Vamiq Məmmədəliyev:
Müşayiətin
özü də bir elmdir
Vamiq Məmmədəliyev öz müasirləri
olan bütün xanəndələrlə layiqincə
çalıb-çağırmış bir sənətkar
kimi tanınır. Elə bu səbəbdən ifası ilə
xalq tərəfindən sevilən bu sənətkarın
adı hər yerdə hörmətlə çəkilir. Beləliklə, müsahibimiz
ömrünün 79-cu baharını yaşayan Azərbaycan
Dövlət Mədəniyyət və İncəsənət
Universitetinin professoru, Xalq artisti, ustad tarzən Vamiq Məmmədəliyevdir.
- Siz Bakının Sabunçu rayonunun
Kürdəxanı qəsəbəsində yaşayırsınız.
Xoşbəxt Yusifzadə, Vasim Məmmədəliyev kimi
akademiklər yetirmiş, həmçinin sizin kimi Xalq artisti
yetişdirmiş qəsəbədəki
abadlıq işləri barədə bir neçə kəlmə
söyləməyinizi xahiş edirəm.
-Kürdəxanı doğrudan da ziyalılar ocağıdır. Buradan kimlər çıxıb kimlər... Onları bu torpaq yetişdirib. Konkret sualınıza gəldikdə, zəngin keçmişi olan yaşayış məskənimizdə ağlım kəsəndən bəri indiki səviyyədə, hazırkı miqyasda heç vaxt abadlıq işləri aparılmayıb. Belə ki, qəsəbənin yollarının böyük hissəsi yenidən qurulub. Bircə faktı qeyd edim ki, qəsəbədaxili 115 küçə, ümumilikdə 70 kilometr uzunluğunda yollar tamamilə yenidən qurulub. Qəsəbənin bağ ərazilərinə daha yaxın və təhlükəsiz keçidi üçün yenidən qurulan dəmir yolunun altından tunel inşa edilib. Xoşbəxt Yusifzadə və Vasim Məmmədəliyev kimi akademiklər, mənim kimi Xalq artisti, onlarla professor, elmlər doktoru yetirmiş, yararsız vəziyyətə düşmüş 113 nömrəli tam orta məktəb əsaslı təmir olunub. Bu qəsəbənin heç vaxt istirahət parkı olmamışdı. Zeytunluq adlanan ərazidə park yaradılıb. Köhnə ambulatoriya ləğv edilərək əvəzində Heydər Əliyev Fondu tərəfindən Kürdəxanı Sağlamlıq Mərkəzi inşa edilib. Əhaliyə daha operativ xidmət üçün Təcili Yardım stansiyası yaradılıb. Əvvəllər qəsəbə klubunda məskunlaşmış Kürdəxanı bələdiyyəsi üçün yeni bina tikilib istifadəyə verilib. İndi qəsəbədən 20 dəqiqəyə Sumqayıta, 30 dəqiqəyə aeroporta çatmaq mümkündür. Bütün bunlar da əlbəttə, burada yaşayan insanlar üçün böyük rahatlıqdır. Amma hazırda bircə kanalizasiya ilə bağlı problem var. Güman edirəm ki, o da tezliklə həllini tapar.
Xoşbəxt müəllim
dedi ki,
bir “Segah” təsnifi ifa edin
-Yeri gəlmişkən,
adlarını sadaladığım Xoşbəxt Yusifzadə,
Vasim Məmmədəliyev kimi akademiklərlə bağlı
hansı maraqlı xatirələriniz var?
-Ümumiyyətlə,
kürdəxanılılar Xoşbəxt Yusifzadə, Vasim Məmmədəliyev
kimi ziyalılara çox
böyük hörmət bəsləyiblər. Məsələn,
onlar bu və digər məclislərdə görünəndə
hamı ayaq üstə durar, söhbətlərini maraqla dinləyərdilər. Şübhəsiz, bu, onlara olan el
sevgisindən irəli gəlirdi. İndi də buranın
camaatı öz ziyalılarına belə dəyər verir.
