Ömrün vəfa etmədiyi
istedadlı sənətkar
Görkəmli
şəxsiyyətlər
Prezident sərəncamının
işığında
Azərbaycan Prezidenti İlham Əliyev məşhur rəssam və rənggarlıq sənətinin
banisi Mirzə Qədim İrəvaninin
200 illik yubileyinin keçirilməsi ilə bağlı Sərəncam
imzalayıb.
Sərəncamda deyilir: “Mirzə Qədim İrəvani Azərbaycan rəngkarlığının
təşəkkülündə əhəmiyyətli rol oynamış böyük
sənətkarlardandır. O, bir çox sahələri əhatə
edən yaradıcılığında
klassik Şərq miniatürü və xalq sənətinin zəngin ənənələrini
Avropa realist boyakarlığının nailiyyətləri
ilə ahəngdar şəkildə birləşdirərək
orijinal üslub formalaşdırmış, Azərbaycan
təsviri sənəti
tarixində yeni mərhələnin başlanğıcını
qoymuşdur. Rəssamın
zərif koloritli naxışlarla və ornamentli şəbəkələrlə
işlənmiş, dərin
bədii-estetik təsir
gücünə malik
tabloları, monumental portret və kompozisiyaları kamil sənət nümunələri
kimi bu gün
də yüksək dəyərini qoruyub saxlayır.”
Bəs
biz Mirzə Qədim İrəvani barədə nə bilirik? Məlumdur ki, o, 1825-ci il dekabrın 4-də Azərbaycanın
İrəvan şəhərində
sənətkar ailəsində
dünyaya gəlib. O,
görkəmli rəssam
olmaqla bərabər, Azərbaycan dəzgah boyakarlığının banisi
hesab edilir. Sənətkarlığı yüksək
qiymətləndirilərək İrəvanın Xan sarayında bərpa işlərinin bir qismini həyata keçirilməsi ona tapşırılmışdı.
Atası ailənin
yeganə övladının
təhsil alması üçün Mirzə Qədimi kiçik yaşlarında Tiflisə
aparmışdır. Mirzə
Qədim 15 yaşında
Tiflisdəki progimnaziyanı
bitirmişdir. Burada fars, rus və
fransız dillərini
mükəmməl öyrənən
Mirzə Qədim İrəvana qayıtdıqdan
sonra ömrünün
sonunadək poçtda
teleqrafçı vəzifəsində
çalışıb. Onun
atası Məhəmmədhüseyn
xanlıqda məşhur
xarrat,ağac üzərində oyma və şəbəkə
ustası idi. Mirzə Qədimdə rəssamlığa meyil hələ Tiflisdə progimnaziyada oxuduğu vaxt yaranmışdı.
Əvvəlcə şüşə
və parça üzərində şəkillər
çəkən Mirzə
Qədim sonralar portret və ornamental kompozisiyalar ustası kimi tanınmışdı. Kollec
asessoru, yəni zadəgan əslindən olan şəxslərə
verilən mülki rütbəsi vardı. Mütaliəni və rəssamlığı çox
sevən Mirzə Qədimin Qərbi Avropa, Şərq və rus yazıçılarının
əsərlərindən ibarət
zəngin kitabxanası
vardı. Çəkdiyi
portretlər və boyakarlıq işləri hələ gənc yaşlarında ikən xanlıqda ona şöhrət qazandırmışdı.
Sənətinin mahir bilicisi kimi İrəvan Xan sarayının Güzgülü zalındakı
portretlərin və ornamental kompozisiyaların bərpası məhz Mirzə Qədimə etibar edilmişdi. O, Güzgülü zaldakı
divar rəsmlərinin
əksəriyyətini bərpa
etməyə müvəffəq
olmuşdu. Ehtimal var ki, 1867–1874-cü illərdə Xan sarayında dəfələrlə
aparılan bərpa işlərini Mirzə Qədim yerinə yetirmişdir. Rəssamın
yağlı boya ilə çəkdiyi portretlər bugünümüzə
qədər gəlib çıxmışdır. “Fətəli
şah”, “İrəvan
sərdarı”, “Həsən
xan”, “Rüstəm Zal” portretləri hazırda Gürcüstanda
Tbilisi Dövlət İncəsənət Muzeyində,
“Abbas Mirzə” portreti isə Azərbaycan Dövlət İncəsənət Muzeyində
saxlanılır.
