Azərbaycan dilinə dövlət dili statusu verilməsi
Ulu Öndər Heydər
Əliyevin adı ilə bağlıdır
“Dil, dil, bir
də dil... Dili inkişaf
etdirməliyik. Mən
demişəm və bu gün də
deyirəm. Bizim gənclərə deyirəm
ki, rus dilini yaxşı bilin, ingilis, fars, ərəb, fransız dillərini də yaxşı bilin. Amma bunların hamısından
yaxşı öz Azərbaycan dilimizi öyrənin. Əgər
bunu bilməsən, sən tam azərbaycanlı
olmursan.”
Ulu Öndər Heydər Əliyev
Hər bir xalqın
milli mənəvi dəyərlərini
yaşadan, inkişaf etdirən onun dilidir. Dil hər
bir xalqın varlığının ən
əsas təminatçısıdır.
Ana dili hər bir xalqın milli sərvəti, varlığının
təsdiqi, həmçinin
milli kimliyidir. Doğma
Ana dilimiz olan Azərbaycan dili xalqımızın milli sərvətidir.
Azərbaycan xalqının
ana dili onun milli varlığını müəyyən
edən başlıca
amillərdəndir. Ana dili
dövlət rəmzlərimiz
olan himnimiz, gerbimiz, bayrağımız
kimi müqəddəsdir.
Ümummilli Lider Heydər Əliyev deyirdi ki, millətin
milliliyini ən birinci təsdiq edən onun dilidir: “Şübhəsiz
ki, musiqi də, ədəbiyyat da, ayrı-ayrı
tarixi abidələr də millətin milliliyini təsdiq edir. Amma millətin milliliyini ən birinci təsdiq edən onun dilidir. Əgər Azərbaycan dili olmasa, Azərbaycan dilində ədəbiyyat
da olmaz. Azərbaycan dili olmasa, Azərbaycan
dilində mahnılar olmaz, musiqi olmaz”.
Ulu Öndər Heydər Əliyevin təşəbbüsü
ilə 1978-ci il aprelin
27-də Azərbaycan dilinin Konstitusiyada dövlət dili kimi təsbit
olunması əsl cəsarət və Vətənə sadiqlik mövqeyi idi
Ötən əsrin 70-ci illərinin
ortalarından başlayaraq
SSRİ-ni təşkil
edən respublikaların
ictimai-siyasi həyatında
dil məsələsi
yenidən gündəmə
gətirildi. SSRİ Konstitusiyasının
qəbulundan sonra milli
dillərin sıxışdırılması
prosesi daha da gücləndirildi. Belə
bir şəraitdə
ana dili məsələsinin
təbliği ilə məşğul olmaq cəsarət tələb
edirdi. 30-ci illərdə
dil məsələsini
qabardanlar Sibirə sürgün olunurdu. Hətta milli respublikaların
rəhbərləri də
ana dili məsələsini
gündəmə gətirməkdə
aciz idilər. Bütün bunlara baxmayaraq, o vaxt Azərbaycanın rəhbəri
olan Ulu Öndər Heydər Əliyev dil məsələsində
öz mövqeyini çox cəsarətlə,
qətiyyətlə bildirmişdi.
Azərbaycan dilinin respublikada
dövlət dili elan edilməsində xalqımızın
Ümummilli Lideri Heydər Əliyevin çox böyük xidmətləri olmuşdur.
Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə
27 aprel 1978-ci il tarixində
Azərbaycan SSR Konstitusiyasına
“Azərbaycan SSR-in dövlət
dili Azərbaycan dilidir” maddəsi əlavə olunmuşdur;
1978-ci il aprelin 2-də IX çağırış
Azərbaycan SSR Ali Sovetinin
Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi
və onun ümumxalq müzakirəsinin
yekunlarına həsr olunmuş VII sessiyasında
məruzə ilə çıxış edən
Ulu Öndər Heydər
Əliyevin təklifi ilə 73-cü maddəni aşağıdakı redaksiyada
vermək təklif olunmuşdu. “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət
dili Azərbaycan dilidir.” Azərbaycan dilinə dövlət dili statusunun verilməsi Ümummilli Lider Heydər Əliyevin xalqımız qarşısında ən
böyük tarixi xidmətlərindən biridir.
Ulu Öndər bununla
gələcək müstəqil
dövlətçiliyin milli rəmzlərindən birini
məharətlə qorumuşdu.
Ümumilli Lider deyirdi: “Bu gün iftixar hissi ilə
deyə bilərik ki, Sovet hakimiyyəti illərində biz Azərbaycan
dilini qoruduq, saxladıq və inkişaf etdirdik. Azərbaycan dili indi çox yüksək səviyyədə,
yəni onun qrammatik quruluşu, başqa sahələri yüksək səviyyədə
olan bir dildir”.
Dövlət dili uğrunda ardıcıl mübarizə
aparan Ümummilli Lider ziyalıları, xalqı ana dilinin dövlət dili kimi yaşamaq hüququ uğrunda mübarizəyə cəlb
edərək bütün
qüvvələri səfərbər
etmişdir. Böyük
tarixi şəxsiyyət
SSRİ Konstitusiyası haqqında
danışarkən öz
nitqində xüsusi olaraq vurğulamışdır
ki, Konstitusiya vətəndaşlara
təhsil hüququ vermişdir. Bu hüquq ana
dilində oxumaq imkanı ilə təmin olunur. Bu, əslində ana dilinin dövlət dili statusunu qorumaq məqsədi güdürdü.
