OKEANIN O TAYINDA
TARİXLƏŞƏN FATEHLİK
ZİRVƏSİ
Artıq bir neçə gündür ki, Prezident İlham Əliyevin bu yaxınlarda ABŞ Prezidenti
Donald Trampın dəvəti ilə Vaşinqtona işgüzar
səfəri, burada keçirilən yüksək
səviyyəli üçtərəfli
görüş dövlətlərarası
münasibətlərin qurulması,
münaqişə və
antaqonist münasibətlərə
son qoyulması baxımından beynəlxalq
miqyasda tarixi nailiyyət kimi qiymətləndirilir. ABŞ və
Azərbaycan prezidentlərinin
olduqca səmimi, qarşılıqlı rəğbətləndirmə
və simpatiya fonunda keçən görüşü heyranlıq
və qürurla izlədik. İki dövlət arasında tarixdə ilk dəfə müşahidə
olunan isti, səmimi münasibət isə praqmatik lider İlham Əliyevin uzaqgörən
siyasətinin, düzgün
hədəflənmiş beynəlxalq
diplomatiyasının nəticəsi
idi.
Ağ Evin rəmzi açarı
Vaşinqton görüşünün
nəticələri bir
daha sübut etdi ki, təbəddülatlarla,
ziddiyyətlərlə, çaxnaşmalarla
dolu müasir dövrdə siyasi proseslərin məcrasını
aydın dərk etmək, proqnozlaşdıra
bilmək, situasiyaların
zərbə hədəfindən
nəinki yayınmaq, hətta onlardan faydalana bilmək dövlət başçımıza
xas olan siyasi müdriklik, düha nişanəsidir. Belə ki, dövlətimizin
başçısı İlham
Əliyev Donald Trampın birinci prezidentliyi dövründə
Azərbaycan-Amerika münasibətlərinin
inkişafına xüsusi
əhəmiyyət verdiyinə
əsaslanaraq onun ikinci dəfə prezidentliyə namizədliyini
böyük uzaqgörənlik
və cəsarətlə
dəstəkləmiş, qarşı
tərəf də bu fikirləri öz sosial media platformasında paylaşmaqla buna biganə qalmamışdır.
Münasibətləri doğmalaşdıran
bu fakt hər
iki prezident tərəfindən Vaşinqton
görüşü zamanı
da xatırladılmışdır.
Amerika kimi
qüdrətli dövlətin
münasibətinin müsbətə
doğru kəskin dəyişməsinə səbəb
olan əsas amillərdən danışarkən
2020-ci il 8 Noyabr Zəfərini, 2023-cü ildə
lokal xarakterli uğurlu antiterror tədbirlərinin ölkəmizin
beynəlxalq nüfuzunun
artmasına, mövqeyinin
möhkəmləndirilməsinə səbəb olan əsas faktor kimi mütləq qeyd etməliyik. Bu, Azərbycanı tarixi ədaləti beynəlxalq hüquq çərçivəsində, hərbi güc və siyasi iradə ilə bərpa etmək məharətinə malik bir ölkə kimi dünyaya tanıtmışdır. Digər
tərəfdən Azərbaycan
məqsədyönlü iqtisadi
siyasət nəticəsində
dünyanın zəngin,
qüdrətli dövlətləri
sırasına yüksəlmişdir
ki, bu da
görüşdən də
bəlli olduğu kimi, ölkəmizin etibarlı iqtisadi tərəfdaş kimi Amerikanın maraq mənbəyinə çevrilməsinə
səbəb olmuşdur.
Qısacası, Prezident
İlham Əliyev Ağ Evin nadir
hallarda təqdim olunan rəmzi açarını hələ
bu tarixi səfərdən öncə
“əldə etmişdi”.
Strateji tərəfdaşlıqda yeni
mərhələ,
Azərbaycan üçün yeni iqtisadi imkanlar
Səfər çərçivəsində Azərbaycanla ABŞ arasında
münasibətlərin strateji
tərəfdaşlıq səviyyəsinə
yüksəldilməsi istiqamətində
“Azərbaycan Respublikası
ilə Amerika Birləşmiş Ştatları
arasında Strateji Tərəfdaşlıq Xartiyasının
hazırlanması məqsədilə
Strateji İşçi
Qrupunun yaradılması
haqqında Azərbaycan
Respublikası Hökuməti
və Amerika Birləşmiş Ştatları
Hökuməti arasında
Anlaşma Memorandumu” imzalandı. Anlaşma Memorandumu enerji, ticarət, transit, regional bağlantılar, süni intellekt və rəqəmsal infrastruktur daxil olmaqla, iqtisadi sərmayə, eləcə
də müdafiə, təhlükəsizlik və
terrorla mübarizə
kimi sahələrdə
strateji tərəfdaşlığın
gücləndirilməsinə xidmət edəcək. Bu, hər iki
tərəfin ən müxtəlif sahələrdə
əməkdaşlığa maraqlı olduğunu bir daha sübut
edir.
