Liderlik fəlsəfəsinin nümayişi
Prezident
İlham Əliyevin simasında zənginləşən
qalibiyyət formulu Vaşinqtonda da təsdiqləndi
Prezident
İlham Əliyevin Amerika Birləşmiş Ştatlarına
(ABŞ) işgüzar səfəri tarixi anları ilə yadda
qaldı. Avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti
İlham Əliyevin, Ermənistanın baş naziri Nikol
Paşinyanın və ABŞ Prezidenti Donald Trampın
iştirakı ilə keçirilən görüş,
imzalanan Birgə Bəyannamə təkcə Cənubi Qafqazda
sabitliyin təminatı baxımından deyil,
bütünlükdə müasir dünyamızın siyasi
masasında həllini gözləyən bir çox məsələlərin
«Qordi düyünü»nün açılması prosesinin
başlanğıcı, dönüş nöqtəsi kimi dəyərləndirildi.
Bütün
dünya icimaiyyəti bir həqiqətin şahidi oldu: Sülh
prosesinin siyasi iradə ilə təmin olunması ən optimal
variantdır. BMT Nizamnaməsinin 51-ci maddəsində təsbit
olunmuş özünümüdafiə hüququna əsasən
ərazi bütövlüyünü, suverenliyini tam təmin
edən Azərbaycan regional təhlükəsizlik tərəfdarı
olduğunu təsdiqlədi. Hərbi, siyasi, informasiya cəbhələrində
diplomatik gedişlərin, dövlətçilik təcrübəsinin,
üzaqgörənliyin uğurlu nəticəsi olan «Azərbaycan
Respublikası və Ermənistan Respublikası arasında
sülhün və dövlətlərarası münasibətlərin
təsis olunması haqqında Saziş»in paraflanması
sülh razılaşmasının imzalanmasına etibarlı,
hüquqi keçid oldu. Vaşinqton görüşlərində
yaddaqalan və beynəlxalq aləmdə nadir rast gəlinən,
vasitəçilik platforması olsa da , illərdən bəri
səmərəsiz fəaliyyəti ilə Qarabağ
münaqişəsini daha da mürəkkəbləşdirən
Minsk qrupunun tərəflərin birgə
razılığı ilə ləğv olunması sülhə
doğru atılan addım idi. Bəyannamədə
Naxçıvanla Azərbaycanın əsas hissəsi
arasında maneəsiz əlaqənin yaradılması, ölkəmizin
tranzit suverenliyinin tanınması, eyni zamanda, Ermənistanın
beynəlxalq ticarət şəbəkəsinə
çıxışını təmin edəcək bəndlərin
yer alması razılıqla qarşılandı. Bu baxımdan
«Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu»”
(TRIPP) layihəsi beynəlxalq iqtisadi hüquq qazanmaqla BMT
Dayanıqlı İnkişaf Məqsədlərinə
uyğundur. Sərhədlərin toxunulmazlığı ilə
BMT Nizamnaməsinə və 1991-ci il Almatı Bəyannaməsinə
istinad olunan həqiqətlər bu sənəddə təsdiqlənir.
Ermənistanın
girovuna çevrilən Baydenin yarıtmaz komandasından fərqli
olaraq Tramp Administrasiyası tərəfindən
«Azadlığa Dəstək Aktı»na əlavə olunan 907-ci
düzəlişin icrasının dayandırılması
Prezident İlham Əliyevin daha bir diplomatik qələbəsi
idi. Vaşinqtonda imzalanan Birgə Bəyannamə Cənubi
Qafqazın gələcək taleyinin müsbət notlar üzərində
davamını təsdiqləyən Siyasi Yol Xəritəsidir.
Prezident
İlham Əliyevin ABŞ səfərində nümayiş etdirdiyi
siyasi uzaqgörənlik, dövlətçilik iradəsi və
diplomatik məharəti, sadəcə olaraq, müasir
dövrün liderlik fəlsəfəsinin nümayişi deyil,
dərin strateji təfəkkürün, illərdən bəri
ölkəmizə qarşı aparılan təxribatların
iflası, həqiqətin yalanlar üzərində Qələbəsi
idi.Vaşinqtonda imzalanan Bəyannamədə Azərbaycanın
milli maraqları tam şəkildə nəzərə
alındı, ərazi bütövlüyü və suveren
hüquqları birmənalı şəkildə təsdiqləndi.
