“Artilleriya Allahı”nın
Port-Artur əfsanəsi
Əliağa Şıxlniski-160
XX əsrin əvvəllərindən
etibarən irimiqyaslı
hərbi əməliyyatların
iştirakçısı kimi
general Əliağa Şıxlinski
döyüş meydanlarındakı
şücaətləri və
artilleriya nəzəriyyəsinə
gətirdiyi yenilikləri
ilə hərb tarixinə parlaq səhifələr yazmışdır.
O, Azərbaycan Xalq Cümhuriyyətinin mühüm
dövlət təsisatları
yaradılarkən milli qoşun
hissələrinin təşkilində,
müstəqil ordu quruculuğunda müstəsna
fəaliyyət göstərmiş,
sonrakı dövrlərdə
də hərbi andına sadiq qalaraq ölkənin silahlı qüvvələrinin
formalaşdırılmasına töhfələr vermişdir.
İlham Əliyev,
Azərbaycan Respublikasının
Prezidenti
Hərdən yolum paytaxtın
Yasamal royonundakı Cəfər Cabbarlı küçəsinə düşəndə
köhnə memarlıq
üslublu 14 nömrəli
üçmərtəbəli binanın giriş qapısının sol divarına
vurulmuş xatirə lövhəsinin qarşısında
dayanıb o tərəf
- bu tərəfə addımlayan insanların hərəkətlərinə fikir
verməli oluram.
Ürək ağrısı ilə
qeyd etməliyəm
ki, çoxsaylı müşahidələrim
zamanı bir dəfə də olsun küçə ilə aşağı-yuxarı
“tələsən” insanlardan
bircəciyinin belə
burada ayaq saxlayıb tunc barelyefə, onun altındakı lövhəyə
kiril əlifbası ilə Azərbaycan və rus dillərində
həkk olunmuş “Azərbaycanın görkəmli
hərbi xadimi, rus ordusunun artilleriya
general-leytenantı Əliağa
İsmayıl ağa oğlu Şıxlinski
(1865-1943) bu evdə yaşamışdır” sözlərinə
diqqət yetirməsinin
şahidi olmamışam.
İnsafən yol ötənlərin bəziləri
hərdən bu istiqamətə nəzər
yetirirlər. Ancaq təəssüf ki, barelyefə
yox, açıq qapısı az qala xatirə lövhəsinə dirənən
“Dünya optik” mağazasının vitrinindəki
bol çeşidli eynəklərə. Bəlkə
buradan ötənlər
dünya şöhrətli
sərkərdənin həyat
və fəaliyyətinə
bələd olduqlarına,
xatirə lövhəsindəki
barelyefə dəfələrlə
baxdıqlarına, onun
altında həkk olunmuş qısa avtobioqrafiq məlumatı əvvəllər dönə-dönə
oxuduqlarına görə
hər şey onlar üçün adiləşib?
Görkəmli sərkərdənin anadan anadan olmasının
160 illiyi ərəfəsində
buradakı növbəti
müşahidələrimin biri zamanı maraq mənə güc gəldi. Küçədən ötən
yaşlı, cavan insanlardan bir neçəsinə Əliağa
Şıxlinskinin xatirə
lövhəsini göstərib
onun haqqında nə bildiklərini soruşdum. İyirmiyə
yaxın şəxs arasında apardığım
mini sorğu zamanı
üç nəfər
orta yaşlı istisna olmaqla əksəriyyəti gənclər
olan soydaşlarımızın
məsələyə münasibətləri
nəinki məyusedici,
hətta açıq
söyləmək lazımdır
ki, ürək ağrıdan
idi. Bəziləri sanki ilk dəfə görürmüş kimi
barelyefə diqqətlə
baxdıqdan, bəziləri
isə ötəri nəzər yetirdikdən sonra çiyinlərini çəkərək onun
haqqında heç nə bilmədiklərini açıq-aydın etiraf
edirdilər. Qarşılaşdığım
xoşagəlməz mənzərədən
sonra belə bir qənaətə gəldim ki, çox da uzaq olmayan tarixi
keçmişimizdə Azərbaycan
adlı ulu məmləkəti
dünyada məşhurlaşdıran,
döyüş meydanında
göstərdiyi misilsiz
şücaətləri, dünya
hərb elminə əvəzsiz töhfələri
ilə mənsub olduğu xalqın hərb salnaməsinə heç zaman pozulmayacaq parlaq səhifələr yazan əfsanəvi general Əliağa Şıxlınskinin
nəsillərə nümunə
olan həyat və mübarizə yolunu bir daha
vərəqləməyə ehtiyac var.
Şıxlinski soyadı haradan qaynaqlanıb?
