Ən ülvi,
ümumbəşəri
və ali dəyərlər
məcmusu
“Konstitusiya
və Suverenlik İli”nin işığında
Azərbaycan
Xalq Cümhuriyyətinin mövcud olduğu 1918-1920-ci illərdə
dövlətin Əsas Qanunu qəbul edilə bilmədiyindən,
Azərbaycan Respublikasının Konstitusiya quruluşunun tarixi əsasən
SSRİ-nin tərkibində olduğu dövrə
düşür.
Azərbaycan
müstəqilliyini bərpa etdikdən sonra yeni
Konstitusiyanın hazırlanması zərurəti
yaranmışdı. Azərbaycan Respublikası Milli Məclisinin
1995-ci il 2 may tarixli 1048 saylı qərarı və Ulu Öndər
Heydər Əliyevin sədrliyi ilə yeni Konstitusiya layihəsini
hazırlayan Komissiyanın 34 nəfər üzvdən ibarət
tərkibi təsdiq olundu. Bu Konstitusiya Komissiyasının tərkibinə
qanunvericilik, icra və məhkəmə hakimiyyəti
orqanlarının nümayəndələri ilə
yanaşı, tanınmış ictimai-siyasi və elm xadimləri,
görkəmli hüquqşünaslar, tarixçilər,
dilçilər daxil edilmişdi. Ümummilli Lider Heydər
Əliyev Konstitusiya Komissiyasının fəaliyyəti
zamanı Əsas Qanunun layihəsinə dair öz dəyərli
tövsiyələrini vermiş, Konstitusiyanın müddəalarını
şəxsən nəzərdən keçirmiş, bu ali sənədin
layihəsinin açıq müzakirələrini təşkil
etməklə onun ən yetkin formada qəbul edilməsini təmin
etmək üçün gərgin əmək sərf
etmişdir.
1995-ci il
iyunun 5-də yeni Konstitusiya layihəsini hazırlayan
Komissiyanın ilk iclası keçirilmişdir. Həmin iclasda
geniş nitq ilə çıxış edən Ulu Öndər
Heydər Əliyev dövlətimizin konstitusiya quruculuğu
tarixinə geniş şəkildə toxunmuş və qeyd
etmişdir ki, müstəqil dövlətimizin ilk Konstitusiya
layihəsinin hazırlanması tarixi nöqteyi-nəzərdən
olduqca böyük və mühüm bir hadisədir. Həmin
çıxışında Ümummilli Lider bildirmişdir:
“Biz elə bir layihə hazırlamalı və nəhayət,
elə bir Konstitusiya qəbul etməliyik ki, o müstəqil Azərbaycan
Respublikasının demokratik prinsiplər əsasında uzun
müddət sabit yaşamasını təmin edən Əsas
Qanun, tarixi sənəd olsun. Ona görə də mən dedim
ki, üzərimizə düşən vəzifə həm
şərəflidir, həm də çox məsuliyyətlidir”.
Eyni
zamanda, həmin çıxışında Ulu Öndər
Heydər Əliyev qəbul ediləcək yeni Konstitusiyanın
məqsədləri, qaynaqları və mahiyyətinə
aydınlıq gətirərək ölkə Konstitusiyası
barədə belə söyləmişdir: “Konstitusiya birinci
növbədə dövlətlə, hakimiyyətlə
xalqın arasında olan münasibətləri özündə
əks etdirməlidir. Hakimiyyət bölgüsü, ali icra,
qanunvericilik, məhkəmə hakimiyyətləri - bunlar
hamısı xalqın iradəsinə söykənməli,
seçkilər yolu ilə təmin olunmalıdır”.
