DOST vətəndaşa
necə xidmət edir?
Fərid Məmmədov: Gələcəkdə
DOST-u beynəlxalq səviyyədə daha da tanınan və
nümunə götürülən bir qurum kimi
formalaşdırmaq, sosial inteqrasiyanı və inklüzivliyi
artırmaq, rəqəmsal texnologiyaları daha geniş tətbiq
etmək planlaşdırılır
Azərbaycanda son illər ərzində sosial
sahədə həyata keçirilən köklü
islahatların uğurlu nəticələrindən biri DOST
(Dayanıqlı və Operativ Sosial Təminat) Agentliyidir. Vətəndaş
məmnunluğunu əsas məqsəd kimi müəyyən
edən bu qurum ölkədə sosial xidmətlərin
formasını kökündən dəyişərək
şəffaflıq, innovasiya və operativlik prinsipləri
üzərində qurulmuş yeni bir idarəetmə fəlsəfəsi
təqdim edir. DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid
Məmmədovla müsahibəmizdə qurumun fəaliyyət
istiqamətləri, sosial təsir gücü və gələcək
baxışları haqqında əhatəli söhbət
apardıq.
- DOST
modeli Azərbaycanda qısa müddətdə sistemli
inkişafa nail oldu. Bu uğurun arxasında hansı idarəetmə
yanaşması dayanır?
-Cənab
Prezident İlham Əliyevin tapşırıqlarına
uyğun olaraq aparılan sosial islahatların mühüm
uğurlarından biri DOST konsepsiyasıdır. Birinci
vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü
olan DOST konsepsiyası sosial sahələr üzrə 161 xidmətin
"bir pəncərə"dən, operativ, şəffaf, müasir,
innovativ əsasda təqdim olunmasını, nəticə
etibarilə dövlət sosial xidmətlərinin vətəndaş
rahatlığı və məmnunluğuna uyğun göstərilməsini
təmin edir. Ölkə Prezidentinin Fərmanı ilə
2019-cu ilin may ayında DOST Agentliyi və bundan sonra Bakı
şəhəri, Abşeron və Bərdə rayonlarında
olmaqla 7 DOST mərkəzi açılıb. DOST modelinin
uğurunun əsasını vətəndaş
yönümlü idarəetmə fəlsəfəsi təşkil
edir. Biz xidmət göstərməkdən daha çox, vətəndaşların
həyatını asanlaşdırmaq, onların
ehtiyaclarına həssas yanaşmaq prinsipini əsas
tutmuşuq. İdarəetmədə şəffaflıq,
hesabatlılıq və operativlik prioritetdir. Əsas diqqətimiz
innovativ yanaşmaların tətbiqinə, proseslərin sadələşdirilməsinə
və insan faktorunun önə çəkilməsinə
yönəlib. Qurum daxilində nəticələrə
fokuslanan komandalar formalaşdırılıb və onların
fəaliyyətində effektiv monitorinq sistemləri
yaradılıb ki, bu da sürətli qərarların qəbul
edilməsini və davamlı inkişafı təmin edir.
-
Agentlik sosial xidmətlər sahəsində rəqəmsal
transformasiyanı necə həyata keçirir? Hazırda tətbiq
olunan texnoloji yeniliklər və onların effektivliyi barədə
nə deyə bilərsiniz?
-Rəqəmsal
transformasiya DOST Agentliyinin fəaliyyətində əsas
dönüş nöqtəsidir. Biz müasir texnologiyalardan
istifadə etməklə xidmət proseslərini
avtomatlaşdırırıq, müraciətlərin elektron
formada qəbulunu və izlənməsini təmin edirik. Cənab
Prezident İlham Əliyevin uğurlu sosial islahatlar
proqramının əsas hədəflərindən biri də
dövlət sosial xidmətlərinin innovativ yanaşmalar,
müasir texnologiyalar üzərində qurulması, sosial sahədə
vətəndaşlara şəffaf və çevik, keyfiyyətli,
əlçatan, vətəndaş məmnunluğuna uyğun
xidmətlər sisteminin qurulmasıdır. Hazırda vətəndaşlar
smartfon və ya kompüter vasitəsilə onlayn müraciətlər
edə, növbə götürə, müraciətinin cari vəziyyəti
haqqında məlumat ala bilirlər. Prioritetlərimizdən
biri də süni intellekt alətlərinin və müasir
texnologiyaların tətbiq edilməsi ilə müraciətlərin
emal sürətini artırmaq, xidmət keyfiyyəti
optimallaşdırmaqdır. Bununla yanaşı, təhlükəsizlik
məsələlərinə də böyük önəm
verilir, şəxsi məlumatların qorunması
üçün bütün qabaqlayıcı tədbirlər
görülür. Bu texnoloji yeniliklər həm vətəndaş
məmnunluğunu artırır, həm də idarəetmədə
şəffaflığı təmin edir.
