Milli həmrəylik, mədəni müxtəlifliyə

hörmət xalqımızın yaşam tərzidir

 

Əsrlərdən bəri müxtəlif mədəniyyətlərin və sivilizasiyaların təmas, ünsiyyət məkanı, həmrəylik ünvanı olan, Avropa ilə Asiya arasında yerləşən Azərbaycanın çoxmillətli və çoxkonfessiyalı dəyərlərə sadiqliyi reallıqdır. Bütün səmavi dinlərin yeganə məramı olan mərhəmət, xeyirxahlıq kimi ülvi duyğuları birləşdirən İslam mədəniyyətinin barışdırıcılıq, dözümlülük xüsusiyyətləri, ölkəmizdə mənəvi dəyər kimi qorunur.

İslam aləminin ayrılmaz parçası olan Azərbaycanın tolerantlığa sadiqliyinin bariz nümunəsi müxtəlif xalqların ölkəmizdə bir ailənin üzvü kimi yaşamasıdır. Mədəni müxtəlifliyin qorunduğu nadir ölkələrdən sayılan, Şərq ilə Qərbin, Şimal ilə Cənubun qovşağında yerləşən, eyni zamanda İslam və Avropa təşkilatlarının üzvü kimi bəşəri dəyərlərə sadiqliyini tolerantlığı ilə bildirən Azərbaycanda yaşayan müxtəlif millətlərin nümayəndələri respublikamızın ictimai- siyasi həyatında bərabər hüquqlar əsasında, eyni səlahiyyətlərə malik vətəndaş kimi iştirak edirlər. Mədəniyyətlərarası platformaya çevrilən İslam dinini terrorla əlaqələndirən qərəzli güclərin mənfur niyyətlərini multikultural dəyərləri ilə təkzib edən Azərbaycan mədəniyyətlərarası körpü rolunu layiqincə davam etdirir.

«Azərbaycan İslam həmrəyliyi işinə böyük töhfələr verir. Bu məsələ bizim üçün prioritet məsələlərdən biridir. Azərbaycan qədim tarixə malik olan bir ölkədir. Azərbaycan xalqı əsrlər boyu öz milli- mənəvi dəyərlərini yaşatmış, qorumuşdur. İslam dəyərləri isə milli- mənəvi dəyərlərimizin tərkib hissəsidir» sözlərini əməli fəaliyyəti ilə doğruldan Prezident İlham Əliyev qürurla bildirir ki, 743-cü ildə inşa edilmiş, Azərbaycan xalqı tərəfindən qorunmuş və bir neçə il bundan əvvəl əsaslı şəkildə bərpa edilmiş Şamaxı Cümə məscidi kimi müxtəlif xalqlara məxsus dini abidələr bizim böyük sərvətimizdir. Türk dünyasının öndərlərindən olan müdrik şəxsiyyət Heydər Əliyevin İslami dəyərlərə sadiqliyinin uğurla davam etdirilməsi, ölkəmizdə dini dəyərlərə hörmət və ehtiramın, dinlərarası münasibətlərin yüksək səviyyədə tənzimlənməsi Azərbaycan tolerantlığının bariz nümunəsi, respublikamızı gücləndirən amillərdəndir. İslam aləminin ayrılmaz tərkib hissəsi olan Azərbaycanın multikultural, tolerantlıq təcrübəsinə artan maraq, qarşılıqlı hörmətə, anlaşmaya xidmət edən islami dəyərlərin təbliği istiqamətində apardığı təbliğat mili-mənəvi dəyərlərimizə bağlılıqdan qaynaqlanır.

Bu günlərdə Şuşanın Cıdır düzündə VII «Xarıbülbül»” Beynəlxalq Musiqi Festivalının və «Şuşa – İslam dünyasının mədəniyyət paytaxtı 2024”» ilinin açılış mərasiminin keçirilməsi, 2023-cü il noyabrın 10-da İstanbulda İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumu İcraiyyə Şurasının 11-ci iclasında «Şuşa şəhərinin 2024-cü il üçün «İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı”» seçilməsi artıq Şərqdə belə zəngin mədəniyyət nümunələri ilə tanınan bu qədim şəhərə göstərilən diqqətdir. İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin yüksək səviyyəli turizm ekspertlərinin 7-ci görüşü və turizm nazirlərinin 5-ci iclasında Şuşa şəhərinin İqtisadi Əməkdaşlıq Təşkilatının 2026-cı il üçün turizm paytaxtı seçilməsi bütünlükdə Azərbaycanın İslami dəyərlərə sadiqliyinin dəstəklənməsidir.

Şuşada olarkən bərpası başa çatan Mamayı məscidinin açılışında itirak edən, Aşağı Gövhər Ağa, Çöl Qala məscidlərində yenidənqurma işləri ilə tanış olan Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın milli-mənəvi dəyərlərimizin qounmasına göstərdikləri qayğı ölkəmizin multikulturalizm dəyərlərinə sadiqliyinin ifadəsidir.

