Mətbuatın inkişafına daha bir töhfə
Milli mətbuatın
150 illik yubileyinin keçirlməsi haqqında Sərəncam
söz və mətbuat azadlığının
inkişafında yeni mərhələnin
başlanğıcıdır
Prezident
İlham Əliyev aprelin 25-də
Azərbaycan milli mətbuatının 150 illik yubileyinin
ölkəmizdə geniş qeyd olunması haqqında Sərəncam
imzalayıb. Sərəncamda milli mətbuatın Azərbaycanın
ictimai-siyasi və mədəni həyatındakı yeri, mədəniyyətin,
maarifçiliyin inkişafında rolu, eyni zamanda, müasir cəmiyyət
quruculuğu və ölkəmizin beynəlxalq nüfuzunun daha
da yüksəldilməsi sahəsində töhfələri
xüsusi qeyd olunub.
Sərəncamda
milli mətbuatımızın keçdiyi keşməkeşli
və şanlı tarixi yol haqqında bildirilir ki, XIX əsrin ikinci
yarısında dünyanın neft və sənaye mərkəzlərindən
birinə çevrilmiş və iqtisadi yüksəliş
dövrünü yaşayan Azərbaycanın ictimai-siyasi və
mədəni həyatında əsaslı dəyişikliklər
baş vermiş, maarifçilik hərəkatı genişlənməyə
başlamış, milli mətbuatın yaranması zərurəti
meydana çıxmışdı: « Məhz buna görə də
150 il əvvəl – 1875-ci il iyulun 22-də görkəmli ziyalı,
təbiətşünas alim və maarifçi-publisist Həsən
bəy Zərdabinin Azərbaycan dilində nəşr etdirdiyi
“Əkinçi” qəzeti milli mətbuatımızın ilk
nümunəsi və ölkəmizin həyatında
mühüm hadisə kimi tarixə
düşmüşdür. Cəmi iki il fəaliyyət
göstərən qəzet maarifçi ideyaların
carçısı olmuş, cəhalətə və xurafata
qarşı kəskin məqalələr dərc etmiş,
milli özünüdərkin, ictimai, siyasi və bədii
fikrin inkişafına, mütərəqqi jurnalist nəslinin
yetişməsinə önəmli töhfə vermişdir.»
Prezidentin
Sərəncamında xüsusi qeyd olunur ki, 1993-cü ildə
xalqın tələbi ilə yenidən hakimiyyətə
qayıdan Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi
ilə həyata keçirilən islahatlar ölkəmizdə
söz və məlumat azadlığının, fikir
plüralizminin və digər demokratik dəyərlərin bərqərar
olması üçün etibarlı zəmin yaratdı.
Bu, bir həqiqətdir ki, milli
mətbuatımızın
inkişafında yeni mərhələ ötən əsrin
90-cı illərinin əvvəllərinə - Azərbaycanın
dövlət müstəqilliyinin bərpasından sonrakı
dövrə təsadüf edir. Etiraf etməliyik ki, müstəqilliyin
ilk illərində müəyyən obyektiv və subyektiv səbəblər
üzündən ölkənin yeni formalaşan mətbuat
orqanları ciddi məhrumiyyətlərlə, çətinliklərlə
üzləşmişdilər. Həmin dövrdə ölkədə
hökm sürən gərgin ictimai-siyasi vəziyyət, Ermənistanın
hərbi təcavüzünün doğurduğu ağır
sosial-iqtisadi və psixoloji durum, iqtisadi tənəzzül
fikir, söz, mətbuat azadlıqlarının təmin edilməsinə
ciddi maneələr yaradırdı. Mövcudluğunu qoruyub
saxlamağa çalışan o zamankı iqtidar
çıxış yolunu yeni təşəkkül tapmaqda
olan müstəqil mətbuata təzyiqləri gücləndirməkdə
görürdü. 1992-ci ildə hərbi senzuranın tətbiqi
adı altında mətbuat üzərində nəzarət
daha da gücləndirilmişdi.