Konstitusiya
layihəsini hazırlayan Komissiyanın 1995-ci il oktyabrın 3-də
keçirilən iclasında Komissiyanın sədri Heydər
Əliyev demişdir: “Bizim yeni konstitusiyamız, şübhəsiz
ki, birinci növbədə Azərbaycan Respublikasının
dövlət müstəqilliyini, bu müstəqilliyin əbədi
olduğunu və dövlət müstəqilliyini qoruyub
saxlamaq, yaşatmaq üçün bütün prinsipləri əks
etdirməlidir. Yeni konstitusiyamız demokratik prinsipləri
özündə əks etdirməlidir. Yəni dünya
demokratiyasının əldə etdiyi bütün nailiyyətlərdən,
demokratiya sahəsində inkişaf etmiş dövlətlərin
konstitusiya təcrübəsindən istifadə etməli və
Azərbaycan Respublikasının özünəməxsus tarixi,
milli ənənələrini əks etdirən prinsipləri
özündə cəmləşdirməlidir”.
Ulu
Öndər Heydər Əliyevin
çıxışlarında qeyd edilən bu vacib konseptual məqamlar
mahiyyət etibarilə hüquqi dövlət quruculuğu
prosesində ilkin təməl rolunu oynadı.
Müstəqil
Azərbaycan Respublikasının ilk Konstitusiyası preambula, 5
bölmə, 12 fəsil, 158 maddə və keçid müddəalarından
ibarət olmaqla 12 noyabr 1995-ci il tarixdə ümumxalq səsverməsi
- referendum yolu ilə qəbul edilmiş, 1995-ci il noyabrın
27-də isə qüvvəyə minmişdir.
Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin 28
dekabr 2024-cü il tarixli Sərəncamı ilə 2025-ci il Azərbaycan
Respublikasında “Konstitusiya və Suverenlik İli” elan edilib. Məhz
bu il 1995-ci il noyabrın 12-də qəbul olunmuş müstəqil
Azərbaycan Respublikasının Əsas Qanunu olan ilk
Konstitusiyasının qəbul edilməsinin 30 illiyi və
2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatlarına
cavab olaraq başlanmış Vətən müharibəsində
tarixi Zəfərin 5-ci ildönümüdür.
Bu Sərəncam
dövlətçilik tariximizin daha da dərindən öyrənilməsi
baxımından xüsusi əhəmiyyət
daşıyır. Dövlət başçısı cənab
İlham Əliyev tərəfindən imzalanan Sərəncam
ölkəmizin keçmişi, bu günü və gələcəyi
üçün xüsusi məna ifadə edərək,
hüquqi dövlətçilik və suverenlik dəyərlərinin
yeni qlobal çağırışlar əsasında
formalaşdırılması üçün bir fürsət
kimi dəyərləndirilə bilər.
“Konstitusiya
və Suverenlik İli” dövlətin hüquqi əsaslarının
möhkəmləndirilməsi, dövlət suverenliyinin daha da
gücləndirilməsi məqsədi daşıyır.
İstənilən xalq üçün müstəqil, suveren
dövlətini yaratmaq və onu inkişaf etdirmək ən
böyük nailiyyətdir. Ərazi, əhali və siyasi
hakimiyyət kimi əsas atributları özündə ehtiva edən
hər hansı siyasi varlığın dövlət olması
üçün suverenlik, müstəqillik xüsusiyyətinə
malik olması vacib şərtdir. Suverenlik istənilən
dövlətin mövcudluğunun və davamlı
inkişafının ilkin və əsas şərti qismində
çıxış edir.
Məlum
olduğu kimi, ötən əsrin 80-ci illərinin
sonlarından başlayaraq Ermənistanın hərbi təcavüzü
ilə üzləşən ölkəmiz 90-cı illərin əvvəllərindən
beynəlxalq ictimaiyyət tərəfindən tanınan ərazilərinin
20 %-nin işğal edilməsi ilə
qarşı-qarşıya qaldı. Həmin illərdə Ermənistanda
və işğal olunmuş torpaqlarımızda azərbaycanlılara
qarşı etnik təmizləmə aparılmış,
insanlıq əleyhinə və hərbi cinayətlər
törədilmiş, təbii resurslar talan edilmiş, şəhər
və kəndlərimiz viran edilmişdir. Lakin bu ərazilər
otuz ilə yaxın müddət ərzində işğal
altında qalsa da, hər zaman suveren Azərbaycan əraziləri
olaraq tanınırdı.
