Bir tamaşanın məşq prosesi haqqında...

 

Xədicə Məmmədova: 

“Sənə inanıram”...

 

Həmişə içdən-içə monotamaşa oynamağı arzu edərdim. İçimdə qəribə bir hiss vardı – sanki nə vaxtsa oynayacağam.

Bir gün İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru İftixar Piriyev məni teatra çağırdı. İmir Məmmədlinin “Qadın” pyesini mənə uzatdı. “Bunu sənə verirəm”, – dedi və “Sənə inanıram”, sən bunu bacaracaq potensiala, istedada maliksən”, – deyə əlavə etdi. Bu söz – “Sənə inanıram”... məni silkələdi. Ruhm sevincliydi. Ən çox da mono pyesə yox, mənə olan inamı xoşbəxt etmişdi məni.

Teatrdan çıxdım.Yol boyu düşündüm. Bir insanın sənə inanmağı necə də qürurvericidir. Deməli, məni görürdü. Məgər biz insanlar hər zaman görülmək üçün çalışmırıq?..

Monotamaşanı İmaməli İmaməliyevə tapşırmışdı. Onunla quracaqdıq.

Evə çatdım. Böyük həyəcanla otağıma keçib pyesi oxumağa başladım. Beynimdə də, “Sənə inanıram” kəlməsi. Oxudum. Öz-özlüyümdə düşünməyə başladım. Qadın sevgisi, qadın iztirabı, qadın həyası, qadın duyğusu, qadın ruhu... Xülasə, qadın... Yad duyğular deyildi. Axı biz qadınlar sevincimiz bir, kədərimiz ayrıdır.

Pyesdə iki müxtəlif qadın xarakteri var idi. Biri öz sevgi və ehtirasları uğruna qurban gedən, digəri isə öz həyası və cəmiyyət uğruna qürurunu əzən. Özümə sual verdim: Sən hansısan, Xədicə?

Sonra beynimdə durğunluq yaranmağa başladı... Axı mən bu qadınların ikisini də sevməliydim. Hadisələrə cəmiyyət kimi yox, qadın kimi yanaşmalıydım. Həm də ehtiras və sevgi nə vaxtdan ayıb sayılırdı ki?.. Qürur da gözəldi... Deyəsən, yaxınlaşırdım.

Növbəti gün teatra detdim. Rejissor İmaməli ilə əsərin müzakirəsi və məşq prosesimiz davam edirdi. Həmin gün ilk məşq olduğuna görə, xeyir-dua vermək üçün İftixar müəllim də bizə qatıldı. İlk sual: “Tamaşanı nə rəngdə görürsən?”, – dedi. Cavabım belə oldu: “Ağ və qara”. Amma nə məşuqə qara idi, nə də evin xanımı ağ...

Beləcə, bir müddət məşqlərə davam etdik. Daha sonra teatrda olan yer məhdudiyyətinə görə işimizə ara verməli olduq (Teatrımızda təmir işləri yekunlaşmayıb!). Uzun bir müddət sonra mən Azərbaycan Dövlət Sumqayıt Dram Teatrına gedib gəlməyə başladım. Teatrın baş rejissoru Firudin Məhərrəmovla məşqlərimizə davam etdik. Lakin Sumqayıt teatrının öz daxilində olan məşq və tamaşalara görə yenə ara verməyi qərara aldıq. Amma mən bilirdim. Daha doğrusu, bütün hissiyyatımla “İnanırdım”. İnanırdım ki, İftixar müəllim bu tamaşanı ərsəyə gətirəcək. Bəzən qəlbimdə  ona baxıb deyirdim: Mən də Sizə inanıram, müəllim”.

Günlərin birində İftixar müəllim məni sənət yoldaşlarım Güney və Pərvini teatra çağırdı. “Teatra yeni sistem gətirirəm”, – söylədi. “Qeyri-səlis məntiq” nəzəriyyəsi. Bu, bizə yad idi. İftixar müəllim çertyoj çəkdi. “Yaxın gəlin”, – dedi.