Bu, Azərbaycan Prezidentinin beynəlxalq aləmdə
qazandığı etimadın, diplomatik uğurlarının
daha bir təsdiqi idi.
ABŞ
Prezidenti Donald Trampın, dövlət başçımız
İlham Əliyevin və Ermənistanın baş naziri Nikol
Paşinyanın Ağ Evdə mətbuata birgə bəyanatlarının
beynəlxalq aləmdə , xarici KİV-lərdə geniş
işıqlandırılması ölkəmizə diqqəti
daha da artırır.
Donald
Trampın Ermənistan ilə Azərbaycan arasında kommersiya
və səyahət əlaqələrinin qurulmasında,
diplomatik münasibətlərin yeni mərhələ üzrə
davamında Azərbaycanın səylərini yüksək dəyərləndirməsi
Birgə Bəyannamədə TRIPP, yəni, «Trampın Beynəlxalq
Sülh və Rifah Marşrutu”»nun əksini tapması,
xüsusi tranzit ərazi vasitəsilə Azərbaycanla Ermənistanın
suverenliyinə qəti şəkildə hörmət
olunması çərçivəsində Naxçıvan
bölgəsinə tam çıxış əldə edilməsi
bilavasitə Prezident İlham Əliyevin illərdən bəri
göstərdiyi qətiyyətin nəticəsidir. «Biz, həmçinin
müdafiə sahəsində Azərbaycan ilə Amerika Birləşmiş
Ştatları arasında əməkdaşlığa olan məhdudiyyəti
aradan qaldırırıq. Bu, həm Sizin və həm də mənim
üçün əhəmiyyətli məsələdir. Bir
Prezident olaraq mənim ən böyük istəyim dünyada
sülhün və sabitliyin bərqərar edilməsidir»
söyləyən ABŞ Prezidentinin Ağ Evin rəmzi
açarının dünya siyasətində qətiyyəti
, sülhə və humanizmə verdiyi dəstəyi ilə fərqlənən
dördüncü tanınmış, dünya siyasətində
zəngin təcrübəsi ilə özünü təsdiqləmiş
şəxs kimi aəzərbaycanlı həmkarı İlham
Əliyevə təqdim etməsi ABŞ-Azərbaycan əlaqələrinə
verilən dəyər, dövlət başçımıza
şəxsi hörmət və etimadın ifadəsi idi. Azərbaycan
ilə ABŞ arasında ikitərəfli, dövlətlərarası
münasibətlərin genişlənməsində yeni mərhələ
olan , bir neçə ay ərzində Strateji Tərəfdaşlıq
Xartiyasının hazırlanması ilə bağlı təşəbbüsü
Azərbaycan üçün tarixi nailiyyət adlandıran
Prezident İlham Əliyevin vurğuladığı kimi, bu
addım ölkəmiz üçün inkişaf yolunda
iqtisadiyyatın şaxələndirilməsi, gələcəyə
böyük nikbinliklə baxmaq üçün yeni imkanlar
yaradır. 33 il Azərbaycana qarşı tətbiq olunan ədalətsiz
907-ci düzəlişin aradan qaldırılması da Prezident
İlham Əliyevin beynəlxalq sülhün təminatına,
xeyirxahlıq təşəbbüslərinə verilən dəyər
idi.