Artilleriya
general-leytenantı Əliağa
Şıxlinski ömrünün
son çağlarında görkəmli
filosof-alim Heydər Hüseynovun təklifi ilə diktə edib yazdırdığı
“Xatirələrim” adlı
memuarında (bu, Azərbaycanın hərb tarixində yeganə memuardır) bu suala dəqiqliyi ilə cavab verir: “Mən 1863-cü ildə martın 3-də (Şıxlinski irsinin tədqiqatçısı, hərbi
jurnalist Şəmistan
Nəzirli memuarda generalın təvəllüd
tarixinin mətbəə
xətası ucbatından
düzgün yazılmadığını
deyir. Onun fikrincə və digər mənbələrin
də təsdiqlədiyi
kimi, Əliağa Şıxlinski 1865-ci il aprelin
23-də doğulmuşdur-red.) Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasının Qazaxlı
kəndində anadan olmuşam. Kiçik bir mülkədar olan atam İsmayıl
ağa Əli Qazax oğlu Şıxlinski əsli
1537-ci ildən başlayan
igid bir nəslə mənsub idi. Bizim ulu babamız Ağdolaq Məmməd ağa Qazax qəzasına Şamxordan (indiki Şəmkirdən -red.) köçüb
gətmişdi. Onun iki oğlu var idi. Böyük oğlu Şıxı çox ağıllı və sakit, kiçiyi Əli Qazax çox igid, amma dəlisov
bir adam idi. Mən Əli
Qazaxın nəslindənəm.
Böyük oğul olan Şıxının övladları sonralar Kür axarından 30 verst yuxarıda, Tiflis yaxınlığında
məskən salaraq burada üç kənd yiyəsi oldular. Bunlara Şıxlı deyə ümumi ad verilmişdi.
Kiçik oğul Əli Qazaxın övladları isə bu vaxta kimi
öz köhnə yerlərində yaşayırlar.
Böyük oğuldan
olan övladlar Şıxızadə familiyasını
aldılar, kiçik oğuldan olan bizim nəsil isə Əli Qazaxoğlu familiyasını
qəbul etdi. Könüllü surətdə
Azərbaycan Rusiyanın
tərkibinə daxil olduqdan sonra bütün yerlilər özlərinə rus familiyasına bənzəyən
familiyalar qəbul etməyə başladıqda
bizim nəslin hər iki qolu
Şıxlinski familiyasını
qəbul etdi.”
“Akademiyanı neyləyir, akademiya onun başıdır”
Memuardan
belə anlaşılır
ki, atası İsmayıl
ağanın məqsədi
ailədə sonuncu,
on birinci uşaq olan Əliağaya Avropa üsulunda təhsil, həm də mütləq hərbi təhsil vermək idi. Bu məqsədlə İsmayıl
ağa onu Tiflisdə böyük nüfuz və hörmət sahibi olan, həyat yoldaşı, görkəmli
Azərbaycsn şairi Molla Vəli Vidadinin nəvəsi Şah Yamən xanımın əmisi oğlu Mirzə Hüseyn Qayıbovun himayəsinə verir. Mirzə Hüseyn Qayıbov 12 yaşlı uşağı o zaman Tiflisdə
məşhurluğu ilə
seçilən gimnaziyaya
qoyur. Burada özünü qeyri-adi istedad sahibi kimi göstərən Əliağa iki illik kursu 7 aya
bitirməyə müvəffəq
olur.
Gənc
Əliağa Tiflisdə
əvvəlcə xüsusi,
sonra isə hərbi gimnaziyanı bitirdikdən sonra
1883-cü ildə Peterburqdakı
(indiki Sankt-Peterburq) Mixaylov Topçuluq Məktəbinə qəbul
olunur. Elə birinci kursdan əlaçı müdavim
kimi müəllim və tələbə heyətinin diqqətini cəlb edir. 1886-cı ildə məktəbi bitirən Şıxlinski təhsildə böyük
müvəffəqiyyətlərinə görə pul mükafatı alır. Atçapma yarışlarında
birincilik qazandığına
görə isə onu qızıl saatla təltif edirlər. Gələcəyin
generalı memuarında
orduda zabit kimi xidmət etməsinin ilk on ili barədə belə yazır: “Mənim bütün xidmətim əvvəldən axıradək
əla qiymətlərlə
keçmişdir. Çatışmayan
cəhətim ancaq bundan ibarət idi ki, mən akademik təhsil almamışdım. Bunun da tamamilə
şəxsi mahiyyətli
bir səbəbi vardı. Gəhgir at kimi irəli atılaraq gəncliyə xas olan bir
təşəxxüslə: “Mən həyatda öz yerimi akademiyasız da tapa bilərəm”
qənaətinə gəlmişdim.
Heç xatirimdən çıxmaz, zabit olaraq xidmətə başlayandan 10 il sonra,
1897-ci ildə 20-ci topçu
briqadasının baş
həkimi, doktor Zelenski mənə belə bir sual
verdi: “Bu cür istedadınız olduğu
halda, niyə siz akademiyaya getmədiniz?” Bunun cavabında
mən “iş belə gətirdi” – dedim. Bu söhbət əsnasında yanımızda
olan general Baumqarten dedi: “Akademiyanı neyləyir, akademiya onun başıdır.” Doktor onunla razılaşmadı
və sözünə
davam edərək dedi: “Buna mənim heç bir şübhəm yoxdur, lakin o bilər ki, vaxtilə bəzi vəzifələr ancaq akademik təhsili olan zabitlərə verilər, onda başa deyil, kağıza baxarlar və o, kənarda qala bilər.” General buna etiraz edərək cavab verdi: “O, heç bir vaxt geridə qalmayacaq, həmişə
qabaqda gedəcəkdir.”
