Azərbaycan: Bölgədə sabitliyin
təşəbbüskarı
və müəllifi
Vaşinqton görüşü çərçivəsində
ABŞ, Azərbaycan, Ermənistan liderləri arasında
imzalanan Birgə Bəyannamə əsasında ATƏT-in Minsk
qrupunun ləgvi ilə bağlı qərar Avropa
İttifaqının şərti sərhəddə yerləşdirdiyi
Mülki Müşahidə Missiyasının «binokl
diplomatiyası»na da aid olmalıdır
Azərbaycanın Zəfəri ilə bitən İkinci Qarabağ müharibəsindən sonra belə ölkəmizə qarşı təxribatlarını davam etdirən ermənipərəst dairələrin onsuz da fəaliyyətsiz qurum kimi tanınan Minsk qrupunu canlandırmaq cəhdləri də nəticəsiz qaldı. Razılaşmaya əsasən, guya bölgədə sabitlik yaratmağı və erməni silahlılarını bölgədən uzaqlaşdırmağı öhdəsinə götürən Rusiya «sülhməramlıları»nın yerləşdikləri ərazilərdə «saqqallı terrorçuların» təxribatlar törətməsi belə bu missiyanın həmsədrlərini narahat etmədi.
Mülahizələr çox olsa da məqsəd
Minsk qrupunun saxlanılması idi. Artıq tarixin arxivinə
atılmış, «Dağlıq Qarabağ münaqişəsi»nin
həlli ilə məşğul olmaq kimi vəzifə məsuliyyətini
«unudan», vədinə xilaf çıxan, 28 il bölgəyə
turist kimi səfərlər edən, yalnız Ermənistanın
maraqlarına uyğun açıqlamalar verən qrupun məqsəd
və məramının əsassızlığını «Nə
oldu bəs status? Cəhənnəmə
getdi status, gora getdi status. Gorbagor oldu status. Yoxdur status. Və
olmayacaq. Nə qədər ki mən Prezidentəm, olmayacaq»
sözləri ilə ifadə edən dövlət
başçımız qətiyyətlə bildirirdi ki, bu
«üçlüyün» artıq təqaüdə getmək
vaxtıdır.
«Minsk
üçlüyü»nün fəaliyyətsizliyini etiraf edən
qrupun sabiq amerikalı həmsədri Riçard Hoqlandın
«Etiraf edirəm ki, gördüyümüz işlər və
o işlərin yerinə yetirilmə forması
haqqımızdakı stereotiplərə tam uyğun idi.
Beşulduzlu otellərdə qalırdıq və orada bizə
lüks apartamentlər ayrılırdı. Restoranlardan, bardan
pulsuz istifadə edirdik. Olduğumuz şəhərlərdə
həmişə ən yaxşı restoranları
axtarırdıq. Bakı və İrəvanda ATƏT
bayrağını göstərirdik, yaxşı
yaşayırdıq. Lakin etiraf edirəm ki, çox az iş
gördük» sözləri də «nə hərb , nə
sülh» tezisinə uyğun «fəaliyyət göstərən»
Minsk qrupunun gizli, «üç müşketyor» oyununun beynəlxalq
səviyyədə özünütəkzibi idi.
Prezident
İlham Əliyevin xarici jurnalistlərlə görüşlərindən
bir məqamı xatırlamaqla Azərbaycanın sülhyaratma
məsələsində Minsk qrupundan daha artıq səy
göstərdiyinin şahidi olarıq: Rusiyanın «Zvezda» və
«Bolşaya Aziya» media holdinqlərini təmsil edən jurnalistin
dövlət başçımıza müraciətlə
söylədiyi «Siz bütün dünyanın gözü
qarşısında nadir presedent yaratdınız.
Çünki Siz Qarabağ müharibəsi zamanı mütləq
mənada sülhməramlı kimi çıxış
etdiniz. Siz 23 dəfə sülh haqqında
danışdınız, halbuki digər tərəf bir dəfə
də olsun, bu cür bəyanat vermədi» sözləri
Prezident İlham Əliyevin münaqişənin sülh yolu ilə
həlli naminə göstərdiyi siyasi iradəyə inam,
etimad, «Minsk qrupunun fəaliyyətinə ehtiyac varmı»
sualının cavabı idi.