İndiki kimi yadımdadır. Akademik Xoşbəxt Yusifzadənin
85 illik yubileyi keçirilirdi. Mən də həmin tədbirə
dəvət olunmuşdum. Özümlə də bir xanəndə
aparmışdım. Yeri gəlmişkən, Bakı kəndləri
muğamı çox sevirlər. Həmin tədbirdə
Xoşbəxt müəllim dedi ki, bir “Segah” təsnifi ifa edin.
Onu da deyim ki, o, muğam aləmini yaxşı dərk edirdi.
Onun bu seçimi də elə bundan xəbər verirdi. Həmin
təsnif ifa olunanda mən hərdən Xoşbəxt müəllimə
fikir verirdim. İlahi, o anlarda mənə elə gəlirdi ki,
akademikimiz sanki bu təsniflə nəfəs alır.
Qardaşım Vasim Məmmədəliyevə gəldikdə
isə, onunla bağlı o qədər xatirələrim var
ki...
-Ötən
əsrin 60-cı illərində Vasim Məmmədəliyev
Əli Fəhmi ilə birgə “Qurani-Kərim”i tərcümə
etməyə başlayıblar. Lakin sona çatdıra bilməyiblər?
Bəlkə, bununla bağlı bir neçə kəlmə
söyləyəsiniz?
-Görkəmli
şərqşünas-alim, Əməkdar elm xadimi,
“Şöhrət” və “Şərəf” ordenlərinə,
Prezident təqaüdünə və Heydər Əliyev
Fondunun “Qızıl Çinar” Beynəlxalq mükafatına
layiq görülən akademik Vasim Məmmədəliyev
ölkəmizdə şərqşünaslıq və
ilahiyyat elmlərinin inkişafına mühüm töhfələr
verib, özündən sonra böyük irs qoyub. Zəngin elmi
və pedaqoji fəaliyyəti ilə seçilən Vasim Məmmədəliyev
Azərbaycanda İslam dininin elmi əsaslarla öyrənilməsinin
təbliği məsələsinin ilk təşəbbüskarlarından
olub. 1991-ci ildə müqəddəs kitabımız “Qurani-Kərim”
mərhum akademiklərimiz Vasim Məmmədəliyev və Ziya
Bünyadov tərəfindən Azərbaycan dilinə tərcümə
edilib. Bu, ölkənin elmi-mədəni həyatında
mühüm hadisə idi. Amma bu, bir faktdır ki, hələ
ötən əsrin 60-cı illərində qardaşım
Vasim Məmmədəliyev ərəb dillərini mükəmməl
bilən, ilahiyyatın da mahir bilicisi kimi tanınan Əli Fəhmi
ilə birgə “Qurani-Kərim”i tərcümə etməyə
başlayıblar, lakin sona çatdıra bilməyiblər.
Bunun da səbəbi Moskvanın hansısa yollarla onların bu
işindən xəbər tutması
və işlərini davam etdirməyə icazə verməməsi
olub. Onlar da tərcüməni saxlamaq məcburiyyətində
qalıblar. Onu da qeyd edim ki, atam rəhmətlik Əli Fəhmi ilə həm
qonşu, həm də siğə qardaş olublar. Mənim atam Məmmədəli
kişi də ərəb dilini yaxşı bilirdi. Hətta o,
Leninqradda Şərq Dilləri
İnstitutunda iki il ərəb dilini öyrənib, sovet ərəbşünaslığının
öndəri, akademik İqnati Kraçkovskinin tələbəsi
olub. Bu mənada qardaşıma
“Qurani-Kərim”i Azərbaycan dilinə çevirmək
istəyi atamdan keçib desəm səhv etmərəm. Bir də
qardaşım sonradan, daha doğrusu, ötən əsrin
90-cı illərində bu işə qayıdır və Ziya
Bünyadovla birlikdə “Qurani-Kərim”i tərcümə etməyə
başlayır. Hə, onu da deyim ki, qardaşım Vasim müəllim muğamı çox gözəl
bilirdi. Hətta Hacıbaba Hüseynov kimi bir sənətkar
onun yanına məsləhətə
gələrdi.