- Həssas
əhali qrupları üçün hansı xüsusi mexanizmlər
tətbiq olunur?
-Ölkə
rəhbərliyi tərəfindən bununla bağlı Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
qarşısında öhdəlik qoyulub. DOST mərkəzlərinin
təşkili də bu baxımdan əsas istiqamətlərdən
biridir. Həssas qrupların ehtiyacları diqqətlə
öyrənilir və onların xidmətlərə bərabər
çıxışını təmin etmək
üçün xüsusi mexanizmlər tətbiq olunur.
Əlilliyi olan şəxslər üçün fiziki əlçatanlıq
təmin olunub, xüsusi köməkçi personal
mövcuddur. Psixoloji dəstək və sosial reabilitasiya
proqramları da fəaliyyət göstərir. Bütün bu
tədbirlər həssas qrupların sosial inkluzivliyini
artırmaq və onlara qarşı sosial diskriminasiyanın
qarşısını almaq məqsədi daşıyır.
- DOST
modeli ilə artıq bir neçə ölkə maraqlanır.
Bu təcrübənin beynəlxalq səviyyədə tətbiqi
sahəsində hansı addımlar atılır?
-DOST
modelinə beynəlxalq maraq bizi çox sevindirir və bu
istiqamətdə aktiv işlər aparırıq. Hazırda
DOST “bir pəncərə” modelinin tətbiqi istiqamətində
Moldova və Özbəkistan respublikaları ilə sıx əməkdaşlıq
davam etdirilir. Bundan başqa, DOST
modeli komponentlərinin tətbiqi istiqamətində
Rumıniya, Serbiya və Xorvatiya ilə işgüzar əlaqələr
qurulmuşdur. Bu günə qədər DOST Agentliyi ESN, ISSA,
ISO və digər qurumlar tərəfindən cəmi 29 olmaqla
5 birincilik, 9 finalçı və 15 standart, keyfiyyət və
mükəmməllik sertifikatına layiq
görülmüşdür. Hazırda bir çox dövlətlərlə
təcrübə mübadiləsi, seminarlar və təlimlər
təşkil edilir. DOST modelinin unikal xüsusiyyətləri -
vətəndaş yönümlülük, rəqəmsallaşma
və şəffaflıq prinsipləri beynəlxalq səviyyədə
də aktualdır. Gələcək planlarımızda bu
modelin daha geniş coğrafiyada tətbiqini təmin etmək və
sosial xidmətlərin yeni standartlarını
formalaşdırmaq kimi məsələlər var.
- DOST mərkəzlərində
çalışan əməkdaşların peşəkarlığı
diqqət çəkir. İnsan resursları siyasətiniz və
işçi seçimi meyarları necə qurulub?
-İnsan
resursları siyasətimizdə əsas məqsəd peşəkar,
məsuliyyətli və vətəndaş yönümlü
kadrlar yetişdirməkdir. İşə qəbul prosesində
yalnız ixtisas və təcrübə deyil, həmçinin
etik dəyərlərə uyğunluq və empatiya qabiliyyəti
də diqqətlə qiymətləndirilir. Əməkdaşların
davamlı təlim proqramları, peşəkar inkişaf
imkanları və motivasiya sistemi mövcuddur. DOST
komandasında həm gənc mütəxəssislər, həm
də təcrübəli kadrlar çalışır ki, bu
da qurumun dinamik və dayanıqlı inkişafını təmin
edir. İşçi seçimi tam şəffaf şəkildə
həyata keçirilir və mütəmadi olaraq əməkdaşların
fəaliyyətinin qiymətləndirilməsi aparılır.
- Vətəndaş-məmur
münasibətlərində fərqli bir yanaşma
müşahidə olunur. Dost sistemində xidmət etikası və
davranış standartları necə
formalaşdırılıb?
-Biz məmur
və vətəndaş arasında etimad və hörmətə
əsaslanan münasibət yaratmağa xüsusi diqqət
yetiririk. Xidmət etikası ilə bağlı müxtəlif
sənədlər hazırlanıb və buna riayət etmək
bütün əməkdaşlarımız üçün məcburidir.
Bu sənədlərdə əməkdaşların etik
davranış qaydaları, səmimilik, diqqətlilik, səbir
və obyektivlik prinsipləri əks olunub. Hər bir
işçi üçün vətəndaş məmnuniyyəti
əsas prioritetdir. Müxtəlif təlimlər və
seminarlar vasitəsilə bu bacarıqlar daim təkmilləşdirilir.