“Baxın,  tamaşa belə başlanacaq. Siz belə gələcəksiz. Tamaşanın adı “Siluet” olacaq. Güney-Siluet, Xədicə-Qadın, Pərvin-Şəhvət olacaq”. Biz həm sevincli, həm də təəccüb içindəydik. Əvvəla ona görə ki, İftixar müəllim bizimlə tamaşa qurur. Və artıq hər şey hazırdır. Üstəlik, bu yeni bir janrdır. Teatr tarixində ilk olaraq bizim ifa edəcəyimiz yeni bir sistemin üslubu. Fəxr olunası bir situasiya idi. Yenə də hamımız o sözü eşitdik: “Sizə inanıram”. Gülümsəyib teatrdan ayrıldıq. “İnam varsa, biz də partlayış edəcəyik”, – dedik.

Ertəsi gün quruluş hissə müdiri Yaşar müəllim çəkilən eskizin maketini hazırlayıb gətirdi (Eskizlər İftixar müəllimə aid idi!). Gərgin iş gedirdi. Bir neçə gün teatrda stolarxası məşq etdik. Məşq əsnasında İftixar müəllim bizə “Qeyri-səlis məntiq” nəzəriyyəsinin izahını verdi. Müzakirələr aparırdıq. Bizim beynimizi, ruhumuzu nəzəriyyənin elementləri ilə doldururdu. Səhnə üçün hazırlayırdı. Təbii ki, bu ilk olduğu üçün bizə çətin idi. Lakin çətin olduğu qədər də maraqlıydı. Çünki yeni forma, yeni yaradıcılıq prosesi, yeni ruh idi. Sanki təcrübəsiz olduğun halda körpə bir uşağı böyütməyə çalışırsan.

Bir neçə gün sonra Binəqədi Mədəniyyət Mərkəzində səhnə məşqlərimiz başladı. Artıq dekorasiyalar hazırlanmışdı. Mən obrazı klassik üslubda məşq etdiyim üçün, mənə çətin gəlirdi. Çünki bu körpə başqalarına bənzəmirdi. Bir az nazlı idi. O, mənə, mən ona öyrəşməliydim.

İftixar müəllim: “Mən sizi sıxmayacam, alışana qədər davam edəcəyik”, – dedi. Mən bəzən həvəsdən düşürdüm, o da məni danlayırdı. Elə ən çox da məni danlayırdı. Çünki bu, çətin proses idi. Verilən mizanlar, düşüncələr, öyrəşmədiyimiz qeyri-adi plastik hərəkətlər və oyun tipi asan həll olunmurdu. Hər gün soruşurdu: – Müəllim, nə qədər irəliləyiş var? O qədər az faiz söyləyirdi ki, məyyus olurduq. Ancaq inadımızı və ümidimizi itirmirdik...

Bir gün çox həvəssiz şəkildə məşqə gəldik. Məşqdən sonra İftixar müəllimlə daha bir az “Qeyri-səlis məntiq” nəzəriyyəsi haqqında söhbət etməyi düşünürdük. Amma necə oldusa, məşq elə nəzəriyyənin özüymüş kimi getdi. Biz istəmsizcə, tam doğru şəkildə duyğuyla, hisslə, ruhla oynamağa başladıq – daha doğrusu “Yaşamağa”... Məşqimiz bitdi. İftixar müəllim sevincli şəkildə: “Afərin! Biz hazırıq!”, – dedi.

Bəli, İftixar müəllim hər dəfə bizimlə söhbət edirdi, ruhumuzu qidalandırırdı. Amma ən önəmlisi, o bizə inanırdı, biz də ona... Bax bu İNAM bizi uğura apardı...

