Türk-İslam dünyasının tarixi məkanı

 

Şuşa şəhəri tarixən Azərbaycanın ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olmuşdur. XVIII əsrin ikinci yarısında Azərbaycanın tarixi, mədəni və strateji əhəmiyyətə malik şəhəri sayılan Şuşa özünün xalçası, ipəyi, parçası və çini qabları ilə dünya bazarları miqyasına çıxmış və bununla da böyük şöhrət qazanmışdı. XIX əsrin ikinci yarısından başlayaraq Şuşa şəhəri Azərbaycanın siyasi, iqtisadi və mədəni inkişafında mühüm rol oynamışdı. Həmin vaxtdan etibarən Şuşa ticarətinə sənətkarlığın və mədəniyyətin inkişafına və əhalisinin çoxluğunda gorə Azərbaycanda birinci və Zaqafqaziyada isə Tiflisdən sonra ikinci şəhər sayılırdı. Təsadüfi deyildi ki, o dövrdə Şuşanı "Kiçik Paris", "Qafqazın sənət məbədi", "Azərbaycan musiqisinin beşiyi" və "Zaqafqaziyanın konservatoriyası" adlandırırdılar.

İqtisadi cəhətdən yaxşı inkişaf etməsi, həm də şəhərin füsünkar coğrafi mövqeyi buranın uzun müddət Azərbaycanın elm, poeziya, xüsusilə musiqi mədəniyyəti mərkəzi olmasına böyük təsir göstərmişdir. Heç də təsadüfi deyil ki, elm, poeziya və musiqi mədəniyyəti tariximizdə ilk dəfə olaraq Şuşada teatr, sirk tamaşaları, mətbəə, kitabxana, “ Realnı ” və “ Qorodskoy ” uçilişləri, seminariya və bir sıra mədəni maarif müəssisələri yaranmışdır. Şuşa, həmçinin istedadlar məskənidir. Təkcə XIX  əsrdə Şuşada 95 şair, 22 musiqişünas, 38 xanəndə, 19 xəttat, 16 nəqqaş, 12 nüsvəxənd, 5 astronom, 18 memar, 16 həkim, 42-yə qədər müəllim və s. fəaliyyət göstərmişdir.

Sovet dövründə Ümummilli Lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi 1969-1982- ci illərdə Qarabağa çox böyük diqqət və qayğı göstərmişdir. Ümummilli Lider Heydər Əliyevin bilavasitə təşəbbüsü və rəhbərliyi ilə Şuşa şəhərinin inkişaf etdirilməsi məqsədilə 1970-ci illərin ikinci yarısında bir neçə xüsusi qərar qəbul edildi. Həmin qərarlara uyğun olaraq şəhərin keçmişdə tikilmiş binaları, tarixi abidələri bərpa edildi, yeni çoxmərtəbəli yaşayış binaları, böyük mehmanxana kompleksləri, ayrı-ayrı inzibati binalar tikildi. Bununla yanaşı, Şuşanın statusu qaldırılaraq Ümumittifaq səviyyəli kurort şəhərinə çevrildi. 1977-ci ildə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü ilə "Şuşa şəhərinin tarixi hissəsini tarix-memarlıq qoruğu elan etmək haqqında" qərar qəbul edildi. Həmin qərar nəticəsində Şuşada abidələrin qorunması, görkəmli mədəniyyət və incəsənət xadimlərinin xatirələrinin əbədiləşdirilməsi istiqamətində əhəmiyyətli addımlar atıldı.

Təəssüflər olsun ki, Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində 1992-ci il mayın 8-də Şuşa şəhəri işğal edildi. İşğal illərində şəhərdə xalqımızın tarixi-mədəni irsinin məhv edilməsi siyasəti həyata keçirildi. Şuşanın işğalı nəticəsində azərbaycanlıların tarixi izlərini silmək məqsədilə vandallar 600-ə yaxın tarixi memarlıq abidəsini məhv etdilər. Lakin işğala, vandallıqlara baxmayaraq, Şuşa öz ruhunu illərcə qoruyub saxlaya bildi.

