Avropanın Azərbaycan qazına tələbatı
artır
Hazırda 10 ölkə Azərbaycandan
qaz alır və onlardan 7-si Avropa İttifaqının
üzvüdür, elə
bu səbəbdən də Avropa Komissiyası Azərbaycanı
ümum-Avropa qaz təchizatçısı və
etibarlı tərəfdaş
adlandırır
Avropa İttifaqında 2021-ci ildən
başlayan təbii qaz təminatı böhranı regionun enerji siyasətinə, iqtisadiyyatına və ictimai əhval-ruhiyyəsinə
əhəmiyyətli təsir
göstərməkdə davam
edir. Qaz ehtiyatlarının bərpası
və tələbatın
azalması ilə bağlı verilən bəyanatlara baxmayaraq, qaz qiymətləri hələ də yüksəkdir, qarşıdan
gələn qışın
riskləri isə bu “dayanıqlığın”
nə qədər kövrək olduğunu göstərir.
Məlumdur ki,
Ukrayna ilə Rusiya arasında təbii qazın Avropaya tranzit nəqlinə dair imzalanmış müqavilənin
müddəti gələn
ay başa çatır. Ukrayna qəti şəkildə bildirib ki, müqavilənin
müddətini uzatmaq
niyyətində deyil.
Rusiya ilə Ukrayna arasında davam edən müharibə Avropanın
enerji təhlükəsizliyinə
təhdid yaradıb. Ukraynada hərbi əməliyyatlar başlayandan
bəri Avropanın enerji bazarında təbii qazın qiyməti artıb. Belə ki, ötən
ilin dekabrında Avropa birjalarında təbii qazın qiyməti 30 faiz artaraq 1000 kubmetr üçün 560 dollardan
700 dollara yüksəlib.
Hərbi əməliyyatların
davam etməsinə baxmayaraq, Rusiya Ukrayna ərazisindən hələ də Avropaya qaz ixrac
edir. “Qazprom”un
açıqlamasına görə,
əvvəlki illərdən
fərqli olaraq, Avropaya qaz ixracının
həcmi 10 dəfə
azalıb. Beynəlxalq
Enerji Agentliyinin hesabatında isə göstərilir ki, ötən il Rusiyanın qaz ixracı 60 faiz azalıb və Avropaya bu həcm
cəmi 15 milyard kubmetrə düşüb.
Ukraynanın öz ərazisindən Rusiya qazının tranzitinə
imkan verməməsi və Avropa İttifaqının (Aİ) rus
qazından tamamilə
imtina etmək niyyəti dilemma yaradıb.
“Bloomberg”in enerji
üzrə mütəxəssisi
Havyer Blas qeyd edir: “2025-ci ilin fevralında Aİ məsələni gündəliyə
çıxaracaq və
martın 3-də Rusiyadan
qaz ixracı tamamilə kəsiləcək.
Odur ki, Aİ alternativ mənbələrdən
təbii qaz ixracının artırılması
üçün hərəkətə
keçməlidir”. Aİ təhlükəni
nəzərə alaraq
hərəkətə keçdi
və Azərbaycandan Cənub Qaz Dəhlizi vasitəsilə
təbii qaz ixracı artırıldı.
Prezident İlham Əliyev bununla bağlı bildirib: “Bu gün enerji
təchizatı onu aydın şəkildə
nümayiş etdirir ki, enerji təhlükəsizliyi
milli təhlükəsizliyin
ayrılmaz parçasıdır.
Azərbaycandan İtaliyayadək
uzanan, Cənub Qaz Dəhlizi adlanan 3500 kilometrlik inteqrasiya edilmiş boru kəməri sistemi bu gün
10 ölkənin enerji
təhlükəsizliyini təmin
edir. Hazırda 10 ölkə Azərbaycandan
qaz alır və onlardan 7-si Avropa İttifaqının
üzvüdür. Bu səbəbdən Avropa Komissiyası Azərbaycanı
ümum-Avropa qaz təchizatçısı və
etibarlı tərəfdaş
adlandırır”.
Azərbaycan 2021-ci ilin iyulunda Aİ ilə imzaladığı
müqaviləyə əsasən,
2027-ci ilədək Cənub
Qaz Dəhlizi ilə Avropaya təbii qaz ixracının həcmini
30 milyard kubmetrə çatdıracaq. Energetika
Nazirliyinin açıqlamasına
əsasən, 2028-ci ildə
“Ümid” və “Abşeron” yataqlarından böyük həcmdə təbii qazın hasil edilərək dünya bazarına çıxarılması gözlənilir.
