Zəfərin Azərbaycanı
Dünyaya səs salan, ərazi
bütövlüyümüzün və suverenliyimizin tam bərpasına
gedən yolun başlanğıcı olan 44 günlük
İkinci Qarabağ müharibəsində şanlı Qələbəmizin
dörd ili tamam olur. Bu günlər 4 il əvvəl olduğu
kimi, yenə də hamımız bir-birimizi dünya hərb tarixində bənzəri
olmayan tarixi Zəfərimiz münasibətilə ürəkdən
təbrik edir və uca səslə deyirik: Zəfərin
mübarək, Azərbaycan! Zəfərin mübarək, Azərbaycan
xalqı!
Biz bu Qələbəyə layiqik
Məhz 4 il bundan əvvəl, 2020-ci ilin 44
günlük İkinci Qarabağ müharibəsində
dünya Azərbaycan xalqının timsalında yenilməzliyin,
məğrurluğun, tarixinə sahib çıxmağın
şahidinə çevrildi. Son 4 ildə tarixi Zəfərinin
sevincini yaşayan, daim xoşbəxt xalqlar arasında
ön cərgədə dayanan
Azərbaycan xalqı bu gün daha xoşbəxt, daha
qürurlu, daha məğrurdur. Çünki Ermənistanın
işğalının davam etdiyi 30 ildə həsrətlə
azadlığına qovuşacağı, özünün
tarixi sahibinə qucaq açacağı günü səbirsizliklə gözləyən
doğma torpaqlarımızda xalqımızın qalibiyyət
rəmzi olan üçrəngli bayrağımız əzəmətlə
dalğalanır.
Dövlət başçısı İlham
Əliyev 2003-cü ildə xalqın böyük əksəriyyətinin
səsini qazanaraq Prezident seçildikdən sonra andiçmə mərasimində Ümummilli Liderə müraciətlə
bildirmişdi ki, əsəriniz olan müasir, müstəqil Azərbaycanı
inkişaf etdirəcəyik, möhkəmləndirəcəyik,
zəfərlərə doğru aparacağıq.
Təbii ki, hər bir vəd, hər bir hədəf
möhkəm təməl, liderlik keyfiyyətləri, prinsipial
mövqe, dövlətə, xalqa bağlılıq və sair
kimi amillərə əsaslananda uğur qazanmaq o qədər də çətin olmur. Məsələyə
bu kontekstdən yanaşsaq, tam əminliklə deyə bilərik
ki, Prezident İlham Əliyev Ulu Öndər Heydər
Əliyevin şah əsəri
olan çağdaş müstəqil Azərbaycanı dahi rəhbərin
yaratdığı möhkəm təməl üzərində
yeniliyi, müasirliyi, dövrün
çağırışlarını özündə ehtiva
edən təkmil siyasəti ilə inkişaf etdirir, zənginləşdirir,
hər sahədə təcrübəsinin nümunə
olmasına çalışır.
2003-cü ildə qarşıya qoyulan əsas hədəf
dahi şəxsiyyət Heydər Əliyevin həmin ilin 1 oktyabr tarixli müraciətində göstərdiyi
"İnanıram ki, mənim axıra çatdıra bilmədiyim
taleyüklü məsələləri, planları, işləri
Sizin köməyiniz və dəstəyinizlə İlham
Əliyev başa çatdıra biləcək. Mən ona
özüm qədər inanıram və gələcəyinə
böyük ümidlər bəsləyirəm"
etimadını doğrultmaq oldu. İşğal altında
olan torpaqlarımızın düşməndən azad edilməsi
və Azərbaycanın bütün sərhədləri
boyunca bayrağımızın dalğalanması bütün
dövrlərdə dövlət siyasətinin mütləq
prioritetinə və strateji hədəfinə çevrildi.
