Ümummilli Liderin
ideyalarının işığında
Azərbaycanı daha
böyük uğurlar gözləyir
3 sentyabr 1991-ci il - Müstəqil Azərbaycanın
qurtuluş tarixinin başlandığı gün
Ümummilli Liderin 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsinə seçilməsi Azərbaycan xalqının taleyində böyük siyasi əhəmiyyətə malik tarixi hadisə idi. Həmin tarix muxtar respublikanın həyatında yeni dövrün başlanması kimi xarakterizə edilsə də, Azərbaycan həmin vaxt çox çətin günlərini yaşayırdı. O vaxt Azərbaycanda hakimiyyəti silah gücünə zəbt edən AXC-Müsavat cütlüyü xalqın inamını tamamilə itirmişdi.
Bu qaragüruhun antimilli siyasəti xalqda böyük hiddət doğururdu. Bacarıqsızlıq, qeyri-peşəkarlıq, hakimiyyət hərisliyi nəticəsində ölkə demək olar ki, idarəolunmaz vəziyyətə düşmüşdü. Ölkəmizi xaos, anarxiya bürümüşdü, qeyri-qanuni silahlı birləşmələr küçələrdə əli silahlı gəzir, insanları incidirdilər. O illərdə ölkəmizi kütləvi rüşvətxorluq bürümüşdü. Torpaqlarımızın işğal altına düşməsi, iqtisadi, hərbi böhran demək olar ki, ölkəmizin gələcək müstəqil həyatına böyük təhlükə yaradırdı. Belə olan halda əlbəttə ki, xalq ümidini özünün əbədi lideri, Ulu Öndər Heydər Əliyevə bağlamışdı.
«Bu zamanın, bu dəqiqələrin, bu saatın hökmünü nəzərə almaya bilməzdim… Xalqın bu əhval-ruhiyyəsini, tələblərini nəzərə alaraq bütün məsələləri götür-qoy etdim. Mən öz taleyimi xalqa tapşırmışam və xalqın iradəsini, yəqin ki, indi bu müddətdə, bu çətin dövrdə yerinə yetirməliyəm» – deyən Ulu Öndər Naxçıvan Muxtar Respublikasını erməni təcavüzündən xilas etmiş, blokada şəraitində gələcək inkişafın böyük təməllərini atmışdır. Ulu Öndərimizin rəhbərliyi ilə Naxçıvanda dövlət quruculuğu və idarəetmənin təkmilləşdirilməsi istiqamətində mühüm işlər görüldü. Azərbaycan Prezidenti İlham Əliyev həmin dövrü tariximizin mühüm mərhələsi kimi dəyərləndirərək deyib: «Demək olar ki, ölkəmizin müstəqilliyinin bünövrəsi məhz o illərdə qoyulmuşdur. 1990-cı ildə Heydər Əliyevin rəhbərliyi altında Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının Ali Sovetinin sessiyasında qəbul edilmiş tarixi qərarlar Azərbaycanın dövlət müstəqilliyini şərtləndirdi».
Ulu Öndərin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasını Ermənistanın hərbi təcavüzündən qorumaq, əhalisinin təhlükəsizliyini təmin etmək məqsədilə Ali Məclisin 7 sentyabr 1991-ci il tarixli qərarı ilə Naxçıvan MR Dövlət Milli Müdafiə Komitəsi yaradıldı. Bu qərar Naxçıvanın müdafiəsinin gücləndirilməsi istiqamətində atılan ilk addım oldu. 1992-ci ilin may ayı Azərbaycanın, o cümlədən Naxçıvan Muxtar Respublikasının müasir tarixinin ən mürəkkəb və gərgin dövrü idi. Bu dövrdə Bakıda siyasi qüvvələrin başı hakimiyyət uğrunda mübarizəyə qarışdığından ermənilər Azərbaycana qarşı hücumlarını genişləndirərək Şuşa və Laçın şəhərlərini ələ keçirmişdilər. Ermənilər yaranmış şəraitdən istifadə edərək Naxçıvanı ələ keçirmək üçün mayın ilk günündə muxtar respublikaya qarşı hərbi təcavüzə başladılar. Lakin Ulu Öndərin diplomatik fəallığı, bütün dünya ictimaiyyətini ayağa qaldırması Ermənistanı geri çəkilməyə məcbur etdi.
