Sən də rahat
yat, şəhidim!
Yaşı dünyanın yaşına
bərabər olan yurdum mənim, başın nələr çəkməyib sənin.
Hər qarışını
göz bəbəyi kimi qorumağa çalışan insanın
hansı çətinliklərdən
keçməyib ki. Nə mübarizələr,
nə müdafiələr,
nə müharibələrdən
keçmədin ki, əsrlərdir. Ən böyük şanssızlığın
mənfur bir millətlə qonşu olub eyni zamanda
qoynunda da ona yer vermək
oldu. Bu sənlə birlikdə yurd-yuva olduğun millətimizə də əbədi təhlükə
oldu. Qəribədir mən həmişə qonşuluğunda mədəni
və gözütox bir xalqın yaşadığı ölkələrə
qibtə edirəm. Çünki onlar gecəni sabah qonşuları tərəfindən
xaincəsinə hücuma
məruz qalacağını
düşünmədən, hüzur içində yatır.
Gecələr nədir, gündüzlərimiz də hüzürundan olmuşdur. İki ildən artıq idi ki, qudurmuş qonşularımız vaxt bevaxt saldırılar edir, torpaqlarımızı zəbt etmək üçün bütün yaramaz vasitələrdən istifadə edərək dincliyimizi əlimizdən almışdırlar. Blokada vəziyyətində olan Naxçıvan Muxtar Respulikasında torpaqların müdafiəsi yönündə əlindən gələni edir, istər ordu istərsə də könüllülər gecəni gündüzə qatarq ən çətin şəraitdə torpaqlarımızı erməni qəsbkarlarından qoruyurdu. Ardarda gələn şəhid xəbəri ilə sönən çıraqlar, yıxılan evlər, başsız qalan ailələr, atasız qalan balalar, balasını əbədiyyən itirən ata-analar, qardaş dağından beli bükülən bacı-qardaşlar və yasa qərq olmuş xalq zamanın ən ağır sınağının aşamasından keçirdi. İndi hamı bir olmuşdur. Bir ananın dözülməz sancılarla, canından can ayıraraq dünyaya gətirdiyi, bir atanın min əzabla ərsəyə yetirdiyi oğulun cənazəsi hər evdən çıxır, hər candan zorla qoparılırdı sanki.
O gecəni Azərin də ailəsi o narahat gecələrin birini yatırdı. Hə yatırdı demişkən əgər yatmaq sayılırdısa. Azər də vətənin müdafiəsi uğrunda canını qurban verməkdən çəkinməyən oğullarımızdan biri idi. Ürəyi vətən eşqi ilə vururdu. Gənc və çılğın idi. Gözü sadəcə torpağı görür, qəlbi onun üçün atırdı. Məqsədi isə gün kimi aydın idi. Yurdunun bir qarışını belə yağıya verməmək, şəhidlərin qisasını almaq, gələcək övladlarına babalarımızdan yadigar qalan torpaqları olduğu kimi ötürmək.
Tağıyev Azər Nemət oğlu 1970-ci ildə Babək rayonunun Sovetabad kəndində anadan olub. Naxçıvan şəhər 3saylı məktəbi bitirəndən sonra hərbiyə olan sevdası onun yolunu Kalininqrad Ali Hərbi məktəbinə salır. Yaxşı nəticələrlə bu məktəbə qəbul olsa da bir neçə ay oxuduqdan sonra təhsilini yarımçıq qoyub vətənə-Naxçıvana qayıdır. Az sonra onu hərbi xidmətə çağırırlar. O, hərbi xidmətini vətəndən uzaqlarda, Çexoslavakiyada başa vurur. Uzun müddətli hərbi xidmətinin başa vurmasını gözləyən valideyinləri o dönər-dönməz ailə qurmasını istəyir. 1991-ci ilin ortalarında ailə həyatı quran Azər 1992-ci ilin Novruz bayramı ərəfələrində ata olur. Bu hissin möhtəşəmliyi ona həyatında dadmadığı bir zövqü yaşatmışdır. Kənan onunla qürür duyub, fəxr edəcəyi bir övlad olacaqdı. Dünyaya gəlişindən bir aydan artıq keçsə də o, övladı ilə barmaqla sayılacaq qədər az zaman keçirmişdi. Amma kim bilir hansı saysız, hesabsız arzuları qurmuşdur ağlında. Ürəyində bəslədiyi amma cücərdə bilmədiyi arzuları.
