Moskva və Qars beynəlxalq
müqavilələri
müstəvisində
Naxçıvanın hüquqi statusu
2024-cü il fevralın 9-da çoxəsrlik dövlətçilik tarixində mühüm yer tutan Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 ili tamam olur. Naxçıvan Muxtar Respublikasının yaranması ölkəmizin, eləcə də regionun tarixində son dərəcə mühüm siyasi-hüquqi əhəmiyyət kəsb edir.
Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanmış “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” 30 dekabr 2023-cü il tarixli Sərəncamda deyilir: “Naxçıvan diyarı Azərbaycanın çoxəsrlik zəngin keçmişində layiqli yer tutmuş, ictimai-siyasi və elmi-mədəni həyatında özünəməxsus rol oynamışdır. Naxçıvan şəhəri Azərbaycan Atabəyləri – Eldəgizlər dövlətinin paytaxtı olmuş, İslam sivilizasiyasının mühüm elm, mədəniyyət və sənətkarlıq mərkəzlərindən biri kimi geniş şöhrət tapmışdır. Bünövrəsi Əcəmi Naxçıvani tərəfindən qoyulmuş memarlıq məktəbinin günümüzədək gəlib çatan yadigarları indi də Naxçıvanın görünüşünə xüsusi rəng qatır. Naxçıvan əsrlər boyu yetirdiyi görkəmli şəxsiyyətləri ilə Azərbaycan dövlətçiliyinin, mədəniyyətinin və elminin tərəqqisinə töhfələr vermişdir.”
Dünyanın siyasi xəritəsinə nəzər saldıqda aydın görmək olur ki, Naxçıvanın yerləşdiyi bölgə geosiyasi baxımdan mühüm siyasi-hüquqi dəyərə malikdir. Belə ki, bu tarixi ərazi bütün türk dünyasını bir-birinə bağlayan bir koridordur.
Məlumdur ki, dünya təcrübəsində muxrar qurumlar yaranma əsaslarına görə milli-ərazi və inzibati-ərazi təsnifatlarına bölünür. Naxçıvan Muxtar Respublikası əsas ərazisindən tam təcrid olunmuş “anklav” ərazi kimi geosiyasi səbəblərə görə meydana gəlmişdir. Belə coğrafi-siyasi əlamət tarixi zərurət kimi Naxçıvana muxtar qurum statusunun verilməsini labüd etmişdir. Təbii ki, Naxçıvan Muxtar Respublikasının muxtariyyəti birdən-birə yaranmamışdır. Onun hüquqi əsasları ilə yaranan məsələlər XX əsrin əvvəllərinə gedib çıxır. Həmin dövrdə Rusiya-Türkiyə-Ermənistan münasibətləri, Ermənistanın əsassız torpaq iddiaları belə bir muxtariyyətin yaranmasına həlledici təsir göstərmişdir.
Bu dövrdə imzalanmış iki beynəlxalq müqavilə Naxçıvanın muxtariyyət məsələsinin taleyini həll etmişdir. Bunlardan biri 1921-ci il 16 mart tarixli Moskva, digəri isə 1921-ci il 13 oktyabr tarixli Qars beynəlxalq müqaviləsidir.
İlk olaraq Naxçıvanın muxtar statusu 16 mart 1921-ci ildə Moskva şəhərində imzalanmış RSFSR ilə Türkiyə arasında dostluq və qardaşlıq haqqında Moskva müqaviləsi ilə belə təsbit edilmişdi: “Razılığa gələn hər iki tərəf hazırkı müqavilənin I (C) əlavəsində göstərilən sərhədlərdə Naxçıvan vilayətinin Azərbaycanın himayəsi altında muxtar ərazi təşkil etməsinə razıdırlar, o şərtlə ki, Azərbaycan bu himayə haqqını heç bir zaman üçüncü bir dövlətə güzəştə getməyəcəkdir”. “Naxçıvan ərazisi” adlı I (c) əlavəsində isə bölgənin sərhədləri müəyyənləşdirildi.
