BAM: Ulu Öndərin Rusiyadakı şah əsəri
BAM - Baykal-Amur magistralı… Ötən əsrdə inşa olunmuş bu dəmir yolunun sayəsində Rusiyanın
vaxtilə insan ayağı dəyməyən,
ucu-bucağı görünməyən
əyalətlərində bu
gün müasir şəhərlər yaradılıb.
Bu yol Rusiyanın
tranzit sahəsində
də inkişafına
böyük təkan verib. Çin, Koreya, Vyetnam, Hindistan və digər Cənub-Şərqi
Asiya və Orta Asiya dövlətləri
Avropa ilə ticarət əlaqələrini
məhz BAM vasitəsi
ilə qurublar. Bu magistralla ildə təxminən 180 milyon ton yük
daşınır. 2030-cu ilədək
BAM daha 3,5 min kilometr uzadılacaq, yeni stansiyalar tikiləcək. Bu mənada dünya dəmir yolu tarixinin ən irimiqyaslı layihələrindən
olan BAM-ı Rusiya Federasiyasının şah
damarı adlandırmaq
olar.
Mürəkkəb iqlim və geoloji
şərtlərdə həyata
keçirilən bu dəmir yolunun inşası Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır.
SSRİ Nazirlər Soveti
Sədrinin birinci müavini kimi 1974-cü ildə inşasına başlanılmış BAM-ın
tikintisində və istismara buraxılmasında
Heydər Əliyevin
1984-cü ildə magistral
boyunca 10 günlük
səfər etməsi
ilə ciddi dönüş yaranıb.
Belə ki, Ulu Öndər Sov. İKP MK Siyasi Bürosunun iclasında Baykal-Amur dəmir yolunun tikintisi ilə əlaqədar geniş məruzə ilə çıxış
edib, tikintinin sürətləndirilməsi üçün
yeni ideya irəli sürərək
onun həyata keçməsinə nail olub. Məhz bundan, daha doğrusu,
Ulu Öndər bu problemə əl qoymasından sonra BAM-ın tikintisində sözün
həqiqi mənasında
canlanma yaranıb. Hətta Üumummilli Lider öz qətiyyəti,
əzmi, bacarığı,
yüksək təşkilatçılıq
keyfiyyəti ilə
BAM-ın təhvil müddətini 2 ilə yaxın qısaltmağa nail olub.
Bu işdə
Ümummilli Liderə mane olmaq istəyənlər,
Onun fikirlərinə şübhə ilə yanaşanlar da olub. SSRİ Dövlət
Plan Komitəsinin sədri,
Nazirlər Soveti sədrinin müavini işləmiş Nikolay Baybakov xatirələrində
yazırdı ki, bəziləri hesab edirdilər ki, birxətli yol tikmək lazımdır: “Heydər Əliyev bütün opponentlərinə
əsaslandırılmış cavablar verir, öz nöqteyi-nəzərini
müdafiə edirdi. Ümumiyyətlə, o, prinsipial
adam idi... Zənnimcə, təkcə
Azərbaycanın deyil,
həm də bütün SSRİ-nin xalq təsərrüfatının
inkişafına böyük
töhfə vermişdir”.
Qeyd edək
ki, çətin şərtlərlə icra
edilən 4324 kilometr uzunluğundakı BAM-ın
tikintisində 2 milyondan
artıq insan iştirak edib, 2230 körpü, 8 tunel, 200 dəmir yolu stansiyası inşa edilib. Göründüyü
kimi, Ulu Öndər Heydər Əliyev SSRİ Nazirlər
Soveti sədrinin birinci müavini vəzifəsində işləyərkən
öz bənzərsiz
fəaliyyəti ilə
BAM-ın timsalında
Rusiya iqtisadiyyatında
dərin izlər qoyub. Bu baxımdan
BAM-ı Ulu Öndərin
Rusiyadakı şah əsəri kimi dəyərləndirmək olar.
Bu nəhəng
layihənin uğurla başa çatdırılmasına
rəhbərlik etmiş
Ulu Öndər Heydər Əliyevin xidmətləri daim ehtiramla yad olunur.
Elə 2008-ci il iyulun 18-də BAM-ın Şərqi Sibir dəmir yolunun Anqoya stansiyasındakı vağzala Ümummilli Lider Heydər Əliyevin adının verilməsi, burada Onun xatirə
lövhəsinin açılması
bunu bir daha sübut edir. Hətta ötən il Ulu Öndərin 100 illiyi sözügedən ölkədə xüsusi
ehtiramla qeyd olunub.
