Qərbi Zəngəzur: Tarixi yaddaş,
silinməyən deportasiya izləri
Bu bölgədən
amansız işgəncələrlə
qovulmanın son ünvanı 1991-ci il avqustun 8-nə keçən
gecə Nüvədi kəndi oldu
Qərbi Azərbaycan – bu ad sadəcə bir coğrafi bölgəni deyil, bir xalqın yağı düşmən tərəfindən silinmək istənilən yaddaşını, zorla əlindən alınan yurd yerlərini, tərk edilməyə məcbur edilən doğma torpaqlarını xatırladır. Tarixin müxtəlif mərhələlərində azərbaycanlılar bu ərazilərdə yaşayıb, burada öz mədəniyyətlərini, dil və dinlərini yaşadıb, kəndlər salıb, şəhərlər qurublar. Günümüzə qədər gəlib çatan saysız-hesabsız sənədlər, xəritələr, toponimlər bunu bir daha sübut edir.
Ən diqqətəlayiq
fakt odur ki, bu ərazilərdə
yerləşən yaşayış
məntəqələrinin adlarının əksəriyyəti
Azərbaycan mənşəlidir.
Bu adlar o torpaqlarda azərbaycanlıların
qədimdən yaşadıqlarının
susmayan, danılmaz şahidləridir. Ermənilər
isə bu coğrafiyaya sonradan köçürülüblər. Onların burada məskunlaşdırılması tarixi faktlarla təsdiqlənir və bu, regionda strateji
maraqları olan böyük dövlətlərin
imperiya siyasətinin bir nəticəsi idi. Həmin köçürmələrdən sonra azərbaycanlıların
öz torpaqlarında təhlükəsiz yaşamaları
mümkün olmadı.
Nəticədə Qərbi
Azərbaycanda yaşayan
soydaşlarımız dəfələrlə
hücumlara, qətliamlara,
zorakı köçürmələrə
və kütləvi deportasiyalara məruz qaldılar.
XX əsr Azərbaycan
xalqı üçün
yalnız inkişaf və mübarizə ilə deyil, həm də ard-arda baş verən faciələrlə
yadda qalıb. Bu faciələrin başlıca ünvanı
isə məhz Qərbi Azərbaycan olub. Bu ərazilərdə
aborigen, yəni yerli əhali olan azərbaycanlılar tədricən, planlı şəkildə öz doğma yurdlarından sıxışdırılıb çıxarılıb. Ermənilərin
əsl məqsədi
“dənizdən-dənizə böyük Ermənistan” xülyasını gerçəkləşdirmək
və bütün regionu erməniləşdirmək
idi. Onların bu iddiaları və etnik təmizləmə
siyasəti təkcə
İrəvanla yekunlaşmadı.
1920-ci ildə keçmiş
Sovet hökumətinin
qərarı və erməni siyasətçilərinin
təzyiqi nəticəsində
Zəngəzur da Azərbaycandan qoparıldı
və Ermənistana birləşdirildi. Bu addım təkcə bir bölgənin itirilməsi deyildi. Bununla Azərbaycan Naxçıvandan və dolayısı ilə Türkiyədən coğrafi
baxımdan təcrid edildi. Bu isə
bütövlükdə türk
dünyasının parçalanmasına
xidmət edən məkrli bir geosiyasi planın tərkib hissəsi idi. Zəngəzurun Ermənistana birləşdirilməsi
də xalqımıza
qarşı yönəlmiş
açıq bir cinayət idi. Bu proses erməni
millətçilərinin Moskvadakı
mövqeləri sayəsində
həyata keçirildi.
Həmin dövrdə
sovet rəhbərliyində
mühüm mövqelərdə
təmsil olunan ermənilər Azərbaycan
əleyhinə qərarların
verilməsində mühüm
rol oynadılar. Beləcə, XX əsrin ortalarında daha bir ağır fəlakət yaşandı.
1948-1953-cü illərdə minlərlə azərbaycanlı
doğma yurd-yuvasından
deportasiya edildi.
1970-1980-ci illər də Azərbaycanın tarixində
siyasi uzaqgörənliyin,
milli maraqlar naminə prinsipial qərarların verildiyi və mühüm təhlükələrin qarşısının
alındığı bir
dövr kimi yadda qalıb. Bu dövr Ümummilli
Lider Heydər Əliyevin Azərbaycan Respublikasına birinci rəhbərlik etdiyi illərə təsadüf
edir. Məhz Ulu Öndərin qətiyyətli siyasi iradəsi, milli məsələlərə həssas
yanaşması və
xalqın taleyini hər şeydən üstün tutması sayəsində Qərbi Azərbaycanda xalqımıza
qarşı planlaşdırılan
yeni deportasiya və etnik təmizləmə
siyasətinin qarşısı
alındı. Heydər
Əliyevin Moskva rəhbərliyi arasında nüfuzu və siyasi çəkisi o qədər
güclü idi ki, erməni dairələrinin planlaşdırdığı
yeni təxribatlar, sərhəd dəyişiklikləri
və zorakı köçürmələr reallaşdırıla
bilmədi.
