“Səs” tamaşasının məşqinə
baxışdan təəssüratlar...
İrəvan
Dövlət Azərbaycan Dram Teatrında şairə Adilə
Nəzərin “Axirətdən gələn səs” pyesi əsasında
Əməkdar mədəniyyət işçisi
İftixarın lirik, romantik, bir qədər də satirik,
qeyri-səlis yozumda birhissəli qəhrəmanlıq
dastanı janrında hazırladığı “Səs”
tamaşasının proqon məşqinə baxış
keçirildi.
İrəvan
Dövlət Azərbaycan Dram Teatrının direktoru, sənətşünaslıq
üzrə fəlsəfə doktoru İftixar Piriyev preamblua
xarakterli çıxışında yeni tamaşanın məna
və mahiyyəti, ideya-bədii xüsusiyyətləri, bədii
tərtibatı, aktyor heyətinin obrazlar üzərindəki
çoxplanlı, çoxxətli variasiyalardan keçən
oyun prinsipləri, tamaşanın qeyri-səlis məntiq sistemi
ilə ərsəyə gətirilməsinin avanqard üsluba
uyğunlaşdırılaraq modern cilddə hazırlanması
prosesi barədə müfəssəl açıqlamaları
ilə fikir sərgilədi. “Tamaşadakı olayların
üç məkanda: arxa plan – ailə, cəmiyyət; orta
plan – döyüş meydanı, savaş səhnələri;
ön plan – lirik, romantik ovqatlı real və irreal hadisələrin
cərəyanı – belə bir konsepsiyada Adilə Nəzərin
pyesi əsasında rejissor düşüncəsi və təxəyyülündəki
çevik hərəkət mexanizmi ilə pərvazlanan qeyri-səlis
yozumla əsəri “Səs” adlandırdıq”, - deyə rejissor
mövqeyini aydınlatdı.
Tamaşanın
yozum özünəməxsusluğu barədə teatrın ədəbi
hissə müdiri Nərminə Ağayevanın
düşüncələri: ...baxdığımız
tamaşa olduqca təsirli, səmimi, emosional səhnə əsəridir.
Aylar əvvəl teatrımızın bədii şurasına
müəllifin təqdim etdiyi pyesi müzakirə etmişdik;
bu gün isə tamaşa müəllifi İftixarın və
aktyor heyətinin ərsəyə gətirdiyi yeni səhnə
əsərinin işığına toplaşmışıq.
Qarabağ müharibəsinə həsr olunan əsərdəki
hadisələr iki ailənin, həm də iki qonşunun
övladları Vüsal və İnci arasındakı
ülvi, təmiz hissləri, onların vətən və
torpaq sevgisini, cəmiyyətə gərəkli övlad olaraq
Qarabağ savaşı yolunda mübarizə amallarını əks
etdirir. 44 günlük müharibə bizi bir xalq olaraq birləşdirdi;
bu qəhrəmanlıq savaşının acılarını
hər bir ailədə görmək olur; hər kəs 44
günün ağrılarını yaşayıb. İftixar
müəllim “Səs” adlandırdığı tamaşaya rəmzi
olaraq həm də “Qisas-44” kod adını təklif etdi.
müzaakirə zamanı bu kod adının məhz əsərin
qəhrəmanı Vüsalın gerçək kod adı
olduğu müzakirədə iştirak edən qəhrəmanın
qardaşı tərəfindən ortaya çıxdı. Bu
seçim, bu kod yaxşı düşünülüb və
tamaşanın ruhuna, konsepsiyasına tam uyğun rəmzdir.
Rəmzlərdən
danışarkən təxminən üç ay əvvəl
İrəvan teatrının “Siluet” tamaşasında –
İftixar qeyri-səlis məntiqlə
hazırladığı ilk səhnə əsərində
qeyri-səlis məntiq nəzəriyyəsinin teatr sənətinə
sinergetik adaptasiyasını gerçəkləşdirdi. Bu
gün isə milli-vətənpərvərlik kontekstində “Səs”
adı ilə qurduğu rejissor tamaşasını qeyri-səlisizmin
təkanverici enerjini başqa bir sənət arealında daha
dolğun, daha zəngin, tam fərqli müstəvidə səhnə
vaqeəsinə adaptasiya edir. Tamaşaçıları və
iştirakçıları hadisələrin gərgin
dinamikasına istiqamətləndirir. Tamaşada qeyri-səlis
teatr sistemi təbii ifadə üsulları vasitəsi ilə
daha yüksək parametrlərdə təcəssüm edilir.