İkinci
Qarabağ müharibəsində qazanılan Qələbə
ilə 30 illik işğala son qoyan Ali Baş Komandan İlham
Əliyevin başçılıq etdiyi Silahlı Qüvvələrimiz
BMT Təhlükəsizlik Şurasının qətnamələrini,
Minsk qrupunun öhdəsindən gələ bilmədiyi vəzifələri
44 gündə yerinə yetirdi. Dövlət
başçımızın «Dağlıq Qarabağ adlı
məhfum artıq yoxdur» sözlərinin beynəlxalq səviyyədə
təsdiqlənməsi, Azərbaycanın Qələbəsi ilə
başa çatan Vətən müharibəsi zamanı,
döyüşlərin davam etdiyi günlərdə və
sonrakı müddətdə də hadisələrə
müdaxilə etməyən, əvvəllər olduğu kimi,
səssizlikləri ilə işğalçını dəstəkləyən
Minsk qrupu ölü qurum olduğunu fərasətsizliyi ilə
də təsdiqlədi. İkinci Qarabağ müharibəsindən
sonra da «sehirli çubuq»la Minsk qrupunu diriltmək cəhdləri
nəticəsiz qaldı.
Tarixi
hadisələr də göstərdi ki, ATƏT-in Minsk qrupu
yarandığı gündən problemin həllinə yox,
yerində qalmasına, dondurulmasına xidmət edib. ATƏT-in
hazırda mövcud olan formatına ehtiyacı yoxdur, olsa belə,
«ölü canlar»dan heç nə ilə fərqlənmir. Ermənistanın
xunta rejiminin hərbi cinayətlərinin, şəhər və
kəndlərimizin tam dağıdılmasının şahidi
olan, «münaqişənin hərb variantı yoxdur»
aldadıcı tezisləri ilə gün keçirən Minsk
qrupunun yaradılmasında əsas məqsəd status-kvonun
saxlanılmasına nail olmaq idi. «Biz göstərdik ki,
status-kvo güc yolu ilə, şücaət, müdriklik, siyasət,
səylərin səfərbər olunması, Azərbaycan
xalqının həmrəyliyi, Azərbaycan hökumətinin
iradəsi, Azərbaycan xalqının əzmkarlığı,
Azərbaycan əsgərinin müzəffərliyi sayəsində
dəyişdirilə bilər. Haqlı olduğumuzu göstərdik»
sözləri ilə bu missiyanın bivec bir format olduğunu dəmir
yumruğu ilə təsdiqləyən Prezident İlham
Əliyev Ermənistana təklif olunan sülh sazişinin əsas
bəndlərindən sayılan bu qrupun ləğvi ilə
bağlı qətiyyət göstərdi.
2023-cü
ilin sentyabrında aparalan antiterror tədbirindən sonra Azərbaycanın
bölgədə yaratdığı yeni reallıqları
etiraf etsə də havadarlarının istəyinə uyğun
olaraq Minsk qrupunun tam ləğvi ilə bağlı ATƏT-ə
müraciət ünvanlanmasında tərəddüd edən
Ermənistan sonda düzgün yolu tapdı.
Bu
günlərdə ABŞ Prezidenti Donald Tramrın təşəbbüsü
ilə Vaşinqtonda keçirilən üçtərəfli
görüşdə Ermənistanın aldığı ev
tapşırıqları arasında Minsk qrupunun ləğvi əsas
məsələ kimi müzakirə olundu. ABŞ-Azərbaycan
–Ermənistan liderlərinin iştirakı ilə keçirilən
Vaşinqton görüşünün məntiqi nəticəsi
ümidverici oldu. Azərbaycan, Ermənistan və ABŞ
arasında imzalanan Birgə Bəyannamə, Ağ Evdə
paraflanan sülh sazişi, Birləşmiş Ştatlarla Azərbaycan
arasında Strateji Tərəfdaşlığa dair
Xartiyanın hazırlanması üçün Strateji
İşçi Qrupunun yaradılması ilə bağlı sənədin
qəbulu Cənubi Qafqazda sülhün təminatına
etibarlı qarant kimi dəyərləndirildi. Azərbaycanla Ermənistan
arasında münasibətlərin normallaşamasına xidmət
edən Birgə Bəyannamənin qəbulu, sülh
szişinin paraflanması Vətən müharibəsini haqq-ədalətlə
başa çatdıran, sülh sazişinin imzalanmasına
mane olan məsələnin həllinə siyasi müstəvidə
nail olan Azərbaycanın bir daha bölgədə söz
sahibi olduğunu göstərdi. «Azərbaycan
Respublikasının Prezidenti və Ermənistan
Respublikasının Baş nazirinin Amerika Birləşmiş
Ştatlarının Vaşinqton şəhərində
keçirilmiş görüşünün nəticələrinə
dair 7 bənddən ibarət Birgə Bəyannamə»nin
imzalanması tarixi hadisə idi.