Bir qədər sonra, daha dəqiq desək, 1921-ci il oktyabrın 13-də bir tərəfdən Türkiyə Böyük Millət Məclisi hökuməti, digər tərəfdən Rusiya Sovet Fedarativ Sosialist Respublikasının iştirakı ilə Azərbaycan SSR, Ermənistan SSR və Gürcüstan SSR arasında Dostluq haqqında Qars müqaviləsi imzalandı. Bu müqavilə ilə Naxçıvan bölgəsinin statusu və sərhədləri bir daha təsbit edildi. Qars müqaviləsinin 1-ci maddəsində göstərilir ki, razılığa gələn tərəflər ərazi barədə əvvəlki müqavilələrin qüvvəsini itirmiş hesab edirlər. Bu maddə 16 mart 1921-ci ildə Moskvada bağlanmış Türkiyə-Rusiya müqaviləsinə şamil edilmir. Bununla da, Zaqafqaziya respublikaları bir-birinə qarşı ərazi iddiası ilə tələb qaldırmamağı və üçüncü bir ölkəyə də bu imkanı verməməyi öhdəsinə götürmüşlər. Müqavilənin 5-ci maddəsi bilavasitə Naxçıvanın taleyi ilə bağlı idi. Bu maddəyə görə Türkiyə Hökuməti ilə Ermənistan və Azərbaycan Sovet Hökumətləri bu Müqavilənin 3 saylı Əlavəsində göstərilən sərhədlər daxilində Naxçıvan bölgəsinin Azərbaycanın himayəsində muxtar ərazi təşkil etməsinə razıdırlar. Burada yenə də Naxçıvanın Azərbaycanın tərkibində saxlanması və muxtariyyət verilməsi məsələsi təsbit olunmuşdu.
Qars müqaviləsinin III əlavəsi “Naxçıvan ərazisi” başlığı adı altında verilir. Bu əlavədə Ermənistan SSR ilə Naxçıvan MSSR arasındakı sərhəd xəttinin keçdiyi əsas nöqtələr qeyd olunmuşdur.
Qars və Moskva beynəlxalq müqavilələri müddətsiz bağlanmışdır və imzalayan dövlətlərdən hər hansı biri bu müqavilələri təktərəfli qaydada qəti şəkildə ləğv edə bilməzdilər. Çünki “Müqavilələr hüququ haqqında” 1969-cu il tarixli Vyana Konvensiyasının 26-cı maddəsində (“Pacta sunt servanda”) qeyd olunur ki, “qüvvədə olan hər bir müqavilə onun iştrakçıları üçün məcburidir və onlar tərəfindən vicdanla yerinə yetirilməlidir”. Konvensiyanın 27-ci maddəsinə əsasən isə “müqavilənin iştrakçısı öhdəliklərini yerinə yetirməyərkən özünə bəraət qazandırmaq üçün daxili qanunvericiliyə istinad edə bilməz...”.
Moskva və Qars beynəlxalq müqavilələri Naxçıvan diyarının tarixi taleyini, yəni onun Azərbaycan SSR-in tərkibində muxtar respublika kimi qalmaq imkanlarını gerçəkləşdirdi. Bu müqavilələrlə Rusiya, Türkiyə və Cənubi Qafqaz respublikaları Naxçıvana Azərbaycanın tərkibində muxtar qurum kimi tanınan beynəlxalq-hüquqi təminat vermişdir. Bu diyara muxtariyyət statusunun verilməsi ilə Azərbaycan SSR Naxçıvan üzərində yurisdiksiyasından irəli gələn vəzifələri həyata keçirirdi. Lakin təəssüf ki, Naxçıvanın Azərbaycan SSR-in tərkibində muxtar respublika hüququnun qanuni yolla təsbit edilməsi 1924-cü ilin fevralınadək ləngidildi. Həmin il fevralın 9-da isə Azərbaycan SSR MİK-in dekretinə əsasən Naxçıvan muxtar ölkəsi Azərbaycan SSR-in tərkibində Naxçıvan MSSR-ə çevrildi. Bununla da qədim diyarın statusu qəti şəkildə müəyyən edildi. Bu baxımdan Moskva və Qars müqavilələri Azərbaycan üçün böyük siyasi-hüquqi əhəmiyyətə malik idi.