Bu
dövrdə Azərbaycanın daxilində cərəyan edən
mürəkkəb proseslər, vətəndaş
qarşıdurmasının güclənməsi, anarxiya
mühitinin dərinləşməsi, ən əsası isə
ölkənin müstəqilliyi üçün təhdidlərin
meydana çıxması onu göstərdi ki, ölkəni
yaranmış ağır vəziyyətdən yalnız Ulu
Öndər Heydər Əliyev kimi güclü, prinsipial və
iradəli lider xilas edə bilər. Xalqın təkidli tələbi
ilə yenidən hakimiyyətə qayıdan Ümummilli Lider
Heydər Əliyev Azərbaycanın fəlakətlərlə
üz-üzə qaldığı bir dövrdə
xalqımızın tarixinə milli dövlətçiliyin
xilaskarı kimi daxil oldu.
Xalqımız
və dövlətimiz üçün belə bir ağır
zamanda Ulu Öndər Heydər Əliyev doğma Azərbaycanı
xilas etmək naminə misilsiz fədakarlıq göstərmiş,
ölkəmizi ictimai-siyasi pərakəndəlik və
anarxiyadan xilas etmişdir. Bununla da ictimai və siyasi həyatın
bir çox sahələrində müşahidə olunan dərin
tənəzzülün qarşısı alınmış,
dövlətin dayanıqlı və davamlı inkişaf yolu
müəyyən edilmişdir.
Ulu
Öndər Heydər Əliyev tərəfindən həyata
keçirilən müdrik və uzaqgörən siyasət nəticəsində
milli dövlətçilik ideyası realizə olundu,
müasir müstəqil Azərbaycan dövləti möhkəmləndi.
Dövlətimiz dahi liderinin rəhbərliyi altında tamamilə
yeni inkişaf mərhələsinə qədəm qoydu.
Dövlət və cəmiyyət həyatının bir
çox sahələrini əhatə edən irimiqyaslı
islahatların həyata keçirilməsinə
başlandı. Ümummilli Lider Heydər Əliyev ölkə
daxilində siyasi sabitliyin təmin edilməsi, sosial-iqtisadi
quruculuq sahəsində prioritetlərin müəyyənləşdirilməsi,
kompleks xarakterli islahatların həyata keçirilməsinə
əsas yaradan qanunvericilik bazasının yenidən
hazırlanması və digər bir sıra mühüm vəzifələrin
öhdəsindən məharətlə gəldi.
Qeyd edilməlidir
ki, istənilən dövlətin mövcudluğu və
inkişafı dövlət hakimiyyətinin təşkilinə
dair əsas konstitusiya prinsiplərinin mövcudluğu ilə
şərtlənir. Belə ki, hər bir hüquqi dövlətin
konstitusiyası bu təməl prinsipləri müəyyən
edərək, insan hüquqları və
azadlıqlarının müdafiəsi, hakimiyyətlərin
bölgüsü və digər bir sıra mühüm
hüquqi başlanğıcları özündə ehtiva
edir.
1990-cı
illərin əvvəllərində SSRİ-dən miras
qalmış hüquq sistemi və qanunvericilik bazası
hüquqi dövlət quruculuğuna, qanunun aliliyinin təmin
olunmasına, insan hüquq və azadlıqlarının səmərəli
şəkildə müdafiəsinə lazımi təminat
vermirdi. Bu nöqteyi-nəzərdən Azərbaycanda dövlət
müstəqilliyi bərpa edildikdən sonra hüquqi dövlət
quruculuğu ilə bağlı zəruri tədbirlərin həyata
keçirilməsi və ilk növbədə ölkənin
yeni Konstitusiyasının qəbul edilməsi artıq mütləq
idi. 1991-ci il oktyabrın 18-də qəbul edilmiş “Azərbaycan
Respublikasının dövlət müstəqilliyi
haqqında” Konstitusiya Aktında yeni Konstitusiyanın
hazırlanması nəzərdə tutulsa da, 1991–1993-cü illərdə
mövcud olan xaos və ziddiyyətli proseslər, siyasi
qeyri-sabitlik, eyni zamanda, vahid siyasi iradənin olmaması,
dövlət müstəqilliyi üçün təhdidlərin
mövcud olması bu mühüm vəzifənin həyata keçirilməsini
qeyri-mümkün etmişdi. Yalnız Ümummilli Lider Heydər
Əliyevin hakimiyyətə qayıdışından sonra
Konstitusiyanın qəbulu mümkün oldu.