İki ölkə
arasında əlaqələrin
inkişafında əsas
istiqamət isə enerji sahəsidir. Vaşinqtonda SOCAR-la “ExxonMobil”
şirkəti arasında
Əməkdaşlıq Memorandumunun
imzalanması bu sahədə əməkdaşlığın
daha da genişlənəcəyinin
təsdiqidir. Sənəddə
şirkətlər arasında
mövcud olan müsbət əlaqələri
möhkəmləndirmək və Azərbaycan Respublikasında həm qeyri-ənənəvi, həm
də ənənəvi
enerji resurslarının,
o cümlədən neft
və qaz imkanlarının dəyərləndirilməsi
istiqamətində potensial
əməkdaşlıq sahələri
əksini tapıb. Səfər çərçivəsində
beynəlxalq maliyyə
təşkilatları, ABŞ-ın “Ex-Im” Bankı ilə mədən yanacağı
sahəsində layihələr,
karbohidrogenlərin nəqli
infrastrukturunda potensial
maliyyəyə dair aparılan danışıqlar
da şübhəsiz ki, öz bəhrəsini
verəcək. Bütün
bunlar, Azərbaycan üçün yeni iqtisadi imkanlar əldə etmək deməkdir.
Haqqın, ədalətin 33 ildən sonra bərpası
Vaşinqtondakı görüş zamanı əldə olunan mühüm siyasi-tarixi uğurlardan biri, Azərbaycan-ABŞ arasında
gələcək sağlam
siyasi tərəfdaşlığın
ilk təməl sütunlarından biri
“907-ci düzəliş”in düz
33 il sonra ləğv olunması idi. Məlum olduğu kimi, 1992-ci ildə Konqres üzvlərinin erməni lobbi qruplarının canfəşanlığı nəticəsində
Amerikanın ölkəmiz
ilə iqtisadi və təhlükəsizlik
sahələrində əməkdaşlığı
məhdudlaşdırılmışdı.
Azərbaycan müharibə
və iqtisadi böhran şəraitində
olduğu, məcburi qaçqın və köçkün problemi ilə üzləşdiyi
bir zamanda belə bir haqsız
məhdudiyyətə düçar
edilmişdi. Sovet imperiyasının cəngindən
xilas olaraq yenicə müstəqillik
əldə etmiş respublikalara demokratiya, iqtisadi islahatlar və inkişaf üçün nəzərdə
tutulan yardımdan yeganə olaraq Azərbaycanın “Ermənistanı
blokadaya salan, işğalçı dövlət”
damğası ilə məhrum edilməsi ən böyük antidemokratik addım idi. 2001-ci ildə Əfqanıstan əməliyyatları
zamanı Azərbaycanın
köməyindən yararlanmaq
xatirinə bu sanksiyalar dayandırılsa
da, 2023-cü ildə ermənipərəst Bayden-Blinken
Administrasiyası Əfqanıstan
əməliyyatları başa
çatan kimi “907-ci düzəliş”i yenidən reallaşdırdı,
bundan Azərbaycana qarşı siyasi təzyiq vasitəsi kimi istifadə etməyə çalışdı.
Bu erməni havadarlarının Vətən
müharibəsindəki məğlubiyyətdən
Ermənistandan da betər aqressiyalaşmasının
daha bir təzahürü idi. Azərbaycana qarşı bu nankorluq, hətta
yeni sanksiyaların tətbiqi cəhdləri təbii ki, iki ölkə arasındakı münasibətlərin
son dərəcə pisləşməsinə səbəb
oldu. Lakin ötən onilliklər ərzində bütün
bu təzyiqlərə
rəğmən, Azərbaycanın
müstəqil ölkə
kimi hərbi, iqtisadi, siyasi özünütəsdiqinin nəticəsi
idi ki, dövlətimiz
bu siyasi maneəni də aşa bildi. Qeyd edək ki, bununla xalqımızın,
ölkəmizin siyasi-mənəvi
hüquqları təmin
olunmaqla yanaşı,
Ümummilli Lider Heydər Əliyevin daha bir arzusu
da gerçəkləşdi.
