Müstəqil siyasətimiz, prinsipial mövqeyimiz,
suverenliyimizin bərpası bizi dünyanın gözündə ucaldır
Dövlət başçısı İlham
Əliyev, həmçinin
COP29-un ölkəmizdə keçirilməsini
Azərbaycana beynəlxalq
səviyyədə göstərilən
böyük etimad kimi dəyərləndirir
Müasir müstəqil Azərbaycan
dövlətinin qurucusu,
Ulu Öndər Heydər Əliyevin şah əsəri olan Azərbaycan növbəti uğuru ilə dünyanın diqqətindədir. Ötən
ilin dekabrında mötəbər tədbirin-
COP29-un ölkəmizdə keçirilməsi
ilə bağlı qərarın qəbul edilməsindən sonra müxtəlif fikirlər səsləndirilsə də
reallıq budur ki, Azərbaycanın çox dəqiq və düşünülmüş
diplomatik addımları
nəticəsində bu
mötəbər tədbirin
ölkəmizdə keçirilməsi
üçün imkan
əldə edildi. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, COP30-un ev sahibi bəlli
olsa da - Braziliya, COP29-un ev sahibi bəlli deyildi. Burada da istədiyimizə nail olduq.
Azərbaycanın bu mötəbər tədbirə ev sahibliyini şərtləndirən
amillər daim geniş təhlil edilir və ölkəmizin beynəlxalq
aləmdə artan nüfuzu əsaslı şəkildə diqqətə
çatdırılır. Bu
mühüm məqam xüsusi qeyd edilir ki, hər
bir ölkənin tərəqqisində iqtisadi
amil əsasdır. Cənab İlham Əliyev bildirir ki, Azərbaycanda iqtisadi inkişaf, sosial məsələlərin
həlli, ordu quruculuğu, Qarabağın
bərpası, nəhəng
infrastruktur layihələri,
nəqliyyat, energetika layihələri, sabitlik, əmin-amanlıq - bunu hər kəs, necə deyərlər, real bir fakt
kimi qəbul edir və bu,
çox yaxşıdır.
Bunu hər kəs belə görür və belə də qəbul etməlidir. Amma bunu təmin
etmək üçün
nə etmək lazımdır? Bunu bəziləri görmür
və yaxud da görmək istəmir. Biz öz hesabımıza yaşayırıq. Heç
kim bizə kömək etmir, heç vaxt da etməyib və etməyəcək.
Ona görə də öz həyatımızı özümüz
qururuq. Heç kimin işinə qarışmırıq, amma,
eyni zamanda, qoymuruq kimsə gəlsin bizim işimizə qarışsın.
İqtisadi müstəqillik
siyasi müstəqilliyin
təməl daşıdır.
Azərbaycanın beynəlxalq nüfuzu gündən-günə artır.
Dünyanın ən böyük beynəlxalq konfransının Azərbaycanda
keçirilməsi bizə
dünya ictimaiyyəti
tərəfindən göstərilən
böyük hörmət
və rəğbətdir,
eyni zamanda, yaşıl enerjiyə keçidimizə olan böyük qiymətdir. Dövlət başçısı
İlham Əliyevin
2024-cü ilin ölkəmizdə
«Yaşıl dünya
naminə həmrəylik
ili» elan edilməsi ilə bağlı Sərəncamında
da vurğulanır ki, Azərbaycan iqlim dəyişmələrinin
fəsadlarına qarşı
mübarizəyə öz
töhfəsini verir. Ölkəmizin 2030-cu ilə
qədər sosial-iqtisadi
inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilmişdir.
Həmin prioritetə uyğun olaraq ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası
və artırılması,
su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən
səmərəli istifadənin
təmin edilməsi istiqamətində işlər
aparılır. İşğaldan
azad edilmiş Qarabağ və Şərqi Zəngəzur,
eləcə də Naxçıvan Muxtar Respublikası yaşıl
enerji zonası elan olunub. Azad
edilmiş ərazilərdə
həyata keçirilən
genişmiqyaslı bərpa
və yenidənqurma prosesində ətraf mühitin qorunması prioritetdir. Həmin ərazilərdə “ağıllı
şəhər”, “ağıllı
kənd” kimi innovativ yanaşmalar tətbiq edilir, ekosistem bərpa olunur.
Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli Azərbaycanın
enerji siyasətinin prioritetidir. Azərbaycan elektrik enerjisi istehsalının qoyuluş
gücündə bərpaolunan
enerji mənbələrinin
payının 2030-cu ilə
qədər 30 faizə
çatdırılmasını hədəfləyir. İqlim
dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq
həmrəyliyin gücləndirilməsi
hazırkı dövrün
əsas çağırışlarındandır.
Azərbaycanın əlverişli coğrafi mövqeyi və iqlim şəraiti yaşıl enerji istehsalı üçün
geniş imkanlar yaradır. Külək, günəş, dağ çayları, su mənbələri hesabına
bərpaolunan enerji istehsalı sahəsində
böyük uğurlar
əldə edilir. Energetika Nazirliyinin məlumatına görə,
ölkəmizin bərpaolunan
enerji mənbələrinin
texniki potensialı quruda 135 QVt, dənizdə 157 QVt təşkil edir. Bərpaolunan enerji mənbələrinin iqtisadi
potensialı 27 QVt, o cümlədən külək
enerjisi 3 min MVt, günəş enerjisi 23 min MVt, bioenerji potensialı 380 MVtdır. Dağ çaylarının
potensialı 520 MVt həcmində dəyərləndirilir.
Azərbaycanın adının
neftlə sıx bağlı olmasına baxmayaraq, ölkəmiz regionda yaşıl enerjiyə keçidə hədəflənən qabaqcıl
yanaşmaların tətbiqi
üzrə liderdir və iqlim dəyişmələrinin
fəsadlarına qarşı
mübarizəyə böyük
töhfə verir. İqlim dəyişmələri
ilə mübarizəyə
töhfə vermək,
yaşıl enerjiyə
keçid üzrə
işlərin və Azərbaycanın beynəlxalq
arenada şəksiz nüfuzunun məntiqi nəticəsi Bakının
dünyanın ən iri və nüfuzlu
tədbirlərindən birinin
- BMT-nin İqlim Dəyişmələri üzrə
Çərçivə Konvensiyasının
Tərəflər Konfransının
29-cu sessiyasına – COP29-a ev
sahibi seçilməsi
oldu. Bu konfransın Azərbaycanda
keçirilməsi ölkəmizin
alternativ enerji sahəsi üzrə texnoloji həllər məsələsində nailiyyətlərini
bütün dünyaya
nümayiş etdirməyə
imkan verəcək.
Azərbaycanın beynəlxalq əhəmiyyətli
tədbirlər üçün
ideal məkan kimi qəbul olunmasını şərtləndirən
amillərə nəzər
salaq. Hansı sahəyə diqqət yetirsək ölkəmizin
zəngin təcrübəyə
malik olduğunu böyük inamla qeyd edə bilərik.
Azərbaycanın iqtisadi,
siyasi, humanitar, diplomatik mərkəz kimi nüfuz qazanması da bunun bariz nümunəsidir.
Günümüzün qürurverici
hadisələrindən biri
də budur ki, Azərbaycanla yanaşı, hazırda azad Qarabağımız, Şuşamız da beynəlxalq əhəmiyyətli
tədbirlər üçün
ideal məkan kimi qəbul edilir. Həmçinin paytaxt Bakımızın ev sahibliyi etdiyi
tədbirlərin iştirakçılarının
işğaldan azad edilmiş ərazilərimizə
səfərləri təşkil
edilir. Bu torpaqların hansı resurslara malik olduğu barədə aydın təsəvvür
yaranır.
Azərbaycanın sabitlik məkanı kimi tanınması və nüfuz qazanması da beynəlxalq tədbirlər
üçün ideal
məkan kimi qəbul edilməsini şərtləndirən əsas
amillər sırasındadır.
