Polad iradə, polad yol
Qars-Naxçıvan
dəmir yolu
Bölgədə
yaranan yeni reallıqlar fonunda dövlət
başçısı İlham Əliyevin iradəsi ilə həyata
vəsiqə almaqda olan Qars-İğdır-Naxçıvan dəmir
yolu layihəsi muxtar respublikanın nəqliyyat və iqtisadi potensialını
artıracaq, eyni zamanda beynəlxalq ticarətə yeni imkanlar
yaradacaq
Bir əsrdən
çoxdur ki, blokadada yaşayan, ötən əsrin 90-cı
illərində isə ölkənin əsas hissəsindən
tamamilə təcrid vəziyyətinə düşən,
işğal təhlükəsi yaşayan Naxçıvanda bu
gün dünyanın iqtisadi-ticarət-enerji qatarına
qoşulması istiqamətində çox mühüm tədbirlər
həyata keçirilir.
Bu ilin
mart ayında istifadəyə verilən
İğdır-Naxçıvan qaz kəməri fonunda
hazırda Azərbaycan Respublikası Prezidentinin “Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd
avtomobil yolunun İran İslam Respublikası ilə
bağlantısının və Araz çayı üzərində
körpünün tikintisi işlərinin davam etdirilməsi ilə
bağlı tədbirlər haqqında” Sərəncamı
uğurla icra olunur, İran ərazisindən keçməklə
Azərbaycanın qərb bölgəsi ilə
Naxçıvan arasında marşrutun yaradılması
üzrə işlər tamamlanır. Yaxın vaxtlarda enerji
ixracı və dayanıqlılığın
artırılması üçün Türkiyədən
Naxçıvana yeni elektrik xətləri də çəkiləcək.
Zəngəzur dəhlizinin açılması isə prioritet
olmaqla, bütün layihələrin kəsişmə nöqtəsi
kimi öz aktuallığını saxlayır. Daha bir
mühüm layihə üzrə də işlər artıq
başlayıb. Söhbət Qars-Naxçıvan dəmir
yolundan gedir…
İqtisadiyyat
naziri Mikayıl Cabbarovun dediyi kimi, əslində,
Qars-Naxçıvan dəmir yolunun inşası planı Orta Dəhlizin
(Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) yeni bir
qolunun yaranması kimi qiymətləndirilməlidir. Qeyd edək
ki, Orta Dəhliz 2014-cü ilin fevral ayında Azərbaycan,
Qazaxıstan və Gürcüstanın müvafiq
strukturlarının iştirakı ilə yaradılıb.
Sonrakı illərdə layihə genişlənib və
iştirakçıların sayı Ukrayna, Rumıniya və
Polşa kimi dövlətlərin hesabına genişlənib.
Çin-Qazaxıstan sərhədindən başlayan Orta Dəhliz
Mərkəzi Asiya ölkələri və Xəzər dənizi
üzərindən, bundan sonra isə Azərbaycan,
Gürcüstan, Türkiyə ərazisindən keçərək
Avropaya qədər uzanır. Bu, Avropa ilə Asiyanı birləşdirən
ən qısa və rahat marşrutdur. Orta Dəhlizin yeni nəfəsi
olan
Qars-İğdır-Naxçıvan dəmir yolu layihəsi
223,9 kilometr uzunluğunda yüksək standartlı dəmir
yolu xəttini əhatə edir. Saatda 120-160 kilometr sürət
üçün nəzərdə tutulan layihə 5 ilə
tamamlanacaq: Uzunluğu 638 metr olan 10 körpü, 5,5 kilometr
uzunluğunda 144 yeraltı keçid tikiləcək. Bölgədə
yaranan yeni reallıqlar fonunda dövlət
başçısı İlham Əliyevin polad iradəsi ilə
həyata vəsiqə almaqda olan
Qars-İğdır-Naxçıvan dəmir yolu layihəsi
muxtar respublikanın nəqliyyat və iqtisadi
potensialını artıracaq, eyni zamanda beynəlxalq ticarətə
yeni imkanlar yaradacaq. Təbii ki, Zəngəzur dəhlizinin tərkib
hissəsi olan Qars-İğdır-Aralıq-Dilucu-Sədərək-Naxçıvan-Culfa
dəmir yolu xətti, təkcə Türkiyə və
Naxçıvanı Azərbaycanın əsas ərazisi ilə
birləşdirmək xarakteri daşımır. Bu layihələr
daha qlobal xarakter daşıyır və Avropa ilə
Asiyanın ticarət əlaqələri üçün
olduqca əlverişlidir.
Ötən
həftə avqustun 22-də Türkiyənin şərqindəki
İğdır vilayətində
Qars-İğdır-Aralık-Dilucu dəmir yolunun (Azərbaycanın
Naxçıvan Muxtar Respublikası ilə sərhədi)
tikintisinə başlanması mərasimi keçirildi.
