Ustad pedaqoq və aşıq
poeziyasının nadir bilicisi
79 il
şərəfli ömür sürmüş və Azərbaycan
mədəniyyət tarixində dərin iz qoymuş Elxan Məmmədli
1999-cu ildən AMEA Folklor İnstitutunun Aşıq
yaradıcılığı şöbəsinin müdiri vəzifəsində
çalışıb.
İnsanlara
xoş ünsiyyət yaratmaq, zamanın ruhunu duymaq, öz
alovlu və təsiredici nitqi ilə yüzlərlə, hətta
minlərlə insanın məhəbbətini qazanmaq, əxlaqi,
etik, mədəni keyfiyyətləri ilə ətrafda cərəyan
edən ictimai proseslərin nəbzini tutmaq Elxan Məmmədlini
geniş miqyasda kamil insan səviyyəsinə gətirib
çıxarmışdır. Kamil insanın daxili aləminə
girib onun ürəyindəki duyğuları və təfəkküründəki
fikirləri qələmə alıb yazmaq, çox mürəkkəb
proses sayılır. Lakin buna baxmayaraq, mən həmin prosesə
qatılmağı özüm üçün vətəndaşlıq
borcu hesab etdim. Çünki Elxan Məmmədli Azərbaycanın
mədəniyyət, ədəbiyyat tarixində elə dərin
iz buraxıbdır ki, onun dövrü fəaliyyətini
kölgədə qoyub yan ötmək ən azı Azərbaycan
aşıq ədəbiyyatına maraq göstərilməməsi
sayıla bilər. Bu sahədə Elxan Məmmədli çox
böyük işlər görmüş və aşıq sənətinin
mühüm nümunələrini kitab şəkilində, qəzet
səhifələrində, internet saytlarında dərc
etdirmiş və 40 il bu sənəti televiziya ekranlarında təbliğatını
həyata keçirmişdir. Məlumdur ki, o, 1969-2009-cu illər
ərzində Azərbaycan radio və televiziyasında “Bulaq”,
“Ustadnamə”, “Sazın-sözün sehrində”, “Gözəlləmə”
və “Sarıtel” verilişlərinin müəllifi və
aparıcısı olub. Məhz ekran vasitəsilə Elxan Məmmədli
neçə-neçə aşıq ustadlarını,
şairləri xalqımıza tanıtdırıbdır.
Araşdırma
işinin nə dərəcədə ağır olması bir
tədqiqatçı kimi mənə bəllidir. Çoxillik
tarixi stajı olan müxtəlif dillərdə
yazılmış ədəbiyyat nümunələrini
oxuyaraq, zərgər dəqiqliyi ilə təhlil etmək, bir
neçə ölkədə yerləşən arxiv idarələrində
mühüm sənədlər əldə etmək
üçün saatlarla vaxt itirmək, tanınmayan
aşıq ustadlarını tanıtdırmaq, onların
şeir nümunələrini antalogiya şəkilində
çap etdirmək, araşdırmaçının bu həyatda
əsas missiyası sayılır. Elə Elxan Məmmədli də
həyatının böyük bir hissəsini bu şərəfli
missiyaya həsr edibdir. Zəngin aşıq sənətinin,
onun müxtəlif regional məktəblərə məxsus
nümayəndələrinin bioqrafiyasının,
yaradıcılıqlarının tədqiqində Elxan Məmmədlinin
xüsusi xidmətləri vardır. O, çoxəsrlik
yaşı olan zəngin aşıq sənətinin, bu sənətin
geniş arealda təşəkkül tapmış müxtəlif
regional məktəblərə məxsus nümayəndələrinin
bioqrafiyasının, yaradıcılıqlarının tədqiqində
böyük işlər görübdir. Azərbaycan şeir sənətinin
zəngin qollarından birini təşkil edən aşıq
poeziyasının poetika məsələlərinin tədqiqində
o məhsuldar tədqiqatçı kimi tanınıbdır.