Ümummilli Liderimiz Heydər Əliyevin Ali Məclisin Sədri olarkən dünya azərbaycanlılarını bir ideya ətrafında – Vətənə və xalqa xidmət uğrunda birləşməyə səsləməsi də bu istəkdən, bu arzudan irəli gəlirdi. Çünki xalq arasında sağlam ideologiyaya əsaslanan birlik olmadan ölkəni düşdüyü bəlalardan qurtarmaq və inkişaf yoluna çıxarmaq mümkün deyildi. 1991-ci il dekabrın 16-da Ali Məclis tərəfindən “31 Dekabr Dünya Azərbaycan Türklərinin Həmrəylik və Birlik Günü haqqında” Qərarın qəbul edilməsi bu mənada xüsusi əhəmiyyətə malikdir. Ulu Öndər həmin dövrdə xarici iqtisadi əlaqələrin qurulması sahəsində də mühüm addımlar atdı. 1992-ci ildə qonşu Türkiyə Cümhuriyyətinə və İran İslam Respublikasına səfərlər etdi, keçirilən görüşlərdə iqtisadi sahədə əməkdaşlığa dair protokollar imzaland. Nəticədə hər iki dövlətlə iqtisadi, mədəni, təhsil və digər sahələrdə qarşılıqlı münasibətlər quruldu.
Muxtar respublikanın dağılmış iqtisadiyyatının, xüsusilə də kənd təsərrüfatının dirçəldilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi də görkəmli dövlət xadiminin diqqət mərkəzində olub. Ali Məclisin 1992-ci il aprelin 6-da keçirilən sessiyasında “Naxçıvan Muxtar Respublikasında zərərlə işləyən kolxoz və sovxozlar haqqında” və “Rentabelli işləyən kolxoz və sovxozların ictimai mal-qarasının özəlləşdirilməsi barədə təkliflər haqqında” qərarlar qəbul edilib, bu islahatlar aqrar bölmədə irəliləyişlərə səbəb olub. Bu qərarlar hazırkı dövrdə muxtar respublika iqtisadiyyatının aparıcı sahələrindən biri olan kənd təsərrüfatının inkişafını şərtləndirən mühüm amil olub, bununla da, Azərbaycanda torpaq islahatına ilk dəfə Naxçıvandan başlanılıb.
Ölkəmizin ictimai-siyasi həyatı, gələcəyi üçün daha mühüm bir hadisə 1992-ci il noyabrın 21-də yenə də Naxçıvanda baş verdi. Müstəqil Azərbaycanın ən qüdrətli partiyası olan Yeni Azərbaycan Partiyası yaradıldı. Azərbaycanın gələcəyinin təhlükə qarşısında qaldığı, dövlətimizin taleyinin həll olunduğu bir dövrdə yaranan Yeni Azərbaycan Partiyası milli dövlətçiliyimizin inkişafı üçün son dərəcə əhəmiyyətli olan yeni tarixi mərhələnin əsasını qoydu. Güclü sosial bazası, gerçəkliyə əsaslanan proqramı, ən önəmlisi isə Ulu Öndər Heydər Əliyev kimi lideri olan Yeni Azərbaycan Partiyasının siyasi səhnəyə çıxması iyirminci əsr Azərbaycan tarixinin mühüm hadisəsi idi.
Bugünkü tarix sübut etdi ki, dahi şəxsiyyətin uzaqgörənliyini Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev uğurlu fəaliyyəti ilə təsdiqlədi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın sözdə yox, əməldə real və məğlubedilməz ordusu Ermənistanın ardıcıl təxribatlarının və yeni işğal planlarının qarşısını almaq, işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə 2020-ci sentyabrın 27-dən etibarən zəfər yürüşünə başladı. 44 gün davam edən hərbi əməliyyatlar çərçivəsində Azərbaycan Ordusu Ermənistanın 30 il ərzində Qarabağda qurduğu istehkamları darmadağın etdi, işğal altındakı torpaqları düşmən əsarətindən azad etdi. Noyabrın 8-də Azərbaycan xalqı heç zaman yaşamadığı sevinci və fəxarət hissini yaşadı, 28 illik həsrətdən sonra böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edildi. Ali Baş Komandan İlham Əliyev "Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur" deyən Ulu Öndərin vəsiyyətini həyata keçirdi, xalqımıza Qələbə sevincini yaşatdı. 2023-cü il sentyabrın 19-da Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə Qarabağda lokal xarakterli antiterror tədbirləri həyata keçirildi və Azərbaycan öz suverenliyini bərpa etdi. 15 oktyabr tarixində Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan Bayrağı qaldırıldı. Biz böyük Zəfəri qazandıq. Vətən müharibəsində dərindən düşünülmüş hərbi strategiya, döyüş əməliyyatlarının məharətlə həyata keçirilməsi Azərbaycanın müstəqil dövlət və ordu quruculuğunu tam təsdiq elədi. Bu Qələbə Azərbaycanın beynəlxalq mövqelərinin daha da möhkəmlənməsində, nüfuzunun yüksəlməsində böyük rol oynadı.
Bu gün bir daha böyük qürur hissi ilə deyirik ki, Ümummili Liderin ideyalarının işığında sabaha böyük inamla addımlayan müasir müstəqil, qalib Azərbaycanı qarşıda daha böyük uğurlar gözləyir.
Şəmsiyyə Əliqızı
İki sahil.- 2024.- 3 sentyabr, ¹159.- S.3.