Aranın
ağzıgöyçəkliyi...
Daşnak tör-töküntülərindən biri
olan bu adam bir vaxtlar Ermənistan diplomatiyasına
başçılıq edib. O da “erməni xəstəliyi”nin
fəal daşıyıcılarından olaraq Türkiyə və
Azərbaycana qarşı düşmən təbliğatı
aparmaqdan yorulmur. Həm də zərərli təbliğatını
xarici ölkələrdə, diaspor təşkilatlarında
aparır. Təbliğatının əsas məqsədi
türklərə və azərbaycanlılara dərin nifrət
aşılamaqdan ibarətdir. Yəni, əqidəcə
qaniçən cəllad Zori Balayanın davamçısı
olan keçmiş diplomat “müəllim”indən sonra erməni
toplumunun başının bəlasına çevrilib.
Söhbət sabiq xarici işlər naziri Ara
Ayvazyanın Zəngəzur dəhlizi layihəsinə
qarşı münasibətindən gedir. Rəsmi dövlət
vəzifələrindən qovulmasına baxmayaraq Ara burnunu ona
dəxli olmayan işlərə soxur, hər yerə qatı
millətçilik toxumu səpməyə
çalışır.
. Xəbər verilir ki, “Sahar” telekanalına
danışan Ayvazyan deyib ki, bu layihə təkcə nəqliyyat
marşrutu deyil, bölgədə geosiyasi balansı dəyişdirməyə
yönəlib. O, hələ də qəbul edə bilmir ki, Ermənistan
başının milçəyini qoruya bilmir, bölgədə
balansı dəyişdirmək xülyadır . Daşnak əqidəli
başabəla diplomat qonşu ölkələrə
düşmən gözü ilə baxır. Dərisi beş
qəpiyə dəyməyən Ara millətlərarası
münasibətləri qızışdırmağın
ustasıdır. O, qondarma və kiçik Ermənistanı Cənubi
Qafqaz ölkələrinə qarşı qoymağın,
onlardan ərazi qoparmağın tərəfdarlarından
biridir. Bu taktika çoxdan köhnəlib və daha işə
yaramır. Görün daşnak necə başından
böyük danışır: “Bu kiçik regionda müxtəlif
ölkələrin maraqları toqquşur. Hər kəsə
aydındır ki, Zəngəzur dəhlizinin yaradılması
ideyasının arxasında daha genişmiqyaslı planlar
dayanır. Əgər bu layihə həyata keçsə və
Azərbaycanla Türkiyənin sonrakı planları davam etsə,
Ermənistan üçün fəlakətli nəticələr
olacaq”.
Bu, yalnız fərsiz diplomatın sərsəmləməsidir.
Ara Ayvazyan iddia edib ki, guya erməni toplumu Ermənistan sərhədi
boyunca nəzərdə tutulan bu dəhlizə
qarşıdır və onun reallaşması bölgədə
yeni gərginliklər yaradacaq. Yəni, karın könlündəki.
Göründüyü kimi, bu yaramaz tip xalqın adından necə
yalanlar uydurur. Təəccüblüdür ki, qanı zəhərli
daşnaklar həmişə
mövcud olmayan “gərginliklər” axtarır və onu
sadə ermənilərin beyinlərinə pərçimləyirlər.
Özü də həmin gərginliklərin mənbəyini
daim sülhsevər Azərbaycanda və Türkiyədə
“tapırlar.” Bunların qəribəlikləri ondadır ki, ərazilərində
yaşamağa yer vermiş bu iki türk ölkəsinə
qarşı çıxırlar. Abdallıqda
ata-babalarının arxalarına beş təpik vurmuş Ara və
onun kimi nankorlar qətiyyən anlamaq istəmirlər ki,
hazırda Türkiyədə yetmiş min nəfərdən
artıq erməni yaşayır. Orada onlar əsasən ticarət
və bizneslə məşğul olur, zəngin həyat
sürürlər. Hətta onlar adalarda xüsusi dəbdəbəli
mülklərə sahibdirlər. Ancaq erməni iş
adamlarını incidən, fəaliyyətinə mane olan, milli
mənsubiyyətinə görə sıxışdıran
bircə nəfər də vəzifəli türk yoxdur.
Zəngəzur dəhlizi digər ölkələrdən
daha çox kasıb və cırtdan Ermənistana
lazımdır. Bu nəqliyyat qovşağı Ermənistanın
gələcək inkişafı demək olsa da sağalmaz “erməni
xəstəliyi”nə yoluxanlar bu mərəzi özlərindən
uzaqlaşdırıb əsl reallığı görə
bilmirlər. Aranın cəmiyyətə sırımaq istədiyi
uydurma və qarabasmaları isə ideoloji əsasları olmayan
ağzıgöyçəklikdən başqa heç nə
deyil. “Real Ermənistan” ideyası ətrafında birləşmiş
dövlət rəhbərliyindəkilər daşnak Aranın
sayıqlamalarını dəlinin ağlına gələn
gicbəsərlikləri kimi qəbul edirlər. Əgər o,
qiymətli siyasətçi olsaydı etimad göstərilib
dövlətdə hər
hansı bir vəzifəyə təyin olunardı. Ancaq
onun fəaliyyəti Ermənistanın inkişafının əleyhinə
yönəldiyi üçün lazımsız əski
parçası kimi bir kənara atılıb.
Vəli İlyasov
İki sahil .- 2025.- 1 avqust(¹133).- S.6.