İnan yoxdur sənsiz
gecəm, gündüzüm...
Xatirə
Bu dünyada insanı ayaqda tutan sevgidir.
Gözümüzü ilk açdığımız
andan etibarən bizi isti nəfəsi
ilə isidən ata-ana sevgisi, arxa-dayaq bildiyimiz bacı-qardaş sevgisi, canından ayrılan övlad sevgisi, dost, müəllim, sevgili və saysız-hesabsız
biri-birindən gözəl
sevgilər. Bu sevgilərin
cəminin mərkəzində
bir sevgi daha vardır. O da Vətən sevgisidir ki, bütün sevgilərin ən başında dayanır və heç bir sevda ilə müqayisəyə gəlmir.
Bu sevda uğruna neçə-neçə igidlər
canlarını qurban vermiş, qanlarını axıdaraq torpağı Vətən yoğurmuşdur.
Bəlkə də, elə ona görədir
ki, yurd yeri bu qədər qiymətlidir insan oğluna. Elə ona görədir ki, bizə əmanət olan torpaqlarımızı
göz bəbəyimiz
kimi qoruyuruq əsrlərdir.
1990-cı
illər xalqımızın
həyatında ağrı-acıları
ilə yaddaşlarda qaldı. Azərbaycanımızın
dilbər guşəsi
olan Qarabağda və ətraf bölgələrdə, eləcə
də Naxçıvan
Muxtar Respublikasının
Ermənistanla sərhəd
olan digər rayonlarında törədilən
təxribatların nəticəsində
başlayan birinci Qarabağ savaşı minlərlə evin çırağını söndürdü.
Günahsız insanların
amansızca qətl olunması, yurd-yuvasından
didərgin düşməsi,
biri-birinin ardınca yaşanan mənəvi sarsıntılar qan yaddaşımıza əbədi
həkk olundu. Şəhid Məmmədov
Abbas Əbülfəz oğlunun
da nişanəsiz köçü
yandırdı ata-anasının
bağrını, göynətdi
bacı-qardaşlarının ürəyini. Yurdumuzun hər yerində qara yaylıqlı gəlinlərin ahından
göy üzünün
bağrı yarıldı.
Buludlar belə qan ağladı. Hər gün neçə-neçə şəhid
xəbərindən üzlərdəki
bütün xoş
ifadələr öz yerini kədərə buraxdı, təbəssüm
yad, qəm doğma oldu millətimizə.
İsti
baxışını buz
kəsən insanlardan
biri də Abbası dünyaya min bir əzabla gətirən Fatimə ana
idi. Məncə, elə bir insan
yoxdur ki, dünyaya övlad gətirəndə
onun taleyinin pis olacağını düşünə. Hamı
kimi Fatimə ana və Əbülfəz ata da bəxtəvər günlərinin ilk nişanəsi
olan Abbasın həyata gəlişinə
sevinir, onun gələcəyi üçün
bir-birindən gözəl
planlar qururdu. Abbasın ilk hərəkətləri,
ilk sözləri, ilk addımı,
ilk yıxılmağı və
ilk olan hər şeyi bu cütlüyə
yaşamaq üçün
daha da həvəs verir, onları bir-birinə bağlayırdı.
O, balaca canı ilə bir ocağa
nur olmuşdu. Gözəl gözlərindən
ümid bəxş etmişdi ailəsinə. Parlaq bir gələcəyin
ümidini.
İki bala dağı çəkən Fatimə
ana ilə söhbət
zamanı dedi ki, Abbas
1973-cü ildə fevral
ayının altısında anadan olub: “Qışın oğlan çağında
ömrümüzə bahar
istiliyi gətirdi. O qədər əziz idi ki, anadan olanda da, dil açanda da, yeriyəndə
də, məktəbə
gedəndə də, xəstələnəndə də
həmişə adına
qurban kəsib evlərə paylamışıq.
Onun ayağı sayalı idi. Atası da, mən də onun bizə
uğur gətirdiyinin
fərqində idik. Ondan sonra 1976-ci ildə bacısı Aynur, 1977-ci ildə bacısı Xədicə,
1981-ci ildə əkiz
qardaşları Qabillə
Habil dünyaya gəldilər. Hamısı
tərbiyəli, mehriban
idilər. Biz valideyn olaraq onlardan həmişə razı qaldıq. Abbas da onların
içərisində seçilirdi.