«Bizə
qarşı tətbiq edilmiş bu məhdudiyyət 33 ildən
sonra bu gün aradan qaldırıldı. Həqiqətən bu
gün Azərbaycan xalqının yaddaşına həm
qürur, həm də Prezident Trampa minnətdarlıq hissi ilə
həkk olunacaq. Onun həm Azərbaycana olan münasibəti və
təkcə bizim regionumuz deyil, - bu gün mən bunu fikir
mübadiləmizdə qeyd etdim, - cəmi bir neçə ay ərzində
Prezident Tramp Afrikada, Asiyada və nəhayət, Cənubi
Qafqazda 30 il ərzində əldə oluna bilinməyəni təmin
etdi» sözləri ilə
qarşıdakı
sabitlik dövründə daha böyük layihələrin
reallaşacağını əminliklə söyləyən
Prezident İlham Əliyevin vurğuladığı kimi, təhlükəsizlik
üçün etimad mühiti formalaşdıracaq ABŞ
görüşü tarixə əmin-amanlıq səhifəsi
kimi yazılacaq. Prezident Donald Trampın cənab İlham
Əliyev haqqında söylədiyi «Bu o deməkdir ki, Siz
güclü və ağıllı insansınız, regionunuz
dünyanın gözəl bölgəsidir. Bu işdə
iştirak etmək mənim üçün böyük şərəfdir»
sözləri Cənubi Qafqazda sabitliyin bərpası naminə
yorulmadan çalışan dövlət
başçımızın fəaliyytinə verilən dəyər
idi. Azərbaycan Respublikası ilə Amerika Birləşmiş
Ştatları arasında Strateji Tərəfdaşlıq
Xartiyasının hazırlanması məqsədilə Strateji
İşçi Qrupunun yaradılması haqqında Azərbaycan
Respublikası Hökuməti və Amerika Birləşmiş
Ştatları Hökuməti arasında Anlaşma Memorandumunu
imzalanması iki dövlət başçısının
beynəlxalq sülhə verdikləri ən layiqli töhfə
oldu.
Prezident
İlham Əliyevin Vaşinqtonda Azərbaycanın media
nümayəndələrinə müsahibəsi lider qətiyyətinin
daha bir nümunəsi kimi dünyanın ən
tanınımış dövlət başçıları,
siyasətçilər tərəfindən dəstəkləndi,
xarici KİV-lərin əsas informasiyası kimi
yayımlandı.
Vaşinqtona
işgüzar səfərini Amerika-Azərbaycan münasibətlərində
əməkdaşlıq və strateji tərəfdaşlıq
səhifəsi adlandıran Prezident İlham Əliyev yeni salnamənin
müəllif və təşəbbüskarı olduğunu
dövlət başçısı kimi 22 illik təcrübəsi,
məntiqli açıqlaması ilə təsdiqlədi.
Azərbaycanla
ABŞ arasında energetika, nəqliyyat, bağlantılar,
tranzit, təhlükəsizlik, süni intellekt, müdafiə sənayesi
və müdafiə sahələrində əməkdaşlığı
və digər məsələləri əhatə edəcək
qarşılıqlı sərmayə qoyuluşunun sürətləndirilməsi
ilə bağlı əldə olunan razılıqlar iki
ölkənin beynəlxalq aləmdə maraqlarının eyniləşdirilməsinə
də təsir göstərəcək. Donald Trampı
müharibələrə başlamayan yeganə Amerika Prezidenti
adlandıran cənab İlham Əliyevin dünyada, bölgədə
sülhün təminatı, qarşılıqlı əməkdaşlıq
üçün çağırışlarının hər
biri humanizm prinsiplərinə sadiqlik nümunəsidir.
Trampın Afrikada, Asiyada və Cənubi Qafqazda sülhün əldə
olunması naminə göstərdiyi səyləri Qoşulmama
Hərəkatına sədrliyi müddətində uğurla
yerinə yetirən Prezident İlham Əliyev 907-ci əlavənin
ləğvi ilə bağlı qərarı
qarşılıqlı əməkdaşlıq
üçün önəmli addım adlandırdı: «Təbii
ki, bu gün Azərbaycanın xarici yardıma ehtiyacı yoxdur,
ölkəmiz xarici yardımdan asılı deyil.
İqtisadiyyatımız sabitdir, xarici borcumuz ÜDM-in yeddi
faizindən də azdır. Özümüz donor ölkəyə
çevrilmişik. Beləliklə, bu gün 907-ci düzəliş
əsasən siyasi və rəmzi məna daşıyır.
Bu, artıq ədalətsizliyin artıq aradan
qalxdığını göstərir. Beləliklə, bu,
Prezidentin adından çox mühüm siyasi jest idi. Eyni
zamanda, bu gün onun ofisində bu sənədlə bərabər,
Strateji Tərəfdaşlıq haqqında Xartiyanın
hazırlanması üçün Strateji İşçi
Qrupunun yaradılması haqqında sənədi də imzaladıq.