Belə ki, Ulu Öndər də 1997-ci il ABŞ-a səfəri çərçivəsində
bu məsələni gündəliyə gətirmiş
və onun səyi nəticəsində
bu maddə müvəqqəti olaraq dondurulmuşdu. Nəhayət,
tarixi ədalətin növbəti bərpası
baş verdi. ABŞ Prezidenti tərəfindən
“907-ci düzəliş”in tətbiqinin
dayandırılması barədə
sərəncam imzalandı.
Vaxtilə xarici yardıma ehtiyacı olan Azərbaycanın yardımsevər, donor ölkəyə çevrildiyi
bir vaxtda bu böyük siyasi və rəmzi məna daşıyır. ABŞ Prezidentinin
Ağ Evdə, məhz dövlət başçımızın şəxsi
iştirakı ilə
belə bir mühüm siyasi jest etməsi, “Xalqınız böyük
xalqdır” etirafı ilə ermənipərəstlər
tərəfindən yaradılan
“işğalçı, qəddar
azərbaycanlı” fobiyasını
darmadağın etdi, erməni lobbi qruplarına da Amerikanın Azərbaycanla
münasibətlərini artıq
onların avantürasının
təsiri ilə deyil, ədalət və humanizm prinsipləri əsasında
quracağını sərgilədi.
ABŞ Prezidentinin “Azadlığa
Dəstək Aktı”nın 907-ci maddəsinin
fəaliyyətinin dayandırılması
haqqında qısa zaman kəsiyində memorandum imzalaması isə münasibətlərdə
qarşılıqlı etimad
doğuracaq daha bir faktdır.
Azərbaycanın dünya tarixinə qızıl
hərflərlə
həkk etdiyi “Hərb və sülh” romanı
Azərbaycan 2020-ci il Vətən müharibəsi nəticəsində
məşum işğal
tarixinə son qoymaqla ərazi bütövlüyünü, antiterror
tədbirləri ilə
isə suverenliyini tam təmin etdi. Bəlkə də dünya hərb tarixində nadir faktlardan biri idi ki,
tarixi ədalətə
söykənərək birbaşa
və ildırım sürəti ilə qələbəyə doğru
irəliləyən tərəf
– Azərbaycan müharibənin
gedişində, ən
həlledici qələbə
zamanı belə, humanizm prinsiplərindən
çıxış edərək
hərbi təlafat və dağıntıların
qarşısını almaq
naminə qarşı
tərəfə dəfələrlə
təslim olması ilə bağlı çağırışılar edirdi. Nəhayət, ölkəmiz əldə etdiyi Qələbə ilə Cənubi Qafqazda yeni geosiyasi
reallıqlar yaratdı.
Hərb meydanını
müzəffərliklə tərk
edən dövlətimiz
ədalətli, qalib və diqtəedən tərəf kimi regionda beynəlxalq hüququn prinsiplərinə
əsaslanan sülhü
bərqərar etmək
kimi şərəfli
bir missiyanı da öz üzərinə
götürdü. Azərbaycan
sülh danışıqlarına
dəfələrlə təşəbbüs
göstərdi, lakin məğlub halda belə Qarabağdan gözünü çəkə
bilməyən Ermənistanın
sülh sazişinə,
dövlətlərarası sazişə ölkəmizin
daxili məsələsi
olan Qarabağla bağlı müddəanı
daxil etmək niyyəti ilə sülhə nail olmaq cəhdlərini pozurdu. Azərbaycanın dövlət suverenliyini tam bərpa edən 2023-cü ilin antiterror əməliyyatı
isə Ermənistanı
artıq siyasi cəhətdən tamamilə
tərk-silah etdi, reallığa boyun əyməyə məhkum
etdi, fəal danışıqlar prosesi
başladı. Azərbaycanın
məlum əsas beş prinsipi uzun müddət Ermənistan tərəfindən
müqavimətlə qarşılansa
da, nəhayət, Ağ Evdə “Azərbaycan Respublikası
və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin
təsis olunması haqqında Saziş”in paraflanması ilə təsdiq olundu. Sülh sazişinin paraflanması iki ölkə arasında diplomatik münasibətlərin
bərpası, ərazi
bütövlüyünün qarşılıqlı tanınması,
nəqliyyat və ticarət əlaqələrinin
genişləndirilməsi və
regionda davamlı sülhün təmin olunması baxımından
mühüm tarixi addım oldu. Vaşinqtonda əldə olunan tarixi uğurlardan