Tamaşa haqqında onu demək istəyirəm ki, bu tamaşa, bu əsər təkcə qadın duyğusunun, qadın ruhunun təcəssümü deyil. Bu, həm də, göy üzünün mavi, göyqurşağının al-əlvan, ağacların yaşıl göründüyü kimi, yaranışın mükəmməl oluşudur. Mənim ağım sənin qaran, sənin qaran mənim ağım da ola bilər. Nə sən ağsan, nə mən qırmızı. Biz hamımız ağıq, hamımız qara, hamımız qırmızı. Gündüz ağıq, gecə qara. Günəş qırmızımızdır. Günəşi seviriksə, qırmızımızdan niyə utanaq?

Biz qeyri-səlis məntiqlə insanlara yanlışdakı doğrunu göstərməyə çalışdıq. İftixar müəllim deyirdi: ”0-la 1 arasında rəqəmlər var. Aydınladandan sonra anladım ki, hər kəsin gördüyü ağda həm qara, həm də qırmızı var. Ey insanlar, yalnız ağı görməyin, ağın ruhundakı qaranı və  qırmızını da görün. Görün ki, sevə biləsiz. Sevə bilsəniz, inana biləcəksiniz. İnam ən önəmli duyğudur. Çünki, biz buradan başladıq, burada bitirdik...

Düşünürəm ki, bu tamaşa, bu yeni sistem təkcə İrəvan teatrının uğuru deyil. Bu, həm də ölkəmizin, teatr sənəti tariximizin uğurudur. Hətta mən deyərdim ki, dünyəvi uğurdur!

 

Güney Əliyeva:

Yeni teatr sistemi mənə nə öyrətdi...

 

18 ildir teatr sənətində aktrisa kimi çalışıram. Müxtəlif səpkili rollar oynamışam. Bu mövsümdə mənim üçün böyük maraq kəsb edən, ilk dəfə fərqli bir janrda olan obraz ifa etməyim həyatımda inanılmaz dərəcədə bir dönüş yaratdı. Sevinirəm ki, xeyli müddət üzərində məşqlər apardığımız tamaşanı təhvil verdikdən sonra bir çox şeylərin fərqinə vardım.

Sevinirəm, nə yaxşı ki, mənim həyatımda, sənət təcrübəmdə, səhnə fəaliyyətimdə belə bir əsərin olmağı, yeni teatr sistemilə – “Qeyri-səlis məntiq” nəzəriyyəsi üzərində hazırlanan tamaşada özümü göstərməyim çox xoş oldu. “Qeyri-səlis məntiq” nəzəriyyəsi mənim üçün də bir ilk olduğuna görə fərqli bir abu-hava yaratdı. Bunun üçün sənət dostlarıma, tamaşanın müəllifi İftixar müəllimə sonsuz təşəkkürümü bildirirəm.

Bəlkə də mənim düşüncəmə görə İmir müəllim bu əsəri yazanda, sonunun gəlib belə olacağını ağlına gətirməzdi. Fikrimcə, tam fərqli, bəlkə də dramatik səhnədə Qadının fərqli obrazının olmağını düşünərək yazmışdı; amma sağ olsun İftixar müəllim, uzun sürədən sonra müxtəlif rejissorların əlindən keçən bu əsəri nəhayət ki və nə yaxşı ki, dönə-dönə altını cızaraq deyirəm, İftixar müəllim öz öhdəsinə götürdü ki, mən bunu bir başqa cür səhnələşdirəcəyəm. Və pyeslə mənim tanışlığım, digər aktrisalarımızın tanışlığı, haqqında məlumatımız olmayan bu yeni sistemlə tamaşa hazırlamağımızın fərqində idik. Düzdür, Xədicə iki il idi rolu üzərində işləyirdi, amma onun məşqləri bu janrda olmadığı səbəbindən biz hər üçümüz tamaşanın həyəcanını yaşayırdıq. İlk dəfə əsəri oxuyanda, sonda premyeranı təhvil verəndə, məndə belə abu-hava yaratmağı, bu cür düşünməyi, qadınların fədakarlığı, qadın müdrikliyi aktrisa olaraq mənim üçün bir daha fərqli obrazda açıldı.

