Turan harayı
İki kitab haqqında söz və yaxud “Ədalətəm, Vətənimə bağlıyam”
Şeirlə ifadə edilən fikir daha duyğusal
olur, düşüncələri
daha həssaslıqla titrədir, olmuşları
xatırlada-xatırlada olacaqların
ümid, inam işığına dönür.
Yaxşı şeiri oxuyursan, şeirin aşıladığı ovqatı
könlünə doğma
bilirsən. Onda sənə elə gəlir ki, bu gözəl ovqat hamınındı, hamının yaşadığı
ovqatdı; yaxşı
şeir şairlə oxucunu belə doğmalaşdırır. Vətəndən
yazılan şeirlərdə
həm də ruhun doğmalığını
duyursan. Bu doğmalıq müqəddəsliyin
ürəklərə düşən
nurudu – şeiri ürəyinin gözü
ilə oxuyanlar bu qənaətə gerçəklik deyir.
Ədalət İzzətoğlunun (Əroğlu)
“İçimizdə yurd
adlı yaramız var” şeirlər kitabını bu ədəbi tezislərin işığında oxudum.
Şair (vətəndaş
şair) yurd həsrətini yaşatmağı
da sevgi bilir – həsrətə sevgisi olmayan həsrətin mahiyyətini
zərrəcə dərk
edə bilməz qətiyyətiylə belə
düşünür, həsrətsizlərin
Vətən sevgisi öləzimiş közdü,
qaralmış ocaqdı,
sönmüş çıraqdı.
İllər çəkən
həsrətə görə
yaşanılmış sarsıntılardan
qurtuluş doğma yurda dönüşdü.
Ədalət İzzətoğlu
bu dönüşə
qəlbəyatımlı poetik
biçim verib: “Ayaqyalın gedərəm
o yurduma...”. Ayaqyalın
getmə el ifadəsidi, bənzərsiz
sevgini ifadə edir, həsrətdən qurtuluşa görə deyilib (ifadənin bir çaları da dizin-dizin sürünərək getməkdi).
“Bağçasında güllərini
xəzan vuran”, “bənövşələri, nərgizləri
əsir düşən”,
“yurdsuz keçən günləri ömürdən
saymayan” Ədalət İzzətoğlu “yaz Günəşinin çıxmasını”,
“göydə şimşəklər
çaxmasını”, “dərələrdən
sel axmasını” (“Yurdum da Günəşdi”)
müharibənin rəmzləri
kimi təqdim edib. Bu təbiət
hadisələrini Azərbaycan
əsgərinin döyüş
əzminin, qələbə
ruhunun rəmzi bilir, həsrətin yaratdığını şeirə
gətirir və bu inam “Həsrətindəyəm”
kimi düşündürücü
bədii fikirlə şeirləşir:
Bayrağımız, Qarabağda dalğalan,
Doğma Qarabağın
həsrətindəyəm.
Bu həsrətdə
(belə həsrətlərdə)
qüdrət olur. Bu qüdrəti döyüş ruhu bilən Ədalət İzzətoğlu inamla yazır ki,
Ədalətəm, gəlir səsim,
İçimdəki yurd həsrətim.
Yağının kəsə nəfəsin,
Qoymaram darda
yurdumu.
Bu misralar
o vaxtlar (işğal dövründə) yazılmış
misralardı, bir elin timsalında işğalda qalan bütün ərazilərimizə
ünvanlanmış misralardı.
İşğal sızıltıları
poeziyamızda da yaşadılırdı. Onu
Ədalət İzzətoğlu
da yaşadırdı.
Yaranışından Qarabağın
həmayili olub Şuşa. Zamanında Şuşanı sevsək
də, qoruya bilməmişdik. İkinci
Qarabağ müharibəsində
möcüzə döyüşlə
işğaldan azad etdik. O döyüşlərə
kimi şeirimiz hayqırırdı, döyüş
istəyirdi. Həmin vaxtlarda Ədalət İzzətoğlu yazırdı:
Ədalətin dərdi çağlar,
Şuşada var uca dağlar...
İndi dağlar
özü ağlar,
Şuşa yağıda
qalammaz.
Şairin bu
qətiyyəti özünə
ünvanlanıb, özünün
timsalında Azərbaycan
Ordusuna, Azərbaycan ictimaiyyətinə...
Ruhumuzun müharibəsi
olan İkinci Qarabağ müharibəsinə
kimi “dağlarda sürünən çəni
qəm bilən” şair böyük sevgilərlə deyir ki,
Əgər həyat
bu günlərdə bitsə belə,
Ədalətin ruhundadır Vətən dərdi.
Ruhunu məqamında
Vətənin sıxıntılarına
beşik bilənlərin
adından deyilən (yazılan) hər kəlam sabahlara inamın kəlamıdı
– işğaldan xilas olmuş ərazilərə
sevgidi, Ədalət İzzətoğlunun şeirlərində
qalib Azərbaycan Ordusuna görə yaşanılan qürurdu.
Şeirlərdə neçə
illərin həsrətini
dağlayan ümid var. “Yurdlar (kəndlər) qayıdacaq!”
poetik nidası aydınlığıyla duyulandır.
