Dünyaya «yaşıl baxış»
Paytaxtımızda
keçiriləcək COP29, Ümumdünya Dini Liderlərin
növbəti Sammiti ölkəmizin enerji, siyasi, iqtisadi, həmrəylik
siyasətinin, multikultural dəyərlərinin beynəlxalq
ictimaiyyətə təqdimatı olacaq
Bir
neçə gündən sonra dövlət və hökumət
başçılarının, tanınmış siyasi xadimlərin,
beynəlxalq maliyyə təşkilatlarının
iştirakı ilə Bakıda öz işinə başlayacaq
COP29 mahiyyətcə siyasi, iqtisadi, ekoloji sahələri əhatə
etsə də nəticə etibarı ilə insanlıq və
humanitar duyğuların beynəlxalq səviyyədə
geniş tribunada diqqətə çatdırılmasıdır.
Noyabrın 6-7 də paytaxtımızda
keçiriləcək, müxtəlif dinlərə, irqə mənsub
insanların maraqlarının ifadə olunduğu humanitar
platforma kimi yenidən dünya ictimaiyyətinin diqqət mərkəzində
olacaq Ümumdünya Dini Liderlərinin növbəti Sammitində
də qlobal dünyamızın siyasi masasında
aktuallığını qoruyan problemlər sağlam
düşüncə tərzi ilə müzakirə olunacaq.
Başqa sözlə deyilsə insanları maraqlandıran
problemlərin ortaq məxrəcinin müzakirəsi
üçün Azərbaycanın seçilməsi
diplomatiyamızın daha bir uğurudur. Multikulturalizm ənənələrini
əsrlərdən bəri yaşadan, dinlərarası,
xalqlararası, millətlərarası münasibətlər
sistemindəki təcrübəsi nümunə göstərilən,
«Bakı prosesi» təşəbbüsünü həyata
keçirməklə, Dünya Dini Liderlərinin Zirvə
görüşlərini, BMT-nin Sivilizasiyalar Alyansının
VII Qlobal Forumu kimi tədbirlərə ev sahibliyi edən,
dözümsüzlükdən qaynaqlanan, zorakı ideologiya ilə
qızışdırılan, zəif təbəqələrin
hüquqlarının inkar edilməsindən yaranan fəlakətlərdən
əziyyət çəkən məzlumların üzləşdikləri
bəlaları, milli münaqişələrin törətdikləri
kütləvi insan qırğınlarının,
terrorların fəsadlarının
açıqlandığı humanitar tribuna olan Azərbaycan mədəniyyətlərin,
dini konfessiyaların bir araya gəldiyi əməkdaşlıq
mərkəzi kimi də tanınır. Azərbaycanın
Qoşulmama Hərəkatına sədrliyi dövründə
dövlət başçımız İlham Əliyevin təşəbbüsü
ilə həyata keçirilən humanitar tədbirlər,
aparılan islahatlar beynəlxalq əhəmiyyəti ilə
böyük dəstək qazandı. Dinin siyasiləşdirildiyi,
radikal qruplar tərəfindən məqsədli şəkildə
istifadə olunduğu müasir dövrümüzdə
kütləvi insan qırğınları ilə nəticələnən
bütün hallara qarşı mübarizə qlobal problem kimi
illərdən bəridir ki, bəşəriyyəti narahat
etdiyi məqamda COP29-un, dini liderləri bir araya gətirən
Sammitin təşkili Azərbaycanın multikultural dəyərlərə
sadiqliyinin ifadəsidir. Dünya siyasətinin problemlər məngənəsində
sıxıldığı, risklərin artdığı, dini
liderlərin birgə fəaliyyətinə daha çox ehtiyac
duyulduğu məqamda sammitin təşkili COP29-un əhəmiyyətini
daha da artırır.