Bu mühüm amil ölkəmizlə əlaqələrin qurulmasında
maraqlı olan dövlətlərin, şirkətlərin
say tərkibinin genişlənməsində də
öz sözünü
deyir. Hər zaman qeyd etdiyimiz
kimi, Azərbaycan malik olduğu təbii resurslara və yerləşdiyi coğrafi məkana görə daim dünyanın diqqətində
olub. Ölkəmiz tarixən neft ölkəsi kimi tanınır. Ayrı-ayrı
dövrlərdə bu
marağın müxtəlifliyi
diqqətdən kənarda
qalmır. Müstəqilliyimizin
bərpasının ilk
illərində Azərbaycanda
ictimai-siyasi vəziyyətin
gərginliyi ölkəmizlə
iqtisadi əlaqələrin
qurulmasında maraqlı
olan dövlətlərin
tərəddüdlərinə səbəb olmuşdu. Onlar Azərbaycan iqtisadiyyatına yatıracaqları
investisiyaların təhlükəsizliyinə
tam əmin deyildilər. 1993-cü ildə
Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından
sonra ölkədə
sabitliyin yaradılması
bu tərəddüdlərin
aradan qaldırılmasını
şərtləndirdi. Azərbaycan
qısa müddətdə
böyük investisiyalar
məkanına çevrildi.
Ölkəmizin malik olduğu təbii resurslardan səmərəli
istifadə etməsi regional inkişafın aparıcı qüvvəsi,
dünyanın enerji təhlükəsizliyinin təminatçısı
kimi tanınmasında
əhəmiyyətli rol
oynadı. Hazırda ölkə iqtisadiyyatına
yatırılan investisiyaların
həcmi 310 milyard dollardır. Azərbaycan investisiya cəlbediciliyini qorumaqla yanaşı, bu və ya
digər ölkələrə
investisiya yatırır.
Neft siyasətinin məntiqi davamı kimi dəyərləndirilən
qeyri-neft sektorunun inkişafı istiqamətində
atılan addımlar, biznes mühitinin yaxşılaşdırılması, təkmil islahatların davamlılığı Azərbaycanın
beynəlxalq reytinq agentliklərinin hesabatlarında
liderliyini qorumasını
şərtləndirir. Onu
da qeyd edək
ki, ölkə iqtisadiyyatına yatırılan
investisiyaların 200 milyard
dolları qeyri-neft sektorunun payına düşür. Bu gün Azərbaycan dünyada ən islahatçı, təhlükəsiz
ölkə kimi tanınır. Təbii ki, bu uğurlar
dövlətimizin düşünülmüş
və məqsədyönlü
siyasətinin nəticəsidir.
Uğurlarımızı şərtləndirən
amillər sırasında
islahatların zamanın
tələbinə uyğun
təkmilləşməsini, Azərbaycanın hər addımında dünyanın
qabaqcıl ölkələrinin
təcrübəsinə istinad
etməsini, yenilikçi
ölkə kimi nüfuzunu daha da artırmasını, ən əsası idarəetmə sistemində
təkmilləşməni xüsusi
qeyd etməliyik. İqtisadiyyatın şaxələndirilməsi
və qeyri-neft sektorunun gücləndirilməsi
hesabına davamlı və sabit iqtisadi
inkişafa nail olunması, ÜDM-nin və dövlət büdcəsinin formalaşmasında
təbii ehtiyatlar amilinin azaldılması, bütün bölgələrin
sosial-iqtisadi vəziyyətinin
müasir tələblər
səviyyəsinə çatdırılması,
ölkə iqtisadiyyatının
rəqabət qabiliyyətliliyinin
yüksəldilməsi və
yerli məhsulların
dünya bazarlarına
ixrac imkanlarının
artırılması, əhalinin
etibarlı sosial müdafiəsinin təşkili
və maddi-mənəvi,
rifah halının durmadan yaxşılaşdırılması,
orta təbəqənin
formalaşdırılması və cəmiyyət həyatında rolunun artırılması bir məqsədə yönəldilir
ki, insan amilinə artan diqqətin əsasını
təşkil edən göstəricilər daha böyük rəqəmlərlə
ifadə olunsun, sosial-iqtisadi sahədə davamlı inkişaf gerçəkləşdirilsin. Bunun üçün qeyri-neft sektorunun inkişafına investisiya qoyuluşuna, sahibkarlığa
əngəl olan halların aradan qaldırılmasına diqqət
artırılır. Sənaye
və aqrar sahənin inkişafına
yönələn islahatların
tətbiqi sürətləndirilir.