Konstitusiyanın
qəbul edilməsinin milli dövlətçilik tarixində
müstəsna əhəmiyyəti nəzərə
alınaraq Ulu Öndər Heydər Əliyev tərəfindən
imzalanan 1996-cı il 1 noyabr tarixli Fərmana əsasən hər
il noyabrın 12-si ölkəmizdə Konstitusiya Günü
kimi qeyd edilməyə başlandı.
1995-ci ildə
ölkənin Əsas Qanununun qəbul edilməsi müstəqillik
tariximizin ən mühüm hadisələrindən biri olaraq,
milli dövlətçiliyimizin daha da möhkəmləndirilməsi
baxımından çox mühüm ictimai-siyasi hadisə idi.
Yeni Konstitusiyanın qəbulu, eyni zamanda, ölkəmizin
inkişafının tamamilə yeni mərhələyə qədəm
qoymasının göstəricisi olmaqla, müstəqillik illərində
əldə olunan nailiyyətlərin hüquqi əsası
qismində çıxış edir.
Azərbaycan
Respublikasında ən yüksək və birbaşa hüquqi
qüvvəyə malik olan Konstitusiya qanunvericilik sisteminin əsasında
durur, eyni zamanda, ölkədə hüquqi və siyasi
sabitliyin təminatı qismində çıxış edir. Həmçinin
dövlət suverenliyinin əsas təminatçısı
olmaqla, Konstitusiya normaları ictimai münasibətlərin
inkişafında müəyyənlik amili qismində
çıxış edir. Ölkə Konstitusiyası dövlət
quruluşunun əsaslarını, hakimiyyətlərin
bölünməsi prinsipini, hakimiyyət orqanlarının təşkili,
səlahiyyətləri və fəaliyyət
qaydalarını, şəxsiyyət, cəmiyyət və
dövlət arasındakı münasibətlərin hüquqi
çərçivələrini müəyyən edir, insan
hüquqları və azadlıqlarının müdafiəsi və
təminatı ilə bağlı mexanizmləri tənzim edir.
Əsas
Qanunun Preambulasında Azərbaycan dövlətinin müstəqilliyini,
suverenliyini və ərazi bütövlüyünü qorumaq,
Konstitusiya çərçivəsində demokratik quruluşa
təminat vermək, vətəndaş cəmiyyətinin bərqərar
edilməsinə nail olmaq, xalqın iradəsinin ifadəsi kimi,
qanunların aliliyini təmin edən hüquqi, dünyəvi
dövlət qurmaq, ədalətli iqtisadi və sosial qaydalara
uyğun olaraq, hamının layiqli həyat səviyyəsini təmin
etmək, ümumbəşəri dəyərlərə sadiq
olaraq, bütün dünya xalqları ilə dostluq, sülh və
əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə
qarşılıqlı fəaliyyət göstərmək
kimi ülvi niyyətlər bəyan edilmişdir. Bu ülvi
niyyətlər ümumilikdə Konstitusiyanın mütərəqqi
dəyərlərini əks etdirir.
1995-ci il
Konstitusiyası bir sıra təməl
başlanğıcları özündə ehtiva edir: dövlət
hakimiyyət orqanlarının demokratik qaydada
formalaşdırılması; insan şəxsiyyətinə və
ləyaqətinə hörmət; insan hüquqlarının səmərəli
müdafiəsi mexanizmlərinin mövcudluğu; sosial ədalətə
nail olmaq; ümumbəşəri dəyərlərə
sadiqlik və digərləri.