Şübhəsiz, akademik təhsilin
vacibliyini vurğulayan
doktor Zelenskinin sözündə böyük
həqiqət vardı.
Çünki açıq-aşkar
müstəmləkəçilik siyasətinin yeridildiyi, “ikinci növ” xalqların nümayəndələrinin
orduda irəli getməsinə imkan verilmədiyi çar Rusiyasında akademik təhsil almadan gələcəkdə yüksək
vəzifə tutmaq o qədər də inandırıcı görünmürdü.
Lakin hadisələrin sonrakı
gedişi göstərdi
ki, “o həmişə qabaqda
gedəcəkdir” deyən
general Baumqarten daha haqlı imiş.
“Port-Arturda çəkdiyiniz yetər”
Əliağa Şıxlinskinin bir
hərbçi kimi ümumrusiya miqyasında şöhrətlənməsində, sonralar “Rus artilleriyasının
Allahı” mərtəbəsinə
yetişməsində Port-Artur (Lyuy-şun - Çinin Lyaodun yarımadasının
cənub-qərbində donmayan
hərbi-dəniz bazasıdır-red.)
epopeyası müstəsna
rol oynamışdır.
1904-1905-ci illər rus-yapon
müharibəsinin kulminasiya
nöqtəsi sayılan
Port-Arturun müdafiəsində
top artilleriyasının mahir
ustası Ə.Şıxlinskinin
rəhbərlik etdiyi briqadanın göstərdiyi
igidliklər o vaxtlar bütün Rusiyada əfsanəyə dönmüşdü.
Qalanın müdafiəsi
zamanı göstərdiyi
şücaətə görə
6 ordenə layiq görülən, rütbəsi
kapitandan podpolkovnikə
qədər yüksələn
Şıxlinski “Xatirələrim”də fəxrlə
yazır: “...Port-Arturda
hərbi əməliyyat
dayandıqda yaponlar bildirdilər ki, zabitləri
vətənlərinə yalnız
bir şərtlə buraxırlar ki, bundan sonra müharibədə iştirak etməyəcəklərinə
dair dillərindən kağız vermiş olsunlar. Əks təqdirdə, zabitlərin
hamısı əsgər
kimi hərbi əsir elan ediləcəkdir.
İmperator
qalanı qəhrəmancasına
müdafiə etdiyimizə
görə qarnizona təşəkkür edib
zabitlərin qayıtmasına
icazə verdiyini teleqrafla bildirdi. Zabitlərin çoxu dillərindən kağız
verib qayıtdılar.
Bizim briqadanın zabitləri isə bunu özləri üçün təhqir
bildilər. Mən də dilimdən kağız verməyə
razı olmadım.”
` Dilindən iltizam verməyən Ə.Şıxlinski
yapon tibb komissiyası
onu hərbi qulluğa yararsız hesab etməsinə baxmayaraq, Rusiyaya qayıtdıqdan sonra yenidən yaponlarla döyüşmək üçün
Mancuriya müharibəsində
iştirak etmək arzusunda olduğunu bildirir. Lakin topçu müfəttiş, knyaz
Sergey Mixayloviç “Port-Arturda
çəkdiyiniz yetər”
deyərək onun xahişini terinə yetirmir.
“Şıxlinski üçbucağı”,
“Şıxlinski formulu”
və fransız polkovnikin
dedikləri
Yalnız
zabit kimi öz vəzifəsini bitmiş hesab etməyən Şıxlinski
həm də hərb elminin görkəmli alimi idi. 1910-cu ildə Luqa şəhərində
nəşr olunmuş
“Səhra toplarının
cəbhədə işlədilməsi”
adlı sanballı əsəri, hərbi dərsliklərə salınmış
“Şıxlinski üçbucağı”,
“Şıxlinski formulu”,
digər kəşf və ixtiraları ona nəinki Rusiyada, hətta bir çox yaxın-uzaq ölkələrdə
şan-şöhrət qazandırmışdı.
Məhz Ə.Şıxlinski
artilleriya tarixində
ilk dəfə toplardan
gözlə görünməyən
hədəfə atəş
açmaq texnikasını
işləyib hazırlamış
və onların təkmilləşdirilməsinə bir sıra diqqətəlayiq
yeniliklər gətirmişdi.
V.Bertels 1912-ci ildə
Varşavada nəşr
etdirdiyi “Quru qala qoşunları və ağır səhra qoşunlarının
baş artilleriyası
tərəfindən atəş
açılmasında cinahlardan
istifadə edilməsi
haqqında məlumatlar”
kitabında onun elmi fəaliyyətinə yüksək qiymət verərək yazırdı:
“Artilleriya atəşinin
aparılmasında “Şıxlinski
üçbucağı” böyük
rol oynamışdır.
“Şıxlinski üçbucağı”
təkcə rus artilleriyasında deyil, Fransa, İsveçrə,
Norveç və Avstriya artilleriyalarında
da böyük şöhrət
qazanmışdır.” General özü “Xatirələrim”də
bu barədə belə yazır: “Manevrlərdən sonra bizim məktəbdə (o,
1912-ci ildə Çarskoe
Selodakı Artilleriya Zabitləri Məktəbi rəisinin müavini vəzifəsində çalışırdı
-red.) ziyafət verilirdi.