Prezident İlham
Əliyev daim bu reallığı diqqətə çatdırır
ki, Azərbaycanın iqtisadi böhrandan ən az itki
ilə çıxması
üçün yerli
resurslardan istifadə imkanları və daxili potensialı tükənməzdir: “Azərbaycanda
biznes mühitinin yaxşılaşdırılması istiqamətində bu gün çox ciddi addımlar atılıb. Deyə bilərəm ki, sahibkarlar bu işlərə artıq böyük ruh yüksəkliyi ilə qoşulurlar. Ölkəmizdə
böyük ruh yüksəkliyi var, xüsusilə kənd təsərrüfatı, emal
və sənaye sektorlarında. Bakıda, böyük şəhərlərdə,
bütün şəhər
və rayonlarımızda
çox böyük fəallıq müşahidə
olunur. Bu da əlbəttə ki, həm bizim
siyasətimizin təzahürüdür,
- çünki özəl
sektor sahibkarlığının
inkişafı üçün
çox ciddi addımlar atılıb, -
eyni zamanda, bizim sahibkarlarımızın
da məsuliyyətini göstərir. Sahibkar qazandığı vəsaiti
ölkə iqtisadiyyatına
qoymalıdır.” Cənab
İlham Əliyev onu da qeyd
edir ki, əgər bizdə bu güclü təbii resurs olmasaydı, qeyri-neft sektorunu nəyin hesabına inkişaf etdirə bilərdik?” Daxili investisiyaların həcmi artmaqdadır. Bu, sözsüz ki, dövlətimizin sahibkarlığın inkişafına
diqqət və qayğısından irəli
gəlir. ÜDM-də
özəl bölmənin
payı 85 faizdən çoxdur. Ötən 21 ildə 2 milyondan çox yeni iş yerinin açılması işsizlik,
məşğulluq probleminin
həllinə öz müsbət təsirini göstərir. Özünüməşğulluq
proqramı uğurla icra edilir. Dünya
İqtisadi Forumu inkişafın Azərbaycan
modelinin mövcudluğunu
təsdiqləməklə yanaşı,
bu reallığı da diqqətə çatdırır ki, uzunmüddətli iqtisadi uğurlara nail olmaq üçün əməkdaşlıq zəruridir.
Azərbaycanın iqtisadi
inkişafın istiqamətini
enerji sektorundan qeyri-enerji sektoruna yönəltməsi yüksək
dəyərləndirilir, gələcək
üçün uğurlu
addım kimi önə çəkilir.
Dövlətimizin başçısı
İlham Əliyev dünyanın biznes icmasına özümüzü
nəinki mühüm
coğrafi mövqeyə
və təbii sərvətlərə malik,
o cümlədən islahatlara,
dəyişikliklərə və şaxələndirməyə
sadiq ölkə kimi təqdim etməyin vacibliyini bildirir.
Tarixi Zəfərimizin
reallıqları əsasında
təsdiqlənən «Azərbaycan
2030: sosial-iqtisadi inkişafa
dair Milli Prioritetlər»də beş
Milli Prioritetin reallaşdırılması əsas
hədəf kimi qarşıya qoyulub. Bunlar dayanıqlı artan rəqabətqabiliyyətli
iqtisadiyyat; dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət;
rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı; işğaldan
azad olunmuş ərazilərə böyük
qayıdış; təmiz
ətraf mühit və “yaşıl artım” ölkəsidir. Sənədin təmiz ətraf mühit və «yaşıl artım ölkəsi» hədəfində bu çağırışlar xüsusi
yer tutur ki, qlobal iqlim
dəyişikliklərinin miqyasını
nəzərə alaraq
ekoloji təmiz texnologiyaların tətbiqinə
əhəmiyyətli yer
verilməli, təmiz enerji mənbələrindən
istifadə, tullantıların
təkrar emalı və çirklənmiş
ərazilərin bərpası
təşviq edilməlidir.