«Biz və
Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald
Tramp «Azərbaycan Respublikası və Ermənistan
Respublikası arasında sülhün və dövlətlərarası
münasibətlərin təsis olunması haqqında»
Saziş”in razılaşdırılmış mətninin tərəflərin
xarici işlər nazirləri tərəfindən
paraflanmasına şahidlik etdik. Bu kontekstdə biz Sazişin
imzalanması və yekun olaraq ratifikasiyası üçün
əlavə tədbirlərin görülməsinin davam
etdirilməsinə ehtiyac olduğunu qəbul etdik və ölkələrimiz
arasında sülhün təmin edilməsi və gücləndirilməsinin
vacibliyini vurğuladıq» sözlərini yer aldığı
Bəyannamədə Minsk qrupu ilə bağlı maddənin
yer alması gözlənilən sülh sazişinin
imzalanması istiqamətində atılan inamlı addım,
Prezident İlham Əliyevin bu sahədə davam etdirdiyi siyasətin
uğur səhifəsi idi: «Biz, həmçinin Avropada Təhlükəsizlik
və Əməkdaşlıq Təşkilatının
(ATƏT) Minsk Prosesi və onunla əlaqəli
strukturlarının bağlanmasına dair Azərbaycan
Respublikasının xarici işlər naziri və Ermənistan
Respublikasının xarici işlər naziri tərəfindən
ATƏT-ə birgə müraciətin imzalanmasına
şahidlik etdik. Biz ATƏT-in bütün
iştirakçı dövlətlərini bu qərarı qəbul
etməyə çağırırıq» sözləri region
dövlətlərinin suverenliyi, ərazi
bütövlüyü və yurisdiksiyasına hörmət əsasında
sülhün, sabitliyin və rifahın təşviqi
üçün iki ölkə arasında yaranan inamın təzahürüdür.
Vaşinqtonda
Azərbaycanın media nümayəndələrinə
müsahibəsində Azərbaycanla Ermənistan arasında
sülh sazinin imzalanmasına əngəl olan Minsk qrurunun ləğvi
ilə bağlı əldə olunan razılığı məntiqli,
əsaslı, qanuna uyğun hesab edən Prezident İlham
Əliyevin söylədiyi kimi, Ermənistanın Azərbaycanın
ərazi bütövlüyünü tanıdığı,
«Qarabağ Azərbaycandır!» reallığını təsdiqlədiyi
üçün funksional fəaliyyətini itirən Minsk
qrupunun de-yure qalması tamamilə məntiqsizdir: «Ona görə
bu gün sülh sazişinin paraflanması və Minsk qrupunun ləğvi
ilə bağlı bizim müştərək müraciətimiz,
hesab edirəm ki, birinci maneəni aradan qaldırıb. Yenə
də deyirəm, bu gün bu paraflanma Ağ Evdə baş
tutdu. Ona görə mən şübhə etmirəm ki, Ermənistan
konstitusiyası dəyişdiriləndə, - Ermənistan tərəfi
özü bunu bildirir ki, belə dəyişikliklər edilməlidir,
- Azərbaycana olan ərazi iddiası oradan
çıxarılacaq. Əks təqdirdə, bu, birinci
növbədə Amerika Birləşmiş Ştatlarına
hörmətsizlik olacaq.» Çünki sülh sazişi
imzalananda hər bir məsələ öz həllini
tapmalıdır.
Beləliklə,
reallıqla barışmaq tələbini ehtiva edən təkəbbürlü
bəyanatlar arxada qaldı. «Beynəlxalq hüququn normaları
və separatçılığın tabutunun üzərini dəmir-betonla
qapadacaq sənədlər zəmanət olmalıdır.
Əgər erməni tərəfi Qarabağ münaqişəsinin
bitdiyini hesab edirsə, Qarabağ münaqişəsinin həlli
üçün yaradılmış Minsk qrupunu ləğv
etmək lazımdır. Məntiq sadədir. Bunun
üçün Ermənistan konstitusiyasına dəyişikliklər
edilməlidir ki, oradan Azərbaycana qarşı ərazi
iddialarının yer aldığı müstəqillik bəyannaməsi
çıxarılsın. Prinsipcə məsələ budur.