Vətənə məhəbbət övlada və ailəyə olan məhəbbətdən çox üstün idi Azərdə. Müdafiə xəttinin ən ön cərgələrində dayanardı. Sanki torpağı ilə yanaşı döyüş yoldaşlarını qorumağı özünə şərt qoymuşdu.
Bu yazın da gəlişi yaxşı deyildi. İntensiv olaraq atəş açırdı mənfur düşmən. 1992-ci ilin may ayının 2-də hücum edirlər Sədərəyə. Digər yoldaşları kimi Azər də düşmənə qarşı mərdliklə vuruşur həmin döyüşdə. Mayın 6-da olan döyüşdə də Azər böyük şücaətlər göstərir. Heç bir çətinlik gözünü qorxutmurdu onun. Arxada nigaran qalan ailəsi də hələ qoxusuna doya bilmədiyi oğlu da hər anı onun burnunda tuturdu. Amma öncəliyi Vətən olanın iradəsi də möhkəm olur. O gün dünyası başına yıxıldı atası Nemət kişinin, anası Ləzifə xanım, həyat yoldaşı Nəzakət xanımın və bacı, qardaşlarının. May ayının18-də Sədərək üzərinə olan qəfil hücum Azərin də həyatına son qoydu. Əbədiyyətə qovuşub şəhidlik zirvəsinə ucaldığı gün oldu. Həmin gün Mil dağı uğrunda gedən döyüşlərdə son damla qanına qədər vuruşub qəhrəmancasına şəhid olan 17 nəfərdən biri də Azər oldu.
Bu yazın da gəlişi ağır oldu nəisə,
Yenə neçə ocağın oduna qan töküldü.
Neçə-neçə ananın gözləri yaşlı qaldı,
Neçə-neçə atanın beli tamam büküldü.
O gün
daha on yeddi evin ocağı söndü. Amma o on yeddi şəhidlə
birlikdə neçə yaralı əsgər
torpaqlarımızın bir qarışını belə
düşmənə vermədi. Canlarını fəda etdilər “Vətən sag olsun” deyərək.
Yenə
doğma torpağa mənfur düşmən təpildi,
İyrənc caynaqlarını vətənimə
atmağa.
Güllələr oğulların sinəsinə
səpildi,
Amma aman vermədi düşmən kama çatmağa.
İndi
ortada bir gəlin qalmışdır 18 yaşında. Şəhid
yarının ona əmanət edib getdiyi bir oğlu ilə.
Neçə-neçə qara yaylıq bağlamış gəlinlərdən
idi o da. Hələ xoşbəxtliyn dadı nə olduğunu
bilməyən gənc bir qadın. Bundan sonra bir üzü
qız, bir üzü gəlin olan qadın. İllər
lazım idi ki, özünü toparlaya bilsin amma , o vaxta kimi nə
edəcəyini bilməyən, həyatı altüst olan
sakit, həlim xasiyyətli bir Azərbaycan qadını.
Qadın demişkən qadınlığını
yoldaşı ilə birlikdə dəfn edir Nəzakət
xanım. Şəhidinin adına layiq böyütmək
üçün o da özünü fəda edir övladı
üçün. Bütün çətinliklərə rəğmən
çox gözəl bir övlad böyüdür. Onunla
söhbət əsnasında dedi ki, “oğlumu çox
incitmişəm yaxşı oxusun deyə. Atasının
arzusu da bu olardı çünki. Kənan sağ olsun ki,
ürəyimcə bir övlad oldu”. Ona ali təhsil verir əlinin
qabarı, alnının təri ilə. Ən əsası isə
əsl vətəndaş və atasının adını uca
tutan bir oğul olur Kənan. Bu gün şəhidimizin
ocağında nəvələri, onun adını
daşıyan Azər bala və onun
qardaşı Aras
böyüyür. Mən inanıram ki, onlar da
qanını daşıdığı şəhid
babalarının adına layiq övlad olacaqlar.
