Xalqın Liderinə
sarsılmaz inamı
2024-cü il fevralın 7-də keçirilən
prezident seçkilərində cənab İlham Əliyevin
inamlı qələbə qazanaraq növbəti müddətə
dövlət başçısı seçilməsi
xalqın öz Liderinə sarsılmaz inamından qaynaqlanmaqla,
son iyirmi ildə görülən işlərə,
qazanılan uğurlara verilən dəyərdir
Çoxəsrlik dövlətçilik tariximizdə özünəməxsus yeri olan, nadir, bənzərsiz şəxsiyyət, Azərbaycan xalqının Ümummilli Lideri, dünya səviyyəli siyasi xadim Heydər Əliyev tarixin yaddaşında əbədi iz qoymaqla yanaşı - rifahı, gələcəyi üçün həyatının son gününə kimi çalışdığı doğma Vətənini müəllifi olduğu möhkəm təməllər üzərində davam etdirən layiqli davamçısı cənab İlham Əliyevə əmanət etmişdir.
Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan 21 il ərzində öz inkişafının keyfiyyətcə yeni mərhələsinə daxil olmuş və hərtərəfli inkişafa nail olmuşdur. Bu mərhələ bütün sahələri əhatə edən, genişmiqyaslı və davamlı islahatlar ilə xarakterizə olunur. İstər iqtisadi-sosial, istərsə də idarəçilik sisteminin təkmilləşdirilməsi və islahatların dinamizmi baxımından Azərbaycan qədər inkişaf edən ikinci ölkə olmayıb. Gözlərimiz qarşısında baş verən bu misilsiz inkişaf xalqın rifahının yüksəlməsi, mövcud problemlərin həlli ilə müşayiət olunub, dövləti və xalqı vahid platformada birləşdirib. Qlobal miqyasda baxılarsa, məsələ heç də təbii sərvətlərdə deyil. Nefti və qazı Azərbaycandan qat-qat çox olan ölkələr var ki, yoxsulluq və səfalət içərisində yaşayır. Söhbət, ilk növbədə, liderin həlledici rolundan gedir. Yaxın və uzaq tarixdən buna çoxlu misallar gətirmək olar. Praqmatizm, çevik və məqsədyönlü dövlət siyasəti, uzaqgörənlik və həlledici anlarda qəti qərarlar qəbul etmək bacarığı, yüksək idarəçilik məharəti və humanistlik – bütün bunlar Prezident İlham Əliyevə xas olan liderlik keyfiyyətləridir. Azərbaycanın inkişafı, milli maraqlarımızın yüksək səviyyədə qorunması və təmin edilməsi dövlətimizin başçısının bu və digər ali keyfiyyətləri sayəsində mümkün olub.
“Güclü iqtisadiyyat ən önəmli şərtdir” deyən Prezident İlham Əliyevin hakimiyyəti illərində Azərbaycanın ümumi daxili məhsulu (ÜDM) real ifadədə 3,6 dəfə artıb. Bu, son iki onillikdə qlobal miqyasda əldə olunan ən yaxşı iqtisadi nailiyyətlərdən biridir. Dövlət başçısı iqtisadiyyatın şaxələndirilməsini milli iqtisadiyyat qarşısında əsas çağırış olaraq qoyub və bu istiqamətdə görülən işlər nəticəsində ötən 21 il müddətində qeyri-neft sektoru üzrə ÜDM 3,4 dəfə, dövlət büdcəsinin xərcləri 30 dəfə artıb. Əgər 2003-cü ildə adambaşına düşən büdcə xərcləri 150 manatdan az idisə, hazırda bu rəqəm 3500 manatdan çoxdur. Xarici ticarət dövriyyəsi 10,8 dəfə, o cümlədən ixrac 16,1 dəfə artıb. 