Vətənin Zauru
44 günlük Vətən müharibəsində
otuz illik yurd həsrətinə son qoyan cəsur əsgər və
zabitlərimiz canları və qanları bahasına tariximizin
şərəfli səhifələrini yazdılar. Vətənimizin
müstəqilliyi, ərazi bütövlüyü və
suverenliyi uğrunda canını fəda etmiş qəhrəman
şəhidlərimizdən biri də Zaur Dadaşovdur.
Zaur Zümrüd oğlu Dadaşov 1997-ci il dekabrın 5-də Rusiya Federasiyasının Surqut şəhərində anadan olub. 2000-ci ildə ailəsi ilə birlikdə Azərbaycana köçüb. Xaçmaz rayonunun Aşağı oba kəndində yaşayan Zaur orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb və 2017-ci ilin iyul ayında hərbi xidmətdən tərxis olunub.
Əfsanəvi general Polad Həşimov şəhid olandan sonra bütün azərbaycanlılarda olduğu kimi, Zaurun qəlbində də düşmənə çox böyük nifrət hissi baş qaldırır. Həmin hadisələr vaxtı onun komandirlərindən biri – Yaşar Babayev də şəhid olur. Bütün günü öz otağına çəkilib onların şəkillərinə baxan Zaur təskinlik tapa bilmir. Nəticədə yenidən ordu sıralarına qayıtmaq fikrinə düşür. Beləcə o, 2020-ci il sentyabr ayının 9-da müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi “N” saylı hərbi hissədə xidmətə başlayır.
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu əks-hücuma keçir. Zaur bu döyüşlərdə cəbhənin cənub istiqamətində düşmən üzərinə yeriyən həmlə qruplarında yer alır. O, Cəbrayıl və Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşur. Oktyabrın 11-də Füzuli rayonunun Horadiz kəndi uğrunda gedən döyüşlərdə düşmən snayperindən açılan atəş nəticəsində şəhidlik zirvəsinə ucalır.
Belə xoş xəbərlər hələ çox eşidəcəksən
Şəhidlik zirvəsinə ucaldığı döyüşdən əvvəl Zaur atası, Birinci Qarabağ müharibəsi veteranı Zümrüd kişi və anası Qətibə xanımla telefon əlaqəsi saxlayıb. Din əhli olan Zümrüd kişinin sözlərinə görə, o, oğlunun ön cəbhədə olmasını o gün bilib: “Oğlumun ön cəbhədə olmasını anası da bilirdi, kiçik qardaşı Ziya da... Amma onlar Zaurun tapşırığı ilə bunu məndən gizlətmişdilər. Nə isə... Zaur erməni vandallarının şanlı ordumuzun həmlələrinə tab gətirməyərək qaçdıqlarını və artıq neçə-neçə kəndlərimizin düşmən tapdağından azad edildiyini söylədi. O anda sevincdən gözlərim yaşardı. Mən bu sevincin ləzzətini tam yaşamamış Zaur dedi ki, ata, məndən belə xoş xəbərlər hələ çox eşidəcəksən. Oğlum yanılmamışdı. Həmin gündən sonra daha çox xoş xəbərlər eşitdim. Amma o xəbərləri oğlumdan deyil, müxtəlif informasiya kanallarından aldım”.
Şəhidin qardaşı, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Riyaziyyat və informatika fakültəsinin III kurs tələbəsi Ziya bildirdi ki, döyüş bölgəsinə getməyinə bir neçə saat qalmış mənimlə danışdı: “Cəbhəyə getdiyini söyləməklə yanaşı, dönə-dönə tapşırdı ki, bu barədə nə atama, nə də anama məlumat vermə. Sadəcə, onlara təlimlərdə olduğumu deyərsən. Mən də onun dediklərinə əməl etdim. Müharibə günlərində imkan tapanda zəng edirdi, danışırdıq. Növbəti söhbətlərin birində o, şəhidlərdən söz açdı, məkanları cənnət olsun dedi və sözarası inşallah, o cənnət bizə də nəsib olar dedi. Hiss edirdim ki, qardaşım Vətən yolunda şəhid olmağa hazırdır. Şübhəsiz, şəhidlik bir zirvədir, ünvanı əbədiyyətdir. Şəhidlik, Vətənə olan sonsuz sevginin təcəssümüdür. Bu sevgi də ana laylasından, ailədən, məktəbdən başlanır. Bir sözlə, şəhid olmağı özünə şərəf bilən hər kəsin daxilində yüksək vətənpərvərlik, cəsurluq, əqidə olur. Elə buna görə onlar şüurlu şəkildə ölümü göz altına ala bilirlər. Fəxr edirəm ki, mənim belə qardaşım var. Şəhid olmazdan iki gün öncə çəkdirdiyi bir şəklini döyüş yoldaşlarına göstərərək deyib ki, şəhid olsam, bu fotomu məzar daşıma həkk edərsiniz. Qardaşımın telefonu bizə gəlib çatanda artıq məzarı hazır idi. Elə bu səbəbdən qardaşımın bu arzusunu reallaşdıra bilmədik. Həmin fotonu bulaq-kompleksinə həkk etdik. Zaurun ən böyük arzusu torpaqlarımızın azad edilməsi idi. Elə bu yolda da şəhid oldu. Bu gün qardaşımın ruhu şaddır ki, torpaqlarımız erməni vandallarından tam azad edilib”.