Sovetlər Birliyinin dağılması ərəfəsində yaranmış vəziyyətdən sui-istifadə edən Ermənistanın Azərbaycana qarşı torpaq iddiaları baş qaldıranda Naxçıvan Muxtar Respublikası da çətin sınaqlar qarşısında qaldı. Naxçıvanı Azərbaycanın ərazisi ilə birləşdirən yollar bağlandığından bölgə blokada şəraitində yaşamağa başladı. Azərbaycanın o vaxtkı rəhbərliyinin muxtar respublikanın taleyinə laqeyd münasibəti vəziyyəti daha da çətinləşdirdi. 1990-cı ildə doğma vətəni Naxçıvana gələn Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev bu tarixi qayıdışı ilə ölkəmizin müstəqilliyi və suverenliyinin əbədiliyi üçün misilsiz tarixi xidmətlər göstərdi. Dahi rəhbər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı xalqın gələcəyə ümidini özünə qaytardı. Ulu Öndər Heydər Əliyev Naxçıvan əhalisinin mübarizliyinə və əzmkarlığına arxalanaraq özünün diplomatik peşəkarlığı, müdrikliyi və uzaqgörən siyasəti sayəsində muxtar respublikanı ağır sınaqlardan üzü ağ çıxartdı. Nəticədə 1991-1993-cü illərdə xalqımızın əbədiyaşar xilaskarı Heydər Əliyev çətin və mürəkkəb mərhələlərdən keçən Naxçıvan diyarını Azərbaycanın əzəli və əbədi tərkib hissəsi kimi qoruyub saxlamağı bacardı.
Dahi rəhbər Heydər Əliyevin Naxçıvana rəhbərlik etdiyi dövr, eləcə də Azərbaycan Respublikasının Prezidenti olduğu illər Naxçıvanın muxtariyyət statusunun möhkəmlənməsində xüsusi əhəmiyyətə malikdir. 1990-cı ilin noyabr 17-də Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə keçirilən 12-ci çağırış Naxçıvan MSSR Ali Məclisinin ilk sessiyasında “Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adının dəyişdirilməsi haqqında”, “Naxçıvan Muxtar Respublikasının ali dövlət hakimiyyət orqanları haqqında”, “Naxçıvan Muxtar Respublikasının dövlət rəmzləri haqqında” tarixi qərarlar qəbul olundu.
Hələ 1991-ci il yanvarın 11-də görkəmli dövlət xadimi Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Moskva və Qars müqavilələrinin iştirakçısı olan dövlətləri muxtar respublikanın ərazi bütövlüyünün erməni təcavüzü nəticəsində kobud şəkildə pozulması faktlarına münasibət bildirməyə çağırdı. Eləcə də 1992-ci ilin mart ayında Türkiyə Respublikasının rəhbərliyi ilə görüşərək Moskva və Qars müqavilələrinin prinsipial müddəalarının qüvvədə olduğunu bütün dünyaya bəyan etdi. Cəsarətlə atılmış bu strateji əhəmiyyətli addımlar Naxçıvanın muxtariyyət statusunun beynəlxalq müqavilələrlə müəyyən olunması faktını dünya ictimaiyyətinin diqqətinə bir daha çatdırmaq məqsədi daşıyırdı.
Qeyd etmək lazımdır ki, Moskva və Qars beynəlxalq müqavilələrinin hüquqi əhəmiyyəti son dövrlərdə yenidən gündəmə gətirilmişdir. Belə ki, 2012-ci il oktyabr ayının sonunda Fransanın Strasburq şəhərində Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin 23-cü plenar sessiyasında Naxçıvan Muxtar Respublikasının statusunu, sərhədlərini müəyyən edən 1921-ci ildə imzalanmış Moskva və Qars beynəlxalq müqavilələri Avropa Şurasının sənədlərində hazırda qüvvədə olan hüquqi sənəd kimi qiymətləndirilmişdir.