Bu iki mühüm hadisə bu gün baş verib. Buna görə
də mən avqustun 8-ni dövlətlərarası münasibətlərimizdə
tarixi gün hesab edirəm və bu da bütün regiona
çox müsbət təsir göstərəcək.»
Qarabağ
münaqişəsi hərbi-siyasi yollarla öz həllini
tapmışdır. Sülh müqaviləsinin beynəlxalq
hüquqa əsaslanan şərtlərinin müəllifi və
təşəbbüskarı Azərbaycandır. Avropa
İttifaqı Şurası Prezidentinin təşəbbüsü
ilə Brüssel görüşləri keçirilsə də
fundamental məsələ ilə bağlı xarici müdaxilələr
tərəflər arasında sülh sazişinin
imzalanmasına imkan ermirdi. Yalnız 2023-cü ilin antiterror əməliyyatından
sonra Ermənistan artıq reallıqlarla barışmalı
oldu. «Hesab edirəm ki, bu, Cənubi Qafqaz üçün
çox önəmli tarixi məsələdir. Əminəm
ki, bu gün Ağ Evdə paraflanan sülh sazişi artıq bölgəyə
sülh gətirib» söyləyən Prezident İlham
Əliyevin vurğuladığı kimi, sülh saşinin
imzalanması Ermənistan üçün ev
tapşırığıdır.
Ermənistanın
konstitusiyasında Azərbaycana qarşı ərazi
iddiasının dəyişilməsi ilə Cənubi Qafqaz
bölgəsində dayanıqlı sülhə nail olunacaq.
Prezident İlham Əliyevin «Mən bu gün mətbuat
konfransında da qeyd etdim, biz dünyanın bir nömrəli
paytaxtında, dünyanın bir nömrəli ofisində,
dünyanın ən qüdrətli Prezidentinin iştirakı
ilə bunu etdik. Əlbəttə, hər kəs başa
düşür ki, bunun nə qədər böyük əhəmiyyəti
var, həm ölkəmiz üçün, həm bölgə
üçün, həm geniş coğrafiya
üçün. Biz haqq-ədaləti müharibə yolu ilə
bərpa etdik. İndi isə buna siyasi müstəvidə də
nöqtəni qoyduq» sözləri xarici havadaralara Ağ Evdən
ciddi və qəti mesajdır. Vaşinqton
görüşündə Ermənistan cəmiyyətində
və hakim dairələrində, havadarlarında guya Azərbaycanın
Ermənistanın daxili işlərinə qarışmaq
isterikasına da son qoyuldu. Sülh sazişinin paraflanması və
Minsk qrupunun ləğvi ilə bağlı birinci maneə
aradan qaldırdı. Azərbaycanla bağlı qərəzli
şayiələrə, xüsusilə Azərbaycanın əsas
hissəsi ilə Naxçıvan arasında quru əlaqəsi
ilə bağlı təxribatların əsassız olduğu
təsdiqləndi. Prezident Trampın şahidliyi ilə Ermənistanın
baş nazirinin şəxsən imzaladığı Birgə Bəyannamədə
Azərbaycanın əsas hissəsindən Naxçıvan
Muxtar Respublikasına maneəsiz keçidlə bağlı Azərbaycanın
mövqeyi dəstəkləndi. «Eyni zamanda, biz
Naxçıvan Muxtar Respublikasında dəmir yolunun bərpasına
başlayırıq. Deməli, bizə bu 40 kilometrlik dəmir
yolu lazımdır ki, Azərbaycanın iki hissəsini birləşdirə
bilək. Bu, təkcə dəmir yolu ilə bitmir. Biz elektrik
ötürücü xətləri, fiber-optik xətlər,
potensial olaraq Azərbaycanın və Xəzərin digər
tayından qonşularımızın enerji resurslarını
daşıya biləcək enerji infrastrukturları haqqında
düşünürük» sözləri ilə Bayden
Administrasiyasının müəllif olduğu anti-Azərbaycan
təxribatlara qarşı daha kəskin mübariə
aparılacağını qətiyyətlə bildirən
Prezident İlham Əliyevin vurğuladığı kimi,
Vaşinqton görüşü USAID və Menendez, Peloni, Pelosi,
Şermann, Marki, Kristofer Smit və Adam Şiff kimilərə əsl
demokratiya və birlik zərbəsi oldu. Sülh sazişinin
imzalanması ilə Azərbaycanla rəsmi İrəvan
arasında bütün sahələr üzrə əlaqələr
yaranacaq, Ermənistan tranzit nəqliyyat ölkəsinə
çevriləcək.
