Qarabağ və
Şərqi Zəngəzur:
Böyük layihələr,
tikinti-quruculuq meydanı
2025-ci ildə işğaldan azad edilmiş
torpaqlarda geniş bərpa-quruculuq işləri
üçün 4 milyard manat məbləğində vəsaitin
ayrılması nəzərdə tutulur
Hazırda ölkəmiz Böyük Qayıdışı qısa müddətdə və uğurla təmin etmək üçün azad olunmuş ərazilərdə bərpa işlərinin aparılmasını və zəruri infrastrukturun yaradılmasını öz gündəliyinin əsas məsələlərindən biri kimi müəyyənləşdirib. Prezident İlham Əliyevin Sərəncamı ilə "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nın icrasını təmin etmək üçün "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın təsdiq edilməsi də sözügedən hədəflərə nail olmaq üçün bu istiqamətdə atılan əhəmiyyətli addımdır.
Ərazilərin bərpası proqramı çərçivəsində zəruri infrastrukturun yaradılmasının prioritetliyi təmin edilir ki, bu da təbiidir. Həyata keçirilən bərpa-quruculuq işlərinin mühüm bir istiqamətini işğaldan azad edilmiş ərazilərdə müasir elektrik enerjisi şəbəkəsinin qurulması təşkil edir. Bu günədək 330 kV-luq bir, 110 kV-luq on bir yarımstansiya və otuz Su Elektrik Stansiyası istismara buraxılıb, uzunluğu 1000 km-dək 20-dən çox elektrik veriliş xətti istifadəyə verilib. Eyni zamanda 110 kV-luq Xankəndi yarımstansiyasının, iki Su Elektrik Stansiyasının tikintisi davam edir. Vurğulamaq yerinə düşər ki, bəhs olunan ərazilər yaşıl enerji zonası elan edilib. Bərpa olunan enerji mənbələri ilə zəngin olan bu ərazilərdə müasir enerji infrastrukturun yaradılması istiqamətində mühüm işlər görüləcək. Bu ərazilərdə qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində məqsədyönlü tədbirləri uğurla davam etdirir. Ümumi uzunluğu 314.45 km olan “Azadqaraqoyunlu-Ağdam”, “Böyükbəhmənli-Şuşa” və “Horadiz-Laçın” magistral qaz xətlərinin tikintisi yekunlaşıb. Su təchizatı məsələsi də diqqətdən kənarda qalmayıb. Suqovuşan, Xaçınçay su anbarları və Köndələnçay su anbarları kompleksi təmir-bərpadan sonra istifadəyə verilib, Zabuxçay su anbarının tikintisi isə yekunlaşmaq üzrədir.
Dövlət başçısının tapşırıq və göstərişlərinə əsasən, abadlıq-quruculuq işləri sırasında yollarının yenidən qurulması, müasir səviyyəyə çatdırılması istiqamətində çox mühüm layihələr icra olunur. Belə ki, işğaldan azad olunmuş ərazilərdə 7 yolun tikintisi başa çatdırılaraq istismara verilib. 27 yol layihəsi üzrə işlər, eyni zamanda uzunluğu 47,1 km olan Bərdə-Ağdam və uzunluğu 110,4 km olan Horadiz-Ağbənd dəmir yolu xətlərinin tikintisi davam etdirilir. Vətən müharibəsindən sonra qısa müddət ərzində Füzuli və Zəngilan şəhərlərində beynəlxalq hava limanları istismara verilib, Laçın rayonunda hava limanının tikintisi sürətlə davam etdirilir. Qeyd edək ki, 2021-2023-cü illər ərzində Qarabağ və Şərqi Zəngəzurda gerçəkləşdirilən quruculuq, bərpa işləri ilə əlaqədar dövlət büdcəsindən bütövlükdə 12,1 milyard manat vəsait ayrılıb. Cari ilin dövlət büdcəsindən ayrılan vəsaitin həcmi isə 4 milyard 855,8 milyon manatdır. 2025-ci ildə işğaldan azad edilmiş torpaqlarda geniş bərpa-quruculuq işlərinə 4 milyard manat məbləğində vəsaitin ayrılması nəzərdə tutulur. Bu barədə 2025-ci ilin dövlət büdcəsi zərfində qeyd olunub. Sənəddə qeyd edilib ki, 2020-ci ildən başlayaraq 2024-cü il də daxil olmaqla dövlət büdcəsindən bərpa-quruculuq məqsədləri üçün 17,5 mlrd. manata yaxın vəsait ayrılıb. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"na əsasən, ilkin mərhələdə 100 yaşayış məntəqəsinin (8 şəhər, 8 qəsəbə və 84 kənd) bərpa edilməsi nəzərdə tutulub. Bu günədək ümumilikdə işğaldan azad edilmiş 8 şəhərin Baş Planı hazırlanıb. 2022-ci ilin 19 iyul tarixindən bu günədək 4 şəhərə (Şuşa, Laçın, Füzuli və Xocalı şəhərləri) və 4 kəndə (Zəngilan rayonunun Ağalı, Tərtər rayonunun Talış və Laçın rayonunun Zabux və Sus kəndləri) ümumilikdə 2036 ailə olmaqla 7901 nəfər keçmiş məcburi köçkünün qayıdışı baş tutub.