Lakin bu balans və
siyasi sipər çox çəkmədi.
1987-ci ildə Heydər
Əliyevin Sovet İttifaqı rəhbərliyindəki,
tutduğu yüksək
vəzifədən uzaqlaşdırılması
ilə Ermənistan rəhbərliyi tərəfindən
azərbaycanlılara qarşı
növbəti mərhələli
planların reallaşdırılması
üçün münbit
şərait yarandı.
Qərbi Azərbaycanda
yaşayan soydaşlarımız
üçün yenidən
qara günlər başlandı. Bu, təkcə
etnik təmizləmə
deyil, eyni zamanda, amansız bir soyqırımı və planlı bir humanitar fəlakət
idi. 1988-1991-ci illəri
əhatə edən sonuncu deportasiya mərhələsi yalnız
miqyası ilə deyil, qəddarlığı
və sistematikliyi ilə də seçilir. Bu dövrdə
azərbaycanlılar işgəncələrə,
vəhşi qətllərə,
kütləvi təhqirlərə
və zorakılıqlara
məruz qaldılar. Məqsəd sadəcə
insanların yaşadığı
torpaqlardan çıxarılması
yox, eyni zamanda, onların ruhunun sındırılması,
milli kimliyinin əzilməsi
idi. Bu dövr tarixi yaddaşımıza
ən qanlı, ən qəddar mərhələ kimi həkk olundu.
Bu bölgədən amansız
işgəncələrlə qovulmanın son ünvanı
1991-ci il avqustun 8-nə keçən
gecə Nüvədi kəndi oldu. Bu tarix Qərbi Azərbaycanda azərbaycanlıların
mövcudluğuna son qoyulan
gün kimi yadda qaldı. XX əsr ərzində Nüvədi
kəndi üç dəfə erməni hücumlarına məruz qalıb: 1905-ci ildə əhali köçməyə
məcbur edilib, 1918-ci
ildə kənd yandırılıb, 1991-ci ildə
isə tam işğal
olunub. Lakin bu kəndin sakinləri
1987-1991-ci illər arasında
üç il boyunca gecə-gündüz növbə
çəkərək, böyük
iradə və birlik göstərərək
doğma yurdlarını
qorumağa çalışıblar.
Onların müqaviməti
xalqımızın yurd
sevgisinin və vətənə bağlılığının
rəmzinə çevrilib.
Nüvədi kəndində
yaşanan bu ağır taleyin fonunda azərbaycanlıların
öz doğma torpaqlarına bağlılığı
və vətən uğrunda göstərdikləri
müqavimət xalqımızın
milli şüurunda dərin
izlər buraxdı.
Prezident
İlham Əliyev azərbaycanlıların
Ermənistan ərazisindən
zorla çıxarılmasını
haqlı olaraq “dəhşətli deportasiyalar”
kimi səciyyələndirir.
Bu deportasiyalar təkcə
azərbaycanlılara qarşı
deyil, həm də beynəlxalq hüquq normalarına, insanlığa qarşı
törədilmiş bir
cinayət idi. İnsanların öz tarixi torpaqlarından zorla çıxarılması,
onların mənəvi
travmalarla yaşamasına
və milli yaddaşlarının
itirilməsi təhlükəsinə
gətirib çıxardı. Bu mənəvi
irs, XX əsrin sonunda və XXI əsrin əvvəllərində
Azərbaycanın əsas
ümummilli hədəfi
– ərazi bütövlüyünün
və suverenliyin bərpası uğrunda mübarizədə xüsusi
əhəmiyyət kəsb
etdi. İkinci Qarabağ müharibəsinədək
Azərbaycanın əsas
ümummilli ideyası
ərazi bütövlüyünün
və suverenliyin bərpası idi. Prezident İlham Əliyevin
liderliyi ilə bu məqsədə çatmaq üçün
bütün milli güc
səfərbər olundu
və Vətən müharibəsi ilə
antiterror tədbirləri nəticəsində
bu ideya reallığa çevrildi.
Lakin tarix qarşısında
məsuliyyətimiz bununla
bitmir. Yeni dövrdə
əsas prioritetlərdən
biri Qərbi Azərbaycandan deportasiya olunan azərbaycanlıların
doğma yurdlarına dinc şəkildə qayıdışının təmin
edilməsidir. Ermənistan
bu qayıdışı
öz ərazi bütövlüyünə təhdid
kimi təqdim etməyə çalışsa
da, Azərbaycanın niyyəti
beynəlxalq hüququn
tanıdığı insan
haqlarını təmin
etməkdir. Bu hüquq
Ümumdünya İnsan
Hüquqları Bəyannaməsi
və digər beynəlxalq sənədlərlə
təsbit olunub. Prezident İlham Əliyevin
vurğuladığı kimi,
azərbaycanlılar Qərbi
Azərbaycana tanklarla yox, avtomobillərlə qayıdacaqlar. Qayıdışa
inam güclüdür
və bu milli ideya artıq yeni strateji mərhələnin
mərkəzindədir.
Nigar Orucova
İki sahil.- 2025.- 8 avqust, ¹138.- S.4.