Rəqəmsal idarəçiliyin
milli modelinə doğru
Elvin Abbasov: Süni intellekt sahəsində yeni dövlət
standartı rəqəmsal idarəetmədə keyfiyyət mədəniyyətinin
başlanğıcıdır
Müasir dövr informasiya və texnologiyalar əsridir.
Bu reallıqla ayaqlaşmaq istəyən dövlətlər
yalnız iqtisadi və siyasi islahatlarla kifayətlənməyərək,
rəqəmsal transformasiyanı da strateji prioritetə
çevirirlər. Prezident İlham Əliyevin 19 mart 2025-ci il
tarixli Sərəncamı ilə təsdiq edilən “Azərbaycan
Respublikasının 2025–2028-ci illər üçün
Süni İntellekt Strategiyası” da məhz bu kontekstdə
ölkəmizin texnoloji suverenliyinin təməlini təşkil
edir. Bu sənəd süni intellektin (Sİ) milli səviyyədə
tətbiqi, tənzimlənməsi və idarə olunması
üçün sistemli çərçivə müəyyənləşdirir
və ölkəmizin bu sahədə regional və qlobal liderə
çevrilməsi yolunda strateji başlanğıc nöqtəsi
kimi dəyərləndirilir.
Strategiyanın əsas missiyası süni intellekt
texnologiyalarının yalnız tətbiqini deyil, eyni zamanda,
onun idarəolunan, etik və şəffaf formada cəmiyyət
həyatına inteqrasiyasını təmin etməkdir. Sənəddə
qeyd olunan prioritet istiqamətlər – kənd təsərrüfatı,
səhiyyə, nəqliyyat və təhsil sahələri bu
texnologiyanın real sektorlarla inteqrasiyasının ilkin mərhələlərdə
uğurla aparılacağını göstərir. Ən
mühüm və diqqətçəkən məqamlardan biri
odur ki, strategiya yalnız texniki hədəflərlə kifayətlənmir.
Burada sosial, hüquqi və etik aspektlərə də önəm
verilir. Süni intellektin tətbiqində ədalətli və
etik yanaşmanın qorunması, şəffaf və ictimai
maraqlara cavab verən idarəetmə sistemlərinin
qurulması nəzərdə tutulur. Beləliklə, texnologiya
yalnız innovasiya deyil, həm də sosial məsuliyyət
vasitəsinə çevrilir. Strategiyanın qəbulundan əvvəl
Azərbaycanda süni intellekt sahəsində
atılmış ilkin addımlar da bu prosesin tədricən və
sistemli şəkildə
formalaşdırıldığını göstərir.
2020-ci ildən başlayaraq rəqəmsal transformasiya
proseslərinin sürətləndirilməsi, 2021-ci ildə Rəqəmsal
İnkişaf və Nəqliyyat Nazirliyi nəzdində Süni
İntellekt üzrə İşçi Qrupun
yaradılması bu baxımdan önəmli mərhələlərdir.
Həmin İşçi Qrupun təşəbbüsü ilə
müxtəlif sahələrdə süni intellekt əsaslı
pilot layihələrin icrasına başlanması isə
texnologiyanın tədricən ölkə həyatına
inteqrasiyasını reallaşdırır. 2022-ci ildə “Rəqəmsal
Azərbaycan: 2030” strategiyası çərçivəsində
aparılan ilkin təhlillər, milli ekspert və texnoloji mərkəzlərin
iştirakı ilə hazırlanan konseptual sənədlər
gələcəkdə ölkənin süni intellektlə
bağlı tənzimləmə mexanizmlərinin və
texnoloji siyasətinin əsasını formalaşdırıb.
“Elektron hökumət” portalında və "ASAN xidmət"
sistemində süni intellekt elementlərinin tətbiqi isə
dövlət-vətəndaş münasibətlərində
avtomatlaşdırılmış idarəetmə modelinin ilkin
təzahürləridir. Təhsil sahəsində həyata
keçirilən pilot layihələr – məktəblərdə
fərdi tədris planlarının yaradılması və
şagird performansının avtomatik təhlili – süni
intellektin insan potensialının inkişafına yönələn
effektiv alətə çevrilməkdə olduğunu sübut
edir. Kənd təsərrüfatı və nəqliyyat sahələrində
peyk məlumatlarına əsaslanan proqnozlaşdırma sistemləri
də bu istiqamətdə texnoloji yeniliklərin praktik səmərəsini
göstərən nümunələrdəndir. Strategiyada
süni intellektin tətbiqində yaranacaq etik, sosial və
iqtisadi risklərin qarşısının alınması
üçün qabaqlayıcı mexanizmlərin
hazırlanması, ictimai rəyin nəzərə
alınması, şəffaf monitorinq sistemlərinin
qurulması və risk qiymətləndirmə mərhələlərinin
həyata keçirilməsi kimi tədbirlər xüsusi yer
tutur. Bu, Azərbaycanın texnologiya ilə yanaşı, sosial
məsuliyyəti də önə çəkən bir model
qurmaq niyyətində olduğunu göstərir.
