Laçın şəhəri laçın çağlarına
qayıdır
Rayonun yadelli düşmən tapdağından qurtulmasından
dörd il ötür
Azərbaycanın füsunkar guşələrindən
biri olan Laçın rayonu ölkəmizin cənub-qərbində,
Kiçik Qafqazda yerləşir. Rayonun ərazisi şimaldan Kəlbəcər, cənubdan
Qubadlı, şərqdən
Xocalı, Şuşa
və Xocavənd rayonları, qərbdən
isə Ermənistanla həmsərhəddir. Rayonun
1 şəhər, 1 qəsəbə,
125 kəndi var. Rayon mərkəzi olan Laçın şəhəri Bakıdan
şose yolla 450 km məsafədə yerləşir.
Ümumi sahəsi 1 835 kvadrat kilometr olan Laçın rayonu 72 min hektar yaylaq sahəsinə və 34 min hektar zəngin meşə massivinə malikdir. Relyefi dağlıq olan rayonun dəniz səviyyəsindən hündürlüyü 700 metrlə 3 600 metr arasında dəyişir. Ən yüksək dağ zirvəsi Qızılboğazın hündürlüyü 3 594 metrdir. Bol su ehtiyatlarına malik olan rayonun ərazisindən axan Şəlvə və Minkənd çayları birləşərək Həkəri çayını (uzunluğu 113 km) yaradır ki, o da Araz çayına qovuşur.
1992-ci ilin may ayından ermənilərin işğalı altında olan Laçının azad edilməsi Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin siyasi liderliyi, sərkərdəlik qabiliyyəti və Azərbaycan Ordusunun Vətən müharibəsindəki uğurlu hərbi əməliyyatları nəticəsində mümkün olub. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyanın 2020-ci il noyabrın 10-da imzaladıqları üçtərəfli Bəyanata əsasən, Laçın rayonu dekabrın 1-də Azərbaycana qaytarılıb. Laçının azadlığına gedən yol isə 2020-ci ilin payızında başlayıb. Həmin ilin sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhədəki təxribatının qarşısını alan rəşadətli Azərbaycan Ordusu 5 şəhər, 4 qəsəbə və 286 kəndi işğaldan azad edib. Belə ki, Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəklik, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəklik düşməndən təmizlənib. 44 gün davam edən Vətən müharibəsi Azərbaycan Ordusunun parlaq qələbəsi ilə başa çatıb, işğalçılardan təmizlənən şəhər və kəndlərimizdə, qəsəbələrimizdə üçrəngli şanlı bayrağımız ucaldılıb. İşğalçı Ermənistanın hərbi-siyasi rəhbərliyi Azərbaycan Ordusu qarşısında müqavimət göstərməyin faydasız olduğunu anlayaraq kapitulyasiya sənədinə imza atmağa məcbur olub. Bununla da 27 il işğal altında olan Laçın rayonu dekabrın 1-də qəsbkarlardan azad edilib, həmin gün Azərbaycan Ordusunun bölmələri rayona daxil olub və orada üçrəngli şanlı bayrağımız ucaldılıb. 2021-ci il fevralın 14-də Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Laçın rayonunda olublar. Dövlət başçısı rayonun Güləbird kəndində Azərbaycan bayrağını ucaldıb.
Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı sərəncamı ilə avqustun 26-sı Laçın Şəhəri Günü təsis edilib. Əlamətdar günün bu tarixdə qeyd olunması Azərbaycan Ordusunun Laçın şəhərində 2022-ci ilin avqustun 26-da yerləşməsi ilə əlaqədardır. Həmin gün Prezident İlham Əliyev azərbaycanlıların Laçın şəhərinə qayıtması ilə bağlı müjdəli xəbəri tvitter səhifəsində (indiki "X" sosial şəbəkəsi) elan edib. Dövlət başçısının paylaşdığı mətndə deyilir: "Bu gün, avqustun 26-da biz – Azərbaycanlılar Laçın şəhərinə qayıtmışıq. Azərbaycan Ordusu Laçın şəhərinə yerləşdi. Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bütün Laçınlıları və Azərbaycan xalqını bu münasibətlə təbrik edirəm. Yaşasın Laçın! Yaşasın Azərbaycan!"