2003-cü illə müqayisədə 2022-ci ildə adambaşına düşən ÜDM 3 dəfəyə yaxın artaraq, 13 min 256 manat təşkil edib. Aparılan çoxşaxəli iqtisadi siyasət nəticəsində davamlı inkişaf təmin olunub. Birbaşa xarici borcun həcmi azalaraq hazırda ümumi daxili məhsulun 9,3 faizini təşkil edir. Bu müddətdə Azərbaycanın xarici valyuta ehtiyatları 47 dəfədən çox artaraq 66 milyard ABŞ dollarını keçib və hazırda birbaşa xarici borcumuzu 10 dəfə üstələyir. Bu dövr ərzində sərmayələrin ümumi həcmi 300 milyard ABŞ dollarından çoxdur və onun 190 milyard dolları qeyri-enerji sektoruna yatırılıb. Görülmüş məqsədyönlü tədbirlər nəticəsində son hesabat dövründə qeyri-neft ixracı 8 dəfədən çox artıb. Prezident İlham Əliyevin uğurlu sosial siyasətinin nəticəsi olaraq ölkəmizdə dövlət büdcəsinin illik sosial müdafiə xərcləri 20 dəfədən çox artıb. Bu dövrdə minimum əməkhaqqı 38 dəfə, orta aylıq əməkhaqqı 12 dəfə, minimum pensiya 14 dəfə, orta aylıq pensiya 18 dəfə, yaşa görə orta aylıq pensiya 19 dəfə, əlilliyə görə pensiya 14 dəfə, ailə başçısını itirməyə görə pensiya 19 dəfə artıb. Pensiya üzrə ödənilən illik vəsait həmin dövrdə 30 dəfə artaraq 6 milyard manata çatıb.
Cənab İlham Əliyev Prezident seçildiyi
ilk gündən demişdi ki, Ulu Öndər Heydər
Əliyevin siyasətini davam etdirəcək, hər bir vətəndaşın
Prezidenti olacaq. Qeyd etmişdi ki, biz öz
torpaqlarımızın işğalı ilə heç vaxt
barışmayacağıq, Azərbaycanın ərazilərində
ikinci Ermənistan dövlətinin yaradılmasına yol verməyəcəyik.
Bu və digər vədlərin hər biri əməli işlərlə
tamamlanıb. Nəticə göz qabağındadır: Azərbaycan
heç vaxt tarixdə bu qədər güclü və
qüdrətli olmayıb. Qazanılan uğurlar
sırasında Qarabağ Zəfəri isə xüsusi yer
tutur. Prezidentimiz iqtisadiyyatı və ordumuzu gücləndirərək,
diplomatik müstəvidə illər boyu yorulmadan fəal və
təsirli iş apararaq, xalqımızı öz ətrafında
yumruq kimi birləşdirərək Qələbəni
addım-addım yaxınlaşdırdı. Ulu Öndərin
vəsiyyətini yerinə yetirərək bizi doğma
Qarabağımıza qovuşdurdu. Azərbaycanı qalib
ölkəyə çevirdi, adını tariximizə
qızıl hərflərlə yazdırdı. Qarabağ Zəfəri
həm də türk dövlətlərinin ümumi qələbəsi
kimi dəyərləndirilir və Prezidentimizin “Türk
Dünyasının Ali Ordeni” ilə təltif olunması bunun əyani
təsdiqidir. Bu gün hərtərəfli inkişaf edən,
dünyada öz sözü və çəkisi olan qalib
ölkə - Azərbaycan İlham Əliyevin əsəridir.
Son 20 ildə regionda həyata keçirilən bütün
qlobal layihələrdə Azərbaycanın müdrik
Prezidentinin imzası var. Türkiyə və Azərbaycanı,
Mərkəzi Asiya və Çini birləşdirən
Bakı-Tbilisi-Qars dəmir yolu xəttini, yeddi ölkəni əhatə
edən, dəyəri 40 milyard dollar olan Cənub Qaz Dəhlizi
layihəsini qeyd etmək kifayətdir. Bu layihə çərçivəsində
Azərbaycan qazının Avropaya çatdırılması
müasir neft-qaz epopeyamızın ən parlaq fəslidir.
