"Adım Ələsgərdi,
Göyçə mahalım..."
Ustad sənətkar erməni
zülmünü yaşayıb
"Üçüncü etnik təmizləmə dalğasına məruz qalmış Qərbi azərbaycanlılar öz dədə-baba torpaqlarına qayıdacaqlar."
Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi Aşıq Ələsgərin abidəsinin açılış mərasimindəki çıxışında söyləyib. Dövlət başçısı XX əsrdə xalqımızın məruz qaldığı deportasiyalar haqqında danışarkən bildirib: “1918-ci ildə birinci, 1940-50-ci illərdə ikinci və 1980-ci illərin sonları-1990-cı illərin əvvəllərində üçüncü deportasiya baş vermişdir. İki deportasiyadan müəyyən müddətdən sonra Azərbaycan xalqı öz dədə-baba torpaqlarına qayıtmış, yəni, hamısı olmasa da, böyük bir qisim qayıtmışdır. Bu, bizdə haqlı olaraq əminlik yaradır ki, üçüncü etnik təmizləmə dalğasına məruz qalmış Qərbi azərbaycanlılar öz dədə-baba torpaqlarına qayıdacaqlar”.
Dövlətimizin başçısı belə əlamətdar gündə deportasiyalardan ona görə danışıb ki, ustad sənətkarımız Aşıq Ələsgər özü də didərgin həyatı yaşayıb, bir müddət öz ata-baba yurdundan məcburi köçkün düşüb.
Dədə Qorqud dövründən saza, sözə olan məhəbbət qədim Oğuz yurdu Göyçə mahalında cavanından tutmuş qocalarına qədər qanına, iliyinə hopub. Ulularımız yaxşı deyirdilər ki: "Göyçədə yeni doğulmuş uşaq, beşikdə ağlayanda qoşma, təcnis, müxəmməs üstündə ağlayır, səsi də saz havacatına köklənmiş olur." Saza, sözə olan bu məhəbbət Göyçə mahalında neçə-neçə ustad aşıqların yetişməsinə səbəb olub. Belə ustadlardan olan Aşıq Alıdan sonra Aşıq Ələsgər bu sənətin zirvəsinə ucalıb.
Bildiyimiz kimi, Aşıq Ələsgər həyatı boyu Azərbaycanın qədim torpağı olan Göyçə mahalında yaşayıb-yaradıb, uzun ömür yaşayıb və ömrünün son illərində öz doğma torpaqlarını tərk etməyə məcbur olub. O vaxt onun 97 yaşı var idi. 1918-ci ildə erməni vəhşiləri azərbaycanlıları etnik təmizləməyə məruz qoymuşdular. Bu, XX əsrdə azərbaycanlıların öz qədim torpaqlarından - Qərbi Azərbaycandan birinci deportasiyası idi. Əfsuslar olsun ki, ondan sonra da xalqımız iki deportasiyaya məruz qalmışdır. Ermənilərin törətdikləri soyqırımından xilas olmaq üçün Aşıq Ələsgər ailəsi ilə birlikdə qonşu Kəlbəcər rayonuna pənah gətirmişdir. Ancaq doğma ocaq, şirin Vətən, müqəddəs torpaq onu yenə də Göyçə mahalına çəkirdi. O, hər yerdə "Adım Ələsgərdi, Göyçə mahalım"-deyərək dünyaya gəldiyi torpağa öz möhkəm bağlılığını və sonsuz sevgisini car çəkirdi. Baxmayaraq ki, iqlimi, təbiəti, gözəlliyi baxımından Kəlbəcər və Göyçə mahalları çox da fərqlənmirdi. Həm də sənətkarın həyat yoldaşı Anaxanım Kəlbəcərin Yanşaq kəndindən idi. Ancaq görkəmli saz-söz ustadı dünyaya göz açdığı doğma yurddan ayrılıq illərində xiffət çəkərək həsrətlə dolu illər yaşadı. Bəzi şeirlərində bu həsrəti yana-yana büruzə verirdi:
Həsənnənə, Həsənbaba qoşadı,
Xoşbulaq yaylağı xoş tamaşadı,
Arsız aşıq elsiz niyə yaşadı?