İşğaldan azad edilmiş ərazilərin bərpa-quruculuq işlərində dost xarici dövlətlər də yaxından iştirak edirlər. Füzuli şəhərində Özbəkistan Respublikası tərəfindən inşa edilən orta məktəb 2023-cü ilin 23 avqust tarixində, Qazaxıstan Respublikası tərəfindən Füzuli şəhərində inşa olunan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi isə 2024-cü ilin 12 mart tarixində istifadəyə verilib. Həmçinin Macarıstan şirkəti tərəfindən Cəbrayıl rayonunun Soltanlı kəndinin, Slovakiya şirkəti tərəfindən isə Ağdam rayonunun Qərvənd kəndinin layihələndirilmə işləri sürətlə aparılmaqdadır. Azərbaycanın işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında genişmiqyaslı bərpa və yenidənqurma ilə yanaşı, sürətli iqtisadi reinteqrasiya tədbirləri görülür. Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarının yaradılması bu məqsədlə həyata keçirilən ən önəmli işlərdəndir. Bu sənaye parklarının rezidentləri qeydiyyata alındığı vaxtdan başlayaraq, 10 il müddətinə mənfəət, əmlak, torpaq və sadələşdirilmiş vergidən azaddırlar. Eyni zamanda müvafiq iqtisadi fəaliyyət sahələri üzrə texnika, texnoloji avadanlıq və qurğuların, xammal və materialların idxalı ƏDV və gömrük rüsumundan azad edilib. Məcburi dövlət sosial sığorta haqqı subsidiyalaşdırılır, bölgədə vergi uçotuna alınan və istehsal fəaliyyəti ilə məşğul olan riskli vergi ödəyicisi olmayan sahibkarlara kommunal xidmətlərdən (elektrik enerjisi, təbii qaz, su təchizatı və tullantı sularının axıdılması xidməti) istifadəyə görə ödədikləri vəsaitin 20 faizi məbləğində maliyyə yardımı ödənilir. Qarabağ və Şərqi Zəngəzurda sahibkarların maliyyə əlçatanlığının artırılması üçün güzəştli kreditlər verilir.
Məlumdur ki, Qarabağın turizm potensialı olduqca zəngindir, burada turizmin çox növləri - ekoturizm, dağ turizmi, qış turizmi, ov turizmi, sağlamlıq turizminin inkişafı üçün bütün imkanlar var. Turizmin inkişafı istiqamətində həyata keçirilən infrastruktur layihələri çərçivəsində 8 (Şuşa - “Qarabağ”, “Xarı bülbül”, "Yasəmən" hotelləri, Şuşa Otel-Konqres Mərkəzi, Xankəndi - “Palace”, “Qarabağ” hotelləri, Zəngilan Konqres Mərkəzi, Ağdam Konqres Mərkəzi) hotel və konqres mərkəzi bərpa və yenidən inşa olunaraq istifadəyə verilib. Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Şuşa, Laçın və Kəlbəcər rayonlarında İşğal və Zəfər Muzeyləri komplekslərinin layihələndirilmə işləri davam etdirilir. Xüsusilə vurğulayaq ki, Prezident İlham Əliyevin rəhbərliyi Qarabağda həyata keçirilən bərpa və yenidən qurulma işləri Azərbaycanın öz gücü, milli resursları və milli imkanları hesabına həyata keçirilir.
Sevinc Azadi
İki sahil.- 2024.- 24 noyabr, ¹216.- S.5.