Azərbaycanın təsdiq
edilmiş təbii qaz ehtiyatı 2,6 trilyon kubmetrdir ki, bu da
uzun müddətdə
qaz ixracının artırılmasına imkan
verir. Yeri gəlmişkən, son illər “köhnə qitə”də getdikcə genişlənməkdə
olan interkonnektorlar şəbəkəsi də
öz mənbəyini
məhz Cənub Qaz Dəhlizindən götürür. Yunanıstan,
Bolqarıstan, Bolqarıstan–Serbiya interkonnektoru vasitəsilə Azərbaycan
qazının ixracı
daha geniş bölgələri əhatə
edib. Bundan başqa, 2027-ci ilin sonunadək Azərbaycan yaşıl enerji layihələri çərçivəsində
1862 MVt külək və günəş elektrik enerjisi istehsal etməyi planlaşdırıb ki, bu da 1 milyard
kubmetr “mavi yanacağa” qənaət etməyə imkan verəcək. Bu gün Avropanın 4 ölkəsində - Macarıstan,
Slovakiya, Çexiya, Avstriyada ciddi enerji problemi gözlənilir. Qışın
necə keçiriləcəyi
bir tərəfə, əlavə olaraq təkcə Slovakiya büdcəsində 700-800 milyon
dollar həcmində defisit yarana bilər və digər ölkələr
də ciddi enerji problemi ilə üz-üzədir.
Problemin aradan qaldırılması istiqamətində
Azərbaycanın məxsusi
rolu var. Bu gün Prezident
İlham Əliyevin müəyyənləşdirdiyi balanslaşdırılmış xarici siyasət kursu öz bəhrələrini
verməkdədir. Ölkəmiz
həm Rusiya, həm də Ukrayna ilə qarşılıqlı faydalı
əməkdaşlıq əlaqələrini
qoruyub saxlayır. Bunun nəticəsidir ki, müharibə vəziyyətində olmalarına
baxmayaraq, bu iki dövlət Azərbaycana etimad göstərərək qaz
tranziti məsələsində
rəsmi Bakının
vasitəçilik etməsini
istəyir. Prezident İlham Əliyevin diplomatik məharəti, Azərbaycanın qlobal siyasi proseslərdə vasitəçilik etməsi
onu deməyə əsas verir ki, ölkəmiz beynəlxalq aləmdəki
nüfuzunu daha da möhkəmləndirib və dünya birliyində söz sahibinə çevrilib.
Prezident İlham
Əliyev Beynəlxalq
Çernobbio Forumunda moderatorun qaz tranziti məsələsi ilə bağlı suallarını cavablandırarkən
demişdir: “...Ukrayna ərazisində qazın tranzitinin davam etdirilməsi ilə bağlı Rusiya, Ukrayna və Avropa təsisatları tərəfindən bizə
müraciət edildi. Bir neçə aydır ki, biz ümumi məxrəcə gəlmək
üçün böyük
səylər göstəririk.
Məlumdur ki, bu tranzit dayanarsa,
- bu isə dekabr ayına təsadüf edəcək,
- bir neçə Avropa İttifaqı ölkəsi təbii qazın fiziki əlçatanlığı ilə
bağlı ciddi çətinliklərlə üzləşəcək.
Biz, sadəcə, həmin ölkələri
və Ukraynanı dəstəkləmək istəyirik.
Çünki qazın
tranziti dayandığı
halda Ukraynanın qazpaylayıcı sistemi tamamilə iflic olacaqdır. Bizdə müəyyən nikbinlik var. Çünki biz bu kontekstdə
hər iki ölkə ilə təmasdayıq və görürük ki, ciddi irəliləyiş üçün zəmin var. Ancaq tərəfimdən
təfərrüatların açıqlanması erkən
olar. Burada uğura nail ola bilsək, zənnimcə biz bütün regionu viran edən bu müharibəyə son qoymaq üçün
əlavə addımlar
ata bilərik”.
Bütün bunlar onu deməyə
əsas verir ki, Prezident İlham
Əliyevə müstəqil
bir dövlətin rəhbəri kimi böyük inam var. Digər tərəfdən, qazın
Ukrayna ərazisindən
nəqli bütün tərəflərin maraqlarını
əks etdirir. Bu baxımdan Azərbaycan hazırda
Aİ üçün həlledici
ölkələrdən birinə
çevrilib. Ölkəmiz
bu reallıqdan kifayət qədər böyük fayda götürə bilər.
Sevinc Azadi
İki sahil.- 2024.- 29 noyabr, ¹220.-
S.7.