Bu, istilik effekti yaradan qaz emissiyasını beynəlxalq normalara uyğun səviyyədə
saxlanılması istiqamətində
göstərilən səylərə
mühüm töhfə
olacaq. O da vurğulanır ki, ölkənin perspektiv iqtisadi inkişafı ilə bərabər ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların sürətli
bərpası və artırılması, su ehtiyatlarından, dayanıqlı
enerji mənbələrindən
səmərəli istifadə
təmin edilməlidir.
Bu prioritet daxilində strateji dövrdə iki məqsədin reallaşdırılmasına
nail olunmalıdır:
yüksək keyfiyyətli
ekoloji mühit; yaşıl enerji məkanı.
Dövlət başçısı İlham
Əliyev ötən il Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimində
çıxışı zamanı
bildirdi ki, növbəti dostluq təzahürünün şahidi
olduq. Həm Serbiya, həm Bolqarıstan, həm də Şərqi Avropa Qrupuna daxil olan digər
ölkələr Azərbaycanın
namizədliyini dəstəkləyərək
COP29 konfransının Azərbaycanda,
Bakıda keçirilməsinə
izin verdilər, öz dəstəyini göstərdilər: «Bu, bir daha həm
dostluğumuzun nümunəsidir,
eyni zamanda, onu göstərir ki, baxmayaraq Azərbaycanın zəngin
neft və qaz resursları var, biz gələcəyimizi
təmiz yaşıl enerjinin istehsalında və ixracında görürük. Əminəm
ki, gün gələcək və buna oxşar mərasim yaşıl enerji layihələri ilə bağlı keçiriləcək.»
COP29 bu vaxta
qədər keçirilmiş
tədbirlərlə müqayisəyə
gəlmir. Hətta Avropa Oyunlarını xatırlasaq, o vaxt 5 min idmançı və onları müşayiət edən
təqribən 3 min qonaq gəlmişdi. Ancaq COP29-da 10 minlərlə
xarici nümayəndə
ölkəmizə gələcək,
iki həftə ərzində Bakı dünyanın ekoloji mərkəzi olacaq. COP29-u
da yüksək səviyyədə keçirəcəyik.
Müstəqilliyimizin bərpasından ötən
33 illik dövrün təhlili fonunda Azərbaycanın hər bir çağırışı
yüksək səviyyədə
cavablandırdığı diqqətdən kənarda qalmır. Artıq bu gün ölkəmizin
həyatında yeni dövr uğurla davam edir. Bu
mərhələ işğaldan
azad edilmiş ərazilərimizin bərpası
və soydaşlarımızın
doğma yurd-yuvalarına
qayıdışıdır. Əvvəldə də qeyd etdiyimiz kimi, bu torpaqların
malik olduqları resurslardan səmərəli
istifadə etməklə
ölkəmizin gələcəkdə
dayanıqlı inkişafına
töhfələr veriləcək.
Uğurlarımızın təhlili fonunda belə bir ümumiləşdirməni
apara bilərik ki, Azərbaycanın ev sahibliyi edəcəyi
BMT-nin İqlim Dəyişikliyi üzrə
Çərçivə Konvensiyasının
Tərəflər Konfransının
29-cu sessiyası (COP29) ölkəmizin
mövcud imkanlarının
təqdimatında öz
sözünü deyəcək.
Bu tədbir Azərbaycanın yaşıl
iqtisadiyyata keçid strategiyasının məntiqi
davamı kimi dəyərləndirilir. Bir
daha sübut olunur ki, Azərbaycan
hər bir sahədə zəngin təcrübəyə malik
olmaqla beynəlxalq əhəmiyyətli tədbirlərə
ev sahibliyi etməklə yanaşı,
qlobal problemlərin həllinə böyük
töhfələr verir.