Əsas
Qanun konstitusiya quruluşunun ən mühüm
başlanğıcı kimi xalq hakimiyyətini bəyan edir, Azərbaycan
Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi
kimi Azərbaycan xalqını elan edir, sərbəst və
müstəqil öz müqəddəratını həll etmək
və öz idarəetmə formasını müəyyən
etməyi Azərbaycan xalqının suveren hüququ kimi təsbit
edir. Həmçinin Əsas Qanun Azərbaycan dövlətini
demokratik, hüquqi, dünyəvi, unitar respublika elan edir, Azərbaycan
Respublikasında dövlət hakimiyyətinin daxili məsələlərdə
yalnız hüquqla, xarici məsələlərdə isə
yalnız Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq müqavilələrdən
irəli gələn müddəalarla məhdudlaşdığını
bəyan edir.
Konstitusiyada
sosial-iqtisadi, ictimai-siyasi sistemlərin əsasını təşkil
edir, insan və vətəndaş hüquq və azadlıqlarına
əsaslı təminat yaradır. Konstitusiyada insan və vətəndaş
hüquqlarının və azadlıqlarının, Azərbaycan
Respublikasının vətəndaşlarına layiqli həyat
səviyyəsinin təmin edilməsinin dövlətin ali məqsədi
olaraq müəyyən edilməsi, Konstitusiyada təsbit edilmiş
insan və vətəndaş hüquqlarını və
azadlıqlarını gözləmək və
qorumağın qanunvericilik, icra və məhkəmə
hakimiyyəti orqanlarının vəzifəsi olmasının
nəzərdə tutulması vacib əhəmiyyət kəsb
edir. Bu, insana, onun hüquqları və azadlıqlarına
dövlət tərəfindən verilən dəyərin bariz
göstəricisidir.
Xüsusilə
vurğulanmalıdır ki, Əsas Qanunda insan və vətəndaş
hüquq və azadlıqları, onların
reallaşdırılmasının ümumi mexanizmləri
olduqca geniş şəkildə öz əksini tapıb.
Konstitusiyada bu hüquq və azadlıqlar xüsusi imtiyaz olaraq
deyil, məhz hər kəsin doğulduğu andan malik
olduğu toxunulmaz, pozulmaz və ayrılmaz ali dəyərlər
kimi ifadə edilir.
İnsan
hüquqlarına etibarlı və davamlı təminat yaradan
Konstitusiyanın ən böyük fəslində hüquqi
dövlətdə təmin edilməsi zəruri olan hüquq və
azadlıqlar, onların həyata keçirilməsi mexanizmləri,
habelə ayrı-ayrı hüquqların beynəlxalq
standartlara müvafiq olaraq, qanuni məhdudlaşdırılmasının
yol verilən hədləri nəzərdə tutulmuşdur.
Məlum
olduğu kimi, konstitusiyaların hüquqi əlamətlərindən
biri onların stabilliyidir. Konstitusiyanın stabilliyi ölkədə
qanunçuluğun, dövlət hakimiyyətinin təşkili
və həyata keçirilməsinin, şəxs, dövlət
və cəmiyyət arasındakı münasibətlərin əsas
şərtlərindən biridir. Konstitusiya uzunmüddətli fəaliyyət
üçün nəzərdə tutulan normativ-hüquqi
aktdır. Bununla belə, konstitusiyaların qəbulu zamanı
onların tənzimetmə predmetini təşkil edən ictimai
münasibətlər və bu münasibətlərin tərkib
hissəsi olan hüquqi, siyasi, sosial və iqtisadi vəziyyət
dəyişir, cəmiyyət elmin və texnologiyaların
inkişafı baxımından keyfiyyətcə yeni dövrə
qədəm qoyur.
Bu cür
zərurətdən irəli gələrək 24 avqust 2002-ci
ildə Konstitusiyanın 22 maddəsinə ümumilikdə 31,
18 mart 2009-cu ildə keçirilən referendumla Azərbaycan
Respublikası Konstitusiyasının 29 maddəsinə
ümumilikdə 41 əlavə və dəyişiklik, 26
sentyabr 2016-cı ildə keçirilmiş referendumla
Konstitusiyanın 23 maddəsinə əlavə və düzəlişlər,
habelə yeni 6 maddə əlavə edilmişdir.
