Kinomuzun Mustafası
Xalq artisti Hacı İsmayılov: Mən ruhən
Mustafa, cismən Hacı İsmayılovam
Hacı İsmayılov… O, “Ad günü”, “Həm
ziyarət, həm ticarət” filmlərindəki Mustafa müəllim
kimi də tanınır. Daha
doğrusu, Mustafa müəllim artıq neçə ildir onun
adının sinoniminə çevrilib. Milyonların
yaddaşına bu adla həkk olunmuş Hacı müəllimə
söhbət zamanı hərdən “Mustafa müəllim” deyərək
müraciət etməyim də bundan qaynaqlanırdı. Beləliklə,
müsahibimiz Azərbaycan Teatr Xadimləri İttifaqı
İdarə Heyətinin sədri, Xalq artisti, “Şöhrət”
ordenli Hacı İsmayılovdur.
- Hacı müəllim, sizi teatr aktyoru, həm
də kino aktyoru kimi ilk dəfə kim üzə
çıxarıb?
-Dördüncü sinifdə oxuyanda Xalq artisti,
professor, milli kino sənətimizin inkişafında xidmətləri
olan Tofiq İsmayılovun dram dərnəyinə üzv
yazılmışdım. İlk dəfə səhnəyə
elə bu dərnəkdə Novruz Gəncəlinin "Gənc
ustalar" adlı birpərdəli pyesində
çarpayıda uzanaraq tütək çalmaqla məşğul
olan tənbəl Mahmud obrazı ilə
çıxmışam (O vaxt belə dərnəklər
uşaqların vətənpərvərlik ruhunda yetişməsində
çox böyük rol oynayırdı). Tamaşa günü zal məni necə
tutdusa özümü itirdim və mətntdəki sözlərin
yerini qarışdırdım. Buna rəğmən
özümü toparlaya bildim. Tamaşa başa çatan kimi
bizi alqışladılar, mən də qürurlandım. Amma
peşəkar aktyor kimi tanınmağımda görkəmli
rejissor Rasim Ocaqovun danılmaz xidməti olub. Belə ki, o məni “Ad günü” filmindəki
Mustafa müəllim roluna çəkdi. O film mənə
böyük tamaşaçı rəğbəti
qazandırdı. Məhz Mustafa müəllim əgər belə
demək mümkünsə, mənim sənət aləmimin
vizit kartı oldu. Onu da bildirim ki, sənət aləmində
öz məktəbi olan bu görkəmli rejissorun 5 filmində
rol almışam.
“O
sevinci indi də yaşayıram”
-
Özünüzü sənət aləmində bəxti gətirmiş
sənətkar hesab edirsinizmi?
-Bəli,
bəxti gətirən aktyoram. Elə aktyorlar var ki, ancaq teatrda
çalışırlar. Onların kino, ya da televiziya fəaliyyətləri
olmur. Mən isə teatrla yanaşı, filmlərə,
televiziya tamaşalarına da çəkilmişəm.
Dönüb geriyə baxdıqda çox sevinirəm ki, bu sahələrə
də nüfuz edə bilmişəm. Bu mənada
yaradıcılığımı 3 yerə - teatr, kino və
televiziya fəaliyyətinə bölmək olar.
- 1980-ci
ildə “Ad günü” filmindəki Mustafa obrazına görə
siz Azərbaycan SSR Dövlət Mükafatına layiq
görülmüsünüz? Özü də onu sizə Ulu
Öndər Heydər Əliyev təqdim edib. Bəlkə, o
günü bir daha xatırlayaq.
- “Ad
günü” filmi ilk dəfə o vaxtkı SSRİ Dövlət
Teleradio Komitəsinin Mərkəzi Televiziyasında
nümayiş olunub. Bu da səbəbsiz olmayıb. Belə ki,
həmin film sözügedən qurumun sifarişi əsasında
çəkilib. Onu da deyim ki, “Ad günü” rus dilində
çəkilmişdi. Biz onu sonradan dublyaj etmişik. Yeri gəlmişkən,
Ulu Öndər həmin filmin ilk tamaşaçılarından
olub. Hətta Ulu Öndər Mərkəzi
Komitənin plenumlarının birində tədbir
iştirakçılarına demişdi ki, mütləq “Azərbaycanfilm”
kinostudiyasının çəkdiyi “Ad günü” filminə
baxın. 1980-ci ildə Müslüm Maqomayev adına Azərbaycan
Dövlət Akademik Filarmoniyasında ədəbiyyat və incəsənət
üzrə respublika dövlət mükafatının təqdimat
mərasimi idi. Həmin tədbirdə Ulu Öndər şəxsən
özü mənə həmin mükafatı təqdim etdi.