1998-ci ildə
“Azərbaycan aşıq yaradıcılığında təcnis”
mövzusunda namizədlik dissertasiyasını müdafiə
edib. O, 2 monoqrafiya (“Təcnis sənətkarlığı” və
“Şair Nəbi Borçalı: həyatı, mühiti, sənəti”),
10-dan çox toplama-tərtib kitabını nəşr
etdirib, 30-dan çox kitabın redaktoru, rəyçisi olub.
Yaradıcı
adam – hisslər, alim – zəka, səhifələri
saralmış, yazıları korlanmış köhnə əlyazmaları
üzə çıxartmaq – iradədir və bütün bu
keyfiyyətlər Elxan Məmmədliyə xas idi. Lakin adi
adamlardan fərqli olaraq onda son dərəcə güclü
olan həmin keyfiyyətlər onun şəxsiyyətində əsas
aparıcı qüvvə kimi mənliyinin mahiyyətini təşkil
etmişdi. Bütün bu keyfiyyətlərin qüvvə kimi
Elxan Məmmədlidə ifadə olunmasına, təcəssümünə
və gerçəkləşməsinə Allah-Təala
yardımçı olubdur. Aşıq poeziyasının mahir
bilicisi və alim kimi keyfiyyətlərin Elxan Məmmədlinin
xarakterində səmərəli tərzdə
uzlaşdırılması ona inkişafın birtərəfliyini,
məhdudluğunu aradan qaldırmağa imkan vermişdi.
Elxan Məmmədli
olduqca sadə, mədəni, vacib diskussiyalarda iştirak
etmiş bir alim olubdr. O, daim öz biliklərini aşıq sənətində
yetişən gələcəyin mütəxəssislərinə
aşılamağa çalışmışdı. Elxan Məmmədlinin
təcrübəli pedaqoq, peşəkar tədqiqatçı
kimi yetişməsində nəsil şəcərəsi rol
oynayıbdır. Ziyalı genetik kodu onu xasiyyətinin keyfiyyətinə,
şəxsiyyətinə böyük təsir göstəribdir.
Elxan Məmmədli
xasiyyət etibarilə ifrat altruist sayılır və onun bu
nadir xasiyyəti övladlarına, övladlarından isə nəvələrinə
keçibdir. Onun nəslinin bir çox nümayəndələrinin
öz şəxsi mənafelərini unudub,
başqalarının qeydinə qalmalarına, öz
maraqlarını isə bütövlükdə cəmiyyətin
mənafeyinə tabe etdikləri bir çoxlarına
agahdır. Elxan Məmmədli istər məişətdə,
istərsə də öz iş yerində olanda ətrafda olan
insanların qayğılı problemlərinə biganə qala
bilmirdi. Sadəcə olaraq o, bütün bunlara göz yuma bilmədiyindən
özünü dağa-daşa vurmuş və çətin
alınan işləri yoluna qoyandan sonra rahat nəfəs
alardı. Məhz bu kübar xasiyyətinə görə həmkarları
onu humanist insan kimi tanıyırdılar.
İnsanlarla
səmimi olmağa üstünlük verən Elxan Məmmədli
kiminlə olursa-olsun söhbət edərkən, həmin adama
elə ilk baxışdan çox gözəl təsir
bağışlayardı. Fransız yazıçısı və
tənqidçisi Marsel Sesironun – “dahi insanlarda xüsusi cazibədarlıq
olduğu üçün insanlar elə ilk baxışdan
onları sevməyə başlayırlar” ifadəsi, sanki
bütünlüklə Elxan Məmmədlinin adına
ünvanlanmışdır. Çünki onda cəzbetmə
qüvvəsi geniş diapazonda cərəyan etmişdi.