Bugünkü uğurlarımız, zəfərlərimiz,
onların əsasında yeni hədəflərin, prioritetlərin
müəyyənləşdirilməsi böyük qətiyyətin,
iradənin, düşünülmüş və məqsədyönlü
siyasətin nəticəsidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin
Prezident kimi fəaliyyətinin 17 ili işğal altında olan
torpaqlarımızın azadlığa qovuşmasına
hazırlığa həsr edildi. Ümummilli Lider Heydər
Əliyevin "İqtisadiyyatı güclü olan dövlət
hər şeyə qadirdir" çağırışı
bu müddətdə dövlətimizin həyata keçirdiyi
siyasətin əsası oldu. Dahi şəxsiyyətin müəllifi
olduğu neft strategiyasının uğurlu icrası Azərbaycanın
dayanıqlı iqtisadi inkişafında əhəmiyyətli
rol oynadı. Prezident İlham
Əliyev iqtisadiyyatın
inkişafında neft-qaz sektorunun rolunu önə çəkməklə
yanaşı, bu çağırışı da etdi ki,
iqtisadi artım qeyri-neft sektorunun hesabına olmalıdır. Bu
məqsəd regionların sosial-iqtisadi inkişafını
sürətləndirməyi əsas hədəflərdən
birinə çevirdi. Regional inkişaf proqramlarının
uğurlu icrası bölgələrdə yeni iş yerlərinin
açılması və bunun nəticəsi olaraq məşğulluq
probleminin həlli, əhalinin sosial müdafiəsinin gücləndirilməsi
üçün geniş imkanlar yaratdı. Artan iqtisadi və
maliyyə imkanlarımız digər sahələrdə də
uğurlu addımların atılmasını şərtləndirdi.
Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü
olduğu qlobal enerji nəinki ölkəmizin, eyni zamanda iştirakçı dövlətlərin
dayanıqlı iqtisadi inkişafını təmin etdi və
bu uğurlu tendensiya hazırda da davam etməkdədir.
Bütün regional layihələrdən təcrid olunmuş
Ermənistandan fərqli olaraq Azərbaycan transmilli layihələri
ilə regionda tamamilə yeni mənzərə yaratdı. Azərbaycan
regionun enerji xəritəsini, nəqliyyat xəritəsini yenidən
tərtib etdi. Azərbaycanın təşəbbüsləri
təkcə xalqımızın deyil, bir çox ölkələrin,
o cümlədən region ölkələrinin
maraqlarını təmin etdi.
Azərbaycanda hərbi sənaye kompleksinin
yaradılması ölkənin qüdrətini artırdı.
Respublikamızda son illərdə formalaşan və dinamik
inkişaf edən hərbi sənaye kompleksi hesabına müxtəlif
növ texnika, zirehli maşınlar, pilotsuz uçuş
aparatları, atıcı silahlar istehsal olunur. Bu gün Azərbaycanda
mindən çox hərbi təyinatlı məhsul istehsal
edilir. Dünyanın aparıcı beynəlxalq sərgilərində
ölkəmizin hərbi məhsulları nümayiş olunur.
Bu cür nailiyyətlər ordumuzu zəruri silah, sursat və
texnika ilə təchiz etmək üçün əvəzsiz
imkanlar yaratdı. Tarixi Zəfərimizə qədər
2016-cı ilin Aprel döyüşləri, 2018-ci ilin
Günnüt əməliyyatı ordumuzun gücünün,
qüdrətinin təqdimatı oldu.
Zəfərə doğru
Vətən müharibəsinə qədər
və 44 günlük savaşın davam etdiyi dövrdə Azərbaycanın
diplomatik mübarizədə də uğurları bir-birini əvəzlədi.
Beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq
tərəfdaş ölkələrin sayının
artmasına səbəb oldu. Azərbaycan bütün aparıcı beynəlxalq
təşkilatlarla əməkdaşlıq etdi və
münaqişənin həlli üçün hüquqi
bazanı möhkəmləndirdi. Həmin müddətdə
BMT Təhlükəsizlik Şurası, Qoşulmama Hərəkatı,
Avropa Şurası, Avropa Parlamenti, İslam Əməkdaşlıq
Təşkilatı, digər beynəlxalq təşkilatlar Ermənistan
silahlı birləşmələrinin işğal etdikləri
Azərbaycan ərazilərindən qeyd-şərtsiz
çıxarılması ilə bağlı qətnamələr qəbul etdilər.
Avropa İttifaqı ilə paraflanmış sənəddə
sərhədlərimizin toxunulmazlığına, suverenliyimizə
və ölkəmizin ərazi bütövlüyünə dəstək
göstərildi.