Ulu
Öndər Heydər Əliyevin 1993-cü ilin iyununda
xalqın təkidli tələbi ilə hakimiyyətə
qayıdışından sonrakı dövrdə Azərbaycan
mətbuatının inkişafında keyfiyyətcə yeni mərhələ
başlandı. Həmin dövrdən respublikada mətbuat
orqanlarının azad fəaliyyəti və inkişafı
yolunda süni maneələrin aradan qaldırılması,
qanunvericilik bazasının təkmilləşdirilməsi, qəzetlərin
maddi-texniki təchizatının yaxşılaşdırılması
sahəsində ardıcıl tədbirlərin həyata
keçirilməsinə başlanıldı. Ümummilli Lider
Heydər Əliyev demokratik dəyərləri, insan hüquq və
azadlıqlarını, sosial ədalət prinsipini uca tutan rəhbər
kimi kütləvi informasiya vasitələrinin cəmiyyətdəki
roluna hər zaman böyük önəm verirdi. Ümummilli
Liderin rəhbərliyi altında hüquqi dövlət və
vətəndaş cəmiyyəti quruculuğunu
özünün inkişaf modeli kimi qəbul edən Azərbaycan
1993-cü ildən insan hüquqları, söz və mətbuat
azadlığının təmin edilməsi ilə
bağlı bir sıra beynəlxalq konvensiyalara, sazişlərə
qoşuldu. 1995-ci ildə ümumxalq referendumu ilə qəbul
edilmiş Azərbaycan Respublikasının ilk milli
Konstitusiyasının 50-ci maddəsində hər kəsin
informasiya əldə etmək hüququ təmin edildi. Bu
müddəanın Konstitusiyaya daxil edilməsi Azərbaycanın
demokratik inkişaf kursu ilə yanaşı,
respublikamızın qoşulduğu beynəlxalq müqavilələrdən
irəli gəlirdi.
Ulu
Öndərin milli jurnalistikamızın inkişafı sahəsində
ən böyük, tarixi xidməti 1998-ci ildə KİV üzərində
senzuranın tamamilə ləğvidir. Senzuranın
mövcudluğu şəraitində medianın müstəqilliyindən
danışmaq, əlbəttə ki, mümkün deyildi. Belə
bir şəraitdə Ulu Öndər Heydər Əliyevin
1998-ci il 6 avqust tarixində imzaladığı «Azərbaycan
Respublikasında söz, fikir və mətbuat
azadlığının təmin edilməsi sahəsində tədbirlər
haqqında» Fərman kütləvi informasiya vasitələrinin
inkişafı, onların cəmiyyətin demokratikləşməsinə
təsir edən qüdrətli vasitəyə çevrilməsi
yolunda mühüm addım oldu. Həmin Fərmanla 1966-cı
il 27 oktyabr tarixində yaradılan və Azərbaycanın
bütün informasiya vasitələri üzərində
senzura fəaliyyətini həyata keçirən Nazirlər
Kabineti yanında Mətbuatda Dövlət Sirlərini
Mühafizə edən Baş İdarə ləğv olundu. Bu
qətiyyətli addım 1875-ci ildə «Əkinçi» qəzeti
ilə əsası qoyulan Azərbaycan milli mətbuatının
ilk dəfə senzuradan tamamilə azad edilməsi, yeni müstəqil
medianın fəaliyyəti üçün geniş
imkanların açılması demək idi.
Həmin
illərdə Azərbaycanın iqtisadi imkanlarının nisbətən
zəif olmasına baymayaraq, Ulu Öndər Heydər Əliyev
maliyyə vəziyyəti ağır olan qəzetlərə
maddi-texniki dəstəyin göstərilməsi təşəbbüsü
ilə çıxış edirdi. 90-cı illərin
ortalarında qəzetlərə birdəfəlik yardımlar,
subsidiyalar verilmişdi. Azərbaycan Respublikası Prezidentinin
2000-ci il 6 mart tarixli «2000-2001-ci illərdə kütləvi
informasiya vasitələrinin maddi-texniki şəraitinin
yaxşılaşdırılması üçün tədbirlər
proqramı» Fərmanı ilə təsdiq edilən jurnalist kadrları hazırlayan təhsil
müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsini,
kütləvi informasiya vasitələrinin istehsalı və
yayımı ilə əlaqədar problemlərin həlli məqsədilə
Əlaqələndirmə Şurasının
yaradılmasını önə çəkirdi. Eyni zamanda,
proqramda KİV subyektləri tərəfindən dövlət
mülkiyyətində olan qeyri-yaşayış sahələrinin
icarəsi və telefon rabitəsi üzrə müəyyən
olunmuş tariflərin minimum məbləğdə ödənilməsi
nəzərdə tutulmuşdu. Azərbaycan mətbuatının
yubileylərinin keçirilməsi kimi mütərəqqi ənənənin
əsası da məhz Ulu Öndər tərəfindən
qoyulub. Hələ 2000-ci ildə Ulu Öndərin müvafiq Sərəncamı
ilə Azərbaycan milli mətbuatının
yaranmasının 125 illik yubileyi təntənəli şəkildə
qeyd edilmişdi. Ulu Öndər həmin tədbirdə dərin
məzmunlu geniş nitq söyləyərək mətbuatımızın
qarşısında duran vəzifələrdən
danışmışdı.
