Təpəbaşı mirası yox olur!
Bəs UNESCO haradadır?
İcma: Beynəlxalq təşkilatları
Azərbaycan abidələrinin
bərpası və qorunması üçün
Ermənistana təzyiq
etməyə çağırırıq
Ermənistanda azərbaycanlılara məxsus mədəni və dini irsin
sistematik şəkildə
məhv edilməsi təkcə tarixi və mədəni dəyərlərin dağıdılması
deyil, eyni zamanda, bir xalqın
keçmişinin, izlərinin
silinməsi deməkdir. Ermənistan ərazisində azərbaycanlılara
məxsus məscidlər,
qəbiristanlıqlar, tarixi
abidələr və yaşayış məskənləri
uzun illər ərzində ya dağıdılıb, ya
da məqsədli şəkildə
erməni izləri ilə əvəz edilib. İrəvan xanlığının tarixi
irsi, “Göy məscid”, “Sərdar sarayı” kimi abidələr məhz bu siyasətin qurbanı olub.
Xüsusilə 1988–1989-cu illərdə azərbaycanlıların deportasiyası
bu prosesin daha aqressiv fazaya
keçdiyini göstərir. Belə halların qarşısını
almaq üçün
Azərbaycan beynəlxalq
təşkilatlar çərçivəsində
bu məsələləri
qaldırır, mədəni
irsin qorunması ilə bağlı davamlı çağırışlar
edir. Çünki mədəni irs təkcə bir xalqa deyil, ümumbəşəri
tarixə aiddir və onun məhv
edilməsi bütövlükdə
insanlığın mirasına
vurulan zərbədir.
Ermənistanın azərbaycanlıların mədəni irsinə qarşı törətdiyi
qanunsuzluqlara irs nümunələrinin mənimsənilməsi
və təhrif edilməsi də daxildir. İrəvandakı
“Göy məscid”in
"fars məscidi"
kimi təqdim edilməsi və Təpəbaşı məhəlləsinin
məhv edilməsi bu siyasətin tərkib hissəsidir. İrəvandakı “Göy
məscid” XVIII əsrdə
inşa edilib və orada əsasən
azərbaycanlılar ibadət
ediblər. İrəvan
xanlığının tərkibində
olan bu şəhər
XIX əsrə qədər
demoqrafik baxımdan azərbaycanlıların üstünlük
təşkil etdiyi bir məkan olub. Ermənistanda salamat qalmış yeganə məscid olan “Göy məscid”in "fars məscidi" kimi təqdim edilməsi, əslində onun Azərbaycan mədəni irsinə aid olduğunu gizlətmək
məqsədi daşıyır.
Bu, Ermənistanın azərbaycanlılara
məxsus maddi və qeyri-maddi mədəniyyət nümunələrini
özününküləşdirmək siyasətinin bariz nümunəsidir. Bu yanaşma
təkcə “Göy məscid”lə məhdudlaşmır. Ümumiyyətlə,
Ermənistanda azərbaycanlıların
irsinə aid olan abidələrin ya tamamilə dağıdılması,
ya da saxtalaşdırılaraq
başqa etnoslara aid edilməsi geniş yayılmış praktikadır.
Məqsəd isə azərbaycanlıların bu
torpaqlarda tarixən yaşadıqlarına dair
bütün izləri
silməkdir.
Təpəbaşı məhəlləsi
isə İrəvanın
ən qədim yaşayış məhəllələrindən
biridir və XVII əsrdən etibarən burada azərbaycanlılar məskunlaşıb. 1831-1832-ci illərə aid kameral təsvirlər və XIX əsrin arxiv sənədləri göstərir
ki, şəhərin bu
hissəsində küçə
adları və etnik tərkib dəyişmədən qalıb.
Burada yerləşən
Dərəkənd, Axund,
Xan bağları, Əsəd
bəy, Adalyar, Təpəbaşı, İmarət
və Daşlı kimi küçələrin
adları da həmin dövrün Azərbaycan irsini təsdiqləyən
tarixi sübutlardır.
Ancaq sonrakı dövrlərdə – 1918-1920-ci illərdə,
1948-1953-cü illərdə və ən nəhayət 1988-ci ildə
erməni hökumətinin
həyata keçirdiyi
deportasiya siyasəti nəticəsində Təpəbaşı
tamamilə azərbaycanlılardan
təmizlənib. Bu məhəllədə
yaşayanların yerinə
Ermənistana köçürülən
ermənilər yerləşdirilib
və bununla da etnik tərkib süni şəkildə dəyişdirilib. İndiki
vəziyyətdə bu
tarixi abidənin tamamilə baxımsız qalması və vandalizmin hədəfinə
çevrilməsi Ermənistanın
həqiqi niyyətlərini
bir daha ifşa edir. Bu günlərdə sosial şəbəkələrdə bir blogerin İrəvanın
Təpəbaşı məhəlləsində
yerləşən tarixi
Azərbaycan məscidinin
qalıqlarını lentə
aldığı görüntülər
yayılıb. Blogerin
paylaşdığı görüntülər
məscidin tamamilə
sahibsiz qaldığını
və tarixi-dini abidə kimi deyil, içki içilən bir yer kimi istifadə
edildiyini sübut edir. Bu, sadəcə etinasızlıq deyil, açıq şəkildə
mədəni və dini təhqirdir. Məsələ ilə bağlı Qərbi Azərbaycan İcmasının
bəyanatında bildirilir
ki, bu, Azərbaycan xalqının dini və mədəni heysiyyətinə toxunan açıq provokasiyadır.