O dövrdə Azərbaycanda
dilçi alimlərə
yüksək diqqət
və qayğı göstərilməsi, milli dildə
nəşr edilən kitabların tirajlarının
artırılması və
digər tədbirlər
ana dilinin daha da inkişaf etdirilməsi məqsədi daşıyırdı.
Ulu Öndər deyirdi: “Biz indi müstəqil dövlət kimi, azad xalq kimi
öz ana dilimizlə,
Azərbaycan dili ilə fəxr edirik”.
1995-ci ildə müstəqil Azərbaycan Respublikasının
Konstitusiyası hazırlanarkən
dövlət dilinin necə adlandırılması
ilə bağlı müxtəlif təkliflər
irəli sürülürmüşdü.
Ulu Öndər müstəqil
dövlətimizin yeni Konstitusiya
layihəsini hazırlayan
komissiyanın 5 noyabr
1995-ci ildə keçirilən
iclasında müzakirələrin
məntiqi nəticəsi
kimi dövlət dilinin adı barədə öz qəti fikrini bildirdi: “Mən hər bir dilə
hörmət edirəm
və ehtiramımı
bildirirəm. Hesab edirəm ki, Azərbaycan dili ilə fəxr
edə bilərik. Çünki bu zəngin dildir, artıq dünyada tanınmış dildir. Xalqımızın da, dilimizin
də adı tanınıb. Bu reallıqdır”.
Geniş müzakirələrdən
sonra 1995-ci ildə ümumxalq səsverməsi
yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində
Azərbaycan Respublikasının
dövlət dilinin Azərbaycan dili olması öz əksini tapmışdır.
Bundan sonra ana dilimizin inkişafı və qorunması işi daha da gücləndirilmişdi.
Ulu Öndər Heydər Əliyev ana dilimizin tarixi keçmişi ilə yanaşı, mövcud durumunu və problemlərini daim diqqət mərkəzində saxlayıb
və bu yöndə bir sıra mühüm tədbirlərin həyata
keçirilməsinə dair
imza atıb. Ümummilli Lider Heydər Əliyev dövlət dilinin yeni inkişaf dönəmində
yaranmış vəziyyəti
nəzərə alaraq
2001-ci il iyunun 18-də “Dövlət
dilinin tətbiqi işinin təkmilləşdirilməsi
haqqında” Fərman imzaladı. İlk növbədə
müstəqil Azərbaycan
dövlətinin dil siyasətinin müəyyənləşməsi,
formalaşması və
möhkəmləndirilməsi baxımından müstəsna
əhəmiyyət daşıyan
bu tarixi Fərman dövlət dili ilə bağlı
hərtərəfli və
geniş məlumatları
özündə ehtiva
edirdi. Sözügedən
Fərmanla Azərbaycan
Prezidenti yanında Dövlət Dil Komissiyası yaradıldı.
Ulu Öndərin “Azərbaycan
əlifbası və Azərbaycan dili gününün təsis
edilməsi haqqında”
2001-ci il 9 avqust tarixli
Fərmanına əsasən,
hər il avqustun 1-i ölkəmizdə Azərbaycan
Əlifbası və Azərbaycan Dili Günü
kimi qeyd edilir.
Bütün bunlarla yanaşı
2002-ci il 30 sentyabr tarixində
“Azərbaycan Respublikasında
dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Qanuna əsasən, Azərbaycan Respublikası
Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsini
öz müstəqil dövlətçiliyinin başlıca
əlamətlərindən biri sayır, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi qayğısına qalır,
dünya azərbaycanlılarının
Azərbaycan dili ilə bağlı milli-mədəni özünüifadə
ehtiyaclarının ödənilməsi
üçün zəmin
yaradır. Həmin Qanun Azərbaycan Respublikası Konstitusiyasına
uyğun olaraq Azərbaycan Respublikasında
Azərbaycan dilinin dövlət dili kimi hüquqi statusunu nizamlayır.
Ümummilli Liderimizin həyata
keçirdiyi ana dili siyasətini bu gün Prezidenti İlham Əliyev uğurla, qürurla, əzmlə, hədsiz sevgi ilə davam etdirir. İmzaladığı
Fərman və sərəncamlarla Azərbaycan
dilinin inkişafına
böyük qayğı
göstərən ölkəmizin
başçısı bütün
çıxışlarında ana dilimizin saflığının
qorunması məsələlərindən
xüsusi ilə vurğulayır: “Azərbaycan
dili o qədər zəngindir ki, heç bir xarici kəlməyə
ehtiyac yoxdur. Bir daha demək istəyirəm ki, biz əsrlər
boyu dilimizi qorumuşuq. Bu gün də qorumalıyıq.
Biz Azərbaycan dilinin
saflığını təmin
etməliyik”.
Zahid Rza
İki sahil.- 2025.- 18 aprel, №64.- S.4.