Yemək zamanı fransız polkovniki Varlen mənim yanımda oturmuşdu. Dövlət başçılarının,
rus və fransız xalqlarının,
müttəfiq orduların
sağlığına rəsmi
tostlar deyilirdi. Varlen əyilib qulağıma pıçıldadı:
- Əliağa, sizin sağlığınıza!
Mənim
adımı haradan bildiyinə təəccüb
etdim, çünki
biz birinci dəfə idi ki, görüşürdük.
Adımı haradan bildiyini soruşduqda dedi:
-Fransada sizi yaxşı
tanıyırlar, buraya
gəlib topçu məktəbinə baxıb
gedənlərin hamısı
sizdən danışır.”
Fransalı polkovnikin onu tanıması, əlbəttə,
təəccüblü deyildi.
Çünki Ə.Şıxlinski yeganə
azərbaycanlı hərbçi
idi ki, ilk dəfə Fransanın generallara məxsus fəxri “Legion ordeni” və zabitlərə verilən
“Legion xaçı” ilə
təltif edilmişdi.
Təbii ki, görkəmli
sərkərdənin bu
uğurları vətəndaşı
olduğu çar Rusiyasında da diqqətdən
kənarda qala bilməzdi.
Rus ordusunda görünməmiş
hadisə
Məhz
bütün bunlara görə mahir topçu polkovnik rütbəsi aldıqdan 4
il sonra, yəni 1912-ci
ildə general-mayor hərbi
dərəcəsinə yüksəldi.
Bu, o vaxtkı rus ordusunda görünməmiş
hadisə idi. Qaydaya görə, polkovnik rütbəsində
qalmaq müddəti 10
ildən az ola bilməzdi. Yalnız müstəsna hallarda polkovniklərə 6-8 ildən
sonra general rütbəsi
verilə bilərdi. Birinci Dünya müharibəsinin gedişində
igid azərbaycanlı
general bu yüksək
etimadın ona təsadüfən göstərilmədiyini
öz şücaəti
ilə təsdiq etdi. Şıxlinskinin Birinci Dünya müharibəsində xidmətləri
“I dərəcəli Stanislav”, “I dərəcəli Anna” ordenlərinə
və “Qızıl qılınc” mükafatına
layiq görüldü.
Bu müharibədə bir
sıra hərbi əməliyyatlara uğurla,
son dərəcə yüksək
peşəkarlıqla rəhbərlik
etdiyinə görə
ona Rusiya ordusunda ən ali rütbə-vaxtından
əvvəl general-leytenant
hərbi rütbəsi
verildi. Eyni zamanda, əfsanəvi azərbaycanlı general “Rus artilleriyasının
Allahı” elan edildi.
Bir diqqətəlayiq faktı
da xüsusi vurğulamaq
gərəkdir ki, Rusiya
imperiyasının o vaxtkı
paytaxtı Petroqradın
(indiki Sankt-Peterburq) müdafiəsi zamanı Luqa şəhəri yaxınlığındakı yüksəkliyi
qəhrəmancasına müdafiə
etdiyinə görə
həmin əraziyə
“Şıxlinski təpəsi”
adı verilmişdi və bu gün
də o ərazi əfsanəvi azərbaycanlı
generalın adını
daşımaqdadır.
“Polyak qarışığı
olan erməni”, yoxsa?..
Amma çox təəssüf
ki, totalitar sovet rejimi dövründə Ə.Şıxlinskinin Petroqradın müdafiəsində
göstərdiyi qəhrəmanlıqlar
layiqincə qiymətləndirilməyib.
Həyatının xeyli
hissəsi bu şəhərlə bağlı
olan generalın adına nəinki bir küçə və yaxud meydan
verilməyib, əksinə
bu gün Sankt-Peterburq sakinlərinin böyük əksəriyyəti
hələ də Birinci Dünya müharibəsi dövründə
ata-babalarının xilaskarını
tanımırlar.
Generalın doğma bacısı
qızı Humay xanımın nəvəsi
Maya Şıxlinskaya illər
öncə bizimlə
söhbətində bu
şəhərdə olarkən
rastlaşdığı hadisəni
belə xatırlayırdı:
“1975-ci ildə Leninqrada
kursa göndərilmişdim.
O zaman bizi şəhərdəki
muzeylərlə tanış
edirdilər. Mən hərbi muzeydə olmaq arzumu bildirdim.
Buraya gələndə
azərbaycanlı generallar
Səməd bəy Mehmandarovun və Əliağa Şıxlinskinin
portretlərini dəhlizdə
divara söykənmiş
vəziyyətdə gördüm.
Mənə ən çox təsir edən erməni Baqramyanın portretinin bu iki igid
azərbaycanlı generaldan
əvvəldə qoyulması
idi. Portretlərin bu vəziyyətdə olmasının səbəbini
soruşdum. Muzey bələdçisi Anna adlı
qadın bunun səbəbini təmirlə
əlaqələndirdi. Mən
Əliağa babamın
şəklini ona göstərib sual etdim:
-Siz bilirsiniz bu kimdir?