Həmçinin xidmət keyfiyyətinin monitorinqi
üçün mütəmadi sorğular və rəy toplama
mexanizmləri fəaliyyət göstərir.
- Sosial
xidmətlərdə şəffaflıq və ictimai etimad necə
təmin olunur? Bu sahədə istifadə etdiyiniz nəzarət
və hesabatlılıq alətləri hansılardır?
-Şəffaflıq
və ictimai etimad DOST Agentliyinin fəaliyyətində əsas
prinsiplərdəndir. Bütün müraciətlərin və
xidmət proseslərinin elektron qeydi mövcuddur və vətəndaşlar
öz müraciətlərinin statusu barədə müxtəlif
kanallar vasitəsilə operativ şəkildə məlumat ala
bilirlər. İctimaiyyət üçün aylıq,
rüblük, illik bülleten və hesabatlar dərc olunur,
auditor yoxlamaları müntəzəm həyata keçirilir.
Eyni zamanda, vətəndaşların rəy və təklifləri
üçün onlayn platformalar və sosial media kanalları
aktivdir. Hər bir rəy ciddi qiymətləndirilir və xidmətlərin
təkmilləşdirilməsi üçün istifadə
olunur. Bu sistemlər vasitəsilə ictimai etimad yüksək
səviyyədə qorunur.
- DOST mərkəzlərinin
bölgələrdə genişləndirilməsi istiqamətində
hansı planlarımız var? Əhalinin bu xidmətlərə
bərabər çıxışı necə təmin
olunur?
-Bölgələrdə
DOST mərkəzlərinin sayının artırılması
prioritet məsələlərdən biridir. Biz bu xidmətləri
əhali arasında daha əlçatan etmək
üçün yeni mərkəzlərin
açılması, mobil xidmətlərin tətbiqi və
onlayn platformaların inkişafı üzərində
çalışırıq. Dövlət qurumları ilə
sıx əməkdaşlıq çərçivəsində
mərkəzlər sosial infrastrukturla
uyğunlaşdırılır ki, xidmətlərdən
istifadə edənlərin sayı artsın. Bu
addımların nəticəsində sosial xidmətlərin əlçatanlığı
daha da genişlənəcək və hər bir vətəndaş
DOST xidmətləri ilə təmin olunma baxımından bərabər
imkanlara sahib olacaq.
- Sosial
platformalarda bəzən fərqli rəylərlə
qarşılaşırıq. Agentlik ictimai rəyə və
tənqidə münasibətdə
nə kimi prinsipial mövqe tutur?
-Biz
ictimai rəyi daim diqqətlə izləyir və qəbul
edirik ki, tənqidlər inkişaf üçün vacibdir.
Açıq və şəffaf dialoqun qurulması
üçün sosial platformalarda və digər kommunikasiya
kanallarında aktiv oluruq. Tənqidlərə konstruktiv
yanaşır, mövcud problemləri araşdırır və
həll yolları tapmaq üçün tədbirlər
görürük. Vətəndaşların hər bir rəyinə
hörmətlə yanaşır, onların təkliflərini
nəzərə alaraq xidmətlərimizi təkmilləşdiririk.
Bu, həm ictimai etimadın möhkəmlənməsinə, həm
də Agentliyin fəaliyyətinin daha şəffaf və səmərəli
olmasına xidmət edir.
- DOST
Agentliyi yalnız xidmət göstərmir, həm də sosial
siyasətin tənzimlənməsində iştirak edir. Qurumun
gələcək vizionu və strateji hədəfləri nədən
ibarətdir?
-Agentliyin
əsas hədəfi Azərbaycanda sosial xidmət sahəsində
standartları yüksəltmək və innovativ idarəetmə
modellərini tətbiq etməkdir. Biz yalnız xidmətlərin
keyfiyyətini artırmaqla kifayətlənmirik, həm də
sosial siyasətin hazırlanması və həyata
keçirilməsində fəal iştirak edirik. Gələcəkdə
DOST-u beynəlxalq səviyyədə daha da tanınan və
nümunə götürülən bir qurum kimi
formalaşdırmaq, sosial inteqrasiyanı və inkluzivliyi
artırmaq, rəqəmsal texnologiyaları daha geniş tətbiq
etmək planlaşdırılır. Həmçinin sosial
innovasiyaların dəstəklənməsi və əhalinin
müxtəlif təbəqələri ilə əməkdaşlığın
genişləndirilməsi də prioritetdir.
Yaqut
Ağaşahqızı
İki
sahil.- 2025.- 5 avqust, ¹135.- S.7.