Artıq yeddinci dəfə keçirilən «Xarıbülbül» festivallarında müxtəlif dinlərə, konfessiyalara malik xalqların mədəniyyətlərini, xalq yaradıcılıqlarını nümayiş etdirmək üçün yaradılan şərait ölkəmizdə İslam həmrəyliyinin möhkəmlənməsi istiqamətində atılan addımların dəstəklənməsidir. «Bu gün bir çox müsəlman ölkələrinin kollektivləri bizim üçün müqəddəs olan Cıdır düzündə öz məharətlərini ifadə edəcəklər. Bu, birlik bayramı olacaq, bu, həmrəylik bayramı olacaq. Eyni zamanda, Azərbaycan xalqının əyilməz ruhunu nümayiş etdirən bu məkan həm işğala qədər, həm işğal dövründə, həm də işğala son qoyulandan sonra hər birimiz üçün doğma və əzizdir» sözləri ilə bu cür mədəni tədbirlərin siyasi əhəmiyyətini də diqqətə çatdıran dövlət başçımız İlham Əliyevlə həmrəyliyini ifadə edən İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ISESCO) Baş direktoru Salem bin Mohammed Al-Malik Şuşanın İslam dünyasının mədəniyyət paytaxtı elan olunmasını Azərbaycan xalqının İslam həmrəyliyinin möhkəmlənməsi naminə göstərdiyi xidmətə layiqli töhfə adlandırdı: «Buna görə də təəccüblü deyil ki, Şuşa bütünlüklə Qafqazda musiqinin paytaxtıdır, təsviri sənətin məkanıdır, gözəl Azərbaycan xalçasının vətənidir, musiqi, fikir və şairlər yurdudur. Görəsən, bütün bunlar paklığın və saflığın hədiyyəsidirmi?»

Mədəniyyət paytaxtı, eyni zamanda qəhrəmanlıq şəhəri kimi tanınan, mütəfəkkirləri, yaradıcı şəxsiyyətləri ilə məşhur olan Şuşa müxtəlif millətlərə məxsus ölkə vətəndaşlarının birgə səyi, keçmişlə müasirliyin vəhdətində inkişaf edir, yenidən qurulur. Xeyirxahlıq və mərhəmət ünvanı kimi beynəlxalq aləmdə belə tanınan Heydər Əliyev Fondu tərəfindən Şuşada həyata keçirilən layihələr dini, dili müxtəlif xalqların nümayəndələrinin birgə səyi ilə gerçəkləşdirilir. Fondun milli dəyərlərimizin qorunması, təbliği istiqamətində gördüyü işlər birliyə çağırışıdr. Bu şəhərin Qafqazın incisi adlandırılması Azərbaycan multikulturalizminə verilən dəyərdir.

Mayın 12-də Şuşada, 13-də isə Laçında Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən VII «Xarıbülbül» festivalının repertuarının zənginliyi, musiqi bayramında Azərbaycanla yanaşı, Türkiyənin, Birləşmiş Ərəb Əmirliklərinin, İndoneziyanın, İranın, Qazaxıstanın, Qətərin, Qvineyanın, Mərakeşin, Özbəkistanın da təmsil olunması, milli-mənəvi zənginliklərini nümayiş etdirmələri İslami dəyərlərin təbliği baxımından çox önəmlidir. Dünyanın bir çox ölkələrindən gəlmiş çoxsaylı musiqiçilərin iştirak etdikləri bu dostluq və musiqi bayramı müxtəlif mədəniyyətlərin, zəngin ənənələrin təbliği baxımından da əhəmiyyətlidir. Bu kimi tədbirlərlə müxtəlif xalqlar arasında ünsiyyət və əməkdaşlıq, mədəniyyətlərarası dialoqlar formalaşır.

Azərbaycan torpaqlarını işğal altında saxladıqları 30 ildə tarixi abidələrimizi dağıdan erməni vəhşiləri Zəngilanda da vandallıqlar törətmişlər. Müqəddəs ocaqlarımız ermənilər tərəfindən dağıdılıb, təhqir edilib. XIX əsrdə inşa edilmiş və memarlıq abidəsi kimi inventarlaşdırılan məscid dağıdılıb, ilkin görkəmini 70 faizə qədər itirib. Qarabağdakı tarixi, dini və mədəniyyət abidələrinin bərpası layihələri çərçivəsində Zəngilan məscidində bərpa-tikinti işləri aparalıb. Yerli və xarici ekspertlərdən ibarət işçi qrup məscidin mövcud binasında qiymətləndirmə aparıb və buna əsasən binanın konservasiyasına qərar verilib. Konservasiya olunan tarixi məscidin yanında yenisinin inşa olunması tariximizin yaşadılması, mənəvi və İslami dəyərlərimizin qorunması baxımından əhəmiyyətlidir.

Bu günlərdə Zəngilana səfəri çərçivəsində dini abidələrimizin bərpası istiqamətində görülən işlərlə maraqlanan, şəhər məscidinin açılışında iştirak edən Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva növbəti dəfə milli -mənəvi dəyərlərimizə diqqət və qayğılarını ifadə etmişlər. Ermənistanın 30 illik işğalı dövründə digər abidələrimiz kimi, dağıdılmış Zəngilan şəhər məscidinin ərazisində açıq səma altında sərginin yaradılması yenilik olsa da , tarixi dəyərlərə bağlılıqdır.

Ölkəmizdə IV İslam Həmrəyliyi Oyunlarını”n təşkili, 2017-ci ilin respublikamızda «İslam həmrəyliyi İli» elan olunması, ölkəmizdə keçirilən humanitar forumlarda xalqları birləşdirən milli-mənəvi dəyərlərin təbliği, sivilizasiyaları birləşdirən çağırışların dəstəklənməsi bütün dinlərə hörmətin, etimadın ifadəsi olmaqla dünyada sülhün, əmin-amanlığın qorunmasına verilən dəyərdir. İslamofobiya, ksenofobiya, antisemitizm kimi meyillərin güclənməsinə qarşı etibarlı mübarizədir.

 

Xuraman İsmayılqızı

 

İki sahil.- 2024.- 21 may, ¹89 .- S.4.