan gələn prezident seçkilərində
prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan
Partiyası sədrinin birinci müavini İlham Əliyevi dəstəkləməyə
çağırıram. O, yüksək intellektli, praqmatik
düşüncəli, müasir dünya siyasətini və
iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar
bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm
İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası
bundan sonra da xalqımızın ən layiqli
övladlarını öz ətrafında sıx birləşdirərək
Azərbaycan dövlətinin inkişafı və
xalqımızın firavanlığı yolunda çox
işlər görəcəklər. İnanıram ki, mənim
axıra çatdıra bilmədiyim taleyüklü məsələləri,
planları, işləri Sizin köməyiniz və dəstəyinizlə
İlham Əliyev başa çatdıra biləcək. Mən
ona özüm qədər inanıram və gələcəyinə
böyük ümidlər bəsləyirəm.”
Son 20 ildən
artıq dövrdə Heydər Əliyev siyasətinin Prezident
İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin
nəticələri göz qabağındadır. Onları
sadalamaqla bitməz. Uğurlarımızın zirvəsində
dayanan tarixi Zəfərimiz, ondan üç il sonra- 2023-cü
ilin sentyabr ayında Silahlı Qüvvələrimizin həyata
keçirdiyi bir günlük antiterror tədbirləri nəticəsində
suverenliyimizin tam bərpa edilməsi, ölkəmizin həyatında
yeni dövrün başlanması keçilən 20 illik yolun təqdimatıdır.
Azərbaycan bu illər ərzində daha da gücləndi,
qüdrətləndi, dünya birliyinin fəal üzvü
olaraq sözünün imzası qədər əhəmiyyətli
olduğunu təsdiqlədi. Artıq tarixin arxivinə
atılan Qarabağ
münaqişəsinin həlli üçün möhkəm
hüquqi baza formalaşdı.
Ümummilli
Lider Heydər Əliyevin ən böyük arzusu Azərbaycanı
bütöv görmək idi. Ulu Öndərin
keçmiş məcburi
köçkünlərlə görüşlərində
söylədiyi “Arzu edirəm ki, sizinlə birlikdə gedək
Şuşaya. Gedəcəyik, inanın ki, gedəcəyik.
Şuşa Azərbaycanın gözüdür, hər bir azərbaycanlı
üçün iftixar mənbəyidir. Şuşa bizim mədəniyyətimizin,
tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir.
Amma təkcə Şuşa yox, Laçın dağları da
əzizdir. Biz heç vaxt Laçınsız yaşaya bilmərik.
Ağdam kimi gözəl bir şəhər, Füzuli, Cəbrayıl,
Zəngilan, Qubadlı, Kəlbəcərin o bulaqları, Kəlbəcərin
o İsti suyu - biz onlarsız yaşaya bilmərik” fikirləri
Qarabağ münaqişəsinin öz həllinin
tapacağına, torpaqlarımızın işğaldan azad
ediləcəyinə, soydaşlarımızın doğma
yurd-yuvalarına qayıdacaqlarına inamdan irəli gəlirdi. Dövlət
başçısı, Müzəffər Ali Baş Komandan
İlham Əliyev Ümummilli Liderin
arzusunu reallığa çevirdi və 8 noyabr 2020-ci il
tarixində Şuşanın işğaldan azad edilməsi
müjdəsini xalqa çatdırarkən böyük
qürur hissi ilə ata vəsiyyətini yerinə yetirdiyini
bildirdi: “Mən bu gün Ulu Öndər Heydər Əliyevin məzarını
ziyarət etdim, onun ruhu qarşısında baş əydim.
Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini
yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir!
Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu
şaddır! Gözün aydın olsun Azərbaycan!
Gözünüz aydın olsun dünya azərbaycanlıları!”
Müzəffər Ali Baş Komandan
İlham Əliyev bu günün gələcəyinə
inanırdı. Hətta 44
günlük İkinci Qarabağ münaqişəsinin getdiyi
günlərdə xarici mətbuata verdiyi müsahibələrin
hər birində qələbəmizə böyük əminliyini
ifadə edərək Azərbaycanın gələcəyini
necə görmək istədiyini açıqladı.