Ümummilli Lider Heydər Əliyev bu gün artıq tarixin arxivinə
atılmış Qarabağ
münaqişəsinin həllində vacib amillər
sırasında dövlətin qətiyyətini,
xalqın iradəsini önə çəkməklə
yanaşı, beynəlxalq dəstəyi də xüsusi qeyd
edirdi. Azərbaycanın tarixi ədalətə, real faktlara əsaslanan
siyasətinin nəticəsi olaraq dünya Qarabağ
münaqişəsi ilə bağlı əsl həqiqətlərdən xəbərdar oldu. Lakin təəssüf
ki, bəzi dünya güclərinin ikili standartlara əsaslanan
siyasətinin şahidi olduq. Təəssüf ki, postmünaqişə dövründə
də bu yanaşmalar davam etməkdədir. Münaqişənin
həllində maraqların ədaləti,
beynəlxalq hüququ üstələməsi 44 günlük
İkinci Qarabağ müharibəsinin baş verməsini şərtləndirən
amil idi. Ermənistandan maraqlarının həyata keçirilməsində
bir vasitə kimi istifadə edən bəzi dünya gücləri
bəyanatlarında münaqişənin həllinə, Azərbaycanın
mövqeyinə dəstəklərini ifadə etsələr də,
reallıqda işğalçını müdafiə edir,
münaqişənin nizamlanması istiqamətində
danışıqlar prosesinin uzanmasına, təcavüzkarın yeni planlar
hazırlamasına açıq-aşkar
çalışırdılar.
Bunu sübut etmək üçün 1992-ci ildə
münaqişənin həllində vasitəçilik
missiyasını yerinə yetirmək məqsədilə
yaradılan və artıq tarixin arxivinə atılmış
ATƏT-in Minsk qrupunun 28 illik fəaliyyəti dövrünə
nəzər salmaq kifayətdir.
Minsk qrupu, xüsusilə onun həmsədrləri
işğalçını adı ilə
çağırmadılar, münaqişənin ədalətli
həlli istiqamətində heç bir yaddaqalan addım
atmadılar. Həm işğalçıya, həm də
işğala məruz qalmış tərəfə eyni
münasibət bəslənildi. Beynəlxalq qətnamələr
kağız üzərində qaldı.
Ermənistan silahlı qüvvələrinin Azərbaycan
torpaqlarını işğal etməsi azərbaycanlıları
doğma yurd-yuvalarından didərgin salmaqla yanaşı,
ölkəmizin iqtisadiyyatına və mədəni irsinə də
ağır zərbə vurmuşdur.
Bir milyondan çox azərbaycanlı 30 il ərzində
qaçqın və məcburi köçkün həyatı
sürməyə məcbur olmuşdur. Ermənistan bu müddət ərzində
işğal altında saxladığı Azərbaycan ərazilərini
acınacaqlı vəziyyətə salmış, şəhər
və kəndlərdə infrastrukturu tamamilə məhv
etmiş, ölkəmizə milyardlarla dollar dəyərində
maddi ziyan vurmuşdur.
Ermənistan silahlı qüvvələrinin
2020-ci il sentyabrın 27-də törətdiyi növbəti təxribatlar
dövlətimizin, xalqımızın səbir kasasını
doldurdu. Həmin gün Ermənistanın Noyemberyan rayonunun
Şavarşavan kəndində yerləşən mövqelərdən
Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə
yerləşən mövqelərimiz, Krasnoselsk rayonu ərazisindəki
adsız yüksəkliklərdə yerləşən
mövqelərdən isə Gədəbəy rayonunun
Zamanlı kəndində və adsız yüksəkliklərdə
yerləşən mövqelərimiz atəşə tutuldu. Tərtər
rayonunun həmin vaxt işğal altında olan Çiləbürt,
Ağdam rayonunun Sarıcalı kəndləri
yaxınlığında, həmçinin Goranboy və Tərtər
rayonları ərazisindəki adsız yüksəkliklərdə
yerləşən mövqelərdən də ordumuzun
mövqeləri atəşə tutuldu. Ermənistan silahlı
qüvvələrinin döyüş aktivliyinin
qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini
təmin etmək məqsədilə
qoşunlarımızın bütün cəbhəboyu əks-hücum
əməliyyatına başlaması barədə əmr verildi. Azərbaycan xalqı
30 ilə yaxın müddət ərzində Ali Baş
Komandanın bu əmrini gözləyirdi.