Ölkəmizin irəli
sürdüyü hər
bir təşəbbüs,
qəbul etdiyi qərarlar beynəlxalq dəstək qazanır. Azərbaycanın gələcək
iqtisadi inkişafı
ekoloji təmiz texnologiyalar, təmiz enerji mənbələri, tullantıların təkrar
emalı və çirkləndirilmiş ərazilərin
reabilitasiyası üzrə
tədbirlərin görülməsi
ilə sıx bağlıdır. Beynəlxalq
Bərpaolunan Enerji Agentliyinin hesablamalarına
görə, 2050-ci ilədək
dünyada elektrik enerjisinin 90 faizi bərpaolunan və yaxud yaşıl enerji mənbələrindən
əldə edilə bilər. Yaşıl enerjidən istifadə ekoloji cəhətdən əhəmiyyət daşımaqla
yanaşı, iqtisadi baxımdan da əlverişlidir
Dövlət başçısı İlham
Əliyev 7 fevral prezident seçkilərində
inamlı qələbəsindən
sonra andiçmə mərasimində ayrı-ayrı
sahələr üzrə
qarşıda dayanan hədəflərdən bəhs
edərkən «Bu yeni dövrdə xarici siyasət istiqamətində yeni üfüqlər açmalıyıq»
söyləyərək onu
da vurğuladı ki, əgər əvvəlki dövrdə
xarici siyasətimizin əsas istiqaməti Ermənistan-Azərbaycan münaqişəsinin
həlli idisə, bu gün artıq
bu məsələ demək olar ki, gündəlikdə durmur. Ona görə
xarici siyasətimizin yeni istiqamətləri üstünlük təşkil
etməlidir: «Biz dünyanı narahat edən problemlərin həllində daha fəal olacağıq, o cümlədən iqlim dəyişikliyi ilə əlaqədar. Nəzərə
alsaq ki, COP29-un ev sahibi və
sədri olacağıq,
eyni zamanda, dünyada islamofobiyaya qarşı mübarizədə
ön sıralarda olmalıyıq.»
Dövlət başçısı İlham
Əliyev bu günlərdə Pre-COP29 tədbirinin
iştirakçılarına ünvanladığı məktubda
bu məqamlara xüsusi diqqət yönəltdi ki, iqlim dəyişmələri
bütün qitələrin
ölkələrinə təsir
edir, lakin inkişaf etməkdə olan kiçik ada dövlətləri bu təsirlərə daha həssasdır: «İqlim dəyişmələri
bütün dünyada
insanların yaşayışına
mənfi təsir göstərir və Dayanıqlı İnkişaf
Məqsədlərinə nail
olmaq istiqamətində
tərəqqiyə mane
olur. Qlobal iqlim fəaliyyətinə
dəstək vermək
əzmimiz COP29 tədbirinə
ev sahibliyi etmək üçün namizədliyimizin irəli sürülməsinə gətirib
çıxardı. Azərbaycana
verilən yekdil dəstəyi beynəlxalq
ictimaiyyətin ölkəmizə
olan inamının təzahürü hesab edirəm. Biz fəxr edirik ki, Cənubi Qafqazda və daha geniş regionda ilk COP Azərbaycanda keçiriləcək.»
Ölkə Prezidenti
onu da bildirdi
ki, ixtiyarımızda
bir ildən az vaxtın olmasına baxmayaraq, tam məsuliyyəti öz üzərimizə götürərək nəzərəçarpan
nailiyyətlər əldə
etdik. Qadınların,
parlament üzvlərinin
və vətəndaş
cəmiyyəti nümayəndələrinin
cəlb olunduğu inklüziv COP29 Təşkilat
Komitəsi Bakı
COP-una hərtərəfli
hazırlıq işlərinin
görülməsini təmin
edir. COP29 Sədrliyi “Yaşıl dünya naminə həmrəylik” şüarını rəhbər
tutaraq bütün maraqlı tərəflərlə
konstruktiv ruhda və şəffaf şəkildə əməkdaşlıq
edir, çoxsaylı səfərlər həyata
keçirir və narahatlıqlarını nəzərə
almaq üçün
hamını dinləyir.
Biz inkişaf etməkdə olan kiçik ada dövlətləri üçün
iqlim dəyişmələrinin
səbəb olduğu
çağırışların həllini prioritet olaraq müəyyənləşdirmişik.
Azərbaycan bu dövlətlərə kömək
etməyi özünə
mənəvi borc hesab edir və
onlara həm maddi, həm də siyasi, o cümlədən Millətlər
Birliyi təşkilatı
çərçivəsində dəstək göstərir.
