Şuşa: İslam mədəniyyətinin incisi
Qarabağın
tacı sayılan Şuşa böyük Zəfərin sevinc
və təntənəsini yaşayır. Burada başlanan
quruculuq işləri gündən-günə sürətlənir,
genişmiqyaslı layihələr uğurla icra olunur.
İnfrastruktur xarakterli tədbirlər- su, elektrik, istilik və
s. təchizat sahələrində ciddi addımlar
atılır.
Qarabağımızın
tacı, döyünən ürəyi Şuşada bərpa-quruculuq
işləri sürətlə aparılır. Artıq istismara verilmiş Zəfər
yolu həm də şəhidlərimizin qanı ilə
yazılan şanlı tarixin şahididir. Müzəffər
ordumuz məhz həmin yolla Şuşa şəhərinə
daxil olduğundan bu yolun həm də rəmzi mənası, mənəvi
önəmi var. Məhz bu səbəbdən Prezident İlham
Əliyev Şuşaya səfəri zamanı uzunluğu 101.5
km olan bu yolu Zəfər yolu adlandırıb. Artıq
Şuşaya elektrik enerjisinin və suyun verilməsi bərpa
edilib. İndi iki mənbədən Şuşaya su gəlir.
Natəvan bulağı da bərpa edilib. Həmçinin
Şuşanın tarixi abidələrinin bərpasına start
verilib. Vaqifin məqbərəsi artıq bərpa olunub.
Şuşada “Xarıbülbül” oteli istifadəyə
verilib. Şuşanın yaradılmasının 270 illiyi
münasibətilə ölkə
başçısının müvafiq Sərəncamı ilə
2022-ci ilin “Şuşa İli” elan edilməsi
xalqımızın böyük sevincinə səbəb oldu.
Ölkəmizin
başçısı uzun illərdən sonra Cıdır
düzündə “Xarıbülbül” festivalının
keçirilməsi münasibətilə xalqımızı təbrik
edərək bildirmişdi ki, biz bu günü 30 il səbirsizliklə
gözləmişik, 30 il Vətən həsrəti ilə
yaşamışıq. Dövlət başçısı
çıxışında qeyd etmişdi ki, bundan sonra biz
Şuşada əbədi yaşayacağıq.
Şuşanın bərpa edilməsinə artıq
başlanılıb. “Xarıbülbül” festivalı bu qədim
diyarımızda hər il keçiriləcək: “Biz
Şuşanı quracağıq, bərpa edəcəyik, mənfur
düşmən isə Şuşanı
dağıdırdı. İndi siz - burada olan vətəndaşlar,
dostlar gəzəcəksiniz, görəcəksiniz ki,
Şuşa hansı dağıntılara məruz qalıb.
Amma yenə də deyirəm, biz Şuşamızı,
Ağdamımızı, Cəbrayılımızı,
Füzulimizi, Zəngilanımızı, Qubadlımızı,
Laçınımızı, Kəlbəcərimizi qəlbimizdə
yaşatmışdıq. Dağıdılmış məscidləri
biz bərpa edəcəyik, amma o məscidlər işğal
dövründə bizim qəlbimizdə
ucaldılmışdı. İndi isə biz burada,
Cıdır düzündə - hər bir azərbaycanlı
üçün müqəddəs olan yerdə
yığışmışıq və bu musiqi
bayramını, bu birlik bayramını, bu qayıdış
bayramını, bu ləyaqət bayramını qeyd edirik”.
Azərbaycanın
mədəniyyət paytaxtı olan, vaxtilə “Kiçik
Paris”, “Zaqafqaziyanın konservatoriyası” adlandırılan
Şuşa şəhəri bu gün özünün tarixi
günlərini yaşayır. Bu gün azad, abad Şuşa
yerli və beynəlxalq tədbirlərə ev sahibliyi
edir.2023-cü il oktyabrın 31-dən noyabrın 4-dək
Şuşada və Bakıda I Beynəlxalq TÜRKSOY Teatr
Festivalı keçirilməsi bunun əyani təsdiqidir. Festival
Azərbaycan xalqının Ümummilli Lideri Heydər
Əliyevin 100 illik yubileyi və Şuşa şəhərinin
2023-cü il üçün “Türk dünyasının mədəniyyət
paytaxtı” elan edilməsi, Azərbaycan peşəkar milli
teatrının yaradılmasının 150 və TÜRKSOY-un
30 illik yubileyləri münasibətilə gerçəkləşmişdi.
