Naxçıvanın qədim abidələri
yalnız keçmişin daş yaddaşı deyil
“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın 2025–2027-ci illər üzrə Təfsilatlı Tədbirlər Planında öz əksini tapmış layihələr, habelə investisiya layihələri Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən diqqətdə saxlanılır, bu istiqamətdə bir sıra işlər həyata keçirilir. Həyata keçirilən tədbirlərin davamı olaraq XVIII əsr memarlıq abidəsi “İsmayıl Xan hamamı” bərpa ediləcək.
Artıq abidənin
bərpası üçün
layihə-smeta sənədlərinin
hazırlanması məqsədilə
nazirlik tərəfindən
elan olunmuş satınalma yekunlaşıb.
Layihə-smeta sənədlərinin
hazırlanması qalib
şirkət olan “Azərbərpa Elmi-Tədqiqat
Layihə İnstitutu”
MMC-yə tapşırılıb.
Milli Məclisin
depuatı Ülviyyə
Həmzəyeva mövzu
ilə bağlı “İki sahil”ə
açıqlamasında bildirdi
ki, Azərbaycanın zəngin mədəni irsi içərisində xüsusi yer tutan qədim hamamlar həm tarixi, həm də memarlıq baxımından böyük
əhəmiyyət kəsb
edir: “Əsrlər boyunca Şərq xalqları üçün
hamamlar yalnız gigiyenik deyil, həm də mənəvi paklanma məkanı sayılmışdır.
İnsanlar bu məkanlara təkcə yuyunmaq üçün deyil, həm də günahlardan təmizlənmək, dualar
etmək, xına mərasimləri keçirmək
və su ilə əlaqədar müxtəlif ritualları
icra etmək üçün gələrdilər.
Bu baxımdan, hamamlar bir növ
“məbəd” kimi qəbul edilirdi. Bir sözlə, bu məkanlar olum və ölüm
sahəsinin ritorik platforma rolunu oynayırdı”.
Milli Məclisin
deputatı vurğuladı
ki, Azərbaycanda tikilmiş hamamlar müxtəlif memarlıq üslublarında olsa da, onlara xas
olan ümumi cəhətlər mövcuddur:
“Bu tikililər adətən günbəzli
konstruksiyaya malik olur, daxilində soyunma zalı, çarhovuzlu yuyunma sahəsi, xidmət otaqları və xəzinə (istilik sistemi) yerləşir. İstilik isə əsasən yeraltı təbii su yolları
— kəhrizlər vasitəsilə
təmin edilirdi. Bəzi hamamlar bircə şamla qızdırılır və
uzun müddət isti suyu saxlayacaq
şəkildə tikilirdi.
Azərbaycanın bu sahədəki irsi daha geniş və sistemli şəkildə “Hamam mədəniyyəti” adlı
ilk kitab-albomda toplanmışdır. Akademik
Nailə Vəlixanlının
redaktorluğu, dosent Gülzadə Abdulovanın
elmi məsləhəti
və Nurəngiz Qarayeva tərəfindən
yazılmış mətnlər
əsasında hazırlanan
bu əsərdə Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyasındakı hamam
nümunələri təqdim
olunmuşdur”.
Ü. Həmzəyeva daha sonra qeyd
etdi ki, qədim diyar Naxçıvan diyarında
da əsrarəngiz memarlıq üslubu ilə seçilən hamamlar mövcuddur: “Bu bölgənin müxtəlif kəndlərində
yerləşən hamamlar
həm funksionallığı,
həm də memarlıq cəhətdən
diqqətəlayiqdir. Yeri
gəlmişkən qeyd
edim ki, hazırda
“Naxçıvanın qədim
hamamları” adlı kitab üzərində iş aparılır. Əsas tədqiqat obyektləri Ordubad rayonunun kəndlərindəki
hamamlarla yanaşı,
Babək rayonunun Nehrəm qəsəbəsi,
Kəngərli rayonunun
Qarabağlar, Xök, Şahtaxtı kəndləri,
Şərur rayonunun Yengicə və Sədərək kəndlərində
yerləşən hamamlardır.
Bu layihə memarlıq üzrə fəlsəfə doktoru Qadir Əliyev, sənətşünas Nizami
Əliyev və memar Heydər Əhmədov tərəfindən
həyata keçirilir”.