O artıq Zümrüd kişi ilə Qətibə ananın deyil, həm də Vətənin oğludur
Bu söhbətlər zamanı hərdən şəhidin anası Qətibə xanım tərəfə boylanıram. Gözlərinə baxmaq olmur Qətibə xanımın. Sanki müharibənin acıları gizlənib gözlərinin dərinliyində. O, bütün bunları büruzə verməməyə çalışır. Şübhəsiz, Qətibə xanıma bu təskinliyi verən adının qarşısına şəhid anası kimi müqəddəs, ali bir titulun əlavə olunmasıdır. Bu fəxri adın ona verilməsinin səbəbkarı oğlu Zaur olub. Daha doğrusu, Zaur şəhidliyi ilə anasına şəhid anası kimi müqəddəs bir ad qoyub gedib. Handan-hana “Bəli, mən şəhid anasıyam, bu adı mənə bəxş edən oğlumla fəxr edirəm. O artıq Zümrüd kişi ilə Qətibə ananın deyil, Vətənin oğludur. Vətənin oğul dediyi kəslə isə qürur duymamaq mümkün deyil. Bu mənada şəhid anası olmaq mənim üçün ən yüksək məqamdır, başucalığıdırdır, şərəfdir” sözləri ilə söhbətə qoşulan Qətibə xanım daha sonra dedi: “Kəndimizdəki bulaq-abidə kompleksi evimizin lap yaxınlığındadır. Hər səhər ora baş çəkir, bütün şəhidlərə Allahdan rəhmət diləyirəm. Hərdən şəhid analarını görəndə “Şəhid anası cənnət bağçası üçün gül yetişdirən müqəddəs varlıqdır” sözləri ilə onlara təskinlik verməyə çalışıram. Zaur bütün varlığı ilə mənə bağlı idi. Hətta müddətdən artıq hərbi xidmətə başlayanda demişdi ki, ilk maaşımdan sənə elə şeylər alacağam ki... Amma ilk maaşını almaq ona qismət olmadı. Hə, bir də yeni aldığı və otağında saxladığı saatı qoluna bağlamaq sevincini yaşamadı Zaurum. Demişdi ki, həmin saatı bəy masasında oturarkən qoluma bağlayacağam. Güman edirəm ki, həmin saat ona sevdiyi qız tərəfindən bağışlanılmışdı. Təəssüf ki, oğlum heç mənə həmin qız barədə bir kəlmə belə demədi ”. Bu son sözlərindən sonra Qətibə xanım göz yaşlarına hakim ola bilmədi.
...Şəhidlər ölməz, unudulmaz! İllər keçsə də, onlar böyük minnətdarlıq duyğusu ilə yad edilirlər. Elə istirahət günlərində Xaçmaz rayonunun Aşağı oba kəndində olarkən, Zaurun və daha 4 şəhidin şərəfinə inşa olunmuş bulaq-abidə kompleksini ziyarət edərkən bu mənzərənin bir daha şahidi olduq. Orada həmsöhbət olduğumuz Aslanoba kənd tam orta məktəbinin müəllimi Fərrux Əskərov bizə məlumat verdi ki, həmin bulaq-abidə kompleksi Zümrüd kişi tərəfindən inşa olunub. Tikinti işlərində kənd camaatı da yaxından iştirak edib.
Şəhidin şəxsi əşyaları isə Zümrüd kişinin evində - Zaurun otağında qorunub saxlanılır. Bura Zaurun ev-muzeyi adlanır. O ki qaldı şəhidin adının əbədiləşdirilməsinə, Aşağı oba kəndindəki küçələrdən birinə, vaxtilə babası Əsəd kişinin çəkdirdiyi yola Zaur Dadaşovun adı verilib.
Qeyd edək ki, Aşağı oba qəbiristanlığında canı qədər sevdiyi torpağa tapşırılan Zaur Dadaşov göstərdiyi şücaətlərə görə Prezident İlham Əliyevin sərəncamlarına əsasən ölümündən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib. Allah rəhmət eləsin!
Qvami Məhəbbətoğlu
İki sahil.- 2024.- 9 yanvar, ¹2.- S.5.