Azərbaycan sülh, maliyyə, insan kapitalı, su və bir
sıra digər məsələləri ehtiva
edən 14 təşəbbüsdən
ibarət iddialı Fəaliyyət Gündəliyi
hazırlayıb. Mövcud
olan geosiyasi gərginlik fonunda “COP atəşkəsi çağırışı”nın
aktuallığı daha
da artır. COP29-a hazırlığın son
mərhələsinə qədəm
qoyduğumuz bir vaxtda, ölkəmiz bəşəriyyət naminə
konstruktiv şəkildə
və xoş məramla əməkdaşlığa
cağırış edir.
Dövlətlərin ümumi,
lakin fərqli öhdəlikləri olsa da, onlar fikir
ayrılıqlarını bir
kənara qoymalı, bir-birini günahlandırmağı
dayandırmalı və
ortaq məxrəcə
gəlməlidirlər. Cənab
İlham Əliyevin sözügedən müraciətində
o da qeyd edildi ki, qlobal
istiləşmədə kimin
günahkar olduğunu
və ya kimin ətraf mühitə daha çox zərər vurduğunu müəyyənləşdirmək
üçün vaxt itirməyə haqqımız
yoxdur: “Mən yaşıl dünya naminə həmrəylik ruhunda birgə fəaliyyət göstərmək
üçün noyabrın
12-dən 13-dək Bakıda keçiriləcək Dünya
Liderlərinin İqlim
Fəaliyyəti Sammitində
dövlət və hökumət başçılarını
salamlamağa şad olaram.»
Azərbaycan daim qlobal problemlərin
həllində səylərin
birləşdirilməsinə, beynəlxalq həmrəyliyin
gücləndirilməsinə çağırışlar edir.
Ölkəmiz tarixi Zəfərimizin, suverenliyimizin
tam bərpa edilməsinin yaratdığı
reallıqlar əsasında
beynəlxalq münasibətlər
sistemində yerini və rolunu daha da möhkəmləndirir.
Cənab İlham Əliyev VII çağırış
Milli Məclisin ilk iclasındakı çıxışında bu
reallıqları bir daha diqqətə çatdıraraq bildirdi ki, müstəqil, prinsipial xarici siyasət bizim əsas istiqamətimizdir. Biz heç kimə qarşı heç vaxt heç bir iş görməmişdik,
heç kimin işinə qarışmamışdıq.
Amma bizim işimizə qarışmaq
istəyənlərə də
hər dəfə dərs vermişik ki, bunu etməsinlər.
Belə cəhdlər
var, olacaq. Düzdür, onların heç bir əhəmiyyəti yoxdur.
Ancaq bizim xarici siyasət istiqamətində bu amil təbii olaraq həmişə nəzərə alınacaq.
Kim bizimlə ikitərəfli formatda, qarşılıqlı hörmət
əsasında əməkdaşlıq
etmək istəyirsə,
biz ikiqat əməkdaşlıq edəcəyik.
Amma əgər kimsə hesab edir ki, bizə
gəlib nəsə diktə edəcək, yaxud da ki,
bizi əsassız olaraq ittiham edəcək, ya da ki, hansısa
vasitələrlə bizi
qaralayacaq və sanki heç nə olmamış kimi bu ölkələrlə
biz dostluq edəcəyik, bu, səhv təsəvvürdür,
bu, olmayacaq! Azərbaycan çoxdan özünü ləyaqətli
və qürurlu dövlət kimi təsdiqləyib. Xüsusilə,
tarixi Zəfərimizdən
sonra bizim beynəlxalq nüfuzumuz bir neçə dəfə artıb. Beynəlxalq mövqelərimiz
möhkəmlənib, beynəlxalq
ictimaiyyət bizimlədir.