“Naxçıvanda yerləşən qədim
hamamlar sözün əsl mənasında tarixin səsi, əks-sədasıdır” sözləri
ilə söhbətini
davam etdirən müsahibimiz buna misal da göstərdi:
“XIV–XV əsrlərə aid
olan və Ordubad rayonunun Nüsnüs kəndində
yerləşən Nüsnüs
hamamı yeraltı hamamlar qrupuna daxildir. İki günbəzli tikiliyə malik olan abidənin
fərqli cəhəti
onun dağ daşı ilə inşa edilməsidir. Bu özəllik onu digər orta əsr hamamlarından
ayırır. XVIII əsrdə
Şahtaxtı kəndindən
olan xeyriyyəçi
Tovuz xanımın sifarişi ilə inşa edilmiş eyni adlı hamam Şərq memarlığının gözəl
nümunəsidir. 2018-ci ildə
bərpa olunmuş abidə, bir zamanlar xalqın gündəlik həyatında
mühüm yer tuturdu. Şaxtaxtı -Şərq hamamı isə
yarımyeraltı struktura
malik, keçmişdə
istilik mənbəyi kimi samandan istifadə
olunan hamam tipidir. Onun tikintisi
və fəaliyyəti
haqqında kənd sakinlərinin söylədikləri,
xalq yaddaşının
bu tarixi tikililərlə necə bağlı olduğunu göstərir.
Bərpa ediləcək
memarlıq incisi “İsmayıl Xan hamamı” isə 1982-ci ildə Naxçıvan şəhərində aparılan
abadlıq və arxeoloji qazıntılar zamanı aşkar edilib. “İsmayıl xan hamamı” XVIII əsrin ortalarına aid edilir və
Şərq hamamları
arasında xüsusi yer tutur. Bu
hamam özünəməxsus
memarlığı və
quruluşu ilə fərqlənir. Hamam 526
m² sahəni əhatə
edir və düzbucaqlı formadadır.
Tikili bişmiş kərpicdən inşa olunub. Çatma tağlı portalı kaşılarla bəzədilib.
Zalın mərkəzində
2x2 m ölçüsündə çarhovuz yerləşir,
tavanı isə sferik günbəzlə örtülüdür. İşıqlandırma
günbəzin üstündəki
bacalar və divar pəncərələri
ilə təmin edilir. Hamamın istilik sistemi qərbdə yerləşən
“xəzinə” adlı
hissədə yerləşir
və su təchizatı kəhrizlər
vasitəsilə təmin
olunurdu. Hamam Naxçıvan hakimi Kərim sultan Kəngərlinin oğlu İsmayıl xan tərəfindən tikilmişdir”.
Milli Məclisin
deputatının fikrincə,
bu möcüzəvi hamamın günümüzdə
bərpa planları, onun gələcək perspektivlərini müəyyən
edəcəkdir: ”Belə ki, Azərbaycanın müstəqilliyini
bərpa etməsindən
sonra, 2001 və 2007-ci
illərdə qəbul
edilmiş qərarlarla
“İsmayıl Xan hamamı” ölkə əhəmiyyətli memarlıq
abidəsi kimi tanınmış və qorunma altına alınmışdır. 2023–2027-ci illəri əhatə edən Dövlət Proqramı çərçivəsində
bu hamamın bərpasına başlanılıb.
Bərpa işləri
interyer dizaynından tutmuş topoqrafiya və geologiya işlərinə qədər
geniş spektrdə planlaşdırılıb. Tezliklə
bərpa planının
həyata keçirilməsi
ilə önümüzdə
daha funksional və məqsədli istifadəsi nəzərdə
tutulan tarixi tikili vətəndaşlarımıza
və gələn qonaqlara öz gözəlliyi ilə xidmət edəcək. Qeyd etmək lazımdır ki, XX əsrin 70-90-cı illərinə
kimi Naxçıvan hamamların əksəriyyəti
yerli əhalinin istifadəsində olmuşdur.
Azərbaycanın və xüsusilə Naxçıvanın hamamları
yalnız keçmişin
daş yaddaşı deyil, həm də xalqın gündəlik həyatının,
mədəniyyətinin, inancının
və estetik düşüncəsinin təcəssümüdür.
Bu tikililər əsrlərin sınağından
çıxaraq bu gün də həm tədqiqat, həm də qoruma və bərpa baxımından aktuallığını qorumaqdadır.
Gələcək nəsillər
bu hamamları yalnız muzey ekspozisiyası kimi deyil, həm də tarixlə canlı təmas yeri olaraq tanımalıdır.
Çünki bu hamamlar bizim kimliyimizin, mənəviyyatımızın
və sənət ruhumuzun bir hissəsidir”.
Qvami Məhəbbətoğlu
İki sahil.- 2025.- 7 avqust, ¹137.- S.5.