Maraqlı və diqqətçəkən məsələlərdən
biri də budur ki, Strategiya çərçivəsində məlumatların
idarə edilməsi və infrastrukturun təkmilləşdirilməsi
rəqəmsal transformasiyanın əsas dayağı kimi nəzərdən
keçirilir. Yüksəksəviyyəli hesablama
imkanlarının artırılması, Təbii Dil Emalı
(TDE) texnologiyalarının gücləndirilməsi,
açıq məlumatların genişləndirilməsi, fərdi
məlumatların mühafizəsi və kibertəhlükəsizliyin
təmin olunması bu sahəyə kompleks yanaşmanın
göstəricisidir. Bu çərçivədə süni
intellekt texnologiyaları dövlət idarəçiliyindən
tutmuş səhiyyəyə, təhsildən tutmuş iqtisadi
sektora qədər geniş spektrdə tətbiq olunmaq
üçün nəzərdə tutulur.
Süni intellekt strategiyasının texnoloji və
hüquqi təməlini gücləndirən mühüm hadisələrdən
biri də son günlərdə Prezident yanında Antiinhisar və
İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin
tabeliyində fəaliyyət göstərən Azərbaycan
Standartlaşdırma İnstitutunun (AZSTAND) AZS ISO/IEC 42001:2025
“İnformasiya texnologiyası – Süni intellekt – İdarəetmə
sistemi” dövlət standartını qəbul etməsidir.
Yeni standart süni intellekt texnologiyalarının tətbiqi
zamanı risklərin idarə olunması, etik prinsiplərə
riayət edilməsi və şəffaflığın təmin
olunması ilə bağlı tələbləri müəyyənləşdirir.
Eyni zamanda, bu sənəd süni intellekt sistemlərinin
qurulması, tətbiqi, istismarı və davamlı şəkildə
təkmilləşdirilməsinə dair müasir alqoritmləri
və yanaşmaları özündə ehtiva edir. AZS ISO/IEC
42001:2025 standartı “İnformasiya-kommunikasiya texnologiyaları”
üzrə Standartlaşdırma üzrə Texniki Komitə
(AZSTAND/TK 05) tərəfindən müzakirəyə
çıxarılıb, daha sonra Azərbaycan
Standartlaşdırma İnstitutu tərəfindən təsdiqlənərək
Standartlaşdırma üzrə normativ sənədlərin
Dövlət Fonduna daxil edilib.
Qeyd olunmalıdır ki, bu yeni dövlət
standartı Prezident İlham Əliyevin 19 mart 2025-ci il tarixli Sərəncamı
ilə təsdiq olunmuş “2025–2028-ci illər
üçün Süni İntellekt Strategiyası”nın həyata
keçirilməsi üzrə Tədbirlər Planının
8.1.5-ci yarımbəndinin icrası çərçivəsində
qəbul edilib və strategiyanın praktik tətbiq mexanizmlərinin
mühüm komponentlərindən birini təşkil edir.
“Azərbaycan İnformasiya və Kommunikasiya
Texnologiyaları Sənayesi Assosiasiyası" İctimai
Birliyinin sədri Elvin Abbasov mövzu ilə bağlı
“İki sahil”ə açıqlamasında AZS ISO/IEC 42001:2025
dövlət standartının qəbulu ilə bağlı
qeyd etdi ki, bu sənəd “Azərbaycan Respublikasının
2025–2028-ci illər üçün Süni İntellekt
Strategiyası” üzrə fəaliyyətlərin konkretləşməsi
baxımından əlamətdar mərhələdir: “Bu
standart süni intellektin tətbiqi zamanı idarəetmə,
şəffaflıq, etik prinsiplər və risklərin
azaldılması kimi əsas texniki-hüquqi tələbləri
müəyyən edir. Yəni, strategiyada qoyulan hədəflərin
həyata keçirilməsi üçün zəruri idarəetmə
və uyğunluq çərçivəsini yaradır. Tədbirlər
Planında süni intellektin etibarlı və məsuliyyətli
tətbiqi, normativ bazanın formalaşdırılması,
infrastrukturun tənzimlənməsi kimi istiqamətlər
mövcuddur. Yeni qəbul edilən AZS ISO/IEC 42001:2025 isə məhz
bu istiqamətlərin icrası üçün operasional
mexanizm rolunu oynayır. Məsələn, bu standart süni
intellekt sistemlərinin qurulması və təkmilləşdirilməsi
üçün təşkilat daxilində proses
yanaşması və davamlı audit mexanizmləri təqdim
edir. Bu da strateji sənəddə nəzərdə tutulan
prinsipial tələbləri ölçülə bilən və
tətbiq edilə bilən struktura çevirir”.
Elvin Abbasov vurğuladı ki, nəticə etibarilə
bu standart strategiyanın yalnız hüquqi deyil, həm də
praktik icra mərhələsinə keçidini təmin edir:
“Təşkilatlar üçün həm məsuliyyət
çərçivəsi yaradır, həm də süni
intellektin səmərəli tətbiqində etimad mühitini
formalaşdırır. Bu baxımdan, AZS ISO/IEC 42001:2025 təkcə
texniki sənəd deyil, eyni zamanda, rəqəmsal idarəetmədə
keyfiyyət mədəniyyətinin başlanğıcı
kimi qiymətləndirilməlidir”.
Nigar Orucova
İki sahil .- 2025.- 1 avqust(¹133).- S.8.