Bu, onu deməyə əsas verir ki, dünya və Azərbaycan
dramaturqlarının (hətta Şekspir, Molyer, M.F.Axundov və
digər klassiklərin) müxtəlif mövzularda təqdim
etdikləri dramaturgiya nümunələrini də qeyri-səlis
məntiqin fırçası ilə avanqard tabloya çevirmək
mümkündür.
Səhnədə
səs, söz, məzmun, yaşantılar, duyğu və hisslərin
aqoniyası və polifoniyası eyni dinamika ilə
culğalaşır. Bu dinamikanın özü də
tamaşanın musiqi həllinin ciddi və həssas təbiəti
ilə harmoniyada vahid məcra daxilində yoğrulur. Hər vəziyyətin,
hər epizodun və hər detalın mahiyyətinə
uyğun seçilmiş və aktyorların canlı ifa etdikləri
məşhur xalq mahnıları tamaşanın qəhrəmanlıq
ruhunu gücləndirir. İrəvan teatrının modern ifa tərzində
qeyri-səlis məntiqlə təqdim etdiyi tamaşa kollektivin
yeni sənət uğurudur.
Rejissor
Gümrah Ömər: İlk proqon məşq
üçün kifayət qədər uğurlu bir nəticəyə
baxdıq. Çox asanlıqla düzələcək
işıq, dekorasiyalar yerində olsaydı, elə tamaşa
kimi də qavraya bilərdik. Bu mənada demək olar ki,
tamaşa artıq bitmək üzrədir. Yaradıcı insan,
rejissor hər zaman nədənsə narazı qalır.
Onunçün daima əbədi iş var.
Mənim
üçün çox sevindirici haldır ki, mən bir
neçə dəfə “Siluet” tamaşasına baxdım;
sonra “İrəvanda yanan çıraq” tamaşasını
hazırladıq. Yaxşı mənada düşünməli
məsələdir: bu necə olur ki, bir teatr həm öz
konsepsiyasından, öz ideologiyasından kənara getmədən,
son dərəcə çağdaş, riskli, gözlənilməz
üsullara əl ata bilir. Bu, mənim üçün İrəvan
teatrında ən qiymətli amillərdən biridir. Bunu müəllim
özü də, öz yaradıcılığı ilə,
öz zəhməti ilə edə bilir. Ona görə müəllimə
təşəkkürümü bildirirəm. Bu, çox qiymətlidir.
Kaş ki, hər zaman belə tədbirlər olsun,
çünki bu teatrın ruhunda vətənpərvərlik
var, bu teatrın tarixində milli-mənəvi dəyərlərimizə
son dərəcə açıq və bəzən hətta həddən
artıq açıq formada belə yanaşılması
teatrın ənənəsi olub.
Və son
dönəmlərdə çox teatrlardan fərqli olaraq
müasir teatr, modern teatr üslublarına, müasir teatr
düşüncəsi üçün yeni sistemlə
tamaşa qurmağa bir qədər geniş yer ayırması
həqiqətən sevindiricidir. Yenə mən aktyorlarımızı
sevməyə başladım və həqiqətən
onları ləyaqətli, pafosdan kənar, insanı
hürkütməyən və bunlar həqiqətən də
çox zəhmət tələb edən və müəllim
tərəfindən işlənilən məsələlərdir
və məncə bunu belə də davam etdirmək
lazımdır.
Təbii
ki, tamaşa çox duyğusaldır, hamımıza hər mənada
toxunan tamaşadır. Buna baxmaq belə, bunu hisslər
baxımından rahat qəbul etmək asan deyil, çox
sivridir, insanı hər an silkələyir.