Ölsün Ələsgərtək qulların, dağlar!
Onun Vətən sevgisi, torpaq sevgisi o qədər güclü idi ki, bütün təhlükələrə baxmayaraq təqribən üç ildən sonra öz doğma Ağkilsə kəndinə qayıtmış və bir neçə ildən sonra orada vəfat etmişdir. O illərdə qəddar Sovet hökuməti zorla Göyçəni yenicə qondardığı Ermənistana vermişdi. Bununla da müqəddəs Göyçə torpağı murdarlanmışdı. İnsanlıqdan uzaq olan ermənilər böyük ustadın məzarına belə düşməncəsinə münasibət göstərır, onu nəinki abadlaşdırmaq istəmir, fürsət düşsə dağıdıb izini itirməyə hazır idilər.
Hamımız yaxşı bilirik ki, Ümummilli Liderimiz Heydər Əliyev həmişə şeir-sənət adamlarına hüsn-rəğbət bəsləyir, onlara himayə göstərirdi. 1970-ci illərdə Ulu Öndərin təşəbbüsü ilə Aşıq Ələsgərin 150 illik yubileyi böyük təntənə ilə qeyd edildi. Sovet İttifaqı miqyasında bu yubiley münasibətilə tədbirlər keçirildi, doğma Ağkilsə kəndində isə onun abidəsi ucaldıldı. Şeirlərinə musiqilər bəstələndi. Həmin illərdə Bakıda Aşıq Ələsgərin iki cildlik şeirlər kitabı böyük tirajla çap olundu. Lakin 1988-ci ildə xalqımız deportasiyanın üçüncü dalğasına məruz qalanda erməni vandallarının əlinə fürsət keçdi və böyük ustadın qəbirüstü abidəsini dağıtdılar. Təkcə onun deyil, Qarabağda, Şərqi Zəngəzurda bizim tarixi abidələrimiz, görkəmli şəxsiyyətlərin abidələri, məscidlərimiz, saraylarımız, qəbiristanlıqlarımız erməni vandalları tərəfindən vəhşicəsinə məhv edildi. Bu təcrübə də yeni deyildi, əsrlər boyu bütün dünyanın gözü qarşısında bizə qarşı bu ədalətsizlik, bu vəhşilik törədilirdi. Görünür, səlibçilik, din amili bunların qanına elə işləyib ki, hər vaxt haqq-ədalət yolundan azıblar.
Ancaq düşmənlərimiz hansı əməllərdən çıxsalar da xalqımız öz görkəmli şəxsiyyətlərini, dövlət xadimlərini, şair və yazıçılarını heç vaxt unutmur, əbədi olaraq tarixində və qəlbində yaşadır. Aşıq Ələsgər də ədəbiyyatımızda və xalqın qəlbində əbədi yaşayan ustad sənətkardır. Böyük sənətkarımız 105 il yaşadı. Ömrünün təxminən 90 ili ərzində Azərbaycan ədəbiyyatını, folklorunu və el şənliklərini zənginləşdirən gözəl poeziya nümunələri ilə bəzədi. Şeirləri məclislərdə aşıqların dilinin əzbəri oldu. Xalq öz sənətkarını sevdi, ona dərin hörmət bəslədi. El arasında Dədə Ələsgər titulu qazandı. Ona görə də Bakının mərkəzində Aşıq Ələsgərin abidəsinin ucaldılması xalqımız tərəfindən böyük razılıqla qarşılanır və alqışlanır. Heykəl Azərbaycan xalqının öz ustad sənətkarına məhəbbətinin təcəssümü kimi qiymətləndirilir.
Vəli İlyasov
İki sahil.- 2024.- 2 oktyabr, ¹180.- S.3.