-Məmmədəliyev
deyəndə, bizdə belə bir sual da yarandı: Sizin
görkəmli kimyaçı
alim, kimya elmləri doktoru, Dövlət Mükafatı
laureatı, akademik Yusif Məmmədəliyevlə qohumluq əlaqəniz varmı?
- Yusif Məmmədəliyev
atamın doğma əmisi oğlu olub. Onun adı çəkiləndə atam həmişə çox
böyük qürur hissi keçirərdi. Azacıq da olsa
yadıma gəlir ki, Yusif müəllim hərdən bizə də gələrdi.
Bizim
evdə hamı tarı dilləndirə bilirdi
-Tarzən
kimi yetişməyinizdə hansı sənətçilərin
zəhməti olub?
-Mənim
tarzən kimi yetişməyimdə Qurban Pirimovun, Hacı Məmmədovun,
Bəhram Mansurovun, Sərvər İbrahimovun, Firudin Ələkbərovun
danılmaz xidmətləri olub. Yəni, mən onların
ifalarına qulaq asmaqla və üzərimdə mütəmadi
işləməklə bu səviyyəyə gəlib
çatmışam.
Amma bir sənətkar
kimi pixtələşməyimdə
görkəmli tarzənlərimiz -Əhməd
Bakıxanov və Bəhram Mansurovun rolu çox olub.
Onu da
deyim ki, atam tarzən olmasa da
yaxşı tar çalardı. Yəni o, tarı sevən, onu özünəməxsus
şəkildə ifa edən bir kişi olub. Elə tar
çalmağı da özü sərbəst öyrənmişdi.
Yadıma düşmüşkən, o illərdə əksər
ziyalıların evlərində
tar olardı. Bizim evdə hamı əgər belə demək
mümkünsə, tarı dilləndirə
bilirdi. Lakin sonradan bu sənətin dalınca gedən
yalnız mən oldum. Bununla həm də atamın tara olan
sevgisini yaşatdım. Bir məsələni də
vurğulayım. Romantik şairimiz Məhəmməd Hadinin
belə bir kəlamı var:
Elmin,
hünərin, mərifətin varsa, buyur gəl,
Yoxsa, bu həyat
aləminə olma bir əngəl.
Ərbabi-kəmalın
yeridir bil ki, bu meydan,
Bədbəxt
yaşar torpağın üstündəki nadan.
Yəni,
demək istəyirəm ki, gərək insanın
özünün də çalışdığı sahəyə
marağı olmalıdır ki, nələrsə əldə
edə bilsin. Mən heç zaman pulun dalınca
qaçmamışam, həyat aləminə əngəl
olmamışam. Həmişə fikrim sənətimdə
olub. Belə olmasaydı Əməkdar artist, Xalq artisti
adlarına, professor elmi dərəcəsinə layiq
görülməzdim. Belə olmasaydı, Prezidentimiz məni mənzillə
təmin etməzdi. Şübhəsiz, bütün bunlar həm
də dövlətimizin, xalqımızın sənət
adamlarına verdiyi yüksək dəyərin təzahürüdür.
-Siz
Bakı toylarında çox olmusunuz, o dövrdəki xanəndələrlə
indiki xanəndələr arasında hansısa paralellik apara
bilərsinizmi?
- Bəli,
elədir, mən Bakı toylarında çox olmuşam. O
dövrün xanəndələri, həmçinin ab-hava tamam
başqa idi. Özü də bu
və ya digər xanəndə muğamı iki saat saat
yarım oxuyardı. O dövrdə nə mikrofon var idi, nə
səsgücləndirici. Yeri gələndə musiqiçilərə,
xanəndələrə irad da tutardılar. Məsələn,
filan qəzəlin filan beytini düz demədin. Yaxud əgər
“Rast” sifariş verilibsə, xanəndə onu axıra kimi
oxumalı idi: “Bərdaş”dan, “Maye”dən tutmuş, “Qəraye”yə
qədər. Əgər birini ötürsəydi, irad
tutardılar ki, filan şöbə qaldı. Ona görə də
musiqiçilər, xanəndələr daha diqqətli
olardılar. Bu mənada demək olar ki, o zaman xanəndələri
xanəndə edən Bakı toyları olub. O zaman Bakı
toylarının da özünəməxsus
ağırlığı, məsuliyyəti var idi. Mənə
elə gəlir ki, bəlkə də elə bu kimi səbəblərdən
camaat musiqiyə daha çox hakim kəsilərdi. O
dövrün xanəndələrini də müşayiət
etmək asan məsələ deyildi.