Tolerant ölkə olan Azərbaycanda əsrlərdən bəri
müxtəlif dinlərin, xalqların nümayəndələri
sülh, ləyaqət, mehribanlıq şəraitində
yaşayır, Şərq ilə Qərb arasında
körpü, sivilizasiyaları birləşdirən mərkəz
kimi diqqəti cəlb edir. Əsasında dünyaya sülh, bərabərlik,
həmrəylik, tolerantlıq
çağırışları dayanan COP29 kimi dini liderləri
bir araya gətirən sammitlər də qardaşlıq, bərabərlik,
dini radikalizmə qarşı mübarizədə böyuk əhəmiyyət
daşıyır. İslam əleyhinə təhqir-böhtan
kampaniyasının davam etdiyi, Fransa kolonializminə
qarşı mübarizənin gücləndiyi məqamda
biri-birini tamamlayan hər iki tədbir ümumi mövzu
insanlıq, planetimizin gələcəyi üçün
dünyamızın qorunması naminə birləşmək,
dünyada əmin-amanlığın təminatına təsir
göstərə biləcək siyasi, iqtisadi, ekoloji təhlükələrin
qarşısının birgə alınması
üçün ən etibarlı vasitədir. Şərqlə
Qərb dəyərlərini bəşəri ideyalar ətrafında
birləşdirən mərkəz olan ölkəmizdə
keçirilən görüşlərin xronikası da təsdiqləyir
ki, Azərbaycan qazandığı siyasi, iqtisadi, humanitar
platforma adını, sivilizasiyalararası körpü rolunu ləyaqətlə
doğruldur.
Beynəlxalq aləmdə belə
artıq aforizmləşmiş Azərbaycanın
Qərb ilə Şərq arasında körpü rolunu
oynaması illərin sınağından
çıxmış reallıqdır. Müxtəlif beynəlxalq
təşkilatlarda Avropa təsisastları ilə birlikdə təmsil
olunan Şərq və Qərb ölkələri arasında
münasibətlərini qarşılıqlı anlaşma
şəraitində davamına da Azərbaycan töhfəsini
verir. Əməkdaşlığı genişləndirməklə
dövlət və hökumət
başçılarının iştirakı ilə
keçirilən zirvə görüşlərində iqtisadi
maraqları birləşdirən ən mühüm amil kimi
siyasi sabitliyin vacibliyini diqqətə çatdıran,
«Dünyada uğursuz, asılı, iki və ya daha çox
stulda oturmaq istəyən, bir neçə ağaya xidmət
edən, özünü daha böyük dövlətlərin
qarşıdurma arenasına çevirən ölkələrin
sayı az deyil» sözləri ilə taleyi xarici
ağalarının əlində olan itaətkar dövlətləri
sülh naminə birliyə dəvət edən Prezident
İlham Əliyev Qərb və Şərq dəyərlərini
bəşəri ideyalar ətrafında birləşdirməklə
humanizm prinsiplərinin mütləq qələbə
çalacağına inamını ifadə edir. Avropanın
doqquz ölkəsi ilə enerji sahəsindəki əməkdaşlığını
genişləndirən ölkəmizin şaxələndirmə
siyasətinin əsasında da siyasi maraqlar deyil, humanist dyərlərə
sadiqlik kimi dəyərlər dayanır. Ölkəmizin dəfələrlə
sınaqdan çıxmış diplomatiyasının dəstəklənməsi
Azərbaycanın bölgədə müstəqil siyasət
yeritməsinin, enerji asılılığı olmayan bir
dövlət kimi söz sahibliyinin etirafıdır.
Azərbaycanın türkdilli, İslam dövlətləri ilə həmrəyliyinin,
strateji tərəfdaşlığının ortaq və
oxşar tarixi əlaqələrdən, eyni dinə mənsubluğundan
qaynaqlandığı bəllidir. Xarici siyasətini
bütün dövlətlərlə qarşılıqlı
hörmət, biri-birinin daxili işlərinə
qarışmamaq prinsipləri əsasında davam etdirən
ölkəmizin Avropa, ərəb ölkələri ilə əməkdaşlığı
da sağlam münasibətlər zəminində davam etdirilir.