Onun cavabı indiyədək yadımdan çıxmayıb:
-Da, znayem, on armyanin, polyak smeşınnıy (tərcüməsi: “Bəli,
bilirik. O, polyak qarışığı olan
ermənidir." Görünür,
mayası oğurluqla yoğrulmuş ermənilər
soyadının sonluğundakı
əsasən polyaklara
məxsus olan “ski” şəkilçisinə görə
əfsanəvi azərbaycanlı
generalı tam özününküləşdirməkdən
çəkinərək belə
təqdim etmişlər-red.).
Düzünü deyim
ki, bu cavab məni çox ağrıtdı. Bələdçiyə
səhv etdiklərini başa saldım. Dedim ki, həm Mehmandarov, həm də Şıxlinski azərbaycanlıdırlar. Öz
pasportumu Annaya göstərib qürurla əlavə etdim: Baxın, mən Şıxlinskinin nəvəsiyəm.
Bundan sonra isə əsəbi halda Baqramyanın portretini götürüb
onlardan sonrakı cərgəyə qoydum.”
“Ordu xalqın istinadgahıdır”
1918-ci ilin oktyabrında Qafqaz İslam Ordusunun baş komandanı Nuru Paşanın və Azərbaycan Xalq Cümhuriyyətinin
(AXC) bir sıra dövlət xadimlərinin
iştirakı ilə
Gəncədə praporşiklər
məktəbinin birinci
buraxılışı münasibətilə
keçirilən şənlikdə
əsgərlər qarşısında
çıxış edən
əfsanəvi general müstəqil
dövlətin qurulmasında
və möhkəmlənməsində
milli ordunun rolunu belə dəyərləndirmişdi:
“Azərbaycanlılar birdəfəlik
bilməlidirlər ki, doğma
ordu əsli tənbəlxana deyil və onun mövcudluğu
hər hansı bir azərbaycanlının
maddi rifahını daha da yaxşılaşdırmaq
üçün yaranmayıb.
Ordu xalqın istinadgahıdır - bura xalqın ləyaqətli oğulları gəlməlidir.”
Təəssüf ki, böyük hərbi
strateqin yenicə formalaşmaqda olan Milli Ordunu xalqın istinadgahına çevirmək
niyyəti baş tutmadı. Buna yenicə müstəqilliyinə qovuşmuş
Azərbaycanın Rusiya
tərəfindən bu
dəfə bolşevik
libasında işğalı
imkan vermədi.
Azərbaycanlı generalları bolşevik repressiyasından
kim
və necə xilas etdi?..
AXC-nin süqutundan sonra Azərbaycanda hakimiyyətə silah gücünə yiyələnən
bolşeviklər çar
ordusuna və milli hökumətə xidmət
etmiş generallara, zabitlərə, onların
ailə üzvlərinə
misli görünməmiş
divan tutdular. Onların
əksəriyyəti Nargin
adasında sorğusuz-sualsız
güllələndi. Belə
bir aqibət milli hökumətin hərbi naziri olmuş Səməd bəy Mehmandarovu və onun müavini Əliağa Şıxlinskini
də gözləyirdi.
1920-ci ilin mayında həbs olunan generallar bir müddət qazamatda saxlandıqdan sonra həmin il avqustun 1-də Nəriman Nərimanovun məxfi məktubu ilə birlikdə Moskvaya, Leninin sərəncamına göndərilirlər.
Sonralar hər iki general Moskvadan salamat qayıtmalarına
əmin olmadıqlarını
etiraf etmişdilər.
Lakin hər şey gözlənildiyinin əksinə
olur. Lenin Nərimanovun
məktubunu oxuduqdan sonra onların hər ikisinə Moskvada vəzifə verir. Bəs görəsən, həmin
məktubda nə yazılmışdı:
“Əziz Vladimir İliç
Gəncə üsyanı zamanı
köhnə Azərbaycan
ordusunun bütün zabitləri həbsə alınmışdı. Bu məktubu
Sizə təqdim edən məşhur generallar - Mehmandarov və Şıxlinski də onların içərisində idi. Diqqətli yoxlama nəticəsində məlum
oldu ki, generalların üsyanla əlaqəsi olmamışdır. Lakin mövqeyimiz
sakitləşənə qədər
və ümumi işimizə kömək
məqsədilə biz hər
halda bu qərara gəldik ki, onları qərargahda işləmək üçün
Sizin sərəncamınıza
göndərək, çünki
onlar hərbi mütəxəssislər olmaq
etibarı ilə əvəzsizdirlər. Onlardan
biri Şıxlinski
Nikolay ordusunda “artilleriyanın
Allahı” sayılırdı.
Polşa cəbhəsi
qurtarana qədər qoy onlar Moskvada
işləsinlər, sonra
sizdən xahiş edəcəyəm ki, bizim
əsgəri hissələrimizi
təşkil etmək
üçün onları
buraya göndərəsiniz.
Bu müddətdə onların
qayğısına qalmaq
lazımdır.
