Ulu Öndərin Ana dili
sevgisi tükənməz idi
Dil millətin
və dövlətin varlığını təsdiq edən
mühüm atributlarından
biri olmaqla bərabər, həm də onun milli- mənəvi dəyərlərini
yaşadan, inkişaf etdirən ünsiyyət vasitəsidir. Bu
mənada Azərbaycan dili Azərbaycan xalqının milli
varlığını müəyyən edən
başlıca amillərdəndir.
Bu, bir tarixi həqiqətdir ki, dil
yaşayırsa, millət də yaşayır. Eyni zamanda, dilin
yaşaması üçün onun
qorunması və zənginləşməsi
də mühüm faktordur. Bu
gün Azərbaycan dili həm də ona görə qədim və
zəngin hesab olunur ki, bu dildə Nizami Gəncəvi, Məhəmməd
Füzuli, İmaməddin Nəsimi, Əfzələddin Xəqani,
nəhəng Səfəvi imperiyasının
başçısı Şah İsmayıl Xətai və daha onlarla dünyaca
nüfuzlu əcdadlarımız yazıb yaratmışlar.
Yaxın tariximizə diqqət yetirsək görərik ki, Azərbaycan dili müxtəlif
dövrlərdə rəsmən dövlət dili elan edilsə də bu ancaq
kağız üzərində qalıb.
Bəli,
tarixin ən keşməkeşli dövrlərindən mətanətlə
çıxan Azərbaycan dili
bu günədək yaşayıb zənginləşmişsə,
bu, o deməkdir ki, həmin işdə dilimizi qoruyan görkəmli
dövlət xadirmələrinin də böyük əməyi
vardır. Xüsusilə SSRİ dövründə Azərbaycan
dilinin qorunması və onun dövlət dili statusu alması
istiqamətində Ulu Öndər Heydər Əliyevin
danılmaz xidmətləri olmuşdur.
Ulu
Öndər hələ respublikamıza rəhbərliyinin
birinci dövründə Azərbaycan dilinə yalnız adi
ünsiyyət vasitəsi kimi deyil, həm də qədim
tarixi, zəngin mədəniyyəti, müasir dünyada
müəyyən ictimai-mədəni mövqeyi olan bir
xalqın milli sərvəti baxırdı. Ötən əsrin
70-ci illərindən başlayaraq SSRİ-ni təşkil edən
respublikaların ictimai-siyasi həyatında dil məsələsi
yenidən gündəmə gətirilmişdi. SSRİ
Konstitusiyasının qəbulundan sonra milli dillərin
sıxışdırılması prosesi daha da güclənmişdi.
Belə bir şəraitdə ana dili məsələsinin nəinki
təbliğatı ilə, hətta onun dövlət dili
statusu alması üçün çalışmaq
böyük cəsarət tələb edirdi. Çox ciddi
müqavimətlərə rəğmən o vaxt Azərbaycan SSR-nin rəhbəri
olan Ulu Öndər Heydər Əliyev doğma dilimiz məsələsində öz
mövqeyini çox cəsarətlə, qətiyyətlə
müdafiə etdi.
Məhz
Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü
ilə 27 aprel 1978-ci il tarixində Azərbaycan SSR
Konstitusiyasına «Azərbaycan SSR-nin dövlət dili Azərbaycan
dilidir» maddəsi əlavə olundu. Əslində, bu cəsarətli
addım Azərbaycan xalqının gələcək müstəqilliyinə hesablanmış müdrik qərar
idi. Məsələn, 1978-ci il aprelin 2-də IX
çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan
Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi və
onun ümumxalq müzakirəsinin yekunlarına həsr
olunmuş VII sessiyasında məruzə ilə
çıxış edən Ulu Öndərin təklifi ilə
73-cü maddəni aşağıdakı redaksiyada vermək təklif
olunmuşdur: «Azərbaycan Sovet Sosialist Respublikasının
dövlət dili Azərbaycan dilidir.» Bununla da bir daha aydın
görünür ki, Azərbaycan dilinə dövlət dili
statusunun verilməsi Ulu Öndər Heydər Əliyevin xalq
qarşısında ən böyük tarixi xidmətlərindən
biridir. Ulu Öndər bununla gələcək müstəqil
dövlətçiliyin milli rəmzlərindən birini məharətlə
qorumuşdur;
Xalqımızın
Ümummilli lideri Heydər Əliyev bu fəaliyyətində
yalnız Azərbaycan dilinin dövlət dili statusu alması
ilə kifayətlənmirdi, həm də ölkə
ziyalılarını ümumilikdə isə
xalqımızı ana dilimizi
qorumağa, onun zənginliyindən isifadəyə səsləyirdi.
Bu dahi insan sözügedən SSRİ Konstitusiyası haqqında
danışarkən demişdir ki, bu Əsas Qanun vətəndaşlara təhsil
hüququ vermişdir. Bu hüquq ana dilində oxumaq imkanı
ilə təmin olunmalıdır. Ona görə də öz milli konstitusiyamızda Azərbaycan
dili Azərbaycan SSR-in dövlət dili kimi təsbit
olunmalıdır. Ulu Öndərin Azərbaycan dilinin
inkişafı və zənginləşməsi istiqamətində
fəaliyyəti də geniqmiqyaslı idi. O, ökəmizdə
dilçi alimlərə yüksək diqqət və
qayğı göstərirdi. Eyni zamanda, Azərbaycan dilində nəşr edilən ədəbi-bədii
kitabların və dərsliklərin tirajlarının
artırılmasını tələb edirdi.