Son dörd il ərzində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dəfələrlə Laçın rayonunda səfərdə olublar, orada həyata keçirilən təmir, bərpa və yenidənqurma işləri ilə tanış olublar. Hazırda Laçında bərpa-yenidənqurma işləri sürətlə aparılır, yeni infrastruktur qurulur, rayon dirçəldilir. Rayon ərazisində yolların tikintisi, bütün infrastrukturun bərpası istiqaməti üzrə müvafiq işlər davam etdirilir. Artıq infrastruktur layihələrinin böyük bir qismi tamamlanıb. İnşa edilən yeni evlərin gözəl dizaynı və mənzərəsi baxanları heyran edir, sözün əsl mənasında, Laçın ən müasir bir şəhərə çevrilir. Bu günə qədər Laçın rayonuna 3 min 128 sakin köçürülüb. Onlardan 2 min 90 nəfər Laçın şəhərində yaşayır, qalan 1038-i isə rayonun Zabux və Sus kəndlərində məskunlaşıblar. Sus kəndinin davamı olaraq Bəylik kəndində işlər davam edir. Gələn ilə 91 ailənin buraya köçürülməsi nəzərdə tutulur. Digər layihə isə Güləbird kəndinin tikintisidir. Burada da layihə işləri davam etdirilir. 2025-2026-cı illərdə bu kəndə sakinlərin köçü nəzərdə tutulur.
Laçın rayonunun Qorçu kəndində, dəniz səviyyəsindən 1800 metr hündürlükdə inşa edilən, bütün növ, o cümlədən ağır yük təyyarələrini qəbul edə biləcək Laçın aeroportu mühüm strateji əhəmiyyətə malikdir. Təməli 2021-ci ildə qoyulan, enmə, qalxma zolağının uzunluğu 3 kilometr olan hava limanında ICAO və IATA standartlarına uyğun uçuşlar həyata keçiriləcək, burada 6 təyyarə dayanacağı olacaq. Beynəlxalq standartlara uyğun olaraq layihələndirilən terminal binasının sahəsi 5 min kvadratmetrdir. Bu hava limanı Kəlbəcər rayonu ərazisinə də gediş-gəlişi asanlaşdıracaq. 2021-ci il avqust ayının 16-da Laçın Beynəlxalq Hava Limanının təməlini qoyan Prezident İlham Əliyev demişdir: "Mən hesab edirəm ki, dünya tarixində belə relyefdə bəlkə də ilk dəfə hava limanı tikilir. Çünki bütün hava limanları adətən düzən ərazidə inşa edilmişdir. Burada belə yer olmadığı üçün yeganə yer bura - Laçın rayonunun Qorçu kəndi seçilib. Bu yerin üstünlüyü, eyni zamanda ondadır ki, Laçın şəhərinə məsafə 30 kilometrdən bir qədər çox, Kəlbəcər şəhərinə məsafə isə 60 kilometrdən bir qədər çoxdur. Eyni zamanda Şuşa şəhərinə məsafə də 70 kilometrə yaxındır. Yəni gələcəkdə Şuşaya təyyarə ilə getmək üçün həm Füzuli, həm də Laçın hava limanlarından istifadə etmək mümkün olacaq". Ölkə başçısı həmçinin Laçında hava limanının açılmasının iqtisadi baxımdan böyük əhəmiyyət kəsb etdiyini və beynəlxalq statuslu bu hava limanının bölgəyə xarici turistlərin gəlməsinə geniş imkanlar yaradacağını vurğulayıb. Laçın rayonunun füsunkar mənzərələri arasında yerləşən Laçın Beynəlxalq Hava Limanının strateji mövqedə yerləşməsi turizm sahəsi ilə yanaşı, kənd təsərrüfatı və sənayenin inkişafı üçün geniş imkanlar yaradacaq, həm də yüklərin daşınmasını asanlaşdıracaq. Hava limanının müasir sərnişin və yükdaşıma imkanlarına malik olması respublika daxilində, eyni zamanda qonşu ölkələrlə əlaqələri gücləndirəcək, ticarət və mədəni mübadilələri təşviq edəcək. Hava limanı regionun qlobal aviasiya şəbəkəsinə qoşulmasında, sərnişin və yüklərin səmərəli daşınmasında mühüm rol oynayacaq ki, bu da öz növbəsində iqtisadi inkişafı yüksəldəcək. Ölkəmizin 9-cu Beynəlxalq Hava Limanı olan Laçın Beynəlxalq Hava Limanının gələn il istifadəyə verilməsi nəzərdə tutulub.
Bu il sentyabr ayının 17-də Rusiyanın Ufa şəhərində Dövlətlərarası Humanitar Əməkdaşlıq üzrə Fondun 17-ci forumunda Laçın şəhəri MDB-nin 2025-ci il paytaxtı elan edilib. Bu, Vətən müharibəsindəki tarixi zəfərimizdən, ölkəmizin ərazi bütövlüyünün, suverenliyinin bərpasından sonra azad yurdlarımızın bərpası və inkişafı istiqamətindəki səylərimizin beynəlxalq səviyyədə dəstəklənməsinin daha bir göstəricisidir. Laçın şəhərinin 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı elan edilməsi Azərbaycanın regiondakı mədəni əhəmiyyətini artırmaqla yanaşı, beynəlxalq nüfuzundan da xəbər verir.
Sevinc Azadi
İki
sahil.- 2024.- 30 noyabr, №221.- S.2.