Dövrün
çağırışlarını özündə ehtiva
edən bu islahatlar hüquqi dövlət dəyərlərinin
daha da möhkəmləndirilməsi, insan hüquq və
azadlıqlarının etibarlı və səmərəli
müdafiəsi məqsədlərinə xidmət edib.
İlk dəfə
2002-ci ildə konstitusiya dəyişikliklərinə yaranan
ehtiyac bir çox sahələrdə nəzərə
çarpan sürətli inkişafdan irəli gəlirdi.
Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü
ilə keçirilən referendumun nəticəsi kimi
Konstitusiyaya dövrün obyektiv reallıqlarından irəli gələn
bir sıra mütərəqqi əlavə və dəyişikliklər
edilib. Əsas Qanunun mətninə 2002-ci il 24 avqust tarixli
referendumla edilmiş əlavə və dəyişikliklər
ölkənin hüquq sisteminin təkmilləşdirilməsinə
xidmət etmiş, eyni zamanda, bu ali sənədin mühüm əhəmiyyətə
malik yeni müddəalarla zənginləşməsi ilə nəticələnmişdir.
2002-ci ildən
keçən yeddi il ərzində cəmiyyət həyatının
bir çox sahələrində əldə edilən yeni
nailiyyətlər, sosial-iqtisadi islahatların dərinləşməsi,
vətəndaş cəmiyyəti institutlarının
inkişafı, beynəlxalq inteqrasiyanın genişlənməsi
və digər bir sıra mühüm yeniliklər Konstitusiyada
da bir sıra əlavə və dəyişikliklərin edilməsi
məsələsini gündəmə gətirdi. 2009-cu il
martın 18-də keçirilən ümumxalq səsverməsi
nəticəsində edilən əlavə və dəyişikliklər
mahiyyətcə Əsas Konstitusiyanın daha da təkmilləşməsinə,
xüsusilə insan hüquq və azadlıqları ilə
bağlı əhəmiyyətli müddəaların Əsas
Qanunda daha dolğun şəkildə ehtiva edilməsinə
xidmət edib.
2009-cu il
18 mart referendumundan ötən illər ərzində ölkə
iqtisadiyyatının dinamik inkişafı və digər bir
sıra vacib amillər ölkənin siyasi idarəetmə
sisteminin daha da müasirləşdirilməsini, həmçinin
vətəndaşların hüquqlarının və
azadlıqlarının daha səmərəli şəkildə
müdafiə olunmasını, bunlar isə öz növbəsində
konstitusiya islahatlarının həyata keçirilməsini
şərtləndirmişdir. Bununla da 2016-cı il
sentyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin təşəbbüsü ilə
keçirilmiş ümumxalq səsverməsi - referendum yolu ilə
Əsas Qanuna mühüm əlavələr və dəyişikliklər
edilmişdir.
Ölkə
Konstitusiyasına edilmiş bu əlavə və dəyişikliklər
hüquqi dövlət prinsip və dəyərlərinin bərqərar
olmasının, insan hüquq və azadlıqlarının
müdafiəsi və təminatına ən yüksək səviyyədə
göstərilən diqqətin bariz təzahürüdür.
Müstəqil
Azərbaycan Respublikasının mövcud olması və ərazi
bütövlüyünün bərpa edilməsi, suverenliyinin
bərqərar olması Ulu Öndər Heydər Əliyev
dühasının və onun siyasi kursunun layiqli
davamçısı Müzəffər Ali Baş Komandan
İlham Əliyevin apardığı uzaqgörən,
uğurlu siyasətin nəticəsində mümkün
olmuşdur. Min illər keçəcək, Azərbaycan
xalqı qəlbində daim Heydər Əliyev və İlham
Əliyev şəxsiyyətlərini sevgi ilə
yaşadacaqdır.
Babək
Paşayev,
Goranboy
rayon prokurorunun
müavini,
ədliyyə müşaviri
İki
sahil.- 2025.- 12 aprel, №60.- S.5.