Hələ körpəliyindən istiqanlılığı, mehribanlığı
ilə məhəllədə,
qohum-əqraba arasında
özünə böyük
sevgi qazanmışdı.
Yaşının çox
üstündə bir məntiqə, dərrakəyə
sahib idi. Diqqətli və qayğıkeş uşaq idi. Böyüklərə hörmətlə,
kiçiklərə mehr-məhəbbətlə
yanaşardı balam.
O var olduğu müddətcə
kimsə ondan bir gülün ağırlığı qədər
incimədi. 1979-cu ildə
Qaraçuq kənd məkəbinin birinci sinfinə getdi, 1989-cu ildə məktəbi orta qiymətlərlə bitirdi. Məktəbdə oxuduğu illər ərzində nə atasının, nə də mənim üzümə söz gətirtdi. Bacı və qardaşlarına daima dəstək oldu. Hərəkətləri
ilə nümunəvi şagird kimi müəllimlərin sevimlisinə
çevrilmişdi. Sinif
yoldaşlarının arasında
da sayılıb-seçilən olub Abbas.
Məktəbi bitirən ili qardaşım Aslan Abbası
öz yanına - Rusiya Federasiyasının Həştərxan vilayətinə
apardı. Təxminən
bir il müddətində
Abbas orada dayısı
ilə birlikdə qaldı. Məqsədi bir sənətə sahib olub Vətənə qayıtmaq idi. Amma fələk deyir sən saydığını
say, gör mən nə sayıram. 1991-ci ilin mart ayında
qardaşım üstü
açılmayan bir cinayətin qurbanı oldu. 37 yaşında dünyasını dəyişən
qardaşım qabaqda məni gözləyən
neçə-neçə cavan
dağının təməlini
qoydu. Dünyam dağıldı sandım,
qardaşımdan sonra.
Övladlarım belə
mənə təsəlli
ola bilmirdi. Artıq Abbasın orada qalması mümkün deyildi. O qalmaq istəsə də, biz ona icazə vermədik. Atası gedib onu Vətənə
gətrdi. Arada söz düşdükcə
elə hey gileylənib
deyirdi ki, qoymadınız
orada qalıb bir peşə sahibi olum ki, indi də sizə
dəstək olam. Amma
artıq olan olmuşdu. Zaman həmişə
öz işini görüb. Vaxt necə keçdi bimirəm. Bir də baxdım ki, xidmətə
gedir balam.
1992-ci ilin iki yanvar
tarixində həqiqi hərbi xidmətə yollandı. Əvvəlcə
Naxçıvan şəhərində,
daha sonra Şərurda, Sədərəkdə
və Culfada xidmət edib Abbas. Sədərəkdə, Qarağac
dağında ermənilərin
torpağımıza hücumlarının
qarşısının alınmasında igidlik göstərmişdi. Ara çox
qarışmışdı o ərəfələrdə. Bir aydan artıq bir vaxtda ondan
xəbər ala bilmirdik.
Qəlbim dözmürdü
bu nigarançılığa.
Yoldaşımı məcbur
edib dedim ki, dur get uşağımdan mənə
bir xəbər gətir. Gedərkən ona tapşırmışdım
ki, balamı tapsan onun corabını ayağından çıxarıb
gətirsən inanaram
ki, balam sağdır.
Onun gətirdiyi bir cüt corabı
iylədim və bildim ki, balam sağdır. Çünki
bu Abbasımın ayağının iyi idi. Yaxşı yadımdadır döyüşlərin
birində düşmən
mərmisi çəkməsinin
burnunu qoparmış,
baş barmağını
yaralamışdı. Bir müddətdən
sonra yarası sağalsa da, barmağı
işləmirdi Abbasın.