Ulu
Öndər Azərbaycan müstəqillik qazındıqdan
sonra da dilimizin qorunması və inkişafı istiqamətində
çox böyük işlər gördü. Xüsusilə
1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası
hazırlanarkən dövlət dilinin necə adlandırılması
ilə bağlı müxtəlif təkliflər irəli
sürülmüşdü. Ulu Öndər müstəqil
dövlətimizin yeni Konstitusiya layihəsini hazırlayan
komissiyanın 5 noyabr 1995-ci ildə keçirilən
iclasında müzakirələrin məntiqi nəticəsi
kimi dövlət dilinin adı barədə öz qəti
fikrini belə ifadə etmişdi: «Mən hər bir dilə
hörmət edirəm və ehtiramımı bildirirəm.
Hesab edirəm ki, Azərbaycan dili ilə fəxr edə bilərik.
Çünki bu zəngin dildir, artıq dünyada
tanınmış dildir. Xalqımızın da, dilimizin də
adı tanınıb. Bu, reallıqdır». Geniş müzakirələrdən
sonra 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul
olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan
Respublikasının dövlət dilinin Azərbaycan dili
olması öz əksini tapmışdır. Bundan sonra ana
dilimizin qorunması və inkişafı işi daha da gücləndirilmişdir.
Ulu Öndər Heydər Əliyev
ana dilimizin tarixi keçmişi ilə yanaşı, mövcud
durumunu və problemlərini də daim diqqət mərkəzində
saxlamaqla bu istiqamətdə bir sıra mühüm tədbirlərin
həyata keçirilməsinə dair qərarlara da imza
atmışdır. Xüsusilə dilimizin yeni inkişaf
dönəmində daha da zənginləşməsi və
qorunması istiqamətində yaranmış vəziyyəti nəzərə
alan Ulu Öndər 2001-ci il iyunun 18-də «Dövlət dilinin
tətbiqi işinin təkmilləşdirilməsi haqqında»
Fərman imzalamışdır. Müstəqil Azərbaycan
dövlətinin dil siyasətinin müəyyənləşməsi,
formalaşması və möhkəmləndirilməsi
baxımından müstəsna əhəmiyyət
daşıyan bu tarixi Fərman dövlət dili ilə
bağlı hərtərəfli və geniş məlumatları
özündə ehtiva edirdi. Sözügedən Fərmanla Azərbaycan
Prezidenti yanında Dövlət Dil Komissiyası
yaradılmışdı. Həmçinin Ulu Öndərin
«Azərbaycan əlifbası və Azərbaycan dili
gününün təsis edilməsi haqqında» 2001-ci il 9
avqust tarixli Fərmanına əsasən, hər il avqustun 1-i
ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan
dili günü kimi qeyd edilir. Bundan başqa, 2002-ci il 30 sentyabr tarixində «Azərbaycan
Respublikasında dövlət dili haqqında» Azərbaycan
Respublikasının Qanunu qəbul edilmişdir. Sözügedən
qanuna əsasən Azərbaycan
Respublikası Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsini
öz müstəqil dövlətçiliyinin başlıca əlamətlərindən
biri sayır, onun tətbiqi, qorunması və inkişaf
etdirilməsi qayğısına qalır, dünya azərbaycanlılarının
Azərbaycan dili ilə bağlı milli-mədəni
özünüifadə ehtiyaclarının ödənilməsi
üçün zəmin yaradır. Həmin Qanun Azərbaycan
Respublikası Konstitusiyasına uyğun olaraq Azərbaycan
Respublikasında Azərbaycan dilinin dövlət dili kimi
hüquqi statusunu nizamlayır.
Ümumiyyətlə,
Ulu Öndər bütün siyasi fəaliyyəti
dövründə yalnız Azərbaycan dilinin inkişaf etdirilməsi
və qorunması ilə kifayətlənməyib, eyni zamanda,
özünin nitqlərində dilimizin zənginliyindən və
şirinliyindən geniş şəkildə istifadə edib.
Müdrik atalar sözlərimizdən, qədim və mənalı
nağıllarımızdan, dahi şairlərimizin dəyərli
kəlamlarından yerində və zamanında istifadəsi Ulu
Öndərin nitqinə millilik və
mənəvi zənginlik gətirirdi. O, deyirdi: «Azərbaycan
dili bu gün dərin fikirləri ən incə
çalarlarınadək olduqca aydın bir şəkildə
ifadə etmək qüdrətinə malik dillərdəndir.»
Xüsuilə
gənclərmizə verdiyi tövsiyələrin ana xəttini
dillə bağlı fikirləri tuturdu; «Dil, dil, bir də
dil... Dili inkişaf etdirməliyik. Mən demişəm və
bu gün də deyirəm. Bizim gənclərə deyirəm
ki, rus dilini yaxşı bilin, ingilis, fars, ərəb,
fransız dillərini də yaxşı bilin. Amma bunların
hamısından yaxşı öz Azərbaycan dilimizi öyrənin.
Əgər bunu bilməsən, sən tam azərbaycanlı
olmursan.»
Elçin
Zaman
İki
sahil.- 2025.- 26 aprel, ¹70.- S.3.