Ermənistanın təxribatına və
növbəti hərbi təcavüzünə cavab olaraq Azərbaycan
xalqı torpaqlarımızın işğaldan azad edilməsi,
BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin
tələblərinin yerinə yetirilməsi, məcburi
köçkünlərin öz doğma torpaqlarına
qayıtması və ədalətin bərpası
üçün Vətən müharibəsinə
başladı. Bu müqəddəs amal uğrunda
xalqımız səfərbər və həmrəy oldu. 44
gün davam edən hərbi əməliyyatlar
nəticəsində müzəffər Azərbaycan Ordusu Cəbrayıl,
Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, Azərbaycan
xalqının tarixində, mədəniyyətində və qəlbində
xüsusi yeri olan, Qarabağın tacı sayılan
Şuşa şəhərini, Zəngilan rayonunun Mincivan,
Ağbənd, Bartaz qəsəbələrini, Xocavənd
rayonunun Hadrut qəsəbəsini və bir çox kəndlərini,
Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və
Laçın rayonlarının bir neçə kəndləri
daxil olmaqla, ümumilikdə, 300-dən çox
yaşayış məntəqəsini, həmçinin
Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində
mühüm strateji yüksəklikləri işğaldan azad
etdi. Rəşadətli Azərbaycan
Ordusu irəliləyərək, Ermənistanın uzun illər
ərzində qurduğu mühəndis-istehkam sistemlərini
yarıb keçdilər. Torpaqlarımız qəhrəman əsgər
və zabitlərimizin, Vətən yolunda ən ali məqama
ucalan şəhidlərimizin qanı və canı bahasına
azad edildi. Azərbaycanın hərbi sahədə
qazandığı qələbələr, xüsusilə
Şuşanın düşmən əsarətindən
qurtarılması müharibənin taleyində həlledici rol
oynadı, Ermənistanın öz məğlubiyyətini
etiraf etməsi və kapitulyasiyası ilə nəticələndi.
Azərbaycan və Rusiya prezidentləri, Ermənistanın
baş naziri tərəfindən 10 noyabr 2020-ci ildə imzalanan
üçtərəfli Bəyanat ölkəmizin hərbi-siyasi
Qələbəsinin, Ermənistanın isə
kapitulyasiyasının təsdiqi oldu. Müzəffər Ali
Baş Komandan İlham Əliyevin 44 günlük Vətən
müharibəsinin gedişi dövründə xalqımıza
hər bir müraciəti hansısa şəhərin, kəndlərin,
qəsəbələrin, strateji yüksəkliyin azad edilməsi
müjdəsi kimi xalqımıza sonsuz sevinc, qürur hissi bəxş
etdi.
Dövlət başçısı, Müzəffər
Ali Baş Komandan İlham Əliyevin xarici mətbuata 30-dan
artıq müsahibəsinin hər biri xalqımızın qəlbində
Zəfərə əminlik yaratdı. Bu müsahibələrin hər biri çağdaş
tariximizə Azərbaycanın diplomatik uğurlarının təqdimatı
kimi yazıldı. İnformasiya savaşının əsas
konturlarını təşkil edən bu müsahibələr
mediamızın fəaliyyətinə yeni istiqamət verdi. Həmin müsahibələrin hər biri XXI
əsr üçün yeni üslub, yeni model nitq
strategiyası hesab edilə bilər. Vətən müharibəsinin
davam etdiyi günlərdə müsahibələrini
düşmənə və onun havadarlarına qarşı
real mübarizə, silah üsuluna çevirən Azərbaycan
Prezidenti informasiya cəbhəsində də bədxahlarımıza qalib gəldi. Həmin müsahibələrdə
gerçəklikdən doğan konkretlik, qətiyyət, yenilməz
siyasi iradə əsaslı
şəkildə yer aldı.