Buna baxmayaraq xidmətinə
davam edirdi. Bu hadisədən az sonra qonşulardan ora gedənlər olmuşdu. Abbasın çəkməsinin yararsız
olduğunu görüb
kimsə öz çəkməsini çıxarıb
ona vermişdi. Çox çətin dönəmlər olsa da, torpaqlarımızın müdafiəsində
yorulmadan, usanmadan dayanırdı igid oğullarımız. Müharibənin
ən qızğın
vaxtlarında yenə də Naxçıvandan Qarabağa, Qazaxa və digər bölgələrə orduya
dəstək olmaq üçün əsgərləri
aparırdılar. 1994-cü ilin noyabr ayının
səkkizində döyüşə
göndərilənlər içərisində
Abbas da var idi. Hamı
kimi biz də yoldaşımla tikan üstündə idik. Hər gün şəhid xəbəri gəlirdi. Gecəmiz gündüzə qarışmış,
yuxu haram olmuşdu bizə də. İnsan canından, qanından olanı hiss edir. Bəlkə də, elə ona görə idi ki, Abbas Qazaxa getdiyi gündən dincliyimiz də onunla getmişdi. Noyabr ayının 22-də
qorxduğumuz başımıza
gəldi. Qızğın
döyüşlərdə torpağımızın müdafiəsində
canını fəda edən Abbasım həmişə arzusunda olduğu o uca məqama ucalıb şəhadətə çatdı.
O arzusuna çatdı
da çatmasına, biz isə
qırılıb tökülmüş
arzularımızın zavalı
altında diri-diri can verdik. Nəşi noyabırın 25-də Naxçıvan
şəhərindəki Şəhidlər
xiyabanında torpağa tapşırıldı.
Cavan qardaş dağımın üstünə
bir də nişanəsiz bala dağı çəkildi
sinəmə. Qardaşımdan
sonra heç özümü toparlamamışdım
ki... Abbas da bir tərəfdən
mənim dizlərimi qırdı, atasının
belini bükdü gedişi ilə. Bacı-qardaşlarını yıxdı
keçdi nakam taleyi ilə. Dövlətimiz və millətimiz əziz etdi balamı. Böyük bir izdihamla qarşılayıb yola
saldıq şəhidimi.
O qısa ömrünə
əbədiyyəti sığdırdı.
Qürürum acımdan
böyük olurdu bəzən. Tək qalanda isə dərdimin ələyindən
ələnib səpələnirdim
yerə. Necə ağırmış bala dərdi. Tək təsəllim yüksəldiyi
şəhidlik zirvəsi
idi.
Amma, sən demə, mən bu dünyaya
elə bu ağır sınaqları
daşımaq üçün
gəlibmişəm. Hər
dəfə özümə
gəlməyə çalışırdım
ki, yenə bir zərbə alırdım
bu amansız həyatdan.
Növbəti zərbə də
Habildən gəldi. Nişan qoymuşdum ona. Toy edəcəkdim.
Toya hazırlaşmaq üçün
Türkiyəyə işləməyə
getmişdi. Qəfil xəstəliyin güdazına
gəldi o da. 2006-cı ilin
iyun-avqust aylarında xəstələndi. 26 yaşında
aylarla xəstəliklə
mübarizə apardı.
Bir ilə yaxın o amansız xəstəliyə
qarşı apardığımız
mübarizəmiz heç
bir nəticə vermədi. Yenə də əllərim boş,
gözlərim yaşlı
qaldı. Necə yaman olurmuş bala dağı. Yandırıb külünü
göyə sovururmuş
adamın. Yoldaşım
da, balalarım da bu ağır itkilərin təsirindən sarsıldı.
Bir başa iki yumruq ağır gəldi. Yoldaşım da
dözə bilmədi
iki oğul dağına. O da balalarının
yanına köçdü.
Məni bu dərd meydanında tək buraxdı”.
Belə
dərdləri olan anaya necə təsəlli verə bilərdim ki. Sadəcə
susub qulaq asa bildim. Çünki
sözün bitdiyi yerdə sükut hökm sürməlidir.
Abbasın döyüş yolu
haqqında bir qədər geniş məlumat almaq istəyirdim. Ona görə
də Fatimə anadan Abbasın döyüş yoldaşlarından
kimisə tanıyıb-tanımadığını
soruşdum. O da bir qədər düşünüb
uşaqlardan soruşub
deyərəm dedi.
“Bircə onu bilirəm ki, Abbas vurulduqdan
sonra ən yaxın dostu olan Qurbanov Əli
Murtuz oğlu tərfindən neytral zonadan çətinliklə
də olsa çxarılır. Əli
oğlumun əlini həkimlərin əlinə
çatdırsa da, xeyli
qan itirdiyinə görə onun həyatını xilas etmək mümkün olmur”,- dedi
ana.