İndiki kimi yadımadadır. Mən səhnəyə
çıxanda alqış sədaları qopdu. Bu zaman
Ümummilli Lider belə dedi: “Görürsən səni necə
alqışlayırlar? Bu sənin yaxşı aktyor
olmağından irəli gəlir. Səni təbrik edir və
uğurlar arzulayıram”. O an mənim həyatımda sevincli,
unudulmaz və bir ömrə bərabər gün olub. O sevinci
indi də yaşayıram. Doğrudur, ondan sonra Əməkdar
artist, Xalq artisti adlarına və digər mükafatlara layiq
görüldüm.
- Ulu
Öndərlə bağlı daha hansı xatirələriniz
var?
-
Ümumiyyətlə, bu dahi şəxsiyyət hakimiyyətdə
olduğu illərdə mədəniyyətimizin, incəsənətimizin
də inkişafını diqqət mərkəzində
saxlayıb. Hətta O, yeni tamaşaları izləməyə
vaxt tapar, bu və ya digər tamaşanın yaradıcı
kollektivi ilə də görüşər, fikir mübadiləsi
aparardı. Məsələn, Ulu Öndər 1997-ci ildə Bəxtiyar
Vahabzadənin “Hara gedir bu dünya?” (rejissor Bəhram Osmanov) əsəri
əsasında hazırlanmış tamaşanı izlədikdən
sonra demişdi ki, məndə belə bir təsəvvür
yarandı ki, bu fəlsəfi, psixoloji bir əsərdir, eyni
zamanda elmi əsərdir: “Bu əsərdən doğan məna
ondan ibarətdir ki, gərək hər bir insan nəçi
olur-olsun, paklıq, mənəvi saflıq, mənəvi təmizlik
uğrunda mübarizə aparsın. İnsana xas olan mənfi
keyfiyyətlərdən insanları xilas etməyə
çalışsın”. Həmin tamaşada mən epizodik
rolların birini ifa edirdim. Ulu Öndər dedi ki, Mustafa müəllim
rolunu oynayan aktyorun rolu epizodik olsa da, yaxşı oynadı. O həqiqətən
yaxşı aktyordur. İndi də Ulu Öndərin yolunu
Prezident İlham Əliyev davam etdirir. Özü də
çox uğurla.
- Bəs
“Yaşıl eynəkli adam”dakı Qafardan, “Ordan-burdan”
tamaşasındakı Qoçu Gülbaladan və yaxud
yaratdığınız digər obrazlardan sizə nələr
qalıb?
-Şübhəsiz,
tamaşacı rəğbəti, sevgisi…
- İştirakınızla
çəkilmiş “Ad günü”, “Həm ziyarət, həm
ticarət”, “Yol əhvalatı”, “Bəyin oğurlanması” və digər filmlərin eyni vaxtda
nümayişi nəzərdə tutularsa hansına baxmağa
üstünlük verərdiniz?
-Birmənalı
şəkildə deyə bilərəm ki, “Ad günü”nə...
Niyə? Çünki həmin film
olduqca həyati, həm də səmimi, təbii,
inandırıcı filmdir. Yəni, orada yalan heç nə
yoxdur.
“Tear həyatımdır,
kino isə məhəbbətimdir”
-
Hacı müəllim, bəlkə bir qədər teat aləmindən
danışaq?
- Mən
teatr aktyoruyam. Elə arzum da bu olub. Mən bir müddət
Sumqayıt Dövlət Dram Teatrında, İrəvan Dövlət
Azərbaycan Dram Teatrında çalışmışam.
Hazırda Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında fəaliyyətimi davam etdirirəm.
Ümumiyyətlə, mənim aləmimdə teatr möcüzədir.