Müzəffər Ali Baş Komandan xarici
KİV-ə verdiyi müsahibələrlə
münaqişə ilə bağlı dünyanın fikrini dəyişdirməyə
müvəffəq oldu. Dövlət
başçısının gələcəyə ümid
dolu sözləri insanları itkilər qarşısında
sönməməyə, əksinə, qürurla durmağa
ruhlandırdı. Hər bir azərbaycanlı müharibə
dövründə özünün əvəzolunmaz Liderinin
şəxsində artıq ölkəni idarə edən rəsmi
şəxslə bərabər, doğma insan, xalqının
yenilməz övladını gördü.
Düşmənin kabusuna çevrilən
"dəmir yumruq"
Bu qürurverici məqamı xüsusi vurğulamalıyıq ki,
"Dəmir yumruq" əməliyyatının ilk
saatlarından cəbhə xəttindən sevindirici xəbərlər
gəlməyə başladı. 44 gün ərzində hər
gün Azərbaycan Ordusu irəliləyirdi, hər gün yeni
şəhərlər, kəndlər, qəsəbələr,
yüksəkliklər azad edilirdi. Azərbaycan əsgəri, Azərbaycan
zabiti bir amalla vuruşurdu ki, işğala son qoyulsun və
tarixi ədalət zəfər çalsın. Məhz
İkinci Qarabağ müharibəsinin davam etdiyi günlərdə
yağı düşmənin kabusuna çevrilən, kod adı "dəmir yumruq"
olan, dünya hərb tarixində bənzəri olmayan əməliyyatların
son dərəcə yüksək peşəkarlıqla
aparılması sayəsində Azərbaycan Silahlı Qüvvələri
düşmən ordusunu məhv edərək öz ərazi
bütövlüyünü bərpa etdi.
10 noyabr 2020-ci il tarixli üçtərəfli
Bəyanatın imzalanması növbəti şanlı hərbi
qələbəmiz oldu. Həmin üçtərəfli Bəyanata
uyğun olaraq Ermənistan
noyabrın 20-də Ağdam, 25-də Kəlbəcər,
dekabrın 1-də isə Laçın rayonlarını
döyüşsüz Azərbaycan
Silahlı Qüvvələrinə təhvil verdi. 2022-ci il
avqustun 26-da isə Laçın şəhəri, Zabux və
Sus kəndləri nəzarətə götürüldü.
Azərbaycan xalqının əzmi və iradəsi,
dövlətimizin iqtisadi gücü, müasir ordu
quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin Qələbəsini
təmin edən mühüm amillər oldu. Ulu əcdadlarımızın
zəngin dövlətçilik və hərb tarixindən
ilhamlanan Azərbaycan xalqı daha bir şanlı qəhrəmanlıq
salnaməsi yazaraq, özünün qalib xalq olduğunu
dünyaya sübut etdi və düşmən üzərində
tarixi Zəfər çaldı. Dövlət
başçısı İlham Əliyevin sərəncamları
ilə 44 günlük İkinci Qarabağ müharibəsinin
başlandığı tarix - 27 Sentyabr Anım Günü,
Qarabağın tacı Şuşanın işğaldan azad
edildiyi 8 Noyabr Zəfər Günü kimi təsis edildi.
Azərbaycan dövləti hər zaman mübariz oğul və
qızlarının şücaətini yüksək qiymətləndirir,
bütün şəhidlərimizin ruhuna ehtiram göstərir,
xatirəsini uca tutur. 27 sentyabr tarixinin Anım Günü kimi
təsis edilməsi Vətən
müharibəsində qəhrəmancasına
döyüşmüş, Azərbaycan bayrağını
işğaldan azad edilən torpaqlarımızda
dalğalandırmış, ölkəmizin ərazi
bütövlüyü yolunda canlarını fəda etmiş əsgər
və zabitlərimizə, bütün şəhidlərimizə
dərin ehtiram əlamətidir. Şəhid ailələrinə
ölkəmizdə xüsusi diqqət göstərilir,
dövlət tərəfindən bütün lazımi işlər
görülür. Azərbaycan şəhid ailələrinə
göstərilən diqqətə görə dünya
miqyasında nümunə sayıla bilər. Qarabağ
müharibəsində həlak olmuş qəhrəman
övladlarımızın ailələri tam miqyasda evlərlə,
mənzillərlə təmin olunurlar. Dövlət öz əsgərin
yanındadır. Qarabağ qazilərinə dövlət tərəfindən
lazımi dəstək göstərilir, onların məişət
problemləri yüksək səviyyədə həll olunur. Hər
kəs əmin ola bilər ki, Azərbaycan dövləti bundan
sonra da öz əsgərinin
yanında olacaq. Çünki Azərbaycan əsgər və
zabitləri misilsiz qəhrəmanlıq, şücaət
göstərib, Vətən uğrunda şərəflə
vuruşub, öz adlarını Azərbaycan tarixinə qalib hərbçi
kimi yazdırıblar.