Düşünürəm ki, bunun üçün peşəkarlıq,
sənətkarlıq nə qədər önəmli yerdə
dursa da belə, milli heysiyyat, milli sevgi bu məsələni
ancaq o dəyərlərdə, o səviyyədə həssas,
duyğularımıza toxunacaq səviyyədə, eyni zamanda
onu çox incə, zövqlü təqdim etmək, məncə
sözün həqiqi mənasında bir kübarlıq məsələsidir.
Təbii
ki, tamaşa barəsində çox şey danışmaq olar;
o planlarla necə işləyibdir, yaxud da o elementləri,
rekvizitləri simvolik olaraq öz ilkin baxışından daha
başqa mənalara çevrilmək potensiyası və bəzən
aktyorların bütün məkanı necə səmərəli
istifadə etməsi sözün yaxşı mənasında həqiqətən,
inşallah bizə müəllimin təklif elədiyi səhnə
modeli, dumanın içində, o sallofanların içində
yağış, duman, birinci, ikinci, üçüncü məkan
nisbətində mənə elə gəlir ki, tamamilə
öz həqiqi imkanlarını teatr sehrini yaratmağa
birbaşa xidmət eləyəcək.
Adilə
xanım, sizin yerinizə çox sevinirəm. Yaxşı mənada
sizin əsərinizin ruhunu gerçəkləyir. Ədəbiyyat
teatr demək deyil, ona sənətkar əli dəyməsə,
istedadlı insanların ruhu, nəfəsi ona toxunmasa, o, teatr
ola bilməz. Buna görə də mən çox sevinirəm.
Mən İftixar müəllimin əsərini tamaşaya
qoymuşam. İftixar müəllimdə görmüşəm
o geniş ürəkliliyi ki, rejissora imkan verir o, öz əsərini
yaratsın.
Müzakirədə
iştirak edən şair-yazıçı Yusif Nəğməkar:
İnsan təbiətin bir hissəsidir və insan özü
barometrdir. Əgər mən təsirlənirəmsə, deməli
orda nəsə var. Mən burda çox təsirləndim, niyə?
Həzin bir musiqidən, təsirli bir fikirdən, yaxşı
tamaşadan hər zaman kövrəlirəm. Tamaşa məni
kövrəltdi. Kövrəltdisə, demək bu əsərdir.
Əsərdisə müasir və realdır. Fantaziyadan,
romantikadan, tərənnümdən istifadə olunsa belə, həyat
həqiqəti var burda. O həyat həqiqəti insanı
kövrəldir. 44 günlük müharibədə Müdafiə
Nazirliyinin xətti ilə biz qələm əhlini Qarabağa
göndərdilər. Orada mən nələri
görmüşdümsə, sanki onların qısa
variantını burda gördüm. Bax, əsər budur.
Çox gözəl seçmisiniz adı – Səs. Qəlbimizin
səsi, vətənin səsi, xalqın, millətin səsi. O
dövrdə xor oxudu millətimiz. Səhnədən də belə
eşidildi...
İftixar
istedadlı sənətkardır, onun düşüncəsində,
onun görümündə, yəni həyatı səhnədə
göstərə bilir, bu İftixarın fərqli cəhətidir.
Tamaşada elə nüanslar gördüm ki, bunlar rejissorun kəşfidir.
Burda bir neçə kəşfin şahidi oldum. Aktyorlar
çox gözəl oynadılar. Əsərin müəllifi
Adilə xanım çox istedadlı şairəmizdir. Amma bu
istedadın üzərinə istedadlı rejissorun təfəkkürü,
düşüncələri gəlir. Hesab edirəm ki, bu
tamaşa çox böyük uğur qazanacaq. Tamaşanın
bir gücü də onun müasirliyindədir. Bir az dərin
düşünə bilirsən, bu öz yerində, amma əsər
müasir deyilsə, heç vaxt sevilməz. Bu tamaşa da səs
salacaq.