Amma teatrla kino arasında fərqlər də var. Mən deyərdim
ki, kino bir qədər soyuq sənətdir, istiliyi azdır,
amma teatr canlı sənət olduğu üçün onda
istilik çoxdur. Çünki teatrda tamaşaçılarla
üz-üzə, göz-gözəsən. Yəni, sən
tamaşaçının nəfəsini,
baxışını belə hiss edirsən. Kinoda isə
bunlar yoxdur. Kino vizual sənətdir.
Bir də görürsən ki, filmin axırını əvvəldə,
əvvəlini axırda çəkilər. Ya da hansısa
kadrı çəkmək üçün 2-3 gün vaxt sərf
edirlər. Amma tearda belə deyil. Hə, kinonun bir üstün
cəhət var ki, onun əhatə dairəsi, daha doğrusu,
auditoriyası çox genişdir. Bütün bunları
toparlayanda deyə bilərəm ki, tear mənim həyatımdır,
kino isə məhəbbətimdir.
- Neçə
ildir ki, teatr aləmindəsiniz. Nə əcəb indiyədək
könlünüzə rejissorluq düşməyib?
-
Dost-tanışlar da təxminən belə bir sualla hərdən
mənə müraciət edirlər. Mənim aləmimdə
rejissorluq çox böyük sənətdir.
Rasim Ocaqovla birgə işləyəndə bunu əməlli-başlı
dərk etdim. Başa düşdüm ki, aktyor bir rolun, rejissor
isə bütün aktyorların dərdini çəkir,
üstəlik rəssamın işini fikirləşir, musiqini,
geyimi, işığı və başqa məsələləri
həll edir. Rejissordan həm də savad, peşəkarlıq,
dünyagörüşü, fantaziya tələb olunur. Hər
kəs bunu bacarmır axı. Ona görə də bu sənəti
seçənlər azlıq təşkil edirlər. Belə
deyək, bizdə nə qədər aktyor var? Yüzlərlə...
Amma rejissorların sayı aktyorların sayından qat-qat
azdır. Hətta deyərdim ki, onların sayı barmaqla
sayılası qədərdir. Nə gizlədim, mənim ən
çox hörmət etdiyim sənət rejissorluqdur. Amma hərdən
saytlarda baxıram, görürəm ki, cavan bir
oğlandır, fotosunu qoyub yazıb ki, aktyor-rejissor. Belə
olmaz. Axı sən rejissor kimi nə etmisən, hans filmi
çəkmisən? Mənim aləmimdə, rejissorluğu
oynamaq yox, rejissor olmaq lazımdır. Odur ki, hər kəs
öz işi ilə məşğul olsa daha yaxşı olar.
- Hazırda
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrınının
repertuarındakı hansı tamaşalarda rollar ifa edirsiniz?
- 7
tamaşada... Hazırda teatrımızda Xalq
yazıçısı Elçinin XIX əsrin əvvəllərində
mənşəcə gürcü olan rus generalı Sisianovun
komandanlığı ilə imperiya qoşunlarının Cənubi
Qafqazı işğal etməsindən bəhs edən
“Baş” romanı əsasında eyniadlı tamaşa
hazırlanır. Bu
tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət
xadimi Mehriban Ələkbərzadədir. Mənə bu
tamaşada Münşi Məşədi Həsənağa
obrazı həvalə olunub. Tamaşanın yaxın aylarda sənətsevərlərə
təqdim edilməsi nəzərdə tutulub.
- Aktyorları
komik, dram, faciəvi rolların mahir ifaçısı kimi təqdim
etməyə çalışırlar. Bəs Hacı müəllimo
onlardan hansına daxil etmək olar?
- Mənim
ampluamı Rasim Ocaqov təyin edib. Mənim üçün əsas
olan xarakterik rollardır. Rollarım bir qayda olaraq sadə, səmimi,
inandırıcı rollardır.
-
Hansısa rolda özünüzü oynamısınız?
- Mustafa
rolunda... Hətta deyərdim ki, mən ruhən Mustafa, cismən
Hacı İsmayılovam.
Ad
çəkmək istəməzdim
- Son
illər teatr aləminə gələnlər barədə nələr
deyə bilərsiniz? Onlardan hansını bəyənirsiniz?