Ərazi bütövlüyümüzün və
suverenliyimizin tam bərpası
Təbii ki, tarixi Zəfərimizdən sonra əsas
məqsəd ərazi bütövlüyümüzün və
suverenliyimizin tam bərpa edilməsi idi. Bu mənada 2023-cü
il müstəqillik tariximizə daha möhtəşəm
uğurları yazdı. Azərbaycan-Ermənistan sərhədində,
Laçın rayonu ərazisindəki Həkəri çayının
üzərində 23 aprel 2023-cü il tarixində
Laçın sərhəd-buraxılış məntəqəsi
quruldu. Laçın sərhəd-buraxılış məntəqəsinin
qurulması böyük Şuşa Zəfərindən sonra əldə
edilmiş ən böyük və əhəmiyyətli hərbi-siyasi
qələbə kimi Azərbaycan tarixinə qızıl hərflərlə
yazıldı. Azərbaycanın ərazi
bütövlüyü tam təmin
olundu.
Azərbaycan tarixi Zəfərimizdən ötən
üç il ərzində yenə
də böyük səbir və təmkinlilik göstərdi.
İkinci Qarabağ müharibəsindən antiterror əməliyyatına
qədər olan dövrdə
baş verən hadisələrin xronologiyası bir daha göstərdi
ki, Azərbaycanın mövqeyi ədalətli mövqedir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin qeyd
etdiyi kimi, düzdür, Ermənistan və onun arxasında
duran qüvvələr bunu görmək istəmirlər. Ancaq
hər şey sənədləşdirilib, bu gün heç nəyi
gizlətmək mümkün deyil. Üç il ərzində
nəinki Ermənistan öz silahlı qüvvələrini
Qarabağ bölgəsindən çıxarmayıb, hətta
əlavə silah-sursat, minalar göndərib. Azərbaycana
qarşı mina terroru davam edib.
Ermənistan bütün dünyanı aldatmağa
çalışırdı ki, Ermənistan ordusunun silahlı
birləşmələri Qarabağda mövcud deyil. Bu, sən
demə, hansısa özünümüdafiə qüvvələridir.
Bu cəfəng versiyalara inananlar Ermənistan rəhbərliyi
ilə birlikdə bütün məsuliyyəti
daşıyırdılar. Ona görə antiterror əməliyyatı
qaçılmaz idi.
Üçtərəfli Bəyanatın
müddəalarının təmin olunması, Qarabağ
iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların
qarşısının alınması, Ermənistan hərbi
birləşmələrinin tərk-silah edilərək ərazilərimizdən
çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi,
işğaldan azad edilmiş ərazilərə qayıdan dinc
əhali, habelə bərpa-quruculuq işlərinə cəlb
olunmuş mülki işçilər və hərbi
qulluqçularımızın təhlükəsizliyinin təmin
olunması və Azərbaycan Respublikasının Konstitusiya
quruluşunun bərpa edilməsi məqsədilə Azərbaycan
Ordusu 19 sentyabr 2023-cü ildə lokal xarakterli antiterror tədbirlərinə
başladı. Qarabağın erməni sakinlərinin nümayəndələrinin
Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini
nəzərə alaraq 2023-cü il sentyabrın 20-də
müvafiq şərtlər altında lokal xarakterli antiterror tədbirlərinin
dayandırılması barədə razılıq əldə
olundu. Antiterror tədbirlərinin nəticəsində Azərbaycan
öz suverenliyini bərpa etdi.
