Qarabağ Zəfərinin zirvəsində
Şuşa əməliyyatı dayanır
Dövlət başçısı, Müzəffər
Ali Baş Komandan İlham Əliyevin 2020-ci il noyabrın 8-də Şuşanın
işğaldan azad edilməsi müjdəsini
Şəhidlər xiyabanından
xalqa çatdırarkən
səsləndirdiyi “Əziz
Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz
Şuşa, biz səni dirçəldəcəyik!”
fikirləri bu gün də sevinc və iftixar hissi ilə
xatırlanır
2020-ci il noyabrın
8-də müzəffər ordumuz
Şuşa şəhərini
işğaldan azad edərək şanlı tarix yazdı. Qəhrəman əsgər
və zabitlərimiz düşməni Qarabağın
döyünən qəlbi
olan Şuşadan qovub çıxardı. Xalqımızın qüdrətinin
və milli qürurumuzun təntənəsinə
çevrilən bu möhtəşəm qələbə
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə
əbədiləşdirildi. Şuşa şəhərinin
işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə
alınaraq noyabrın
8-i Zəfər Günü
elan edildi.
2021-ci il yanvarın 14-də isə dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşa şəhərində üçrəngli bayrağımızı ucaltdı. Müzəffər Ali Baş Komandan İlham Əliyev Vətən müharibəsinin ilk günlərindən deyirdi ki, Şuşasız bizim işimiz yarımçıq qalar. Müharibənin davam etdiyi 44 gün ərzində rəşadətli ordumuz Şuşaya doğru dayanmadan, inamla irəlilədi. Vaxtilə xəyal kimi görünən bu arzu noyabrın 8-də reallığa çevrildi. Tanklarla, digər zirehli texnika ilə silahlanan, əlverişli mövqedə yerləşən düşmənin qarşısına yüngül silahlarla çıxmaq yüksək peşəkarlıq, fədakarlıq tələb edirdi. Qəhrəman döyüşçülərimiz sıldırım dağlar-qayalar aşaraq, uzun məsafə qət edərək çox çətin döyüş tapşırığını şərəflə icra etdi. Qarabağ Zəfərinin zirvəsində Şuşa əməliyyatı dayanır. Bu möhtəşəm Zəfərin memarı Prezident İlham Əliyev Ata vəsiyyətini yerinə yetirərək Ulu Öndərin başladığı işi sona çatdırdı. Bununla da öz adını Azərbaycan tarixinə qüdrətli sərkərdə, Müzəffər Ali Baş Komandan kimi əbədi yazdırdı.
Sözsüz ki, Qarabağ Zəfərinə aparan yolun başlanğıcı Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuşdu. Sonrakı dövrdə həyata keçirilən kompleks tədbirlər, əzmkar və çoxşaxəli fəaliyyət bizi bu hədəfə addım-addım yaxınlaşdırdı. Prezident İlham Əliyev Ulu Öndərin qoyduğu möhkəm təməl üzərində dünyada söz sahibi olan, böyük iqtisadi və hərbi gücə malik qüdrətli Azərbaycan dövləti qurdu. Azərbaycan Ordusu ən müasir silah-sursat və hərbi texnika ilə təmin olundu, şəxsi heyətin döyüş qabiliyyətinin artırılması, mənəvi-psixoloji ruhunun yüksəldilməsi üçün bütün zəruri tədbirlər görüldü. Ali Baş Komandanın rəhbərliyi və davamlı səyləri ilə güclü hərbi potensial yaradıldı. İldən-ilə güclənən hərbi-iqtisadi potensial və siyasi iradə nəticəsində BMT Təhlükəsizlik Şurasının 27 il kağız üzərində qalmış 4 qətnaməsini Azərbaycan özü icra etdi. Bəziləri düşünürdü ki, Azərbaycan 2020-ci il noyabrın 10-da üçtərəfli Bəyanatla təsbit edilmiş status-kvonu dəyişməyə cürət etməyəcək və Şuşanın azad edilməsi ilə kifayətlənəcək. Hadisələrin sonrakı gedişi bu cür düşünənlərin yanıldığını göstərdi. 2023-cü ilin sentyabrın 19-20-də Zəfər yürüşünün davamı olan antiterror əməliyyatı uğurla nəticələndi. Cəmi 23 saat 48 dəqiqə davam edən antiterror əməliyyatı Ali Baş Komandanın qətiyyətini, dəmir yumruğun yerində olduğunu, ordumuzun gücünü bir daha nümayiş etdirdi. Düşmən üç il əvvəl olduğu kimi, yenə ağ bayraq qaldıraraq təslim olmağa məcbur edildi. Bununla da Qarabağda terrorçuların və separatçı rejimin mövcudluğuna birdəfəlik son qoyuldu. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Vətən müharibəsində qazanılmış möhtəşəm Qələbənin üçüncü ildönümü ərəfəsində Xankəndi, Xocalı, Xocavənd, Əsgəran və Ağdərədə Dövlət Bayrağımızı ucaltmaqla xalqımıza tükənməz sevinc və qürur yaşatdı, dövlət suverenliyimiz tam bərpa olundu.