Yeri gəlmişkən, görünən odur ki, onlar sizin nəsildən
fərqli olaraq tamaşaçıları güldürməyə
çalışırlar. Amma sizdə elə deyildi. Sizcə, bunun sirri nədədir?
- Nəsillərin
bir-birini əvəz etməsi, yəni gənclərin bu sahəyə
gəlmələri reallıqdır. Mənim fikrimcə, gənclərə
imkan yaradılmalıdır. Unutmayaq ki, gələcək gənclərindir.
Sevinirəm ki, hazırda bizdə istedadlı gənc aktyorlar
var. Güman edirəm ki, onlar gələcəkdə
tanınmış aktyorlar ola biləcəklər. Amma ad çəkmək istəməzdim.
Yeri gəlmişkən, onu da deyim ki, son iki ildə, daha
doğrusu, Adil Kərimlinin mədəniyyət naziri təyin
olunmasından sonra teatr aləmimizdə bir canlanma
müşahidə olunur. Bu məsələdə mən deyərdim
ki, Azərbaycan Teatr Xadimləri
İttifaqının da danılmaz xidmətləri vardır.
- Son
illər seriallar geniş yayılıb. Seriallara dəvət
alırsınızmı?
- Əvvəllər çəkilmişəm.
“Bir ailəm var” serialında. Bu serialda Uğur rolunu
oynamışam. Sonradan başqa bir seriala çəkilmişəm.
Onun bir neçə seriyası nümayiş olunub. Amma nədənsə
həmin serialın davamı çəkilmədi. Sonradan da dəvət
aldım. Lakin həmin serialı çəkmək istəyənlərin peşəkar
olmadıqlarını bulən kimi bu fikrimdən vaz
keçdim. İndi isə seriallara çəkilməyə əsla
həvəsim yoxdur. Heç buna vaxt da imkan vermir.
Tədbirlərimizi
sayıq qurtarmaq olmur
-
Ötən ilin yayından siz həm də Teatr Xadimləri
İttifaqına rəhbərlik edirsiniz. Bəlkə, bir qədər
də burada görülən işlərdən söz
açasınız? Görəsən, Hacı
İsmayılov ona yaxın Xalq artistinin rəhbərlik etdiyi
bu ittifaqa hansı yeniliklər gətirmək niyyətindədir?
- Azərbaycan
Teatr Xadimləri İttifaqının məqsədi ölkəmizdə
teatr sənətinin inkişafına kömək göstərməkdir.
Mən 8 il bu təşkilatın sədr müavini olmuşam.
2023-dən isə Azərbaycan Teatr Xadimləri
İttifaqının sədriyəm. O ki qaldı görülən
işlərə... Elə həmin ilin may ayında Mədəniyyət
Nazirliyi ilə birgə ərsəyə
gətirdiyimiz “Qonaq teatr” layihəsi çərçivəsində
11 teatrı bu və ya digər tamaşaları ilə
Bakıya dəvət etdik. İlk dəfə olaraq
İttifaqın xətti ilə xarici, daha doğrusu, Antalya
böyük şəhər bələdiyyə teatı və
Trabzon Sənət teatrı qonağımız oldu. Paytaxt
teatrlarının bölgələrə qastrol səfərlərini
təşkil etdik. Ötən il Şəkidə IV teatr
festivalı keçirildi. Bu il mart ayının 10-da, yəni
Milli Teatr Günündə “Bölgə teatrlarının
Bakı premyerası” layihəsinin bağlanış mərasimini
keçirdik. Bu tədbirin iştirakçıları müxtəlif
nominasiyalar üzrə
mükafatlandırılıb, həmçinin milli
teatrın inkişafındakı xidmətlərinə görə
sənətçilərə Azərbaycan Teatr Xadimləri
İttifaqının və Akademik Milli Dram Teatrının
mükafatları təqdim edilib. (Yeri gəlmişkən,
ittifaqımızın “Qızılgül”mükatı, “Sənətkar”
medalı, “Teatr xadimi” medalı, “Qızıl Dərviş”
mükafatı, “Ümid” mükafatı, “Teatr fədaisi”
medalı var. Sonuncu bu il təsis olunub). Tədbirdə
dünya şöhrətli gürcü rejissoru, Gürcüstanın
Şota Rustaveli adına Milli Teatrının bədii rəhbəri
Robert Sturua və teatrın
direktoru Giorgi Tevzadze də iştirak ediblər. Gürcü
qonaqlar Azərbaycan Teatr Xadimləri İttifaqının
"Sənətkar" və "Teatr xadimi" medalları
ilə mükafatlandırılıb. Biz bu gün də bu istiqamətdə işlərimizi
davam etdirməklə yanaşı, xarici və türkdilli
ölkələrin teatrları ilə təmaslar
qurmağı genişləndiririk. Hətta biz bu il “Qonaq teatr”
layihəsini “Teatr dünyası qonağımızdır”
devizi altında həyata keçirəcəyik. Bu, həm də
dünya teatr aləminə inteqrasiya deməkdir. Martın 7-də isə Azərbaycan
Teatr Xadimləri İttifaqında fəaliyyət göstərən
yaradıcılıq laboratoriyalarının
"BAXIŞ-5" festivalı başa çatdı.