Müasir dövrün tələbinə,
çağırışına uyğun, regional və beynəlxalq
məsələlər üzrə aparılan müzakirələrin,
möhkəmlənən münasibətlərin strateji
xarakterinə uyğun davamını sınaqdan çıxan
təcrübə adlandıran Prezident İlham Əliyevin
vurğuladığı kimi, yalnız çoxplanlı,
yaxşı keçmişə və yaxşı gələcəyə
hesablanmış, qarşılıqlı etimada, ikitərəfli
dəstəyə arxalanaraq irəliləmək
mümkündür.
Az müddətdə ölkəmizin
siyasi həyatında baş verənlərin
qısa xronologiyası, müxtəlif dövlət və
hökumət başçılarının respublikamıza rəsmi
və dövlət səfərləri göstərir ki,
dünyanın qlobal enerji və nəqliyyat layihələrinin
təşəbbüskarı, müəllifi və əsas tərəfdaşı
olan Azərbaycan həqiqi mənada siyasi, iqtisadi, humanitar
platforma, sivilizasiyalararası körpü, mədəni müxtəlifliyin
məkanı, mültikultural dəyərlərə sadiq,
tolerant dövlətdir. Bu gunlərdə işinə
başlayacaq COP29 və Ümumdünya Dini Liderlərin Sammiti
bu reallığın daha geniş mənada təzahürüdür.
COP29 çərçivəsində iki panelin məhz
multikulturalizm məsələlərinə həsr
olunacağı da təsadüfi deyil. Xurafata deyil, sağlam
dinə etiqad insanları bir amal ətrafında birləşdirdiyi
kimi, problemlərin həllində birgə mübarizə daim
uğurla nəticələnir. Qafqaz Müsəlmanları
İdarəsi tərəfindən Dünya Dini Liderlərinin
sammitinin təşkilində də məqsəd bu birliyin
qüvvəsini səfərbər etməkdir. Noyabrın 5-dən
7-dək Pre-COP tədbiri olaraq davam edəcək tədbirdə
bu sahədə 200-ə yaxın din xadimi, alim iştirak edəcək.
30-a yaxın dünyəvi
və ənənəvi
dinlərin liderlərinin,
nüfuzlu dini mərkəzlərin başçılarının
- patriarxlar, Vatikan və Əl-Əzhər rəsmiləri, müxtəlif
qitələri, konfessiyaları
təmsil edən dünya miqyasında tanınmış görkəmli
din və ictimaiyyət
xadimlərinin, ümumilikdə,
55 ölkəni və
30 beynəlxalq təşkilatı
təmsil edən dövlət, elm və din
xadimlərinin iştirak
edəcəyi sammit təbii ki, beynəlxalq ictimaiyyətin diqqətini
cəlb edəcək.
Qonaqların işğaldan
azad edilmiş ərazilərə səfərləri
çərçivəsində erməni vandallarının
işğal altında
saxladıqları Azərbaycan
torpaqlarında törətdikləri
vəhşiliklər əyani
surətdə göstəriləcək.
Noyabrın 13-də ayrıca
panel təşkil olacaq.
Burada da Azərbaycanın
tolerantlıq, multikulturalizm
dəyərlərindən bəhs
olunacaq, nəşr sərgilərində kitabları,
eləcə də filmlər nümayiş ediləcək. Xalqımızın
əsrlərdən bəri
qoruduğu multikultural
və tolerant dəyərlərimiz
xarici qonaqlara təqdim olunacaq. Dini liderlərin əvvəlki
Ümumdünya sammitlərinə
ev sahibliyi etmiş Azərbaycanda keçiriləcək budəfəki
tədbir bəşəri
əhəmiyyət daşıyan,
planetimizin gələcəyi
üçün həyati
önəm kəsb edən konkret problemin - iqlim dəyişmələrinin mənəvi
dəyərləndirilməsi işinə real töhfələr
verəcək.