Buna görə də sülh sazişinin mətni
razılaşdırılıb. Bu sənədin paraflanması
ideyası da Azərbaycan tərəfindən irəli
sürülüb. Biz sadəcə olaraq, Əbu-Dabidə
baş verənləri şərh etmədik. Fikirləşdik
ki, kommünikenin birgə mətni üzərində
razılığa gəldiyimiz üçün şərh
ediləcək heç nə yoxdur. Amma erməni tərəfi
həmişə olduğu kimi, öz şərhləri ilə
təfərrüatları ortaya qoymağa
çalışır. Prinsipcə, dediyim kimi, biz tabutun
üzərini dəmir-betonla qapatmaqdan və bundan sonra normal
yaşamaqdan uzaqda deyilik» sözləri ilə Ermənistana
daha bir ev tapşırığı verildiyini söyləyən
Prezident İlham Əliyev birgəyaşayışa hörmətlə
bağlı tövsiyəsini də xatırladır: «Biz
özümüzə məxsus olanı qaytarmışıq və
beyənlxalq ictimaiyyət bu reallığı dəstəkləyir.
Mən bunu əvvəlki görüşlərdə də
demişəm: siz öz həyatınızı
yaşayın, biz də öz həyatımızı
yaşayaq. Ancaq belə olan təqdirdə Cənubi Qafqazda
az-çox məqbul situasiya tədricən yarana bilər ki,
üç ölkə nəhayət, heç olmasa, hər
hansı əməkdaşlıq imkanlarını müzakirə
etməyə başlaya bilsin.»
Vaşinqton
görüşünın nəticələrindən də
aydın olur ki, Minsk qrupunun təxəyyülündə
formalaşan «Dağlıq Qarabağ»” məsələsi
reallıqda mövcud deyil. Bu, ərazi Azərbaycanın bir
parçası olmaqla müzakirə mövzusu deyil.
ABŞ-ın sabiq Prezidenti Bayden Administrasiyasının «
elçisi» xanım Harris kimilərinin «ağ at» belində
bölgəyə səfərləri belə ermənilər
sevindirmədi. Ermənistan konstitusiyasına dəyişiklik və
ATƏT-in Minsk qrupunun buraxılması həll edilən kimi
sülh müqaviləsi imzalana, Cənubi Qafqaz sabitlik məkanı
ola bilər
Vaşinqton
görüşü daha bir məsələni intensivləşdirir.
Avropa İttifaqının (Aİ) qeyri-qanuni, Azərbaycanın
rəyi olmadan formalaşdırdığı və Ermənistanın
Azərbaycanla sərhəd xətti boyunca yerləşdirdiyi
Müşahidə Missiyasının agent korpusuna, «binokl
diplomatiyası» ilə «patrul xidməti» aparan « mavi geyimlilər»ə
ehtiyac qalmır. Praqa razılaşması çərçivəsində
Ermənistana 40 nəfərlik Aİ missiyasının müvəqqəti
(2 aylıq) yerləşdirilməsi barədə
razılığın 2027-ci ilədək uzuadlması ilə
bağlı qərarın heç bir hüquqi əsası
yoxdur.
Dövlət
başçmızın vurğuladığ kimi, heç nə
bildirmədən, bizimlə heç bir razılıq olmadan
onlar nəinki bu missiyanın müddətini uzatdılar,
sayını artırdılar, həm də Avropa
İttifaqının üzvü olmayan ölkəni dəvət
edərək mahiyyətcə etimadı qırdılar.
Xatırladaq ki, Aİ missiyasının ilkin 40 nəfərlik
heyəti 2023-cü ilin 20 fevralında 138 nəfərlik heyətlə
uzunmüddətli fəaliyyətə başlayıb, daha sonra
həmin ilin dekabrında missiya üzvlərinin sayı 209 nəfərə
çatdırılıb. Kanada Aİ üzvü
olmadığı halda, bu ölkənin nümayəndələri
Müşahidə Missiyasına qoşulub. Unutmayaq ki, Aİ
Müşahidə Missiyasının mandatının daha 2 il
uzadılması, Azərbaycanla Ermənistan arasında
delimitasiya prosesinə maneçilik törədir, sülh
sazişinin imzalanmasını yubadır.
Ermənistan
Vaşinqton görüşündə anladı ki, sülh
sazişinin imzalanması daha çox ona lazım olduğu
üçün Azərbaycanın Azərbaycanın şərtlərini
qəbul etməklə Aİ Müşahidə
Missiyasının mandatının uzadılmasına – başqa
sözlə, Azərbaycanla sərhəddə xarici ölkələrin
hərbi qüvvələrinin yerləşdirilməsinə
qarşı çıxmalıdır. Bu gün şərti sərhəddə
sakitliyin əsas müəllifi və təşəbbüskarı
Bakıdır. Bu situasiyada Avropa İttifaqının ata biləcəyi
yeganə konstruktiv addım, sülh prosesinə dəstəyi
missiyanın fəaliyyətini dayandırmaq və regionu tərk
etmək olardı.
Xuraman
İsmayılqızı
İki sahil.- 2025.- 14 avqust, ¹142.-
S.4.