Şəhid adı istər
dövlət, istərsə də
xalqımız tərəfindən daima əziz tutulub.
Naxçıvan Muxtar Respublikası Dövlət Milli
Müdafiəsi Komitəsinin Sədri E.Abbasov şəhidimizə
verdiyi xasiyyətnamədə belə yazmışdır:
“Tağıyev Azər Nemət oğlu Naxçıvan Muxtar
Respublikası Dövlət Milli Müdafiəsi Komitəsinin
Qoşun sıralarında xidmət etdiyi müddətdə Təminat
bölüyünün tağım komandiri vəzifəsində
bacarıqlı, işgüzar və cəsarətli bir komandir
kimi kollektiv arasında hörmət qazanmışdır. Verilən
əmr və tapşırıqları vaxtı-vaxtında
yerinə yetirən, komandanlığının hörmətini
qazanan, intizam pozuntularına qarşı barışmaz
mübarizə aparan, əsgər və çavuşların
təlim və tərbiyəsi ilə məşğul olan
tağım komandiri əsgərlərin sevimlisinə
çevrilmişdir. Sədərək döyüşləri
zamanı erməni işğalçıları tərəfindən
tutulmuş 945.5 m yüksəkliyin azad edilməsi uğrunda gedən
vuruşmalar zamanı göstərilən yüksəkliyə
doğru əsgərlərin önündə gedən gənc
serjant tağım komandiri Azər Tağıyev özgə
kölgəsində gizlənməyən,
döyüşün çətin anlarında belə öz
canını qurban verməyə hazır olduğunu sübut
edən, vətənpərvər igid
döyüşçü, doğma və müqəddəs
topağımızın hər qarışını
qanımız və canımız bahasına qorumağı,
düşmən önündə baş əyməkdənsə
ölümü həyatdan üstün tutan komandir, nəsillərə
nümunədir”
Bəli,
bir Vətən fədaisi haqqında deyilə biləcək
çox şeylər var. Amma, əlbəttə ki, onların
yaralarını sağalda biləcək heç bir qüvvə
yoxdur. Heç bir kəlmə onlara təskinlik ola bilməz.
Onlarınm qəlblərinə aramlığı yalnız uca
yaradan verə bilər.
Azərbaycan xalqının Ümummilli
Lideri Heydər Əliyev tərəfindən
döyüşlərdə şücaətinə görə
medalı ilə təltif olunmuşdur şəhid
Tağıyev Azər Nemət oğlu da. 1993-cü ildə isə
şəhidimizin adının əbədiləşdirilməsi
üçün Naxçıvan şəhər 17 nömrəli
tam orta məktəbə adı verilmişdir.
Sən Vətənin müdafiəsinə
haradasa əli yalın
qalxmışdın igid qardaşım. Səndən sonra
neçə məğlubiyyətlər, neçə zəfərlər
oldu. Bilirəm səmadan izlədi ruhunuz olub bitənləri.
İnanıram ki, artıq narahat ruhunuz illərdən sonra
aramlıq tapmışdır. Biz artıq sizlərin sayənizdə
qalib ölkənin qalib millətiyik. Bizi artıq dünyaya
meydan oxuya biləcək bir ordu qoruyur. Gecələri səksəkədə
yatsaq da mənfur qonşularımızdan dolayı amma
arxayın yatırıq. Bizi Qoç Koroğlu, Nəbi
babamızın nəticələri, kötücələri
qoruyur. Onlar vətənin keşiyində ayıq-sayıq
dayanıb biz hüzur içində yataq deyə. Sən də
rahat yat, şəhidim. Məkanı cənnət, qəbri
nurlu olanım.
Sevinc Səbzəliyeva,
Naxçıvan Xatirə Muzeyinin baş fond mühafizi
İki sahil.- 2024.- 18 may, ¹88.- S.6.