Hətta İftixar müəllim mənə Qadın obrazını oynamağı da məsləhər gördü: bəlkə sən oynayasan bunu? – deyə soruşdu, dedim, “yox, haqsızlıq olar. 2 ildir Xədicə bu rolu məşq edir, mən ona haqsızlıq eləmiş olaram. Ona görə mənə məsləhət bildiyiniz Silueti oynamaq daha yaxşı olar”. Demə, onsuz da, məşqlər zamanı İftixar müəllim Qadının bəzi sözlərini mənimlə Pərvin arasında bölüşdürəcəkmiş. Bu da, məzmunu pozmadı, əksinə, daha da yerinə düşən ümumi prinsipə xidmət etdi. Axı, biz üçümüz də bir vəhdətin təcəssümləri idik. 

Bəzən insan bir işi görürsə, elə özümüzdən götürək, beynin başqa, qəlbin bir başqa dediyi fikirlər toplaşır. Bəzən bir qadın, bir insan qəlbinin də, beyninin də, şəhvətinin də, ehtirasının da düşünmədiyi addımları ata bilir. Çünki, mən özüm oynadığım, canlandırdığım Silueti məhz özümdə də gördüm...

Zamanında fərqinə varmadığım hadisələri, vəziyyətləri İftixar müəllim məşqlərdə bizə anladırdı. Göstərirdi ki, doğrudan da bizi idarə edən yeganə varlıq olan hisslərimizdir, qəlbimizdir, ruhumuzdur, beynimizdir. Məhz sadaladığım bu şeylər insan həyatında mühüm əhəmiyyət daşıyır. İradəsizliyi də öz yerində. Sadaladığım bu dörd amil mənə görə daha mühüm, daha qabarıq, daha canlı olan vasitələrdir.

Silueti oynadıqdan sonra özümdə çox şeyləri kəşf elədim: ruhumu, beynimi, qəlbimi, düşüncələrimi – hər birini varlığımda yenidən götür-qoy elədim, onların məni yönləndirdiyinin fərqinə vardım. Silueti oynamamışdan əvvəl oxuduğumuz “Qadın” pyesinin sonda belə olacağını, bu cür yeni istiqamətlər alacağını bilmirdim. Əslində, bu yeni sistem, yeni janr haqqında mənim heç zaman anlayışım yox idi,  standart oynadığımız tamaşalardan fərqli olduğunu düşünə bilmirdim. Amma İftixar müəllim hər birimizə obrazlardakı hərəkətlərimizin, quşların səsi, pişiklərin səsi, səhnədə bir-birimizlə lazer oynamağımızı izahlandırsa belə, bütün bunlar mənə abstrakt təsir aşılayırdı. Nəyin nə olduğunu, hansı anlayışla baş verdiyini duya bilmirdim. Müəllim bizə zatən bunların bir-bir açıqlamasını vermişdi...

Bir gün qərara gəldik ki, məşq etmədən bunların açıqlamasının anlamlarını daha dərin öyrənək ki, mənalar aydın olsun. Pişiklərin miyoldamaları, quşların cəh-cəhləri, musiqilərin ritmi ilə etdiyimiz hərəkətlər, Qadının içindəki təlaşlar, stressləri hiss edərək, özümdən asılı olmayaraq ağlayırdım. Deyirdim ki, Güney, özünə gəl, bunlar bu qədər abartacaq bir şeylər deyil, sən bunu niyə bu qədər üyüdürsən...