Səhnə
əsərinin baş qəhrəmanı Vüsalın
qardaşı Elyar İslamoğlu da tamaşa barədə
öz ürək sözlərini söylədi: Mən sanki
tamaşaya yox, elə həmin hadisələrin özünə
baxdım. Tamaşada bizim ailəni
canlandırdığınıza görə çox kövrəldim.
Vüsal evə gələndə atam, anam, bacılarım necə
sevinirdilərsə, tamaşada da sanki onların hər birini
canlı görürdüm. Unudulmaz generalımız Polad Həşimov
qardaşımın sevimli komandiri idi. Siz bütün hadisələri
çox dəqiqliklə təqdim etdiniz. Hamıya ailəmiz
adından təşəkkür bildirirəm. Qonaqlar arasında
olan əsərin müəllifi Adilə Nəzər,
yazıçı Həcər Paşayeva da bu möhtəşəm
tamaşa münasibətilə yaradıcı heyəti təbrik
etdilər, kollektivə uğurlar arzuladılar.
Tədbirin
sonunda quruluşçu rejissor İftixar Piriyev tamaşanın
baxışında iştirak edənlərə öz təşəkkürlərini
bildirdi: Bu, İrəvan teatrında yeni üslublu avanqard
tamaşadır. Gümrah Ömər də avanqardist
rejissordur. Bu yaxınlarda onun hazırladığı Hidayətin
“İrəvanda yanan çıraq” tamaşasının modern
rejissor yozumunu seyr etdik.
Adilə
xanıma təşəkkür edirəm ki, teatrımıza
milli-vətənpərvərlik ruhlu belə bir əsər təqdim
edib. Təbii ki, dekorlar, işıqlar, müxtəlif teatr ifadə
vasitələri mükəmməl təqdimatı ilə daha
parlaq görünəcək. Biz generalımızın
anası Səmayə ananın bədii obrazını səhnəyə
gətirdik. Gəncə lalələrinin assosiasiyasını
yaratmaq üçün rəmzi kiçik şəkillərdə
göstərməli olduq. Tamaşada bir çox rəmzlər
öz yerini tapacaqdır.
Milli-mənəvi
dəyərlərimizin daha zəngin, daha teatral elementləri,
bunlar bizim hələ dərinliyinə qədər gedib
çata bilmədiyimiz məqamlar, istiqamətlərdir, o
istiqamətlər ki, böyük Lütfü Zadə qeyri-səlis
məntiq, qeyri-səlis çoxluqlar nəzəriyyəsi ilə
bizə ötürübdür. Mənim elmlər doktoru
dissertasiyam “Qeyri-səlis məntiq nəzəriyyəsinin teatr
sənətinə sinergetik adaptasiyası” adlanır. ”Siluet”dən
başladıq, burada başqa bir pilləyə qədəm
qoyduq. Bu, bir növ sanki nəzəri düşüncələrin,
elmi-nəzəri istiqamətlərin praktiki gerçəkliyidir.
Yəni nəzəriyyə praktika ilə qovuşa bilir.
Əlbəttə
ki, biz mükəmməl səhnədə bunları məşq
etsəydik, hazırlasaydıq, bu izahlara da ehtiyac
qalmayacaqdı. Əsas odur ki, siz burada İrəvan
teatrının yaradıcı kollektivinin potensial
imkanlarından daha çox, layiqli, istedadlı kollektiv
olduğunu dilə gətirdiniz. Adilə xanımın pyesində
Vüsalın dediyi bir söz var ki, “burada nə qədər
yaxşı olmaq ola bilərsə, o qədər
yaxşıyam”. Bu səhnədə də aktyorlar nə qədər
özünüifadə edə bilmək imkanı varsa, o qədər
ifadə etdlər. Amma təbii ki, premyera daha sanballı, daha
monumental, daha gözəl, daha fundamental olacaq və biz
tamaşanı ölkəmizin bir neçə səhnələrində
oynamaq niyyətindəyik. Hətta arzu edərdim ki, Adilə
xanımın vətəni Naxçıvanda da
oynanılsın bu tamaşa.
Zamin Məmmədov
İki
sahil.- 2024.- 5 noyabr, ¹204.- S.6.