Elxan Məmmədlini
elmi-ədəbi, ictimai-fəlsəfi yaradıcılığı
ilə Azərbaycan aşıq poeziyasının bütün
regionlarda, o cümlədən qonşu ölkələrdə
tanıtdılmasında yorulmaz araşdırmaçılardan
biri hesab etsək, heç də yanılmarıq.
Beləliklə,
Elxan Məmmədli öz tədqiqatlarında, hər şeydən
əvvəl, təfəkkürdən, dəqiq məntiqi
qanunlar əsasında fəaliyyət göstərən zəkadan
çıxış etmişdir. Məlumdur ki, kamil insan,
yazıçı, şair və alim kimi dünyanı
yalnız izah etmir, onu həm də dəyişdirir, yenidən
yaradır, təbiət aləmini, bəşər
dünyasını – cəmiyyəti, insanların
şüurunu, təfəkkürünü kökündən
dəyişdirir. Həm yaradıcı, həm də alim olan
Elxan Məmmədli bu iki üsuldan istifadə edib, ətrafda
olan insanların müsbət dərəcədə dəyişməsinə
böyük təsir göstərmişdi. Əhatəsində
olanlar ondan öyrənir, ondan məsləhət alır,
onunla hesablaşırdılar.
Aşıq
yaradıcılığının görkəmli tədqiqatçısı
Elxan Hüseynqulu oğlu Məmmədli 1 yanvar 1946-cı ildə
Borçalı mahalının Faxralı kəndində anadan
olub. Maraqlı bir bioqrafik tarixçədir: Miladi təqvimi ilə
Yeni ildə doğulur, regionumuzda və Orta Asiyada Novruz adı ilə
tanınaraq Yeni il il kimi keçirilən martın 21-də
dünyasını dəyişir. Bunda bir məna var.
1971-ci ildə
Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət
Universiteti) Filologiya fakültəsini bitirib. Əmək fəaliyyətinə
fəhləlikdən başlayan Elxan Məmmədli bir müddət
pedaqoji fəaliyyətlə məşğul olduqdan sonra
Pedaqoji Elmlər İnstitutunda elmi işçi (1976-1979)
işləyib və 1979-cu ildən etibarən müsabiqə
yolu ilə Nizami adına Ədəbiyyat İnstitutunun Folklor
şöbəsinə kiçik elmi işçi vəzifəsinə
təyin edilib. 1994-cü ilə kimi Ədəbiyyat
İnstitutunun Folklor şöbəsində
çalışan Elxan Məmmədli həmin ildən
böyük elmi işçi kimi Folklor Elmi-Mədəni Mərkəzində
əmək fəaliyyətini davam etdirib.
Elxan Məmmədlinin
bir pedaqoq kimi həyat amalı tələbələrə
övlad münasibəti bəsləməklə
yanaşı, dərin əsaslı bilik verməkdən ibarət
idi. O, dərslərini tələbələrə
böyük məharətlə, həvəslə, peşəkarcasına,
aludəliklə tədris edirdi. Mənəvi yetkinliyi, daxildən
gələn böyüklüyü, halallığı, saleh əməlləri,
alicənab davranışı onu qısa bir müddət ərzində
müdrikləşdirmiş və Nizami adına Ədəbiyyat
İnstitutunun Folklor Elmi-Mədəni Mərkəzində fəaliyyət
göstərən bütün əməkdaşların
gözündə ağsaqqallıq zirvəsinə
qaldırmışdı.