- Xanəndələrdən
ən çox kimləri müşayiət etmək sizə
xoş gəlib?
-Müşayiət
etdiklərimin demək olar ki, hamısı.
-Vamiq
müəllimin indiyədək hansı xanəndənin tanınmasında
rolu olub?
-Xalq
artisti Alim Qasımovu misal göstərə bilərəm. Yəni,
kifayət qədər tanınana qədər mən onu
müşayiət etmişəm. Xalq artisti Zabit Nəbizadəni,
rəhmətlik Elçin Cəlilovu, Rəvan Qaçayevi, Məftun
Cəfərovu da bura əlavə etmək istərdim. Mən
onlara, həmçinin muğamın bəzi incəliklərini
də öyrətməyə çalışmışam,
suallarını cavablandırmışam.
Muğam
bəstəkarlarımız üçün ilham mənbəyi
olub
- Siz
muğamı yaxşı bilirsiniz. Ona görə də həm
də muğam bilicisi kimi tanınırsınız?
Muğamımızın bu günü, yeni yetişən xanəndələr barədə nə deyə bilərsiniz?
-Əvvəlcə
Bəri başdan qeyd etməyi özümə borc bilirəm
ki, dahi Üzeyir Hacıbəyli “Leyli və Məcnun”
operasını muğam üzərində yazıb, Fikrət
Əmirov “Şur” və “Kürd-Ovşarı” simfonik
muğamları ilə dünya musiqisində simfonik muğam
janrının əsasını qoyub. Vaqif Mustafazadə bu
janrı caz sənətinə gətirib. Bütün
bunlar o deməkdir ki, muğam bəstəkarlarımız
üçün ilham mənbəyi olub. Hətta kosmosda da səsləndirilən
muğam bu gün də dilindən, dinindən, irqindən, milliyyətindən
asılı olmayaraq, hər kəsin qəlbini, ruhunu
oxşamaqdadır. Şübhəsiz, bu prosesdə 2005-ci ildən
etibarən Birinci vitse-prezident Mehriban xanım Əliyevanın
rəhbərlik etdiyi Heydər Əliyev Fondunun keçirdiyi
“Muğam” televiziya müsabiqələrinin bu istiqamətdəki
fəaliyyəti diqqətəlayiqdir. Artıq bu müsabiqənin
qaliblərli bu gün Azərbaycan Dövlət Akademik Opera və
Balet Teatrıının,
Müslüm Maqomayev adına Azərbaycan Dövlət
Akademik Filarmoniyasının, Azərbaycan Televiziyasının,
Beynəlxalq Muğam Mərkəzinin solistləridirlər. Bu
və ya digər musiqi məktəbinin müəllimləridirlər.
Mən onların hər birini muğamımıza gələn
yeni nəfəs kimi dəyərləndirirəm. Yeri gəlmişkən,
"Qarabağ xanəndələri" albomunun
buraxılması, "Muğam" jurnalının,
"Muğam ensiklopediyası"nın nəşri,
müasir texnologiyalara əsaslanan və 8 diskdən ibarət
"Azərbaycan muğamı" multimedia toplusunun
hazırlanması da Heydər Əliyev Fondunun bu sahəyə
göstərdiyi diqqətə bariz nümunələrdəndir.
Odur ki, mən yalnız xalqımızın deyil, bütün
bəşəriyyətin misilsiz mədəni sərvətinin
ayrılmaz hissəsi sayılan muğamımızın
sabahına nikbin baxıram. Hətta
deyərdim ki, son illər muğam
ifaçılığı sözün əsl mənasında,
intibah dövrünü yaşayır.