Biz 30 ilə yaxın ayrılıqdan sonra doğma Şuşaya qayıtdıq. Bu qayıdışımızla Şuşaya yeni ruh, yeni nəfəs gəldi. Azadlığına qovuşmuş qədim şəhər artıq böyük quruculuq, təmir-bərpa işlərinin, möhtəşəm tədbirlərin şahidinə çevrilib. Düşmən tapdağından azad edilmiş Şuşanın yeni inkişaf dövrü başlayıb. Ötən müddətdə Şuşa şəhərində bir sıra mühüm infrastruktur layihələri icra olunub. Bunlardan biri Prezident İlham Əliyevin Zəfər yolu adlandırdığı Şuşaya çəkilən 101 kilometr uzunluğunda olan yoldur. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşada bu gün şəhərin əsl tarixi simasının bərpası yönündə nəhəng layihələr gerçəkləşdirilir. Memarlıq və şəhərsalma sənətinin parlaq incisi olan Şuşa, həmçinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı”, 2024-cü il üçün isə “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilib. Artıq bir çox abidələr bərpa olunub, Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün Şuşadakı güllələnmiş büstləri Şuşada yenidən əvvəlki yerlərinə qoyulub. “Xarıbülbül” və “Qarabağ” otelləri yenidənqurmadan sonra istifadəyə verilib, modul tipli xəstəxana fəaliyyətə başlayıb. Zəfər yolunun üzərindəki Şuşa Otel-Konqres Mərkəzi Kompleksi fəaliyyətə başlayıb, Şuşada yaşayış kompleksləri, turizm obyektləri tikilir. Artıq bərpa-quruculuq işləri soydaşlarımızın doğma yurd-yuvalarına qayıdışı ilə müşayiət olunur. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Şuşa şəhərinə və Laçın rayonunun Sus kəndinə ilk köç karvanı mayın 9-da yola salınıb. İlk mərhələdə Şuşa şəhərinə 20 ailə - 88 nəfər, Laçın rayonunun Sus kəndinə isə 20 ailə, 75 nəfər köçürülüb. İndiyədək Şuşa şəhərinə 203 ailənin, yəni 760 nəfərin daimi məskunlaşması təmin edilib. Böyük Qayıdış Proqramına əsasən, Şuşaya 2026-cı ilin sonuna qədər iki min ailənin köçürülməsi nəzərdə tutulub.
Onu da xatırladaq ki, 2021-ci il iyunun 15-də dili, tarixi, mədəniyyəti və məqsədi bir olan Azərbaycan və Türkiyə arasında "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi" də məhz bu şəhərdə imzalandı. Bununla da iki qardaş dövlət arasında münasibətlərin yeni inkişaf mərhələsi başlandı. Azərbaycan Respublikasının milli təhlükəsizliyinin bir çox aspektini əhatə edən Şuşa Bəyannaməsi Hərbi Doktrinada nəzərdə tutulan xarici hərbi və siyasi təhdidlərin neytrallaşdırılmasında və ya onlara qarşı balans yaradılmasında xüsusi əhəmiyyət kəsb edir. Beləliklə, bir dövlətin təhlükəsizliyinin, ərazi bütövlüyünün təhdid edilməsi digəri üçün də təhdid kimi qəbul edilir və lazımi tədbirlərin həyata keçirilməsi öhdəliyini yaradır.
Bu gün ölkəmizdə səfərdə olan dövlət başçılarının işğaldan azad olunmuş ərazilərə səfərləri mütəmadi xarakter alıb. Təməli qardaş Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qoyulan bu ənənə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstan Prezidenti Sadır Japarov və Belarus Prezidenti Aleksandr Lukaşenko tərəfindən də davam etdirilib. Qeyd edək ki, cari ilin iyul ayının 6-da Şuşada keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) qeyri-rəsmi Zirvə görüşündə imzalanan Qarabağ bəyannaməsi də öz növbəsində türk ölkələri arasındakı əlaqələrə mühüm töhfələr verəcək. TDT-yə üzv ölkələrin liderləri türk dünyasını regionda və dünyada sülh, təhlükəsizlik, sabitlik, inkişaf və tərəqqi ideyalarına sadiq olan türk xalqlarının ortaq etnik köklər, tarix, dil, mədəniyyət, ənənələr və dəyərlərinə söykənən ailə olduğunu hesab edərək, həmçinin bəşəriyyət tarixində türk xalqlarının siyasi, iqtisadi və bəşəri nailiyyətlərinə əsaslanaraq, Qarabağ Bəyannaməsini imzalayıblar. Türkdilli ölkələrin bu birlik, bərabərlik və qardaşılq sənədi olduqca vacib bir bəyannamədir. Beləliklə, türk dövlətləri qardaşlığını bütün dünyaya bildirən bu sənədə qol çəkməklə tarixi münasibətlərin yeni mərhələsinə qədəm qoymasını və bu istiqamətdə görüləcək işlərin yol xəritəsini bütün dünyaya nümayiş etdirmiş oldu.
Sevinc Azadi
İki sahil.- 2024.- 27 noyabr, ¹218.- S.5.