Prezident
İlham Əliyevin 2024-cü ilin Azərbaycanda «Yaşıl dünya naminə həmrəylik ili”»
elan edilməsi ilə
bağlı Sərəncamı
planetin gələcəyi
naminə atılan humanitar addım kimi dəstəklənəcək.
Müxtəlif dinlərə,
irqlərə mənsub
insanları bir məqsəd naminə həmrəyliyə çağırış,
əhəmiyyətli qlobal
təşəbbüs kimi
dəstəklənən COP29, Ümumdünya Dini Liderlərin
Sammitinin ülvi niyyətlərdən qaynaqlandığını
bütün dünya ictimaiyyəti görəcək.
Bu ərəfədə Amerika Birləşmiş
Ştatlarının Dinlərarası
Qonşuluq Şəbəkəsinin
həmtəsisçisi, Qlobal
Məsələlər İnstitutunun
prezidenti və Texasdakı «Northwood» kilsəsinin
baş pastoru Bob Robertsun, Qlobal Məsələlər İnstitutunun
vitse-prezidenti Ceyms Çenin ilə Qərbi Azərbaycan İcmasının rəsmiləri
ilə görüşü
də önəmli idi. Görüşdə qonaqlara Qərbi Azərbaycan həqiqətləri,
soydaşlarımızın ötən əsr boyunca öz ata-baba yurdlarından mərhələlərlə deportasiya
edilmələri barədə
zəngin məlumatlar
verilib. Bildirilib ki, bu deportasiyalardan sonra Qərbi azərbaycanlıların doğma
yurdlarında qalan zəngin maddi-mədəni
irsi, o cümlədən
300-dən çox məscid,
saraylar, qala və karvansaralar, o cümlədən 500-ə yaxın
qəbiristanlıq da yerlə-yeksan
edilib. Qərbi azərbaycanlıların haqq
işinin dəstəklənməsinin
əhəmiyyəti , beynəlxalq hüququn norma və prinsiplərindən
olan qayıdış
hüququnun həyata keçirilməsi istiqamətində
Birləşmiş Ştatlarla
əməkdaşlığın önəmi diqqətə
çatdırılıb. Pastor Bob Roberts Qərbi Azərbaycanla bağlı daha əvvəl Qərb mediasından öyrəndiyinin
saxta məlumatlarından
fərqli olaraq əsl həqiqəti öyrəndiyini məmnunluqla
qeyd edib.
«İrimiqyaslı beynəlxalq
tədbirlərin keçirilməsi
təbii ki, üzərimizə
böyük məsuliyyət
qoyur. Ancaq biz bu günə qədər bir çox beynəlxalq tədbirlər keçirmişik»
söyləyən Prezident
İlham Əliyev onu
da vuğulayır ki, COP29 bu
vaxta qədər keçirilmiş tədbirlərlə
müqayisədə daha
möhtəşəmdir. COP29-da 10 minlərlə xarici nümayəndə ölkəmizə
gələcək, iki
həftə ərzində
Bakı dünyanın
mərkəzi olacaq: «Mən şübhə etmirəm ki, COP29 beynəlxalq
konfransını da biz yüksək
səviyyədə keçirəcəyik,
bu, ölkəmizin, xalqımızın növbəti
böyük uğuru olacaq. Eyni zamanda,
Azərbaycan neft-qaz ölkəsi kimi bu sahədə də özünü göstərəcəkdir və
dünyada hər kəs bir daha
görəcək ki, bizim
gündəliyimiz yaşıl
enerji ilə bağlıdır. Yaşıl
enerji növlərinin
yaradılması və
yaşıl enerjinin dünya bazarlarına nəqli hazırda bizim enerji siyasətimizin
prioritetidir. Bu, reallıqdır
və bütün dünya bunu bir daha görəcək.»
Xuraman İsmayılqızı
İki sahil.- 2024.- 5 noyabr, ¹204.- S.4.