biri də Azərbaycan və Ermənistanın ATƏT-in
Minsk qrupunun ləğv edilməsi ilə bağlı ortaq razılığa gəlməsi oldu. 30 ildən çox mövcud olsa da, beynəlxalq vasitəçilik mexanizmi
kimi özünü doğrultmayan, nəinki effektiv nəticə verməyən, hətta ədalətsiz mövqeyi ilə uzun illər
regionda status-kvonun saxlanmasına səbəb
olan, sülh və normallaşma prosesinə ən ciddi maneəyə çevrilməklə xalqımızın
səbr kasasını
daşıran bir təsisat atıq tarixə qovuşur. Azərbaycan Vətən müharibəsindən sonra
heç funksional mahiyyətə, siyasi dəyərə malik olmayan bu mexanizmin
yararsız olduğunu
və artıq onun fəaliyyətinə ehtiyac duyulmadığını
dəfələrlə bəyan
edirdi. Nəhayət, işğalçı Ermənistan
da artıq Qarabağın əzəli
Azərbaycan torpaqları
olmasını etiraf edirsə, sülhə meyl göstərirsə, fəaliyyətsizliyi və
qeyri-obyektivliyi ilə
özü-özünü çoxdan məhvə məhkum etmiş belə bir təsisatın
ləğvi labüd idi. Azərbaycanın sülh sazişinin imzalanması üçün
qoyduğu başlıca
haqlı tələb Ermənistan konstitusiyasında
dəyişiklik edilərək
ölkəmizə qarşı
ərazi iddialarının
aradan qaldırılması
idi ki, bu
tələb də, Ermənistan tərəfindən
qəbul edildi və imzalanan Birgə Bəyannamədə
öz əksini tapıb.
TRIPP – beynəlxalq sülh və rifah
yolunda tramplin olacaq marşrut
Prezident İlham
Əliyev dahiliyini, siyasi uzaqgörənliyini təsdiq edən faktlardan biri də onun işğalda
olan əraziləri qeyd-şərtiz azad etməklə yanaşı,
həm də Azərbaycanın digər
tarixi geostrateji məkanı, ermənilərin
illər boyu işğal hədəfi olan Naxçıvanı da belə bir
gələcək təhlükədən
xilas etməyi planlaşdırmasıdır. Prezident
İlham Əliyev postmüharibə dövründəki
çıxışlarında, müsahibələrində, beynəlxalq
miqyaslı tədbirlərdə
Naxçıvan Muxtar
Respublikasını Azərbaycanın
qərb rayonlarını
birləşdirəcək Zəngəzur
dəhlizinin açılacağını
dəfələrlə, qətiyyətlə
bəyan etmişdir. Rəsmi İrəvan 5 ilə yaxın bir müddətdə müxtəlif yollarla bu tələbdən boyun qaçırmaqla məsələni havadan asılı vəziyyətdə
saxlasa da, nəhayət ki, Azərbaycan liderinin siyasi qətiyyət və iradəsinə ram oldu. TRIPP-in – “Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu”,
yəni Zəngəzur
dəhlizinin açılması
ilə bağlı razılaşma Naxçıvan
Muxtar Respublikasına maneəsiz çıxış
kimi ciddi bir problemi aradan
qaldıracaq. Bütövlükdə
Mərkəzi Asiya, Yaxın Şərq və Avropa bazarlarını birləşdirəcək
təhlükəsiz və
sürətli ticarət
marşrutu nəinki region, bütövlükdə
Şərq-Qərb, eləcə
də türk dünyası üçün
həm iqtisadi, həm də geosiyasi baxımdan əhəmiyyətli olacaq.
Təsadüfi deyil ki, Prezident
İlham Əliyev Amerika Birləşmiş Ştatlarına səfəri
zamanı bu ölkənin “Fox News” telekanalına
müsahibə verərkən
Zəngəzur dəhlizi
(TRIPP) ilə bağlı
əldə edilmiş
razılaşmanın heç
kimə qarşı olmadığını deyib.
Bildirib ki, bu yeni bağlantı
layihəsidir və beynəlxalq nəqliyyat marşrutlarının mühüm
hissələrindən biri
olacaq.
Dünya siyasət
meydanında və mediasında bu mühüm strateji dəhliz ilə bağlı razılaşma
tarixi hadisə kimi qiymətləndirilir, təqdirəlayiq qarşılanır.
Beynəlxalq miqyasda siyasi qiymətləndirmə
bir daha təsdiq edir ki, Zəngəzur dəhlizinin açılması
Azərbaycanın fundamental
beynəlxalq hüququdur.
