Seyid Əzim Şirvani:
Böyük şair, görkəmli maarif xadimi
Prezident İlham Əliyev aprelin 4-də Azərbaycan
klassik ədəbiyyatının
görkəmli nümayəndəsi,
qüdrətli şair
və böyük maarif xadimi Seyid
Əzim Şirvaninin anadan olmasının 190 illiyinin qeyd olunması ilə bağlı Sərəncam
imzalayıb.
Sənəddə qeyd olunur ki, Seyid Əzim Şirvani yaradıcılığı boyu həm Şərq poeziyasının çoxəsrlik ənənələrini yüksək sənətkarlıqla davam etdirib, həm də mühüm ictimai-siyasi dəyişikliklərin baş verdiyi bir şəraitdə Azərbaycan ədəbiyyatının yeni maarifçilik ideyaları ilə zənginləşməsində əhəmiyyətli rol oynayıb. Parlaq lirikasında mənəvi gözəlliyi tərənnüm edən şair, eyni zamanda, realist satiralarında dövrün aktual məsələlərinə kəskin münasibət bildirib, didaktik əsərlərində isə humanizm ideyalarını təbliğ edib. Onun xalqa xidmət naminə öz maarifçi düşüncələrini gerçəkləşdirmək arzusu ilə ana dilində açdığı yeni üsullu məktəb Azərbaycan təhsili tarixində dərin iz qoyub.
Seyid Əzim Şirvani 1835-ci il iyulun 10-da Şamaxıda Qalabzar məhəlləsində ruhani ailəsində anadan olub. 7 yaşında ikən atası Seyid Məhəmməd vəfat etdiyi üçün anası ilə birlikdə Dağıstanda yaşayan babası Molla Hüseynin yanına köçərək 10 il orada yaşamış, ilk təhsilini də Dağıstanda almışdır. 1855-ci ildə 18 yaşında ikən Şamaxıya qayıtmış və ömrünün sonunadək burada yaşayıb ədəbi və elmi-pedoqoji fəaliyyət göstərmişdir. Yəni, həm özü məktəb açaraq dərs demiş, həm Şamaxı Ruhani məclisinin nəzdində Səid Əfəndi Ünsizadənin açdığı “Məclis” məktəbində əvvəl müəllim, S.Ünsizadə Tiflisə köçdükdən sonra ona rəhbərlik etmişdir. 1877-ci ildən isə eyni zamanda Şamaxı şəhər məktəbinə şəriət və ana dili müəllimi təyin olunmuşdur. Pedoqoji fəaliyyəti zamanı əldə etdiyi təcrübəyə əsasən iltisav məktəb şagirdləri üçün dərslik yazmış, lakin onun nəşri üçün göstərdiyi bütün cəhdlər puça çıxmışdır. Seyid Əzimin bu dərsliyinin nəşr edilməsinə o zamankı Çar hökuməti idarələri icazə verməmişlər.
Seyid Əzim Şirvani yaradıcılığının ikinci mərhələsi maarifçi və tənqidi-satirik şeirləri ilə başlayır və artıq həmin zamandan etibarən onun yaradıcılığında realizm üstünlük təşkil edir. Onun realist şeir yaradıcılığı sahəsinə keçməsində “Əkinçi” qəzetinin mühüm rolu olmuşdur. Çünki məhz “Əkinçi”nin təsiri ilə şair günün bir çox zəruri məsələləri ilə maraqlanır və yaradıcılığında yeni mövzulara keçir, müasir həyatın tələblərinə uyğun şeirlər yazır, Azərbaycanın ilk mətbu orqanında nəşr etdirir. Maarifçi şair üçün “Əkinçi” xalqa müraciət yeri idi. O, xalqı qəflət və cəhalət yuxusundan oyanmağa çağırır, Həsən bəy Zərdabinin xeyirxah, maarifçi təşəbbüslərini alqışlayır, onu bilikli bir müəllim və xeyirxah bir insan kimi qiymətləndirirdi. O, “Əkinçi”də çap etdirdiyi şeirləri ilə müasirlərini bu qəzeti oxumağa, ona kömək etməyə çağırırdı:
Bəs “Əkinçi” cəlalımızdır bizim,
Nasehi xoşməqalımızdır bizim.
Səy edək, ey guruhi-niksifat,
Etməsin ta bizim “Əkinçi”
vəfat.
XIX əsrdə Azərbaycanın
maarifçilik sahəsindəki
görüşlərinin formalaşmasında
S.Ə.Şirvaninin böyük rolu olub. Yaradıcılığı
boyu xalqının savadlanması, maariflənməsi
uğrunda mübarizə
aparıb. Maarifçilik
fəlsəfəsi şairin
əsas şuarı idi. Seyid Əzim
maarifçilik ideyalarını
həyata keçirmək
məqsədi ilə
1869-cu ildə Şamaxıda
yeni tədris üsullu
(üsuli-cədid) bir
məktəb açaraq
pedaqoji fəaliyyətini
davam etdirir. Köhnə mollaxanalardan və məhəllə məktəblərindən fərqli
olaraq XIX əsrin sonlarından yaranmağa başlayan üsuli-cədid
məktəblərində dərslər
ana dilində keçilir,
tədris planına ümumtəhsil xarakterli fənlər, dünyəvi
biliklər daxil edilirdi. Mirzə Ələkbər Sabir, Sultan Məcid
Qənizadə kimi məşhur ədiblərimiz
ilk təhsillərini o dövrün
din xadimlərinin həqarətlə
“kafir məktəbi” adlandırdıqları
Seyid Əzimin həmin üsuli-cədid məktəbində almışlar.
Azərbaycan məktəb
tarixində ilk nümunəvi
anadilli məktəb sayılan bu təhsil ocağı təxminən 14 il fəaliyyət
göstərmiş, mürtəce
ruhanilərin təzyiqi,
ağır maddi vəziyyət nəticəsində
1887-ci ildə bağlanmışdır.
Seyid Əzim Şirvaninin ictimai mahiyyət daşıyan satiraları
onun ümumi yaradıcılığında müstəsna mövqe tutur. Onu öz
dövrünün böyük
realist şairi kimi tanıdan “Yerdəkilərin
göyə şikayət
etmələri”, “Dəli
şeytan”, “Məkri-zənan”,
“Bəlx qazisi və xarrat”, “Müctəhidin təhsildən
qayıtması”, “Elmsiz
alim”, “Alim oğul ilə
avam ata”, “Qafqaz müsəlmanlarına
xitab” və s. satiralarıdır. Zəngin
ədəbi yaradıcılığa
malik olan Seyid Əzim Şirvaninin bədii irsi biri Azərbaycanca, digəri isə farsca iki böyük
külliyyatdan ibarətdir.
Azərbaycanca bədii
irsinin əsasını
qəzəl janrı təşkil edir.
Öz zəngin yaradıcılığı
ilə Azərbaycan ədəbiyyatı tarixinə
qızıl səhifələr
yazan, cəmi 53 il ömür sürən Seyid Əzim Şirvani 1888-ci il iyun ayının 1-də Şamaxıda
vəfat edib. Vəsiyyətinə əsasən
doğma Şamaxıdakı
“Şah Xəndan” qəbiristanlığında dəfn
olunub.
Zahid Rza
İki sahil.- 2025.- 9 aprel, №57.- S.4.