Kommunist
salamı ilə N.Nərimanov.”
Kommunist
“ideologiyası”na xidmət
etməsinə baxmayaraq,
təpədən-dırnagadək milli ruha köklənmiş görkəmli siyasi və dövlət xadimi Nəriman Nərimanov azərbaycanlı
generalları quduzlaşmış
bolşeviklərin dəhşətli
repressiyasından bax beləcə xilas edir. 1922-ci ilədək Moskvada çalışan
Ə.Şıxlinski Nərimanovun xahişi ilə Bakıya qayıdır və ömrünün qalan hissəsini Azərbaycanda hərb elminin inkişafına həsr edir.
“O, içki və qumara nifrət edərdi”
Əliağa Şıxlinski harada
xidmət etməsindən
asılı olmayaraq ömrü boyu sözün əsl mənasında Azərbaycanın
layiqli övladı, türk oğlu türk olaraq qalmışdı. Həyatının
1879-cu ildən 1917-ci ilədək
olan dövrünü
yad ölkədə keçirən,
velikorus şovinizminin
tüğyan etdiyi çar ordusunda “Rus artilleriyasının Allahı”
kimi indiyədək heç kimə müyəssər olmayan titula yüksələn
general yüksək hərbi
dairələrdə, başqa
dilin və dinin hökmran olduğu mühitdə yaşayıb-işləməsinə baxmayaraq daim öz milli varlığını
qoruyub saxlamış,
soykökünə sadiq
qalmışdır.
Çoxsaylı rus müəlliflərinin
Əliağa Şıxlinski
ilə bağlı xatirələrində bir cəhət xüsusi vurğulanır. Çar üsul-idarəsinin son illərində
orduda əyyaşlıq,
sərxoşluq, qumarbazlıq
və bu kimi digər pis vərdişlər adi hal almasına
baxmayaraq, belə mənfi keyfiyyətlər
azərbaycanlı generalın
xarakterinə tamamilə
yad idi. 1906-cı ildən
1917-ci ilədək onunla
birlikdə xidmət edən general-mayor, Dövlət
mükafatı laureatı,
hərb elmləri doktoru, professor Yevgeni Barsukov
(o, 1957-ci ildə vəfat
etmişdir) öz xatirələrində həmkarının
bu keyfiyyətlərini
belə xarakterizə edir: “Şəxsi həyatında Əliağa
sonsuz bir məhəbbətlə öz
arvadını sevən
sədaqətli bir ər idi, onun
övladı yox idi, içki və qumara nifrət edərdi... O çox mehriban və qonaqpərvər bir adam idi.
Yoldaşlarını tez-tez
ləzzətli plova qonaq edər, bunu da həmişə özü bişirərdi.”
Bu böyük şəxsiyyətin
ömür-gün yoldaşından
söz düşmüşkən...
İşıqlı yolun, parlaq səadətin ünvanı
“Mənim hər şeyim - həm səadətim, həm də səhhətim onunla getdi”
Deyirlər, Allah-Təala həmişə
öz sevimli bəndələrini sınağa
çəkir. Müasirlərinin
söylədiklərinə görə, övladının
olmamasını Tanrı
qisməti hesab edən Şıxlinski sanki öz taleyi
ilə barışmışdı.
Onun həyatda ən böyük təsəllisi Nigar xanım kimi əsilli, nəcabətli bir həyat yoldaşının olması
idi. 1909-cu il oktyabrın
27-də Mirzə Hüseyn
Qayıbovun qızı
Nigar xanımla ailə həyatı quran Ə.Şıxlinski
sonralar yazırdı:
“Bu dəyişiklik mənim
həyatımı işıqlı
bir yola, parlaq bir səadətə
yönəltdi. Bir yerdə
keçirmiş olduğumuz
22 illik həyatın aydın səmasında bir bulud ləkəsi
belə görünmədi.
Fitrətən istedadlı
olan, yaxşı təhsil görmüş,
mülayim xasiyyətli
Nigar xanım ailə səadəti üçün yaradılmış
bir qadın idi. Mən bu
səadətə tam mənası
ilə layiq oldum.”
Nə edəsən ki, zalım fələk bu səadəti də ona çox gördü. General özü
başına gələn
müsibəti sonralar
belə xatırlayırdı:
“1931-ci il avqustun 15-də Nigar
xanımın ölümü
mənim üçün
ən ağır zərbə oldu. Mənim hər şeyim - həm səadətim, həm də səhhətim onunla getdi.”
Sevimli həyat yoldaşının
vəfatından sonra ömrünün sonrakı
12 ilini Cəfər Cabbarlı küçəsindəki
14 nömrəli binada
tək-tənha yaşayan
keçmiş artilleriya
generalı həyatının
bir anını belə Nigar xanımsız təsəvvür
etmirmiş. O, hər cümə axşamı həyat yoldaşının
köhnə şəhər
qəbiristanlığındakı məzarını ziyarət
edər, vəfatının
ildönümlərində ehsan verərmiş.