Onun yaratdığı
obrazların bədii həllinə, fərdi əlamət və ifadəliliyinə görə
bir-birindən əsaslı
surətdə fərqlənirlər.
Bu əsərlər həm rəssamın, həm də dövrün estetik normalarını, gözəllik
idealını əks
etdirir. “Oturmuş qadın” və “Gənc qadın” portretlərində xalq yaradıcılığı və
şair Molla Pənah Vaqifin poeziyasında tərənnüm
olunan şux, nikbin, gözəl qadın obrazı yaradılmışdır. Mirzə
Qədim İrəvaninin
“Oturmuş qadın” portreti təkcə Azərbaycanda deyil, ümumiyyətlə, XIX əsr
Orta Şərq rəssamlığında ideal
qadın gözəlliyini
əks etdirən on görkəmli əsərlərdən
biri sayılır.
Haqqında olan
məlumatlardan aydın
olur ki, Mirzə Qədim İrəvaninin sənətkarlığı
geniş spektri əhatə etmişdir. Sənətkar əsasən,
tikmələr üçün
olan bəzək rəsmləri, divar naxışları, zərgərlik
məmulatları, lakla
çəkilmiş rəsm
əsərləri və
şüşə rəssamlığı
ilə də tanınır. Demək olar ki, İrəvani
bir qayda olaraq, bütün əsərlərini Azərbaycan
və rus dillərində imzalayaraq özünü «Mirzə Qədim İrəvani», ya da bəzən
«kollec asessoru» imzası ilə təqdim edir, ya da özünü
sadəcə «Qədim
bəy» adlandırırdı.
Mirzə Qədim
İrəvaninin «Gənc
qadının portreti»,
«Gənc oğlanın
portreti», «Fətəli
şahın portreti»,
«Rəqqasələr», «Molla»
əsərləri Azərbaycan
Milli İncəsənət
Muzeyində, «Mah Tələtin portreti» Gürcüstan Dövlət
İncəsənət Muzeyində,
«Quş və çiçəklər» rəsmi
Rusiyanın Sankt-Peterburq
şəhərindəki Ermitajda
saxlanmaqdadır. Rəssam
1850-ci illərdə, İrəvandakı
Sərdar sarayının
divarlarında, yağlı
boya ilə çəkilmiş dörd
böyük (1 metr x 2
metr) portretin müəllifidir.
Görkəmli sənətkarın digər
əsərləri ilə
bağlı məlumat
yoxdur. Ola bilər ki, taleyi naməlum qalan həmin əsərlər ya xarici ölkələrə
aparılmış, ya
da düşmənlərimiz
tərəfindən məhv
edilmişdir.
Elmi ədəbiyyatda
adı ilk dəfə 1954-cü ildə,
sənətşünas Natalya
Miklaşevskayanın İrəvaniyə
həsr olunan məqaləsində çəkilib.
Miklaşevskayanın sözlərinə
görə, “Mirzə
Qədimin atası, Məhəmmədhüseyn adi
xarrat yox, bədii ağac işləməsi üzrə
xüsusi bacarığa
malik usta olub.” Məqalədə deyilir: “Məhəmmədhüseyn
ornament sənətini,
öz yeganə oğluna lap kiçik yaşlarından
öyrədib. Məhəmmədhüseynin
oğluna təhsil vermək imkanı var idi və
onu Tbilisi progimnaziyasına yolladı.
Erkən yaşlarından,
rus mədəniyyəti
ilə yaxın təmasda olan Mirzə Qədim rəssamlıq bacarıqlarını
dərinləşdirmək imkanını qazandı.”
Geniş bədii
təxəyyülə malik
sənətkar Azərbaycan
panel rəssamlığının
banisidir. Yaradıcılığı
Azərbaycanın yeni
dövr təsviri sənətində yadda
qalmışdır. Təəssüf
ki, istedadlı sənət adamı həyatdan erkən getmişdir. Mirzə Qədim İrəvani əlli yaşında,
1875-ci ildə, yaradıcılığnın
çiçəkləndiyi bir dövrdə vəfat etmişdir. Özündən sonra Azərbaycan xalqına qiymətli mədəni irs qoymuşdur. Bu gün Azərbaycanda
onun sənətini yüzlərlə davamçısı
yaşadır. Mirzə
Qədim İrəvaninin
adı sənət tariximizdə əbədi qalacaqdır.
Vəli İlyasov
İki sahil.- 2025.- 18 fevral, №29.- S.5.