Qərbi Azərbaycanın
görkəmli şəxsiyyətləri:
Mirzə Cabbar Əsgərzadə
Bağçaban
İrəvandan Tehrana gedən yol
Qərbi Azərbaycanın ən
böyük, elm, maarif, mədəniyyət mərkəzi olan
İrəvan şəhəri daim tarixdə iz qoymuş
görkəmli şəxsiyyətlər yetirib. Bakı
Şamaxı, Təbriz, Şuşa, Naxçıvan kimi şəhərləri
ilə yanaşı İrəvan da ölkəmizə,
xalqımıza görkəmli ziyalılar, dünya
şöhrətli alimlər bəxş etmişdir. Azərbaycanın
qədim mədəniyyət mərkəzlərindən olan bu
şəhərdə uzun illərdən bəri zəngin ədəbi-mədəni
mühit formalaşmışdır.
Tanınmış tarixçi alim, tarix üzrə
fəlsəfə doktoru Nazim Mustafa qeyd edir ki, İrəvan
şəhərində yazıb-yaradan şair və
yazıçıların əsərlərinin bir çoxu
İrəvan qalası uğrunda gedən döyüşlər
və yerli azərbaycanlı əhalinin dəfələrlə
öz yer-yurdlarından didərgin düşmələri nəticəsində
itib-batmışdır: “Xüsusən, XIX əsrin əvvəlində
rus qoşunlarının şəhəri işğalından
sonra qiymətli əlyazmaların böyük əksəriyyəti
məhv edilmişdir. Əsasən məscidlərdə və
mədrəsələrdə saxlanılan qiymətli əlyazmaların
əksəriyyəti yandırılmışdır. Bununla belə,
Azərbaycandakı və qonşu dövlətlərdəki
arxivlərdə və kitabxanalarda İrəvan ədəbi
mühitinə aid bir çox nümunələrə rast gəlinir”.
İrəvan ədəbi-bədii mühitinin
nümayəndələrindən biri də Cabbar Əsgər
oğlu Əsgərzadədir. O,1885-ci il mayın 9-da İrəvan
şəhərində anadan olmuşdur. C.Əsgərzadə
ilk təhsilini mollaxanada almış, on beş yaşından
isə evlərdə kiçik yaşlı uşaqlara dərs
deməklə məşğul olmuşdur. C.Əsgərzadə
“Qafqaz” qəzetinin müxbirlərindən biri kimi jurnalistlik fəaliyyətində
“Molla Nəsrəddin” məcmuəsində də şeir və
məqalələrlə çıxış etmişdir.
İrəvan qubernatorunun 21 yanvar 1914-cü il
tarixində Mirməhəmməd Mirfətullayev və Cabbar
Əsgərzadəyə verdiyi icazəyə əsasən
onlar həmin il fevralın 22-də satirik “Lək-lək”
jurnalının ilk nömrəsini buraxmışdılar.
Filologiya üzrə fəlsəfə doktoru, dosent Cəlal
Allahverdiyev yazır ki, mətbuat tədqiqatçıları
İrəvanda Azərbaycan mətbuatının
yaranmasını 22 fevral 1914-cü ildən “Lək-Lək”in nəşr
edildiyi tarixdən başlandığını qeyd edirlər:
“Apardığımız araşdırmalar isə İrəvanda
Azərbaycan mətbuatının nə vaxt yaranmasına
aydınlıq gətirməyə əsas verir. Birincisi, necə
ola bilər ki, XIX əsrdə əhalisinin 75 faizini azərbaycanlılar
təşkil edən İrəvan şəhəri mədəniyyətinin
bütün sahələrində ən qabaqcıl mərkəzlərdən
biri olduğu halda, 1882-ci ildə milli teatrın meydana gəldiyi
bir məkanda ana dilində dövri mətbuat orqanı
1914-cü ilə təsadüf etsin? İkincisi, ola bilərdimi
ki, İrəvanda Azərbaycan mətbuatının
ictimai-siyasi, bədii fikrinin aparıcı simaları Cabbar
Əsgərzadə, Əli Məhzun, Mir Məhəmməd Mir
Fətullayev, Əli Məhzun Rəhimov, Mirzə Əlixan
Şəmsül Hükəma, Hacı Seyid Rza Əmirzadə,
Məşədi İsmayıl Hacı Kazımzadə, Mirzə
Kazım Qazi Əsgərzadə Axund Əhmədov, Mir Abbas Mir
Bağırov, qabaqcıl maarif xadimləri Abbas Razi Məmmədzadə,
Mirzə Naseh İrəvani, Mirzə Əli Məhəmməd
Xəlilov, Axund Məhəmməd Bağır Qazızadə,
Mirzə Cabbar Məmmədzadə, Mirzə Əli Məhəmməd,
Məmmədəli Nasir, Mirzə Məhəmməd Axundov və
burada yaşayıb yaradan onlarla digər ziyalı Cənubi
Qafqazda ana dilində ilk dərslikləri yaratdıqları
halda ana dilində qəzet, jurnal buraxmağın vacibliyini dərk
etməsin və bu ideyanı gerçəkləşdirmək
üçün heç bir təşəbbüs göstərməsinlər?”