“Vəsiyyət. Mən öləndən sonra açmalı”
Tanınmış araşdırmaçı-publisist, hərbi jurnalist Şəmistan Nəzirlinin
“Cümhuriyyət generalları”
kitabında belə bir ürəkağrıdan
epizod var: “1983-cü ildə
Azərbaycan Dövlət
Tarix Muzeyi arxivinin “Şıxlinski fondu”nda araşdırmalar
apararkən ağzı
bağlı bir məktuba rast gəldim. Mavi rəngli zərfin üzərində rus dilində belə yazılmışdı: “Vəsiyyət.
Mən öləndən
sonra açmalı.”
Məktub
əlimdə bir müddət kövrək
hisslərin təsiri altında quruyub qaldım. Gözlərimdə
yaş dumanı, beynimdəsə qarmaqarışıq
sözlər fırlanırdı:
“Açım, açmayım.
Açsam bu müqəddəs kişinin
ruhu məni lənətləməz ki...” Məktubu
o biri üzünə
çevirib yapışdırılmış
tərəfinə dönə-dönə
baxdım. Məktub bağlıdır. 1943-cü il avqustun 18-də Bakıda vəfat edən generalın ölümündən
düz 40 il keçir...
Mənim yəqinimdir
ki, onun hələ oxumadığım vəsiyyətnaməsində
də müdrik sətirlərə rast gələcəm... Ehtiyatla
qələmimin iti ucunu ağzıbağlı
məktuba yaxınlaşdırıram.
40 il qurumuş yapışqan
asanlıqla qopur, içərisindən adi dəftər kağızına
yazılmış 4 vərəq
çıxır. Birincisinin
sərlövhəsi “Ailə
vəsiyyətnaməsi” 30 oktyabr
1933-cü ildə yazılıb.
İkincisi “Əziz Bahadır və Varya” (həmin tarixdə yazılıb), üçüncüsü sərlövhəsizdir,
yalnız “3 yanvar
1938-ci il” tarixi qoyulub.
Dördüncüsü “Son rica” (xahiş) 13 mart
1942-ci ildə yazılıb.”
Sən necə də amansızsanmış, həyat!..
General 30 oktyabr 1933-cü ildə yazdığı “Ailə
vəsiyyətnaməsi”ndə
ölümündən sonra
qalan əmlakını
həyatının kimsəsiz
illərində ona hədsiz qayğı göstərmiş qaynı
Bahadır Qayıbova və onun arvadı
Varvara Qayıbovaya vəsiyyət
edir. “Əziz Bahadır və Varya!” adlanan ikinci vəsiyyətnaməsində
Nigar xanımın vəfatından sonra onu qayğı ilə əhatə etmiş həmin insanlara hədsiz minnətdarlığını bildirir. Generalın üçüncü vəsiyyətnaməsini
ürəkağrısız oxumaq olmur: “Vəsiyyətnamə yazılarkən
mənim bəzi qiymətli şeylərim
var idi ki, onlar Bahadır və Varyanın mənə göstərdikləri qayğı
və mənəvi köməklikdən əlavə
maddi yardımlarını
qismən ödəyə
bilərdi. Lakin mən
gözlənildiyindən də
artıq yaşadım,
satılası nə vardısa hamısını
satıb xərclədim
və bununla da vəsiyyətnaməm öz
mənasını itirmiş
oldu...”
Şəxsən bu sətirlərin
müəllifi olaraq ömrü boyu hərbi andına sadiq qalaraq döyüş
meydanlarında misilsiz
qəhrəmanlıqlar göstərmiş,
dünya hərb elminə böyük töhfələr vermiş,
millətimizin imzasını
imzalar içinə yazdırmış general-leytenant
Ə.Şıxlinskinin
“Son rica (xahiş)”ini oxuyarkən göz yaşlarımı
saxlaya bilmədim və istər-istəməz
dilimdən “Sən necə də amansızsanmış, həyat!”
kəlmələri qopdu:
“1. Əgər mən yataqda qalası xəstə olsam, məni xəstəxanaya göndərin.
2. Əgər xəstəxanada
ölsəm nəşimi
evə yox, xəstəxanadan qəbiristanlığa
aparın.
3. Qəzetdə elan verməyin.
4. Dəfnetmə xərclərinin
az olmasına çalışın. Yorğan
ağına bükülmüş
cəsədi rənglənməmiş,
üstünə kilim salınmış
tabuta qoyun.
5. Heç bir ehsan verməyin, bunu etmək həmişə gərəksizdir,
müasir çətinlikləri
nəzərə alsaq
isə qəbahətdir.
6. Mənə əziz olan Nigar xanım
ilə yanaşı qəbri yastı tava daşı ilə örtüb yazarsınız: “Əliağa
Şıxlinski” - heç
bir tarix lazım deyil.
Əliağa Şıxlinski
Bakı,
13.03.1942-ci il”
Qayıbovlar ailəsinin yandırdığı
ikinci çıraq
və...sonradan peyda olanlar
Həyatının həlledici anlarında
xeyirxah insanların diqqət və qayğısı ilə əhatə olunmaq bəlkə də onun alın yazısı, tale qisməti
imiş. Kiçik yaşlarında şöhrətin
zirvəsinə gedən
yolunda Qayıbovlar ailəsi çıraq yandırmışdı. O vaxtlar
Tiflisdə yaşayan ata Mirzə Hüseyn Qayıbov onu himayəsinə götürmüş, təlim-
tərbiyəsi ilə
məşğul olmuşdu.