Oturub düşünəndə, həqiqətən də bir qadının içində baş verən o hadisələrdə özümü gördüm, özümü tapdım. Bəlkə də ortada bir Kişi yoxdur, bəlkə onların hamısı xəyali bir şeylər idi, amma o anları bir-bir yaşayırdım. Uzun sözün qısası... İftixar müəllimə sonsuz təşəkkürümü bildirirəm. Nə yaxşı ki, bu tamaşaya məhz bizləri seçdi, məhz bizləri görmək istədi. Mən bu tamaşadan çox şeyləri öyrəndim. Aktyor təcrübəmə görə bir çox şeylər üst-üstə gəldi, qatqılar oldu, açıqlamalar oldu və Qadının böyük bir qüvvə olduğunu bir daha kəşf elədim. Allah elə bir qüvvə ilə, güclə qadını yaradıb ki, kişilər istəsə belə təkbaşına uşaq dünyaya gətirə bilməz. Qadınla Kişinin ehtirası, silueti hər zaman fərqlidir. Allah hər kəsə o hissləri, o sevgini fərqli tərzdə verir. İnsanlar onu – kimi yaxşı, kimisi pis – hər kəsdə onun yönümü başqa cürdür. Mənə bu tamaşada bir daha aydın oldu ki, bir daha əmin oldum ki, Allahın yaratdığı bəndələr, xüsusilə qadınlar böyük gücə, böyük enerjiyə, böyük sevgiyə malikdirlər.

Hər birimizin bu tamaşada fərqli-fərqli hissləri göstərən, hissləri daşıyan, enerji ötürən personajları var idi. Hərçənd ki, biz üçümüz də eyni Qadını oynasaq belə, mənə görə fərqli obrazlar idi. Çünki, hamımız bir qadının içində Şəhvəti də başqa cür göstərirdik. Tamaşaya baxan Şəhvətin içində də özünü tapırdı, yəni bir qadının içində baş verənlər fərqli həyat anlarını göstərirdi.

Mənim həyatımda xüsusi yer alacaq uzun illər təsirindən çıxmayacağım, həyatıma xüsusi qatqılar gətirəcək bir tamaşa oldu “Siluet”. Sevindirici haldır ki,  teatr sənətində təcrübə edilən bu ilki – “Qeyri-səlis məntiq” nəzəriyyəsini  məhz bizim teatr reallaşdırdı, səhnələşdirdi. Biz bunu bacardıq.

Əminəm ki, ilklərə imza atan biz olarıq, bizdən sonra bir çox sevilən teatrlarımız var ki, onlar da bundan bəhrələnər, orada çalışan aktyor və aktrisalar bundan fayda taparlar və yeniliklərlə dolu Azərbaycan səhnəmiz olar. 

 

Pərvin Dadaşova:

Qırmızı rəngli tamaşa...

 

Tamaşanın ilkin prosesi idi... Quruluşçu rejissor İftixar Piriyev mənə sual verdi: “Pərvin, səncə, bu tamaşa nə rəngdədir?”, – “Qırmızı”, – deyə cavab verdim...

“Siluet”in premyerasından sonra yaranan təəssüratım isə belə oldu... Qırmızı rəngin içində, əslində, çox rəngin var olması, gizlənməsi... Hətta daha çox qaranın var olması...

Stolarxası məşqlərdə rejissor ideyasının, tamaşanın ali məqsədinin, tamaşaçıya ötürüləcək olan SOS mesajın dəqiq ifadəsindən sonra bu atmosferi hiss edərək, eyforiyaya qapılmışdım... Daha sonra olan əməli prosesdə isə bu eyforiyada pərvazlanan mən, yavaş-yavaş reallıqla üz-üzə dayanmağa başladım...

Biz olduqca ciddi və ağır prosesdə idik... Bəzi günlər olurdu, öhdəsindən gələcəyimə dair əminliyimin yerini tərəddüd alırdı.

Teatra yeni forma, yeni üslub, yeni bir janr gəlirdi... “Qeyri-səlis məntiq” nəzəriyyəsi...