Çünki bəzi
Qərb ölkələri
hesab edirlər ki, beynəlxalq ictimaiyyət ancaq onlardır. Yox, beynəlxalq ictimaiyyət bütün dünya ölkələridir və
bu dünya ölkələri bizə
yekdilliklə səs verib. COP29-un Azərbaycanda
keçirilməsi 200-ə yaxın ölkə tərəfindən yekdilliklə
qəbul edilmiş qərardır və bizim beynəlxalq nüfuzumuzu, hörmətimizi
göstərən vacib
amildir. Bundan sonra da xarici
siyasətdə geriyə
heç bir addım olmayacaq. Dostlarımızın bütün
qitələrdə sayı
artır. Vaxtilə mövcud olmadığımız
bölgələrlə indi
çox ciddi təmaslar qurulur, həm sərmayə qoyuluşu layihələri
nəzərdən keçirilir,
eyni zamanda, müxtəlif sahələrdə
əməkdaşlıq üçün
yeni imkanlar yaranır. Ənənəvi
tərəfdaşlarımızla, dostlarımızla münasibətlərimiz
daha da inkişaf
edir və edəcək.
Düşünürük
ki, COP29 bu əməkdaşlığa yeni
əlavələr gətirəcək.
Əvvəldə də
qeyd etdiyimiz kimi, ölkəmiz tədbirə çox yüksək səviyyədə
hazırlaşır. Dövlət
başçısı İlham
Əliyevin oktyabrın
17-də Bakı Olimpiya
Stadionunun ərazisində
COP29-a hazırlıqla bağlı
görülən işlərlə
tanışlığı da bunun bariz
nümunəsidir. Hazırlıq
işlərinin sürətlə
davam etdiyi nəzərə alınaraq
tədbir məkanının
BMT-nin İqlim Dəyişmələri üzrə
Çərçivə Konvensiyasına
tələb olunan tarixdə təhvil verilməsinin planlaşdırıldığı
qeyd edildi. Dövlətimizin başçısı
ərazidə yaradılmış
infrastruktur və qurğular, informasiya texnologiyaları və təhlükəsizliyi sahəsində
icra olunan tədbirlər, COP29 məkanının
enerji ehtiyaclarının
yaşıl enerji mənbələrindən qarşılanması
üçün tətbiq
edilən həllər,
iştirakçıların qeydiyyat prosesi və digər sahələrdə görülən
işlərlə yaxından
tanış oldu, həmçinin görüləcək
işlərlə bağlı
tapşırıq və
göstərişlərini verdi.
O da məlumdur
ki, ötən il COP29-un ölkəmizdə
keçirilməsi ilə
bağlı qərarın
qəbul edilməsindən
sonra bununla əlaqədar Prezident İlham Əliyevin sədrliyi ilə müşavirə keçirildi.
Həmin müşsvirədə
cənab İlham Əliyev bildirmişdir ki, Azərbaycana növbəti dəfə böyük etimad və böyük hörmət göstərildi.
Biz buna layiqik, apardığımız
siyasət nəticəsində
dünya miqyasında çox güclü mövqelərə sahib olmuşuq. Azərbaycana beynəlxalq aləmdə olan hörmət günbəgün artır
və biz bu hörməti öz əməlimizlə,
işimizlə, siyasətimizlə
qazanmışıq. Bizim
müstəqil siyasətimiz,
prinsipial mövqeyimiz,
beynəlxalq hüquqa
bağlılığımız, sədaqətimiz və eyni zamanda, ölkə
ərazisində suverenliyin
bərpa edilməsi bizə olan hörməti daha da artırdı. Dövlətimizin başçısı
İlham Əliyev bu əminliyi də ifadə etmişdir ki, mən şübhə etmirəm COP29 beynəlxalq
konfransını da yüksək səviyyədə
keçirəcəyik, Bu,
ölkəmizin, xalqımızın
növbəti böyük
uğuru olacaq. Eyni zamanda, Azərbaycan
neft-qaz ölkəsi kimi bu sahədə
də özünü
göstərəcəkdir və
dünyada hər kəs bir daha
görəcək ki, bizim gündəliyimiz yaşıl enerji ilə bağlıdır.
Yaşıl enerji növlərinin yaradılması
və yaşıl enerjinin dünya bazarlarına nəqli hazırda bizim enerji siyasətimizin prioritetidir. Bu, reallıqdır və bütün dünya bunu bir daha
görəcək.
Yeganə Əliyeva
İki sahil.- 2024.- 18 oktyabr, ¹192.- S.3.