Tarixi Zəfərimizdən sonrakı
dövrün əsas hədəflərindən biri azad
edilmiş ərazilərimizin bərpası, yenidən
qurulması, eyni zamanda regionda dayanıqlı sülhün, təhlükəsizliyin
təmin edilməsi, Ermənistanla münasibətlərdə
yeni səhifənin açılması üçün
sülh müqaviləsinin imzalanmasıdır. Son dörd ildə
Qarabağın və Şərqi Zəngəzurun dirçəldilməsi
istiqamətində görülən işlərin təqdimatı
5 şəhərə və dörd kəndə
keçmiş məcburi köçkünlərin
qayıdışıdır. Bu gün Laçın,
Füzuli, Xocalı, Şuşa, Cəbrayıl şəhərləri,
Ağalı, Talış, Sus və Zabux kəndləri sakinlərinə
qovuşaraq həyatının yeni dövrünü
yaşayır. Dövlət başçısı İlham
Əliyevin əminliklə qeyd etdiyi kimi, bu proses
davamlıdır. Böyük qayıdış
proqramının icrasının birinci mərhələsinin
başa çatacağı 2026-cı ilədək 140 min
sakinin doğma yurd-yuvasına qayıdışı nəzərdə
tutulur. Tarixi Zəfərimizdən dərhal sonra dövlət
başçısı İlham Əliyevin və birinci
xanım Mehriban Əliyevanın Füzuli və Cəbrayıl
rayonlarına, o cümlədən şəhərlərinə
səfərləri ilə başlanan bərpa-quruculuq işlərinin
miqyası ölçüyəgəlməzdir.
İşğaldan azad edilmiş ərazilərin müasir tələblər
səviyyəsində yenidən qurulması, bərpası
xüsusi diqqətdədir. Soydaşlarımızın bu
torpaqlarda yaşayışı üçün bütün
zəruri imkanlar yaradılır. Müzəffər Ali Baş
Komandan İlham Əliyevin qeyd etdiyi kimi, bu gün biz Azərbaycan
xalqının əyilməz ruhunu Qarabağa və Şərqi
Zəngəzura qayıdan soydaşlarımızın
timsalında görürük. Heç vaxt o torpaqlarda
yaşamamış, amma o torpaqlara qayıtmaq eşqi ilə
yaşamış qarabağlılar bu gün Qarabağa
qayıdırlar.
Güclü iradə, xalq-iqtidar birliyi,
xalqımızın əyilməz ruhu olan
yerdə...
Həm İkinci Qarabağ müharibəsi, həm
antiterror əməliyyatı və ondan sonrakı dövr
göstərdi ki, güclü iradə, xalq-iqtidar birliyi,
xalqımızın əyilməz ruhu olan yerdə heç bir
qüvvə, heç bir təşkilat bunun
qarşısında duruş gətirə bilməz. Nə qədər
güclü olsaq, o qədər də bizim səsimiz eşidiləcək.
Bu gün tarixi Zəfərimizin
reallıqları fonunda Azərbaycanın bütün sahələrdə uğurla inkişaf edərək
daha möhtəşəm uğurlara imza
atdığını görürük. Müasir müstəqil,
qalib Azərbaycanın hər bir uğurunda öz payı olan,
dünənin, bu günün, gələcəyin partiyası
kimi mövqeyini möhkəmləndirərək
ölkəmizdə gedən bütün proseslərin mərkəzində
dayanan Yeni Azərbaycan Partiyası şanlı Qələbəmizin
reallıqlarına söykənərək VII
Qurultayını keçirdi. Həmin qurultayda dövlət
başçısı İlham Əliyev müasir
dövrün çağırışlarına uyğun
olaraq yeni proqramın hazırlanması ilə bağlı
tapşırığını verdi. Artıq YAP-ın yeni
proqramının təsdiqlənməsindən üç ilə
yaxın vaxt keçir. Ötən üç il həm
ölkəmizin, həm də Yeni Azərbaycan
Partiyasının həyatında mühüm hadisələrlə
yadda qaldı. "Biz birlikdə güclüyük!" devizi
əsasında təsdiqlənən yeni proqramdan irəli gələn
vəzifələrin uğurlu icrası birliyimizi, həmrəyliyimizi
daha da möhkəmləndirdi. Bu həmrəyliyi cari ilin
fevralında keçirilən prezident və sentyabrda
reallaşan parlament seçkilərində növbəti dəfə
nümayiş etdirdik. Xalqımız Heydər Əliyev siyasətinə
dəstəyini, Yeni Azərbaycan Partiyasına inamını
seçkilərdə yüksək fəallıq
nümayiş etdirməklə təsdiqlədi. Yeni Azərbaycan
Partiyasının prezidentliyə namizədi cənab İlham
Əliyevin inamlı qələbəsi yeni dövrün hədəflərinin
qısa zamanda reallığa çevriləcəyinə əminlik
artırdı. Yeni dövr yeni hədəfləri ilə diqqətdədir.