Elxan Məmmədli
peşəkar pedaqoq kimi milli kadrların yetişdirilməsində
fədakarlıq göstərmişdir. O, treninqlər
keçdiyi zaman cavan mütəxəssislərin elmi
hazırlıqlarının təşkili prosesi
üçün xüsusi elmi konsepsiya hazırlamış və
həmin konsepsiya ilə həmkarlarını da tanış
etmişdir. Tədrisə başlayarkən dərs mövzudan
elə bir istiqamət götürürdü ki,
qarşıdakı adamın beyni yorulmasın, zehni
korlanmasın, tez maarifləndirməyə həvəs
oyatsın. Sonra başqa istiqamət götürərək,
fantaziya ilə əqli qanunların bir-birinə kömək
etməsinə, qondarma və toqquşdurmalara yol verilməməsinə,
həm zəkanın düzgün zövqə gəlməsinə,
həm də lazımlı həqiqətlər dərk edilməsinə
rəvac verərdi. Bundan sonra Elxan Məmmədli obyektiv
varlıqların təliminə, onların mahiyyət və
xüsusiyyətlərinin təhlilinə başlayardı.
İnsan psixologiyasına yaxından bələd olan fəlsəfə
doktoru ilk növbədə hissi kateqoriyalardan başlayıb,
sonra maddi varlıqların əsaslarını öyrətməklə
həmin bəhsə yekun vurardı. Cavan mütəxəssis
hansı mövzunu öyrənmək və
folklorşünaslıqda ixtisas sahibi olmaq istəyirdisə, nəzərdə
tutulan mövzu ilə əlaqəsi olan bütün elmlərlə,
sənətlərlə tanış olmağa həvəs
göstərməsində Elxan Məmmədli öz tövsiyələrini
verərdi. Bütün bunlarla yanaşı, ömrünü
elmə həsr etmək qərarına gələn tələbələr
ədəbi və humanitar elmlərdən, həm də
başqa əlaqədar fənlərdən baş
çıxarmalı, imkan olduqda, yerdə qalanları öyrənməkdən
də imtina etməməli idi; çünki bilik öyrənməkdə
laqeydlik ən çirkin və ən təhlükəli
xüsusiyyətdir.
Görkəmli
alim bu konsepsiyanı təkcə rəhbərlik etdiyi Mərkəzdə
yox, həm də orta məktəbdə təhsil alan
övladlarının tədrisinə tətbiq edir və
sonradan əlavə etməli olurdu: “Yuxarıda sadalanan prinsiplə
fəaliyyətə başlayarkən böyük diqqət, səbr,
əmək, iradə və ardıcıllıq tələb
olunur. Burada özünü aqil insan hesab edib, bir çox
şeyləri öyrənməmiş, o birisini başlamaq olmaz.
Hər fənnin öyrənilməsində fitri istedadı
inkişaf etdirən, səhhətə zərər verməyən,
zehni itilədən, zəkanı parıldadan, hafizəni
genişləndirən, zövqü artıran üsullardan
istifadə olunmalıdır”. Bütün bu təlimlərə
ciddi riayət edən Elxan Məmmədlinin övladları
maariflənmə sahəsində böyüklərinin
ümidlərini doğruldaraq, orta məktəb illərində
özlərini ali təhsil ocağının tələbəsi
kimi göstərmişdilər.
Bu
günlərdə Elxan Məmmədlinin yetirmələri, tələbələri,
aspirantlar, professorlar onun xatirəsini yalnız xoş sözlərlə
yad edir və ən ağır vəziyyətlərdə,
çətin məqamlarda yaxın insanların köməyinə
necə gəldiyini xüsusilə vurğulayırlar. Mədəniyyət,
ədəbiyyat, pedaqoqika sahəsində göstərdiyi xidmətlərinə
görə o, bir çox mükafatlara layiq
görülmüşdür. 2008-ci ildə “Əməkdar mədəniyyət
işçisi” fəxri adı almışdır.
Ölməz
sənətkarın haqqında “Elxan Məmmədli – 60” və
70 illiyi münasibəti ilə “Elxan ömrü – saz
ömrü” kitabları tərtib edilib. Onun elmi və elmi-təşkilati
fəaliyyəti yüksək qiymətləndirilib.
Ramiz Dəniz,
yazıçı-tədqiqatçı,
publisist
İki
sahil.- 2025.- 11 aprel, №59.- S.7.