Festivalın sonuncu günündə "Kişi və
qadın" (Əli Əmirli) tamaşası oynanılıb.
Ola bilsin ki, bu tamaşa yaxın
aylarda Türkiyədə keçirilən festivalların
birində, daha dəqiq desək, Trabzon teatr festivalında
iştirak etsin.
Şübhəsiz,
bu prosesdə türkdilli ölkələrə daha çox
önəm veriləcək. Yeri gəlmişkən, bu il mart
ayının 19-da Qırğız Respublikasının ölkəmizdəki
fövqəladə və səlahiyyətli səfiri Maksat
Mamıtkanov İttifaqımızın qonağı olub. Həmin
səfər çərçivəsində Qırğız
və Azərbaycan respublikalarının mədəni əlaqələrindən,
iki ölkə arasında gələcək əməkdaşlıqdan
bəhs edilib, bu istiqamətdə atılacaq addımlar
müzakirə olunub. Eyni zamanda, müqtədir sənətkarlarımızı
gənc nəsilə tanıtdırır, həmçinin
bugünümüzün teatr xadimlərini diqqət mərkəzində
saxlayırıq. Bütün bunlarla da Azərbaycan teatr sənətinin
inkişafına öz töhfəmizi verməyə
çalışırıq. Yeri gəlmişkən, biz
artıq neçə ildir ki, noyabr ayının 8-də Zəfər
Günü ilə bağlı bütün teatrların
nümayəndələrinin iştiraki ilə bədii qiraət
müsabiqəsi keçiririk. Bu il belə bir tədbir “Tarixi
Zəfərimiz” adı altında təşkil ediləcək.
Bu artıq həmin silsilədən olan beşinci tədbirimiz
olacaq. Gördüyünüz kimi, tədbirlərimizi
sayıq qurtarmaq da olmur.
- Son
illərdə hansı hadisə
yaddaşınıza əbədi həkk olunub?
- 44
günlük Vətən müharibəsi və 2023-cü ilin
sentyabrında bir günlük antiterror əməliyyatları
nəticəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi
altında bütün ərazilərimiz işğaldan azad
olundu və suverenliyimiz bərpa edildi. Bu tarixlər hər bir
soydaşımızın, o cümlədən mənim
yaddaşıma əbədi həkk olunub. Bu gün
üçrəngli Bayrağımız Qarabağın və
Şərqi Zəngəzurun hər bir guşəsində
dalğalanır. Hazırda "Azərbaycan
Respublikasının işğaldan azad edilmiş ərazilərinə
Böyük Qayıdışa dair I Dövlət
Proqramı" çərçivəsində Qarabağ və
Şərqi Zəngəzurda genişmiqyaslı abadlıq,
tikinti və quruculuq işləri gedir. Az qala hər gün
yeni bir ünvanın, yeni bir infrastruktur obyektin bünövrəsi
qoyulur, yeni bir ocaqda işıq yanır. Artıq
işğaldan azad edilmiş ərazilərin bir çoxunda məcburi
köçkünlərin qayıdışı təmin
olunub. Şübhəsiz, işğaldan azad edilmiş məkanlarımızda
teatrlarımız da fəaliyyətlərini bərpa edəcəklər.
Qvami Məhəbbətoğlu
İki
sahil.-
2025.- 15 aprel, №61.- S.6.