Dövlət başçısı İlham Əliyev 7 fevral
prezident seçkilərində qələbəsindən sonra
keçirilən andiçmə
mərasimində, eyni zamanda VII çağırış
Milli Məclisin ilk iclasındakı çıxışı
zamanı bu hədəfləri açıqladı. Hazırda
bütün azad edilmiş ərazilərimizdə üçrəngli
bayrağımızın dalğalanması sabaha daha
böyük inamla addımlamağa əsas verir.
Tarixi Zəfərimizin qürurverici məqamlarından
biri kimi Prezident İlham
Əliyevin Sərəncamı ilə işğaldan azad
edilmiş ərazilər üzrə şəhər günlərinin
təsis edilməsini qeyd etməliyik. 44 günün hər
anı belə tarixi məqamlarla zəngindir. Bu sıralamaya
suverenliyimizin tam bərpasından sonra Xankəndi, Xocalı, Xocavənd,
Ağdərə şəhər günləri də daxil
oldu.
Şübhəsiz, tarixi Zəfərimizə qədərki,
həmçinin ondan ötən dördillik dövrün
reallıqlarını bir yazıda əhatə etmək
qeyri-mümkündür. Uğurlarımızın miqyası
geniş və davamlıdır. Prezident İlham Əliyevin
qeyd etdiyi kimi, müstəqil
siyasətimiz, prinsipial mövqeyimiz, beynəlxalq hüquqa
bağlılığımız, sədaqətimiz, eyni zamanda
ölkə ərazisində suverenliyin bərpa edilməsi bizə
olan hörməti daha da artırır.
Bunun bariz nümunəsi hazırda
dünyanın diqqətini Azərbaycana yönəldən
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə
Konvensiyasının Tərəflər Konfransının 29-cu
sessiyası - COP29-dur. 200-ə
yaxın ölkənin dəstəyi ilə qəbul edilən
bu qərar Azərbaycana beynəlxalq baxışın yüksək
səviyyədə olduğunun göstəricisidir. Zirvələri
fəth edən, Zəfərdən-zəfərə inamla
addımlayan, ədalətin və beynəlxalq hüququn
yanında olan, müstəqil siyasəti ilə hər bir hədəfə
zamanında və yüksək səviyyədə nail olan
müasir, müstəqil, qalib, bütövləşən Azərbaycanın
vətəndaşı olduğumuz üçün
qürurluyuq. Ümummilli Lider Heydər Əliyev Azərbaycanın
ağır günlər
yaşadığı 1993-cü ildə xalqın təkidli tələbi
ilə hakimiyyətə qayıdışından sonra
böyük əminliklə söyləmişdir ki, bu çətin
günlər keçib gedəcək, harada yaşamasından
asılı olmayaraq, hər bir azərbaycanlı belə
qüdrətli, zəngin ölkənin vətəndaşı olması ilə
fəxr edəcək.
Artıq bu çağırış
günümüzün hər bir reallığında öz təsdiqini
tapıb. Yaşadığımız qürurlu, bu
günümüz və gələcəyimiz üçün
tarixi hadisələr Heydər
Əliyev siyasətinin təntənəsidir. Zəfərli
günlərin mübarək, Azərbaycan!
Vüqar RƏHİMZADƏ,
Milli Məclisin deputatı
İki
sahil.- 2024.- 8 noyabr, ¹207.- S.5.