Bu formanı bilmədiyim üçün ilk vaxtlarda mənə qəliz və anlaşılmaz təsir bağışlayırdı. Lakin İftixar müəllimin atmosferi bizə dəqiq ötürməsi, obrazın ana xəttinin dəqiq ifadəsi və o cümlədən “Qeyri-səlis məntiq”in izahı nəticəsində mənim üçün hər şey demək olar ki, aydınlaşdı...

İmir Məmmədlinin “Qadın” pyesi əsasında hazırlanan bu tamaşa əslində insan psixologiyasının təzahürlərinin, paradokslarının ifadəsi idi. Qırmızı rəngin bütün çalarlarını, insan düşüncəsinin bütün təzadlarını, təlatümlərini, çabalarını, savaşlarını ifadə edən bu tamaşada oynadığım obrazımın adı Şəhvət idi...

Şəhvətin mənim üçün təcəssüm etimologiyası belədir: insan ruhundakı qığılcım – hansı ki, hər şeyi başladan, bir mehin əsməsindən dolayı, nəfəs qədər zərif bir şəkildə üfürülən və bütün zəmini alovlara, küllərə qərq edən qığılcım.

Mərhəmət (dünyada baş verən fəlakətlərə, dəhşətlərə, tökülən qanlara rəğmən, hər gün Günəş çıxır, insanlara bu gün də həyatın yenidən başladığını, hələ də ümidin var olduğunu, ölmək üçün də səbəblərin olduğunu, yarandığını) bəyan edir...

Qadının mərhəməti hər dəfə onu bağışlayır, hər şeyin düzələcəyinə ümidlər verir. Sonda, özündən, həyatından vaz keçən Qadın ölümün bir addımlığında, içində olan mərhəmət dolu ümidə sarılır. Bu, onun özünün özünə olan mərhəməti idi...

Həyatda insanın yaşam səbəbi nə olursa olsun, sonda insan bütün ehtimalları bilməlidir. Hər bir insanın başına müəyyən çətinliklər və müxtəlif hadisələr gələ bilər. Əsas olan bu hadisələrdən nəticə çıxarıb, Simurq quşu  kimi küllərindən yenidən doğula bilməkdir. Çünki baş verən hər bir hadisə insanın kamilləşməsində böyük təsirə malikdir.

İnsan psixologiyasının bütün incə çalarlarını sürreal şəkildə təsvir edən mizanlarla hazırlanan bu tamaşa, düşünürəm ki, illər sonra da, uzun müddət öz aktuallığını və orijinallığını qoruyub saxlayacaqdır.

Yaradıcı insan İftixar müəllim başda olmaqla, digər istedadlı sənətçi dostlarımla birlikdə bu maraqlı, eksperimental yola çıxmaq mənim üçün çox xoş idi... İstedadları, inamları, çevrilmələri məni tamaşanın atmosferinə daha çox kökləyirdi...

Xədicə və Güneyin özünəməxsusluğu, fəhmi, obrazlarının təsvirini rejissor tapşırığına əsasən dürüst icra etmələri – bütün bunlar məni hər görüşümüzdə daha çox ruhlandırır və rolumun tamamlanmasına kömək edirdi.

Stanislavskinin nəzəriyyəsinə əsasən  aktyorun səhnədə şüa alıb, şüa ötürmə texnikası Xədicə və Güneyin oyun tərzində də vardı və mənə olduqca yardımçı olurdu. Tamaşanın yaradıcı atmosferinin dəqiq yaranmasının əsas səbəbi tamaşanın quruluşçu rejissoru İftixar müəllimin səhnə əsərinin ideyasını biz aktyorlara doğru şəkildə təqdim edən ifadəsi idi...

Son olaraq əlavə etmək istədiyim qəribə, ecazkar, həm də mistik olan vəziyyətin varlığı oldu. Tamaşamızın rənglərinin çalarları hər gün keçdikcə daha çox artır və davam edir...