Müasir Azərbaycan adlı əsərin digər parlaq fəsillərini
dünyada böyük maraq doğuran inkişaf modelləri,
intellektual brendlər təşkil edir. Son vaxtlar bu sıraya müharibənin
Azərbaycan modeli də əlavə olunub. XXI əsrin
müharibəsini apararaq çətin relyefə malik
böyük ərazini 44 gündə azad edən Azərbaycanın
hərb təcrübəsi dünyanın inkişaf etmiş
ölkələrində öyrənilir.
Göründüyü
kimi, Prezident İlham Əliyev xalq-hakimiyyət birliyini,
başçısı olduğu dövlətdə siyasi
sabitliyi və təhlükəsizlik mühitini mükəmməl
şəkildə tənzimləyən, xalqını
arxasınca aparmağı bacaran güclü və savadlı
Liderdir. Elə bir Lider ki, müstəqil siyasət aparmaqla
yanaşı, xalqının və dövlətinin milli
maraqlarını bütün mənafelərin üstündə
tutur, özünü bu xüsusiyyətləri ilə sevdirir
və xalqına seçkilərdə onu seçməsində
haqlı olduğunu hər dəfəsində sübut edir.
İstər 2003, 2008, 2013, 2018-ci illərdəki, istərsə
də 2024-cü il 7 fevral prezident seçkilərində Azərbaycan
siyasətində onun alternativinin olmadığı
bütün dünyaya şəffaf seçkilər vasitəsi
ilə və xalqın böyük dəstəyi ilə
sübut olundu. Azərbaycan xalqı həmişə olduğu
kimi, bu dəfə də doğru və müdrik seçim
etdi, səsini Ulu Öndər Heydər Əliyevin müəyyən
etdiyi yolu layiqli davam etdirən, Azərbaycanı regionun liderinə
və beynəlxalq aləmdə etibarlı tərəfdaşa
çevirən dünya səviyyəli siyasətçi cənab
İlham Əliyevə verdi. Müstəqillik tariximizdə bu,
tamamilə fərqli seçki idi. Çünki 7 fevral
seçkisi suverenliyimizin tam bərpa olunduğu şəraitdə,
işğaldan azad edilmiş Qarabağ daxil, bütün
ölkə ərazisində reallaşan ilk seçki idi. Son 30
ildə ilk dəfə olaraq Qarabağda - Şuşada,
Laçında, Cəbrayılda, Füzulidə, Ağdamda, Kəlbəcərdə,
Zəngilanda, Qubadlıda, Xocalıda, Xocavənddə,
Suqovuşanda seçki məntəqələri yaradılmışdı.
Səsvermə günü səhər saatlarından
seçicilər kütləvi şəkildə seçki məntəqələrinə
axın etdi, Azərbaycanda indiyədək keçirilən
seçkilərdə görünməyən seçici fəallığı
müşahidə olundu. Prezident İlham Əliyev, birinci
xanım Mehriban Əliyeva və ailə üzvləri Xankəndi
şəhərində 122 saylı seçki dairəsinin 14
saylı seçki məntəqəsində səs verdilər.
İlham Əliyevin səsvermə məntəqəsi kimi Xankəndini
seçməsi simvolik məna daşıyırdı. Bu,
dünyaya və dünya ermənizminə verilən
mesajdır. Xankəndinin Azərbaycan üçün nə qədər
əhəmiyyətli olduğunu göstərir. Bu şəhər
bizim və bütün Türk dünyası üçün
çox önəmlidir. Beləliklə, cənab İlham
Əliyev seçicilərin 92,05 faizinin səsini qazanaraq
seçkilərin qalibi oldu. Azərbaycan xalqı Zəfər
seçkisində Qalib Sərkərdə İlham Əliyevə
bir daha ən yüksək etimadı göstərdi, ona
dövlətimizin daha da inkişafı, güclənməsi
üçün növbəti 7 illik mandat verdi. Azərbaycan
xalqı indi öz Prezidentini tam haqlı olaraq Müzəffər
Ali Baş Komandan adlandırır və hər bir qədirbilən
azərbaycanlı zəmanəmizin ən görkəmli liderlərindən
biri olan, beynəlxalq arenada mühüm rol oynayan Prezidenti ilə
qürur duyur!
Sevinc
Azadi
İki
sahil.-
2025.- 6 fevral, №21.- S.4.