Bundan
başqa , 2001-ci ildə Mətbuat və İnformasiya
Nazirliyinin ləğvi kütləvi informasiya vasitələrinin
təsis olunmasını və onlardan istifadə
qaydalarını qat-qat asanlaşdırdı, bu sahədəki
bürokratik əngəlləri tamamilə aradan
qaldırdı. 2001-ci il dekabrın 18-də ölkənin əsas
kütləvi informasiya vasitələri və jurnalist təşkilatlarının
rəhbərləri ilə görüşən Ulu Öndər
mətbuatın problemlərini müzakirə edərək həlli
istiqamətində tapşırıqlarını verdi. Həmin
görüşdən sonra bir çox problemlər operativ həllini
tapdı, qəzetlər əlavə dəyər və mənfəət
vergisindən azad edildi. Eyni
zamanda, 2003-cü il martın 15-də Azərbaycan jurnalistlərinin
I qurultayında media-ictimaiyyət, media-hakimiyyət münasibətlərini
tənzimləyən qurum - Azərbaycan Mətbuat
Şurası yaradıldı. Ümumilikdə, mətbuatın
problemlərinin həlli ilə bağlı onlarla Fərman və
Sərəncam imzalayan bu dahi şəxsiyyəti ölkə jurnalistləri özlərinin
dayağı kimi görürdülər. Elə ona görə
də Ulu Öndər 2002-ci ildə «RUH» Azərbaycan Jurnalistləri
Müdafiə Komitəsi tərəfindən «Jurnalistlərin
dostu» mükafatına layiq görüldü.
Fəxrlə
deyə bilərik ki, Ulu Öndər
idarəçilik məktəbinin və siyasi kursunun layiqli
davamçısı olan Prezident İlham Əliyevin hakimiyyəti
dövründə Azərbaycanda mətbuata dövlət
qayğısının miqyası daha da genişlənmişdir.
İndi ölkəmizdə istənilən şəxs
özünə mətbuat orqanı yarada bilər. Bunun
üçün yetərincə əlverişli mühit
olduğundan qəzet və jurnalların sayı durmadan
artır. Eyni zamanda, Azərbaycan söz
azadlığının qorunduğu, mətbuat
azadlığı prinsipinə hörmətlə
yanaşılan ölkələrdən hesab edilir.
Bu gün
Azərbaycan dövləti regional səviyyədə qüdrətli
və qətiyyətli bir ölkə kimi tanınır.
Xüsusilə İkinci Qarabağ müharibəsində
qazandığımız tarixi Zəfərdən sonra ölkəmiz
inkişafın yeni mərhələsinə qədəm qoyub.
Bu işdə milli mətbuatımızın öz dəst –xətti
var. Sözügedən Prezident Sərəncamında bu barədə
bildirilir ki, müharibə dövründə mediamız əsl
vətənpərvərlik, həmrəylik nümunəsi
ortaya qoymuş, haqq səsimizin dünya ictimaiyyətinə
çatdırılması, düşmənin və onun
havadarlarının saxta məlumatlarının ifşası
üçün xüsusi səy göstərmiş, Milli
Ordumuzun, əsgər və zabitlərimizin rəşadəti,
qəhrəmanlığı ilə bağlı zəngin
salnamə yaratmışdır: «Vətən müharibəsində
qələbəmizdən az sonra başlanan islahatlar, o cümlədən «Media haqqında» Qanunun qəbul
edilməsi media fəaliyyətinin rəqəmsal dövrün
çağırışlarına
uyğunlaşdırılmasını və ölkəmizin
informasiya mühitinin sağlamlaşdırılmasını hədəfləmişdir.
Vergi azadolmalarının tətbiqi, qəzet və jurnallar
üçün əlavə dəyər vergisinin aradan
qaldırılması, jurnalistlərə güzəştli
ipoteka kreditindən yararlanmaq hüququnun verilməsi və digər
tədbirlər informasiya resurslarının iqtisadi müstəqilliyinin
gücləndirilməsi və jurnalistlərin sosial müdafiəsinin
yaxşılaşdırılması istiqamətində
görülən işlərin davamlılığını
təmin etmişdir.»
Sərəncamda
Azərbaycan mediasının qarşısında da duran yeni vəzifələr
də öz əksini tapır. Bildirilir ki, qabaqcıl
texnologiyaların tətbiqi, sosial media platformalarında fəallığın
artırılması, rəqəmsallaşma, süni intellekt,
media savadlılığının yüksəldilməsi,
dezinformasiya və saxta xəbərlərlə mübarizə,
effektiv kommunikasiyanın həyata keçirilməsində
yaxından iştirak və s. mediamızın inkişaf
perspektivini və qarşıdan gələn dövrdə
qlobal informasiya məkanında yerini müəyyənləşdirəcək
məsələlərdir.
Elçin Zaman
İki sahil.- 2025.- 30 aprel, ¹72.- S.6.