Ədalət İzzətoğlunun “Yurdumdan
xəbər verin mənə” şeirində
bir tarixi işıq sezilir. “Kitabi- Dədə Qorqud dastanları”nda
Qazan xan yağmalanmış obasını
görəndə kirpikləri
nəmlənir, qəhərlənir,
göy üzünə
gileylənir və hiss olunur ki,
bu giley onun qisasının başlanğıcı olacaq.
Ədalət İzzətoğlu
kəndlərini (Hovuzlunu)
dağıdılmış görəndə eyni duyğuları yaşayır.
Yeganə fərq: Qazan xan qisas
alacağını düşünür,
Ədalət İzzətoğlunun
şeirləri isə
qisasın alınmasının,
kəndlərinin yenidən
qurulacağının xəyallarıdı,
onun şeirləri xəyalən gördüklərinin
mənəvi sarsıntılarıdı,
bu sarsıntılardan
yaranan şeirlər də sızıntılarla
oxunur:
Ürəyim sızlayır yurd yarasından,
Dağılan kəndlərin xarabasından.
Elə qəribsədim
kənd havasından,
Hovuzlu kəndidi o ana yurdum!
Ədalət İzzətoğlu şeirlərini
Ədalət Əroğlu
imzası ilə də yazır, kitabını bu imza ilə də
nəşr etdirir. Onun “Turan harayı”
kitabı oxuculara bu imza ilə
çatdırılıb. Bu
kitab sanki “İçimizdə yurd adlı yaramız var” kitabının məntiqi-poetik davamıdır.
Bu kitabda da Vətən var, yurd var,
həsrət var – qurtuluşa poetik, kəsilməz çağırış
var. “Qisas vaxtıdır” şeiri azərbaycançılığın şeiri kimi oxunur, heysiyyət sızıltısı, qaçqınlıq
ağrıları, işğalın
mənəvi acıları,
... Şeir millətə
ünvanlanıb, deməli,
mahiyyəti dövlətlə,
dövlətçiliklə, Vətənlə bağlıdı:
Yağıbdır başıma dağların
qarı,
Axır gözlərimdən
qəm bulaqları.
Qəlbimdə alışır yurd ocaqları,
Qalx, millətim, indi qisas vaxtıdır!
“Dünya sussa
da”, “düşmənin
arxasında dünyalar
olsa da”, qalx ki, Vətən
dardan qurtarsın, dağıdılan kəndlərin,
şəhərlərin qisasını
al, Meşəlinin, Ağdabanın, Başlıbelin,
Qaradağlının, Xocalının
qisasını al! Şairin bu harayı Vətənin harayıdı! Bu haray deyir ki,
“Vətən yolunda dönək bir dağa!” (“Torpağı qaytarın!..”), ona görə ki, “hamının ürəyi
həsrətdən üzülür , “orda ayaq izləri
itib-batır”, “illərdir
o kəndlərdə səməni
göyərdilmir”, “yurdlar
dağıdılıb, çəpərlər
yandırılıb”, ...(“Yurdsuz
yaşamaq çətin”).
Yadına
Yurdunun dağları
düşən,
Həsrətdən quruyan bağları düşən,
Gənclik illərinin
çağları düşən...
Ədalət Əroğlu işğaldan
Azərbaycan əsgərinin
qüdrəti ilə gerçək yol açmağa niyyətlidi
(“O yurda tərəf”).
Oxşar fikri “Alaq o dağı” şeirində də deyir. “Qəmli dağlarım” şeirində
deyir ki,
Əsgərəm yolunda döyüşə
hazır,
Dumanlı dağlarım,
qəmli dağlarım.
Klassik ədəbiyyatımızda
duman qəm-qəhərin,
könül qübarının
rəmzi kimi təqdim edilib. Ədalət Əroğlu
da bu şeiriyyət
dünyasının zərrəsi
kimi könül qübarını dumanla, deməli, qəmlə eyniləşdirib, zənnimcə,
uğurludur...
Ədalət Əroğlu “Yaşa, Vətən!” şeirində
yazır:
Doymuram da
nəfəsindən,
Yaşa, Vətən!
Köçüm yurda mən Əroğlu,
Yaşa, Vətən!
“Əsən küləklərin həzin
mehinə sığal
çəkən”, “ruhunda
“Qələbə!” sözü
alışan, ...Ədalət
Əroğlu “Xocalı
faciəsi”, “Qarabağın
qara bəxti”, “Çal oxu!” kimi şeirlərində fərdi qəhərini el-obanın qəhəri biçimində verə bilib:
Telli sazı sən çalanda ağladım,
Ürəyimi bu atəşdən
dağladım,
Kədərimdən coşub yenə çağladım,
Həsrətimə, kədərimə yan,
oxu!
Ədalət İzzətoğlu qətiyyətlə
deyir ki, “Ədalətəm,
Vətənimə bağlıyam”
(“Oxu bülbül”).
Bu bağlılıq ruhun
bağlılığıdı, haqqın ucalığıdı,
sədaqətin etirafıdı,
...
Rəşid Faxralı
İki
sahil.- 2025.- 28 avqust, ¹152.- S.7.