ABŞ-la
Azərbaycan arasında imzalanan Anlaşma Memorandumunda enerji əməkdaşlığına
xüsusi diqqət yetirilib. Neft, qaz, potensial bərpaolunan enerji
mənbələri hesabına bu gün Azərbaycan NATO-nun 10
üzvünü, ABŞ-ın 10 müttəfiqini təbii
qazla təchiz edir. Ölkəmizin boru kəməri 14 ölkəni
əhatə edir. Bu yaxınlarda Suriyaya təbii qaz tədarükü
ilə Azərbaycan artıq Yaxın Şərq regionuna daxil
olub. Bu gün coğrafiyası Avropanı, eləcə də
Yaxın Şərqi əhatə edən Azərbaycanın
enerji diplomatiyasının yeni istiqamətlər üzrə
genişlənməsi ölkəmizin «Enerji gündəliyi»nin
tərkib hissəsidir.
Vaşinqtona
səfəri, keçirilən görüşlərdə,
aparılan danışıqlarda məntiqli
açıqlamaları, lider cəsarəti ilə Cənubi
Qafqazda davamlı sülhün təmin olunmasında qətiyyət
göstərən Prezident İlham Əliyev regionumuzu yenidən
hərbi poliqona çevrilmək təhlükəsindən
xilas etdi. Sülh danışıqları üçün
münbit şərait yartmaqla gənclərimizi şəhid
olmaqdan, şəhər və kəndləri dağılmaqdan
qorudu. Regionumuzu yeni müharibələrə sürükləyən
qərəzli qüvvələrə birdəfəlik «Durun!»
dedi. 44 günlük Vətən müharibəsində Zəfəri
ilə beynəlxalq ictimaiyyəti heyrətləndirən
Prezident İlham Əliyev sülh gündəliyinə də
inamlı yol açdı. Azərbaycanın Qlobal Cənubda
siyasi, iqtisadi əlaqələrdə aparıcı rolu və
xidmətləri təsdiqləndi. Dəfələrlə qeyd
olunduğu kimi, bu gün Mərkəzi Asiya regionu, Cənubi
Qafqaz, ondan Şərqdə və Qərbdə yerləşən
ölkələr sabit dövlətlərdir. Xüsusilə də
Qarabağ münaqişəsi başa çatandan sonra
sabitlik, təhlükəsizlik və inkişaf
üçün perspektivlər daha aydın və genişdir.
Yəni, bu, bağlılıq layihələrinin təşviqi
baxımından mühüm amildir. İkinci amil qonşularla
xoş münasibətlərdir. Bu olmadığı təqdirdə
ölkə tranzit ölkə ola bilməz.
«Qonşularımızla deyil, qonşularımızın
qonşuları ilə də yaxşı münasibətlərə
malik olmaq» prinsipi sülh üçün başlıca hədəfdir.
Bu sahədə də ölkəmizin fəal, sevik diplomatik fəaliyyəti
özünü doğruldur. Prezident İlham Əliyevin «Biz
son 10 il ərzində etimad qurmağa
çalışmışıq. Biz nümayiş etdirməyə
çalışmışıq ki, ölkəmiz etibarlı
tərəfdaşdır və sözümüzün
imzamız qədər dəyəri var. Bu, bu günə qədər
də məhz belə olmuşdur» sözləri Vaşinqton səfərinin
ümumi ahəngini tam əks etdirir.
Xuraman İsmayılqızı
İki sahil.- 2025.- 12 avqust, ¹140.- S.2.