1994-cü il Horadiz əməliyyatı, 2016-cı ilin Aprel
döyüşləri və 2018-ci ilin Günnüt Zəfərindən
sonra 2020-ci il sentyabrın 27-dən etibarən başlayan əks-hücum
əməliyyatları Azərbaycanın hərbi qüdrətini
bir daha göstərdi, yüksək döyüş
bacarığını nümayiş etdirdi. Silahlı
Qüvvələrin Müzəffər Ali Baş
Komandanının rəhbərliyi ilə rəşadətli
ordumuz cəmi 44 gün davam edən Vətən müharibəsində
tarixi Zəfərimizlə 30 ilin işğalına son qoydu,
tarixi ədaləti bərpa etdi. Bu gün həmin
reallıqları fonunda qürurla ərazi
bütövlüyümüzün və suverenliyimizin tam bərpa
edilməsindən, Qarabağın və Şərqi Zəngəzurun
dirçəlməsindən bəhs edirik. Azərbaycan
Bayrağı Xankəndidə, Xocalıda, Xocavənddə
dalğalanır. Soydaşlarımız mərhələ-mərhələ
doğma yurd-yuvalarına qayıdaraq bu ərazilərə yeni
nəfəs verirlər.
Heydər
Əliyev Fondunun uğurlarının
miqyası
o qədər genişdir ki…
Azərbaycanın
uğurlarında Heydər Əliyev Fondunun öz payı
vardır. Yaranması Ulu Öndər Heydər Əliyevin
doğum günü ilə üst-üstə düşən
Fondun keçdiyi 20 ilik yolun təhlili belə bir ümumiləşdirməyə
əsas verir ki, Vətən, torpaq sevgisi, azərbaycanşılıq
ideologiyasının təbliğinə verilən önəm atılan addımlarda, uğurlu nəticələrdə
özünün aydın ifadəsini tapır. Azərbaycan həqiqətlərinin,
tariximizin, milli-mənəvi dəyərlərimizin, mədəniyyətimizin
təbliğinə yönələn layihələrin hər
biri Azərbaycanın beynəlxalq nüfuzunun artmasında
öz sözünü deyir. Azərbaycanın Birinci
vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik
etdiyi Fondun ölkə daxilində və onun hüdudlarından
kənarda həyata keçirdiyi layihələrin miqyası
geniş olmaqla yanaşı, çoxşaxəlidir.
Tarixi Zəfərimizdən
sonrakı dövrün əsas
çağırışı, hədəfi isə
işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq
işlərinin həyata keçirilməsi, soydaşlarımızın
Böyük Qayıdışının təmin edilməsidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin və
birinci xanım Mehriban Əliyevanın bu ərazilərə
ardıcıl səfərlərinin hər biri Böyük
Qayıdışın tezliklə
tam şəkildə başa çatacağının
müjdəsini verir. Yeni sosial obyektlərin
açılışı, yaxud təməlqoyma mərasimlərinin
keçirilməsi ilə yadda qalan bu səfərlər tarixi
Zəfərimizin təqdimatlarıdır.
Heydər Əliyev Fondunun dəstəyi ilə bu
torpaqlarımızda tarixi və dini abidələrimizin bərpası,
yenidən qurulması həyata keçirilir. Heydər
Əliyev Fondunun təşkilatşılığı ilə
“Xarıbülbül” musiqi festivalı və Vaqif Poeziya
Günləri ənənələri
bərpa edildi. Bu uğurların miqyası o qədər
genişdir ki, onların tam sıralamasını təqdim etmək mümkün deyil. Heydər Əliyev Fondunun 20 ildə
keçdiyi inkişaf yolu qarşıdakı dövrə daha
böyük inamla baxmağa əsas verir.
Heydər
Əliyev yolu hələ bundan sonra Azərbaycana daha möhtəşəm
uğurlar qazandıracaq. Azərbaycan xalqının hələ
neçə-neçə nəsli Ümummilli Liderin zəngin
siyasi irsindən ölkəmizin
inkişafı naminə faydalanacaq.
Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini fədakarlıq
nümunəsi kimi dəyərləndirən dövlətimizin
başçısı İlham Əliyevin “O, hətta
özü üçün ən çətin dövrlərdə,
artıq son illərdə fiziki sağlamlığı əvvəlki
kimi olmadığı dövrdə də hər zaman hər
birimizə nümunə göstərirdi. Hər birimiz, o
cümlədən mən onun sağlığında da və
yoxluğunda da onun kriteriyalarına uyğun hərəkət
etməyə çalışırıq. Bu gün bizi
qabağa aparan məhz budur - onun xatirəsinə hədsiz
hörmət və onun mirasına olan münasibət. Onun
mirası da bu gün müstəqil Azərbaycandır” fikirləri
bugünümüzün və gələcəyimizin ən
mühüm çağırışıdır.
Vüqar
Rəhimzadə,
Yeni Azərbaycan
Partiyası Xətai
rayon təşkilatının
sədri, siyasi
elmlər
doktoru, professor
İki
sahil.- 2024.- 10 may, ¹82.- S.3-5.