Ermənistan tərəfinin
Azərbaycan mədəniyyət
abidələrini qəsdən
məhv etməsi və Azərbaycan xalqının indiki Ermənistan ərazisindəki
mədəni izlərini
silməsi, beynəlxalq
hüququn, o cümlədən
1954-cü il Haaqa Konvensiyası
və UNESCO-nun müvafiq
qərarlarının kobud
şəkildə pozulmasıdır.
Ermənistanın bu addımları bölgədə
sülh və barışığın əldə
olunmasına ciddi maneə törədir.
“Mədəni irs obyekti sayılan Təpəbaşı məscidinin
dağıdılmasına, qalıqlarının isə
bu cür təhqiramiz şəkildə
istifadəsinə qətiyyətlə
etiraz edərək,
UNESCO-nu və digər
beynəlxalq təşkilatları
təxirəsalınmaz addımlar
atmağa, o cümlədən,
məscidin və digər dağıdılmış
Azərbaycan abidələrinin
bərpası və qorunması üçün
Ermənistana təzyiq
etməyə çağırırıq”,-
deyə bəyan edən Qərbi Azərbaycan İcması Ermənistan hökumətindən,
Azərbaycan xalqına
məxsus bütün
dağıdılmış və ya saxtalaşdırılmış
mədəniyyət abidələrinin
bərpası və qorunması istiqamətində
öhdəliklərini dərhal
yerinə yetirməyi tələb edib.
Qeyd edək, mədəni irsin qorunması təkcə tarixi ədalətin bərpası
deyil, həm də fundamental insan hüquqlarının təmin
edilməsi məsələsidir.
Ümumdünya İnsan
Hüquqları Bəyannaməsi
və digər beynəlxalq sənədlər
insanın mədəniyyətə
və mədəni irsə çıxış
hüququnu təsbit edir. Burada əsas
vurğulanmalı məqam
ondan ibarətdir ki, mədəni hüquqlar təkcə fərdi deyil, həm də kollektiv hüquqdur. Yəni, Qərbi azərbaycanlıların
öz doğma yurdlarına qayıtmaq hüququ kimi oradakı tarixi-mədəni
irsdən istifadə etmək hüququ da pozulmazdır.
Ermənistanın Qərbi azərbaycanlıların
qayıdışından əvvəl,
qayıdış dövründə
və sonra onların mədəni irsini qorumaq və bərpa etmək kimi hüquqi öhdəlikləri
var. Beynəlxalq Paktlar
və Konvensiyalar da bunu açıq şəkildə tələb
edir. UNESCO bu məsələdə daha
aktiv rol oynamalıdır. UNESCO-nun əsas
missiyalarından biri mədəni irsin qorunması olsa da təşkilat indiyə qədər Ermənistanın
Azərbaycan mədəni
irsinə qarşı
həyata keçirdiyi
sistematik vandalizm aktlarına qarşı yetərli və prinsipial mövqe ortaya qoymayıb. Ermənistanın Qərbi
Azərbaycandakı Azərbaycan
irsini məqsədyönlü
şəkildə məhv
etməsi, tarixi abidələri saxtalaşdırması,
dini məkanlarımızı
təhqir etməsi və azərbaycanlılara
məxsus izləri tamamilə silməyə çalışması UNESCO-nun nizamnaməsinə və beynəlxalq hüquqa açıq-aşkar ziddir.
Bütün bu cinayətlərə baxmayaraq
UNESCO Ermənistana heç
bir ciddi xəbərdarlıq etməyib,
monitorinq aparmaq üçün real addımlar
atmayıb və bu vandallığın qarşısının alınması
üçün effektiv
mexanizmləri işə
salmayıb. Təşkilatın
susqunluğu, faktiki olaraq, Ermənistanın mədəni irsimizə qarşı həyata keçirdiyi vandalizm siyasətinə dolayısı
ilə legitimlik qazandırır. Belə olan halda UNESCO-nun obyektivliyi və mədəni irsin qorunması sahəsindəki
missiyası ciddi şübhə altına düşür. Ermənistanın
törətdiyi mədəni
cinayətlər beynəlxalq
təşkilatlar tərəfindən
cavabsız qalmamalıdır!
Nigar Orucova
İki sahil.- 2025.- 13 fevral, №26.- S.6.