Göründüyü kimi, Naxçıvanın muxtariyyət statusu bölgənin tarixi taleyində hər zaman mühüm rol oynamışdır. Bu cəhətləri nəzərə alan görkəmli dövlət xadimi, Ümummilli Lider Heydər Əliyev demişdir: “Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir, biz bunu qoruyub saxlamalıyıq. Naxçıvanın muxtariyyəti Naxçıvanın əldən getmiş başqa torpaqlarının qaytarılması üçün ona xidmət edən çox böyük bir amildir. Biz bu amili qoruyub saxlamalıyıq”.
Naxçıvanın muxtariyyət statusunun qorunması və möhkəmləndirilməsi strategiyası dahi rəhbər Heydər Əliyevin düşünülmüş və uzaqgörən siyasətində xüsusi yer tutmuşdur. Bu baxımdan Ulu Öndərin siyasi fəaliyyəti muxtar respublikanı blokadadan çıxarmağa, qonşu dövlətlərlə sosial-iqtisadi və mədəni əlaqələri inkişaf etdirməyə, onun ərazi bütövlüyünü qorumağa yönəlmişdi. Məhz Ümummilli Liderin tarixi xidmətləri nəticəsində Naxçıvanın muxtariyyət statusu müstəqil Azərbaycan Respublikasının Konstitusiyasında və Naxçıvan Muxtar Respublikasının hazırda qüvvədə olan Konstitusiyasında öz əksini tapmışdır. Belə ki, 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyasında Naxçıvan Muxtar Respublikasına Azərbaycanın tərkibində muxtar dövlət statusu verilməsinə dair ayrıca müddəalar nəzərdə tutulmuşdur. Eləcə də 1998-ci il dekabr 29-da qəbul olunan Naxçıvan Muxtar Respublikasının yeni Konstitusiyanın 1-ci maddəsi ilə Naxçıvan muxtar dövləti Azərbaycan Respublikası tərkibində demokratik, hüquqi, dünyəvi muxtar respublika kimi müəyyən edildi.
Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsidir ki, hazırda quruculuq yolunu seçən Naxçıvan Muxtar Respublikası bütün sahələrdə artıq rifaha və tərəqqiyə qovuşmuşdur. Müstəqil ölkəmizin ayrılmaz parçası olan Naxçıvanın zəngin quruculuq səhifələri böyük öndərimizin arzularının reallaşmasından xəbər verir. Bu gün muxtar respublikada qanunun aliliyinə əsaslanan müasir demokratik, hüquqi dövlət quruculuğu, aparılan uğurlu dövlət siyasəti, Naxçıvan Muxtar Respublikasının qonşu dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlığı bütövlükdə Azərbaycan dövlətçiliyinin inkişaf göstəriciləri kimi qəbul olunur. Təsadüfi deyil ki, Heydər Əliyev siyasi kursunun layiqli davamçısı ölkə Prezidenti cənab İlham Əliyev regionların sosial-iqtisadi inkişafında Naxçıvanın xüsusi yeri olduğunu dəfələrlə vurğulamışdır.
Hazırda muxtar respublikamızda həyata keçirilən çoxşaxəli islahatlar muxtar respublikamızda uğurla davam etdirilməkdədir.
Bu il 100 illik yubileyini qeyd edən Naxçıvan muxtariyyəti artıq tərəqqi və inkişafın ən yüksək zirvəsini yaşayır. İnanırıq ki, həyata keçirilən islahatlar müstəvəsində bu il Naxçıvanda hüquqi dövlət quruculuğu daha da genişlənəcək, sosial-iqtisadi sahələrdə inkişaf dinamikası sürətlənəcək, əhalinin rifah halı daha da yaxşılaşacaqdır.
Yunis Xəlilov,
Naxçıvan Dövlət Universitetinin
Hüquq fənləri
kafedrasının baş müəllimi
İki
sahil.- 2024.- 25 yanvar, ¹14.- S.7.