Azərbaycanla-Ermənistan arasında paraflanan sülh sazişi ölkəmizin milli maraqlarının tam şəkildə nəzərə
alındığı, ərazi
bütövlüyü və
suveren hüquqlarının
birmənalı şəkildə
təsdiq edildiyi mühüm tarixi sənəddir. Dünyanın
ən qüdrətli dövləti olan Amerikanın Prezidentinin dəstəyi və şahidlik etməsi bunu bir daha
təsdiqləyir. Bu məqamda dövlət başçımızın sülh
sazişinin paraflanması
barədə “Onun burada, dünyanın bir nömrəli paytaxtında, dünyanın
bir nömrəli ofisində və Birləşmiş Ştatların
hörmətli Prezidenti
qarşısında paraflanması
faktı göstərir
ki, tərəflərdən
heç biri geri çəkilməyəcək.
Bununla bağlı heç bir şübhə yoxdur.”,
ABŞ Prezidentinin isə
“Bu, sülh sazişidir, atəşkəs
deyil” fikirlərini bir daha diqqətə
çatdırmaq yerinə
düşər. İki
böyük liderin bu fikirləri Ermənistanın heç
bir vəchlə sülh prosesindən boyun qaçırmamalı
olduğuna işarə
edir, bu proseslərin istənilən
təhdidlərə, əks
təbliğata, maneələrə
rəğmən, davam
edəcəyinə əminlik
ifadə edir. Vaşinqton görüşü
zamanı Prezident Trampa Nobel Sülh
Mükafatının verilməsi
məqsədilə Nobel
Komitəsinə birgə
müraciətin göndərilməsi
ilə bağlı tərəflər arasında
ortaq rəyə gəlinmə bu umidləri doğruldacaq daha bir işartıdır.
Böyük zəkanın bəxş etdiyi parlaq qələbə
ABŞ-a yüksək səviyyəli bu səfərin nəticəsi
olaraq əldə edilən razılaşmalar,
imzalanan mühüm tarixi sənədlər hər biri ayrı-ayrılıqda
Azərbaycanın misli
olmayan siyasi uğur düsturudur. Xüsusilə də Birgə Bəyannamə Azərbaycanın növbəti
parlaq qələbəsi
kimi tarixə yazıldı. Hərbi müzəffərliyimizdən sonrakı
bu siyasi zəfər işğal tarixinə əbədi son qoyan şanlı
qələbəmizin beşiliyinə
inanılmaz və möhtəşəm töhfədir!
Təsadüfi deyil ki, İsveçin “Agenda Nexus” analitik
platformasında yer alan, Azərbaycan Prezidenti İlham Əliyevə həsr olunmuş məqalədə
dövlət başçımız
Cənubi Qafqazda siyasi tarazlığın əsas memarı kimi qiymətləndirilir.
Vaşinqton görüşü
zamanı ABŞ Prezidenti
Donald Trampın “İlham Əliyevlə işləmək şərəfdir”,
“Siz böyük lidersiniz”, “Siz güclü və ağıllı insansınız”
kimi heyranlıqla dediyi sözlər təkcə şəxsi qənaət deyil, dövlətimizin başçısının
dünyada böyük
siyasi düha kimi qəbul edildiyini təsdiqləyən
faktdır. Azərbaycan
Prezidentinin Amerika dövlətinin başçısı
haqqında “Son bir neçə ay ərzində Siz Asiya, Afrika
və nəhayət, Cənubi Qafqaza sülh gətirdiniz. İnanılmazdır”, “Siz
möcüzəyə imza
atdınız” söyləməsi
də iki lider, beləliklə də iki ölkə
arasında qarşılıqlı
səmimi münasibətlərin
ilk uğulu təməlindən xəbər
verir.
Ermənistanın Baş nazir Nikol Paşinyanın “Üzr istəyirəm, tam razıyam. Heç bir əlavəm də yoxdur” etirafı isə onun İlahi
ədalət, Əlahəzrət
fakt qarşısında
təslim olması demək idi. Gələcəkdə bu üzrxahlığın milli
psixologiyası əsrlərdir
işğalçılıq, revanşizm, vandalizm ilə zəhərlənmiş,
“böyük Ermənistan”
mifinin köləsinə
çevrilməklə lənətlənmiş
bir xalqın üzrhaxlığına çevrilməsi
isə milli dəyanət, səmimiyyət
və sədaqət tələb edir!..
Mehriban
Sultan, AMEA Naxçıvan Bölməsinin
əməkdaşı,
filologiya üzrə fəlsəfə
doktoru,
Naxçıvan Muxtar Respublikasının Əməkdar
jurnalisti
İki
sahil.- 2025.- 19 avqust, ¹145.- S.5.