Bu il aprelin
22-də Moskvada Azərbaycan
Respublikasının Prezidenti
İlham Əliyevin və Rusiya Federasiyasının Prezidenti
Vladimir Putinin BAM-ın 50 illik yubileyi münasibətilə
dəmir yolu sahəsinin veteranları və işçiləri
ilə birgə görüşündə də
Ulu Öndərin bu sahədə gördüyü işlər
bir daha minnətdarlıqla xatırlanıb.
“Sovet İttifaqında
çox nəhəng
tikinti olan BAM Heydər Əliyevin adı ilə bağlıdır” deyən
və onu “əsrin tikintisi”nə nəzarət edən, reallışdıran dahi şəxsiyyət kimi xarakterizə edən Rusiya Federasiyasının Prezidenti Vladimir Putin bildirib ki, Heydər Əlirza oğlu BAM-ın tarixində müstəsna, böyük
rol oynayıb: “Bu işdə ona böyük bilik və təcrübə,
idarəçilik istedadı,
ən mürəkkəb
problemləri həll etmək bacarığı
və əlbəttə
ki, xüsusi şəxsi keyfiyyətlər,
ilk növbədə,
çalışdığı insanlara qayğıkeş,
hörmətli münasibət
kömək etdi və o, bu nəhəng
problemləri həll edə bildi”. Putin, həmçinin vurğulayıb ki, Ulu Öndərin bu nəhəng layihənin həyata keçirilməsinə sərf
etdiyi bütün səylər, zəhmət
çəkdiyi illər
bu gün də təkcə Rusiya üçün deyil, həm də bütün Müstəqil Dövlətlər
Birliyi üçün
mühüm rola malikdir: “Onu nəzərdə tuturam ki, bir çox
tərəfdaşlarımız bu və ya
digər dərəcədə
bu nəqliyyat arteriyasından istifadə
edirlər”. Şübhəsiz,
BAM-ın 50 illik yubiley tədbiri
Ulu Öndər Heydər Əliyevin xatirəsinə, eləcə
də dahi liderin simasında Azərbaycana yüksək ehtiramın daha bir ifadəsi
idi.
Ulu Öndər
BAM-ın 25 illiyinin keçirilməsi üzrə
Təşkilat Komitəsinə
ünvanladığı təbrikdə
yazırdı: “Mənim
xatirimdə BAM mənən
güclü, böyük
işlərə qadir
insanları birləşdirən
bir tikinti kimi qalmışdır. Biz fəxr edirik
ki, bu magistralın
tikintisində Azərbaycanın
bir çox nümayəndələri iştirak
etmiş, onlar digər obyektlər sırasında Ulkan şəhərini də salmışlar. BAM tayqa, yolsuzluq və daimi donuşluq şəraitində işləmiş
insanların, dostluq və qardaşlıq amallarına sadiq insanların mərdlik və dəyanətinin nümunəsi kimi tarixdə həmişəlik
qalacaqdır”.
Ulu Öndərin
təbrik məktubunda
bu fikirlərə də yer ayırmışdı:
“Sovet İttifaqının
rəhbərlərindən biri, SSRİ Nazirlər Sovetinin xüsusi komissiyasına başçılıq
etmiş bir şəxs kimi, mənə 1984-cü ildə
magistralın çəkilmiş
hissəsindən keçmək
və tikintidə iştirak etmiş adamların bir çoxu ilə şəxsən görüşmək
nəsib olmuşdur. Sibirin və Uzaq Şərqin təbii ehtiyatlarından istifadə edilməsi və məhsuldar qüvvələrinin inkişafının
sürətləndirilməsi ilə əlaqədar BAM-a
böyük ümidlər
bəslənilirdi. SSRİ-nin
süqutuna gətirib çıxarmış mürəkkəb
siyasi proseslər
1984-cü ildə magistralın
tikintisi üzrə
SSRİ Nazirlər Soveti
komissiyasının səyyar
iclasında nəzərdə
tutulanların hamısını
tam həcmdə həyata keçirməyə
imkan vermədi”.
Yeri gəlmişkən,
onu da vurğulayaq
ki, 2000-ci illərin əvvəllərində ölkələrimiz
arasındakı bugünkü
müttəfiqlik münasibətlərinin
əsasını məhz
Vladimir Putin və Ulu Öndər
Heydər Əliyev qoyublar. Bu mənada
iki ölkə arasında müşahidə
olunan bütün bu uğurların təməlində Ümummilli
Lider Heydər Əliyevin müdrik siyasəti dayanır.
Qvami Məhəbbətoğlu
İki sahil.- 2024.- 10 may, ¹82.- S.7.