Ömrünün son günlərində
taleyin hökmü ilə tək-tənha qalmış qoca Əliağa Şıxlinskiyə
bu dəfə oğul Qayıbov və onun ailəsi
sahib durmuşdu.
Beynimdə uzun müddət
dolaşan və mənə rahatlıq verməyən bir fikri yazmaya bilmirəm.
Ölümündən dərhal
sonra Ə.Şıxlinskinin
yaxın-uzaq qohumları
arasında onun qanuni varisi olmaq
istəyənlər, hətta
bununla bağlı öz aralarında mübarizə aparanlar çox olub. Bəs görəsən Ə.Şıxlinski ömrünün son çağlarında
kimsəsiz qalanda, cüzi təqaüdünü
güc-bəla ilə
alanda, çörək
növbəsində duran
zaman bəzi üzdəniraq
soydaşlarımız erməni
fitvasına uyaraq onun şinelinin ətəyindən tutub “çar generalı”,
“Port-Artur qəhrəmanı” kimi ironik ifadələrlə
məsxərəyə qoyanda
bu “varislər” harada idilər?
Belə
bir böyük şəxsiyyətin varisi
olmaq, əlbəttə,
hər kəsə şöhrət gətirərdi.
Amma təbii ki, Şıxlinski
soyadını (hətta
bəzilərinin onun qanuni varisi olmaq
üçün əvvəllər
daşıdıqları soyadları
dəyişib “Şıxlinski”ni
seçmələri haqqında
kifayət qədər
faktlar var) daşımaq
heç də əfsanəvi generalın
əsl varisi olmaq üçün kifayət edə bilməz.
Bəs əfsanəvi generalın
əsl varisləri kimlərdir?..
Birmənalı demək olar ki,
Əliağa Şıxlınskinin
əsl varisləri 30
il erməni işğal
altında olan torpaqlarımızı 44 günlük
İkinci Qarabağ müharibəsində Müzəffər
Ali Baş Komandan
İlham Əliyevin misilsiz
sərkərdəlik qabiliyyəti
sayəsində azad edən rəşadətli
Azərbaycan Ordusu, çağdaş dünyanın
hərb tarixinə parlaq səhifələr yazan, gecə-gündüz
addım-addım, sürünə-sürünə,
sinəsini dağa-daşa
sürtə-sürtə, əl-ayaqlarında
daşlar yaralar aça-aça, dibi görünməyən sıldırım
qayaları qarış-qarış
dırmaşıb Vətən
savaşının kulminasiya
nöqtəsi sayılan
alınmaz qalamız Şuşaya gəlib çıxan, burada əlbəyaxa döyüşlərdə
yüngül silahlarla
qarşısındakı topla,
tankla, artilleriya ilə silahlanmış Ermənistan ordusunu ağır məğlubiyyətə
uğradan bizim qəhrəman əsgər
və zabitlərimizdir!
Əfsanəvi generalın
əsl varisləri tarixi Zəfərimizdən
üç il sonra-2023-cü ilin sentyabrında yenə də Müzəffər Sərkərdə,
Prezident İlham Əliyevin
Liderliyi ilə birgünlük lokal
antiterror tədbirləri nəticəsində
heç bir mülki şəxsin və obyektin , necə deyərlər,
burnunu belə qanatmadan 35 il ərzində
Azərbaycan xalqına
və dövlətinə
meydan oxuyan Xankəndidəki terrorçu-separatçı
xuntanı məhv edib onun “liderciklərini”
əlləri qandallı
vəziyyətdə Bakıya
gətirən rəşadətli
Silahlı Qüvvələrimizdir!
Ümumilikdə general Şıxlinskinin
əsl varisi ərazi bütövlüyü
və suverenliyi tam təmin edilmiş bugünkü qalib Azərbaycan xalqıdır!
Başqa heç kim!..
P.S. XX əsrin
əvvəllərində əfsanəvi
azərbaycanlı generalın
döyüş meydanlarında
qəhrəmanlıqları, hərb elmində inqilab sayılan “Şıxlinski
üçbucağı”, “Şıxlinski
formulu”, digər bənzərsiz kəşfləri
və əsərləri
o zaman aparıcı ölkələrin
hərbi dərsliklərinə
daxil edlərək öyrənilirdi. XXI əsrin
əvvəllərində isə
onun xələfi olan rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində tətbiq
etdiyi hərbi strategiya, xüsusilə bütün dünyanı
heyrətləndirən unikal
“Şuşa əməliyyatı”
Yer kürəsində
bir nömrəli orduya sahib olan ABŞ-ın və digər NATO ölkələrinin
hərbi dərsliklərinə
salınaraq mənimsənilməkdədir.
Bax, budur əsl varislik! Bax, budur nəsillərin
bir-birinə qırılmaz
tellərlə bağlılığı!..
Əhməd Qurbanoğlu
İki sahil.- 2025.- 5 aprel, №55.- S.6.