-Vamiq
müəllim, bəzi xanəndələr öz ifaları ilə
muğamı dəyişməyə
çalışırlar...
-Əvvəla,
müqayisə qüsurlu olsa da onu deyim ki, muğam Quran ayələri
kimidir. Bu mənada onu dəyişmək olmaz. Unutmayaq ki,
muğam əlçatmaz bir zirvədir. Xalq artisti Əlibaba Məmmədov
deyərdi ki, o qədər mahnı ərsəyə gətirdim,
amma bir muğam ortaya qoya bilmədim.
Tar mənim
üçün yalnız musiqi aləti deyil
-Adətən
muğam üçlüyündə xanəndə
aparıcı olsa da, tarzənin təcrübəsi də
öz sözünü həmişə deyir. Bu fikirlə
razısınızmı?
-Bəli,
elədir. Onu da deyim ki, tarzən, yaxud kamança
ifaçısı bir qayda olaraq xanəndədən zövq
alır. Yəni ifa zamanı onlardan heç biri nə
qabağa düşməlidir, nə də geri
qalmalıdır. Bu mənada onların ifası vəhdət təşkil
etməlidir. Məsələn, o vaxtı Qurban Pirimovla Cabbar
Qaryağdı baxışlarına əsasən bir-birini
tamamlayardılar, yəni ifanı nizama salardılar. Bu isə o deməkdir ki,
müşayiət xanəndə ilə vəhdət təşkil
etməlidir. Bu mənada demək olar ki, müşayiətin
özü də bir elmdir.
- Vamiq
müəllim, sizin üçün tar sadəcə, musiqi alətidir?
- Xeyr, tar
mənim üçün yalnız musiqi aləti deyil. O,
neçə-neçə sənətkarlar ortaya
çıxarmış, Mütəllim Mütəllimovu,
Əbülfət Əliyevi, Hacıbaba Hüseynovu, Yaqub Məmmədovu,
Əlibaba Məmmədovu, Alim Qasımovi, Arif Babayevi, Sabir Mirzəyevi,
Vahid Abdullayevi, Ağaxan Abdullayevi, Teyyub Aslanovu, Zahid Quliyevi,
Zabit Nəbizadəni, Səkinə İsmayılovanı, Qəndab
Quliyevanı, Könül Xasıyevanı və digərlərini
müşayiət etmiş, məni bu səviyyəyə
çatdırmış səmimi, həm də əbədi
bir dostdur. Ümumiyyətlə, yarpaq ağacdan qopa bilmədiyi
kimi, mən də tardan ayrıla bilmirəm. Demək olar ki, hər
gün tarı yoxlamaq, onu
kökləmək məndə adət halını
alıb. Mənə elə gəlir
ki, onu kökləməsəm, özüm də kökdən
düşərəm. Odur ki, həm tarımı, həm də
özümü həmişə işlək vəziyyətdə
saxlayıram. Bu mənada başqa bir sənəti olmayan Vamiq Məmmədəliyev
üçün tar həyatdır,
səadətdir.
-Eşitmişəm,
həyətinizdə mis qablardan ibarət muzey
açmısınız. Belə bir istək nədən
qaynaqlanıb?
- Mən
gözümü dünyaya açan gündən evimizdə
mis qablar görmüşəm. Rəhmətlik anam o mis
qablarda müxtəlif xörəklər bişirərdi. Elə
ki, necə deyərlər dövran dəyişməyə
başladı, həmin qablara münasibət dəyişdi.
Amma mən onlardan əl çəkmədim. Hətta bu və
digər rayona yolum düşəndə rast gəldiyim mis
qabları toplamağa başladım. Nəticədə həyətimdəki
muzeyin kolleksiyasına üç yüzdən yuxarı mis qab
toplandı. Bu, mənim həm də dünənimizə olan
hörmətimdən, sevgimdən irəli gəlir.
Qvami Məhəbbətoğlu,
İki
sahil.- 2025.- 19 aprel, №65.- S.8.