Bir neçə gündən
sonra Abbasın döyüş yoldaşlarından
birini Murtuzov Sahib Məhərrəm oğlunu
tapdığını söylədi
Fatimə ana. Bu, məni
sevindirdi. Çünki
otuz ildən artıq bir zaman keçmişdi. Və kimisə tapıb Abbasın döyüş
yolu ilə maraqlanmaq kimi şansımız az idi. Ana elə öz kəndlərindən
olan Sahib bəylə əlaqə yaradıb məqsədimizi ona çatdırır. O da anaya
özünün onun yanına gəlib xatirində qalanları danışacağını deyir.
Və eyni zamanda deyir ki, mənə ayıb olar ki, mən şəhidimin anasının
yanıma gəlməsini
gözləyəm. Özüm
anamın ayağına
gəlib, yaşanmışları
danışacam.
Bu dünya o zaman öz məhvərindən çıxacaq
ki, sonuncu yaxşı
adam öləcək!
Ananı
ziyarət edən
Sahib bəy Abbasla bağlı xatirələrini
bölüşür. Və
heç ananın da heç vaxt eşitmədiyi xatirələri
dilə gətirir: “Biz Abbasla eyni vaxtda,
1992-ci il yanvar ayının
ikisində kənddən
çıxmışıq. Naxçıvan Muxtar Respublikası Milli Müdfiə
Komitəsinə getdik.
Oradan da Sədərəyə
göndərdilər. Güclü
döyüşlər gedirdi
orada. Bizimlə birlikdə xidmət rotasında 60 nəfər
var idi. Onlardan 17 nəfər Qaraxanbəy və Qaraçuq kəndlərindən, digərləri
isə Muxtar Respublikanın digər
rayon və kəndlərindən
idi. Hamısı da biri-birindən cəsarətli
idi. Abbas da aramızda
seçilən igidlərimizdən
idi. Vətən bizim üçün müqəddəsdir. Onun üçün canımızı
qurban verməkdən heç bir zaman çəkinməmişik. Canını
qurban verən oğullarımızdan biri
də Abbas idi. Onunla Culfada, Ordubadda, Buzqovda amansız döyüşlərdə
iştirak etmiş, düşmənlərimizə torpaqlarımızı
tapdalamağa aman verməmişik.
Abbas döyüşlərdə həmişə şücaət
göstərib. 1994-cü ildə
yollarımız ayrıldı
və o, Qazaxa getdi. Təəssüf ki,
bir ay çəkmədi
ki, qara xəbərini
aldıq. Onunla qürür duyuram ki, belə bir igidlə
silahdaş olmuşam”.
Bəli
bu gün biz məhz belə qəhrəman oğullarımızın
sayəsində gecələri
rahat yatırıq. Baxmayaraq ki, onlardan sonra doğmaları gecə ilə düşmən olublar.
İndi onlar yatmağa
onun üçün
can atırlar ki, bəlkə
oğülları yuxularında
onlara qonaq gələr.
Nur içində
yat, şəhidim. Mən yuxumu sənə borcluyam. Heç vaxt ödəyə bilməyəcəyim
bir borc.
I Qarabağ müharibəsi
şəhidi Abbas Məmmədovun
anası Fatimə ananın dilindən:
Gedişinlə sevincimi götürdün
Ay gözümün nuru oğul, Abbasım,
Nolar, bir də bu
ömrümə gəl
bala.
Səni
arxa bəlləmişdim
özümə,
Söykəndiyim dağım idin,
bir qalam.
Tanrı
səni yazdı mənə bilirəm,
Qış ömrümə isti
bahar gətirdin.
O istədi cənnətinə
apardı,
Gedişinlə sevincimi götürdün.
Toy-bayramdı ilk gülüşün,
ilk səsin,
Həyat
sənlə mənasına
qovuşdu.
Səndən sonra dadı qaçdı ağzımın,
Şaxta
vurdu bağ-bostanım
sovuşdu.
Darıxıram çıx gəl
oğul nə olar,
Qardaşını, atanı da götür,
gəl.
Pərişanlıq yağdı üstü-başımdan,
Başım üstdən çəkiləndən
üç cüt əl.
Xəbər eylə gəldiyin
gün qoy bilim,
Oğul,
çıxım yollarına
gül düzüm.
Zaman məndə getdiyin gün dayanıb,
İnan
yoxdur sənsiz gecəm, gündüzüm.
19.01.2025
Sevinc Səbzəliyeva,
Naxçıvan Xatirə Muzeyinin baş fond mühafizi
İki sahil.- 2025.- 4 fevral, №19.- S.8.