Qırmızı rəngin içində olan bu çalarlar deyəsən sonsuza qədər uzanacaqdır... İnsan beynində, insan ruhunda nə qədər hal, vəziyyət, instinkt və düşüncə varsa... Ora qədər... Hətta bildiyimiz və bilmədiyimiz, hələ elmə məlum olmayan psixoloji ruh xəstəliklərinə qədər...

 

Əmrulla Nurullayev:

Yeni janrda  oynadığım Kişi rolunun təfsiri

 

İrəvan Dövlət Azərbaycan Dram Teatrında oynanılan tamaşalar mövzu etibarilə aktual olur, aktyor oyunu tərəfindən tamaşaçıya mükəmməl şəkildə çatdırılır. “Siluet” tamaşasına gəldikdə, Azərbaycan teatr sənətində  hələ belə üslubda, tərzdə, rejissor traktovkasında, aktyor plastikası ilə, işıq-kölgə effektləri, elementləri içərisində, çox sadə dekorasiyalı, zəngin təəssüratlar verən tamaşa oynanılmayıb.

Bu yeni janrı və üslubu “Qeyri-səlis məntiq” nəzəriyyəsini  İrəvan teatrının timsalında ümumən teatr sənətinə İftixar Piriyev gətirdi. Bu hadisə teatrımızın tarixində bir ilk idi. Belə baxanda, bu, bir müəllif tərəfindən, teatrımızda əvvəlki illərdə bir neçə tamaşası oynanılan dramaturq İmir Məmmədlinin “Qadın” monopyesi əsasında səhnələşdirilən əsərdir. Ancaq əsər quruluşçu rejissor tərəfindən tamam başqa tərzdə – tamaşaçıya yeni ruh, yeni fikir, yeni ideya ötürən, tamaşaçıda hadisələrə qeyri-adi tərzdə maraq yarada bilən yönümdə qurulmuşdu. Rejissor işi göz qabağındadır; dəqiq, sərrast qurulan mizanlar seyrçiləri bu tamaşaya səssizcə, diqqətlə baxmağa, hadisələri izləyib düşünməyə səfərbər edir.

Tamaşada Kişi obrazı var, ancaq tamaşaçı onu kölgə kimi görür. O, daim pərdə arxasındadır. Bu obraz əsərdə yoxdur. Rejissor əlavəsidir. Rejissorun qurduğu pərdə arxası kölgə effekti Kişinin silueti ilə çox düzgün tərzdə tamamlanır. Pərdənin arxasında kölgəsi ilə öyünən Kişinin silueti Kişinin nə dərəcədə “güclü” və nə qədər “zəif” olduğunu nümayiş etdirir. Onun yekə qarnı, uzun bığları özündən razı bir erkək obrazını canlandırır. Dövrümüzdə bu tipli “kişilər” az deyil, qadınları aldadıb atan “kişilər”. Qadın hissləri çox incədir, onlar aldananda hətta intihara qədər gedirlər. Amma bizim tamaşada Qadın öz səhvini anlayır, intihar fikrindən çəkinir. Allahı sevir, ona şükür edib, opücük göndərir.

Əsərin sonunda təzimə (poklona) gələn, kölgəsi ilə maraq doğuran və sevilən Kişi tamaşaçılar tərəfindən alqışlarla qarşılanır. Bu da epizodik rolun böyük uğuru, İftixar müəllimin yeni sistemdəki rejissor müvəffəqiyyətidir. Bütün bunlar kollektivimizin daim əzmlə çalışması, repertuara yeni mövzulu pyeslərin daxil olması ilə əlaqədardır.

Uğurlar, İrəvan teatrı! Çox yaşa və yeni sənət əsərləri yarat, tamaşaçı nəfəsi, tamaşaçı alqışı hər zaman müşayiətçin olsun. Yeni teatr mövsümündə görüşənədək, əziz tamaşaçılar!

 

İki sahil.- 2024.- 4 sentyabr, ¹160.- S.7.