Nəhayət 28 il davam edən işğaldan sonra Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik siyasəti nəticəsində torpaqlarımız yağı tapdağından azad olundu və bu gün həmin ərazilərdə yeni bir yüksəliş dövrü başlayıb. Şuşa şəhərində, eləcə də işğaldan azad edilən bütün ərazilərdə olan bir çox tarixi-dini abidələrimiz bərpa olunur. Qədim tarixi və memarlıq üslubu qorunub saxlanılmaqla Şuşa şəhərinin, tarixi və dini abidələrin, muzeylərin planlı şəkildə bərpa olunması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Həyata keçirilən yenidənqurma işləri nəticəsində qısa zamanda Şuşa dünyanın ən gözəl şəhərləri siyahısında öz layiqli yerini tutacaqdır.

Şuşaya yalnız Azərbaycanda deyil, bütün İslam dünyasında böyük rəğbət bəslənilir. Xatırladaq ki, 2023-cü il sentyabrın 25-i və 26-da Qətər dövlətinin paytaxtı Doha şəhərində keçirilən İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransında Şuşa şəhərinin 2024-cü il üçün ICESCO-nun “İslam dünyasının mədəniyyət paytaxtı” proqramı üzrə namizədliyi irəli sürülüb. Konfrans iştirakçılarının yekdil qərarı ilə Qarabağımızın incisi Şuşa şəhəri bu şərəfli ada layiq görülüb. Bu, Şuşaya xüsusi ehtiramın ifadəsidir və mədəniyyət beşiyimiz İslam dünyasının həmrəyliyinin daha da genişləndirilməsində özünəməxsus rol oynayacaqdır.

Mayın 11-də Şuşanın Cıdır düzündə VII “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının və “Şuşa – İslam dünyasının mədəniyyət paytaxtı 2024” ilinin açılış mərasimində çıxışı zamanı Prezident İlham Əliyev bu etimadı yüksək dəyərləndirərək bildirib ki, ölkəmizdə bir çox beynəlxalq tədbirlər, musiqi festivalları, mədəni tədbirlər keçirilir: “Təbii ki, Şuşa şəhərinin İslam dünyasının mədəniyyət paytaxtı olması bizə əlavə imkan verəcək ki, öz mədəniyyətimizi həm müsəlman ölkələrinin ictimaiyyətinə, həm də dünya ictimaiyyətinə çatdıraq”.

Aydındır ki, Şuşa zəngin İslam mədəniyyətinin qovuşduğu bir məkan kimi diqqət mərkəzində dayanacaq. İl ərzində burada müxtəlif tədbirlər keçiriləcək. Belə ki, İslam dünyasının Mədəniyyət Forumunun təşkil edilməsi  və bu çərçivədə Şuşada İslam Əməkdaşlığı Təşkilatının mədəni irsin mühafizəsinə həsr olunmuş beynəlxalq konfransının, “İslam dünyasının itirilməkdə olan qeyri-maddi mədəni irs nümunələri” mövzusunda dəyirmi masa və sərginin, digər təqdimatların keçirilməsi gözlənilir.

Eyni zamanda, İslam ölkələrində “Şuşa günləri”nin keçirilməsi və tədbirlərdə folklor incəsənət qruplarının, Qarabağ xalçalarının, foto və rəsm əsərlərinin nümayişi, kitab təqdimatları, İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) qərargahında (Mərakeşin Rabat şəhəri) Şuşaya həsr edilmiş birgə elmi və mədəni tədbirlərin təşkili də nəzərdə tutulub.

Bunlarla yanaşı, İslam ölkələrinin mədəniyyət paytaxtlarının “Şuşa şəbəkəsi”nin yaradılması və ilk görüşünün keçirilməsi, müsəlman dünyasında turizmin inkişafı mövzusunda beynəlxalq konfransın və “İslam ölkələrinin ortaq süfrəsi” kulinariya festivalının təşkili, ICESCO-nun “A-Hub Akselerasiya Proqramı”nın (2023-cü il üzrə) böyük finalının Azərbaycanda keçirilməsi də gözlənilən tədbirlər sırasındadır.

 

Nigar Orucova

 

İki sahil.- 2024.- 25 may, ¹93.- S.3.