Türkiyənin nəqliyyat və infrastruktur naziri
Abdülkadir Uraloğlu mərasim iştirakçıları
qarşısında çıxış edərkən 224
kilometrlik Qars-Naxçıvan dəmir yolunu Türkiyənin
regional və qlobal aktorlar ilə əlaqələrinin
inkişafı üçün mühüm təkan,
Ankaranın geostrateji liderliyinə töhfə
adlandırdı. “Yeni dəmir yolu marşrutunun işə
düşməsi ilə Cənubi Qafqazda sülh və
inkişafın yeni səhifəsi açılacaq. Biz
bütün Avrasiyanın gələcəyinə təsir edəcək
bir təşəbbüs həyata keçiririk”, -deyə
Türkiyə Nəqliyyat Nazirliyinin rəhbəri
vurğuladı. Uraloğlu Qərblə Şərq
arasında təbii körpü olan Türkiyənin geostrateji
mövqeyinə diqqət çəkərək ölkənin
beynəlxalq əhəmiyyətli logistika, nəqliyyat və
ticarət mərkəzinə çevrilməsinə imkan
yaradan meqalayihələri də sadaladı. Onun sözlərinə
görə, Türkiyə hökuməti son onilliklərdə
respublikanın dəmir yolu şəbəkələrinin
inkişafına xüsusi diqqət yetirir, dəmir
yollarını ölkənin aparıcı limanları və
sənaye zonaları ilə birləşdirməyə
çalışır. “Son 23 ildə Türkiyənin nəqliyyat
sektoruna qoyulmuş 300 milyard dollar sərmayənin 64 milyard
dolları dəmir yollarına sərf olunub”, -deyə nazir
bildirib. Nazir əlavə edib: “Qars-Naxçıvan dəmir
yolu Zəngəzur dəhlizinin həyata keçirilməsi
istiqamətində atılan konkret addım və Avrasiyada
sülh və əməkdaşlıq üzrə Yol Xəritəsidir”.
Nəqliyyat Nazirliyinin rəhbəri yeni dəmir yolunun
Türkiyənin mərkəzi nəqliyyat arteriyalarından
birinə çevriləcəyinə əminliyini bildirib. O əlavə
edib ki, Zəngəzur dəhlizinin mühüm halqası olan
strateji layihənin 4-5 il ərzində başa
çatdırılması planlaşdırılır.
Göründüyü
kimi, Naxçıvandan Qarsa səyahət müddətini 85 dəqiqəyə
endirəcəyini nəzərdə tutan Türkiyəni Azərbaycanla
birləşdirəcək
Qars-İğdır-Naxçıvan dəmir yolu layihəsi
artıq icra mərhələsindədir. Layihənin rəhbəri
Osman Beserek mətbuata açıqlamasında bildirib ki, gələcəkdə
Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti ilə inteqrasiya
olunması planlaşdırılan bu marşrut, Avropa və
Asiya arasında ticarət əlaqələrini genişləndirəcək,
beynəlxalq yük daşımalarında yeni perspektivlər
yaradacaq: "Layihənin icrası, beynəlxalq ticarət və
logistika sahəsində mühüm dönüş nöqtəsi
hesab olunur". O vurğulayıb ki, bu marşrut mövcud BTQ
dəmir yolu xəttinə alternativ kimi nəzərdə
tutulub və Orta Asiya ilə Avropa arasında sərnişin
daşımalarının müddətini 18 gündən 12
günə endirəcək. Layihə çərçivəsində
Türkiyə ərazisində 5 stansiya inşa ediləcək:
Digor, Tuzluca, İğdır, Aralıq və Dilucu. O əlavə
edib ki, layihə tam elektrikləşdirilmiş və
siqnallaşdırılmış ikizolaqlı dəmir yolu xəttini
əhatə edir və 5 il ərzində tamamlanması
planlaşdırılır. O.Beserek əlavə edib ki,
Qars-İğdır-Dilucu layihəsinin davamı olaraq
Naxçıvan bölgəsində Vəli Dağı və
Ordubad arasında mövcud olan 177 km-lik dəmir yolu xətti
yenidən qurulacaq: "Hazırda təkzolaqlı olan bu xəttin
ikizolaqlıya çevrilməsi nəzərdə tutulub. Daha
sonra Zəngəzur dəhlizində sıfırdan 45 km-lik yeni
bir dəmir yolu xətti inşa ediləcək. Bundan əlavə,
Ağbənd-Füzuli-Horadiz xəttində 110 km-lik
marşrutun 85 km-i artıq tamamlanıb və tikinti işləri
davam edir. Artıq Horadiz-Bakı xətti fəaliyyət
göstərir, bu isə layihənin Azərbaycanın əsas
nəqliyyat şəbəkəsinə birbaşa
inteqrasiyasını təmin edəcək". Onun sözlərinə
görə, Qars-İğdır-Naxçıvan dəmir yolu
xətti istifadəyə verildikdən sonra burada saatda 160 km
sürətlə hərəkət edən qatarlar işləyəcək:
"Beləliklə, bu qatarlar təkcə Azərbaycan və
Türkiyə arasında ticarət yükünü deyil, həm
də insanların ümidini və qlobal bazarların
ehtiyaclarını daşıyacaq".
Sevinc
Azadi
İki
sahil.- 2025.- 28 avqust, ¹152.- S.7.