Festival çərçivəsində Şuşada
TÜRKSOY-a üzv ölkələrin dövlət
teatrları rəhbərləri şurasının 9-cu
toplantısı keçirilmişdi. Öz tarixi şöhrətini
bərpa edən Şuşada, eləcə də bütün
Qarabağ və Şərqi Zəngəzurda həyata
keçirilən bərpa-quruculuq işləri festival
iştirakçılarını heyrətləndirmişdi.
Şuşanın qonaqları, həmçinin işğal
dönəmində mədəniyyət abidələrimizə
ermənilər tərəfindən vurulan ziyanın, qədim
artefaktlarımızın saxtalaşdırılmasının
şahidi olmuşdular.
Prezident
İlham Əliyevin 2023-cü il 21 noyabr tarixli Sərəncamı
ilə Şuşa şəhəri “İslam
dünyasının mədəniyyət paytaxtı” elan edilib.
Şuşa şəhərinin 2024-cü il üçün
“İslam dünyasının mədəniyyət paytaxtı”
elan edilməsi ilə bağlı Tədbirlər Planı” təsdiq
edilib. Sənəddə
Şuşada İslam Əməkdaşlığı Təşkilatının
mədəni irsin mühafizəsinə həsr olunmuş beynəlxalq
konfransının keçirilməsi, “İslam
dünyasının itirilməkdə olan qeyri-maddi mədəni
irs nümunələri” mövzusunda dəyirmi masa və sərginin
keçirilməsi, “İslam Əməkdaşlığı
Təşkilatı Ölkələrinin İqtisadiyyatı”
kitabının təqdimat mərasiminin təşkili,
“Şuşa-İslam dünyasının mədəniyyət
paytaxtı 2024” poçt markasının və müvafiq
internet resurslarının təqdimatı, ICESCO-nun “A-Hub
Akselerasiya Proqramı”nın (2023-cü il üzrə)
böyük finalının Azərbaycanda keçirilməsi,
Şuşa şəhərinin 2024-cü il üçün
“İslam dünyasının mədəniyyət paytaxtı”
elan edilməsi ilə bağlı kütləvi idman tədbirlərinin
keçirilməsi, Şuşanın İslam mədəniyyətinə
töhfə vermiş tarixi-dini irsi və şəxsiyyətləri
haqqında müxtəlif dillərdə sənədli filmin
hazırlanması, İslam dünyasının aparıcı
media nümayəndələrinin Şuşaya səfərinin
təşkili, bu il ərzində İslam ölkələrinin
mədəniyyət paytaxtlarının “Şuşa şəbəkəsi”
yaradılması və.s nəzərdə tutulur.
Azərbaycanın
möhtəşəm Zəfəri ilə başa çatan
qırx dörd günlük Vətən müharibəsindən
sonra bu Qələbəmizin ilhamvericisi, təşkilatçısı
olan Prezident İlham Əliyevin rəhbərliyi ilə tarixi
torpaqlarımızda həyata keçirilən
genişmiqyaslı bərpa-quruculuq işlərinin uğurla
reallaşdırılması sayəsində Şuşa ən
qısa zamanda çiçəklənən diyara çevriləcək,
tarixi-dini abidələrimiz yenidən bərpa olunaraq əvvəlki
şöhrətinə qovuşacaq, soydaşlarımız
öz ata-baba yurdlarına qayıdacaqlar. O zaman Vətən
qarşısında öz vəzifəsini layiqincə yerinə
yetirərkən düşmən gülləsinə tuş gələrək
şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın
ruhu da şad olacaq, üçrəngli Bayrağımız bu
cənnətməkan diyarımızda, Azərbaycanın ruhunu
yaşadan Şuşada əbədi dalğalanacaq.
Zahid Rza
İki
sahil.- 2024.- 26
yanvar, ¹15.- S.5.