Filoloq, dosent
C.Allahverdiyev, həmçinin qeyd edir ki, C.Əsgərzadə
1905-ci ildə ermənilərin azərbaycanlılara
qarşı törətdikləri qətliamlar,
qırğınlar zamanı öz xalqının
hüquqlarını qətiyyətlə müdafiə etdiyinə
görə bir neçə aylığa həbsə
atıldığı həbsxanada “Molla Nəhib” və
“Mollabaşı” adlı həftəlik dərgilər nəşr
etdirərək gerçəkləşdirməyə nail
olmuşdur.
Ümumiyyətlə,
“Lək-lək”in cəmisi 8 nömrəsi işıq
üzü görmüşdür. Dövri mətbuatda
çıxan satirik şeirləri və publisistik
yazıları onu təqiblərə məruz qoymuşdur. Digər
tərəfdən, xəstəliyi ilə əlaqədar o, Cənubi
Azərbaycanın Mərənd şəhərinə
köçməyə məcbur olmuş və burada Əhmədiyyə
məktəbində müəllim işləmişdir. Sonra o,
Təbriz şəhərinə dəvət olunmuşdur.
Burada uşaq bağçasının açılmasına
kömək etmiş, kar və lal uşaqlar üçün
məktəb təşkil etmiş (1922–1927), Şirazda
uşaq evində pedaqoji fəaliyyətini davam etdirmişdir
(1927–1933). Daha sonra Tehranda korlar və lallar üçün məktəb
açmışdır. Burada “Zəban” adlı pedaqoji jurnal nəşr
etmiş (1942), eyni zamanda ictimai, ədəbi və pedaqoji fəaliyyətini
davam etdirmişdir.
Onun çoxcəhətli
yaradıcılığı-pedaqogika, poeziya, incəsənət,
musiqi, mədəniyyət və səhiyyə ilə sıx
bağlı idi. Ərəb, fars və rus dillərini mükəmməl
bilmiş, xarici ölkə xalqlarının seçmə
poeziyasından tərcümələr etmişdir. Əsərlərini
Azərbaycan və rus dillərində yazmışdır.
Lirik şeirlərini “C.Əsgərzadə”, “Aciz”,
“Bağçaban”, satirik şeirlərini isə “Məhkəmə
pişiyi”, “Noxtalı”, “Leyləyin yuvadibisi”, “Molla haray” və
s. imzaları ilə çap etdirmişdir. Onun kiçik
yaşlı uşaqlar və məktəblilər
üçün yazdığı mənzum hekayələri də
nəşr olunmuşdur. Maarif
sahəsindəki xidmətlərinə görə ona Tehran
Universitetinin professoru adı verilmişdir.
Mirzə
Cabbar Əsgərzadə Bağçaban 1966-cı il
noyabrın 25-də Tehranda vəfat etmişdir.
Zahid
Rza
İki
sahil.-
2025.- 23 aprel, ¹67.- S.7.