Mənəvi irsimizə sahib çıxmağımızın
daha bir parlaq
nümunəsi
Görkəmli şəxsiyyətlər
Millət
vəkili: Mirzə Qədim İrəvani Azərbaycan təsviri
sənətinin banilərindən biri kimi zəngin irs qoyub
getmişdir.
Qərbi Azərbaycan mədəniyyəti
bütövlükdə Azərbaycan
mədəniyyətinin tərkib
hissəsidir. Bu baxımdan Qərbi Azərbaycan mədəniyyətinin
təbliği, dünya
ictimaiyyətinə tanıdılması
olduqca vacibdir. Xəbər verildiyi kimi, Prezident İlham Əliyev görkəmli rəssam, Azərbaycan dəzgah boyakarlığının banisi
Mirzə Qədim İrəvaninin 200 illiyinin
qeyd edilməsi haqqında Sərəncam imzalayıb. Şübhəsiz,
bu, hər şeydən əvvəl,
Qərbi Azərbaycan mədəniyyətinin təbliği
istiqamətində atılan
növbəti addımdır.
Milli Məclisin deputatı, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Əməkdar rəssam Ülviyyə Həmzəyeva mövzu ilə bağlı “İki sahil” qəzetinə açıqlamasında bildirib ki, Mirzə Qədim İrəvani Azərbaycan rəngkarlığının təşəkkülündə əhəmiyyətli rol oynamış böyük sənətkarlardandır: “Sərəncamda bildirildiyi kimi, o, bir çox sahələri əhatə edən yaradıcılığında klassik Şərq miniatürü və xalq sənətinin zəngin ənənələrini Avropa realist boyakarlığının nailiyyətləri ilə ahəngdar şəkildə birləşdirərək orijinal üslub formalaşdırıb, Azərbaycan təsviri sənəti tarixində yeni mərhələnin başlanğıcını qoyub. Rəssamın zərif koloritli naxışlarla və ornamentli şəbəkələrlə işlənmiş, dərin bədii-estetik təsir gücünə malik tabloları, monumental portret və kompozisiyaları kamil sənət nümunələri kimi bu gün də yüksək dəyərini qoruyub saxlayır. Bu mənada Prezident İlham Əliyevin Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi Mirzə Qədim İrəvaninin 200 illik yubileyinin qeyd olunmasına dair imzaladığı Sərəncam olduqca təqdirəlayiqdir. Şübhəsiz, bu sənəd milli-mədəni irsimizin qorunması və gələcək nəsillərə çatdırılması baxımından böyük əhəmiyyət daşıyır. Bu, Qərbi Azərbaycan mədəniyyətinin və incəsənətinin təbliği deməkdir. Bu, həm də Ümummilli Lider Heydər Əliyev tərəfindən hər zaman prioritet və aktual hesab edilən Qərbi Azərbaycan məsələsinin Prezident İlham Əliyevin bu gün öz uğurlu dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevirdiyinin göstəricisidir. Yeri gəlmişkən, son illərdə Aşıq Ələsgərin 200 illik, İrəvan Müəllimlər Seminariyasının və İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illik yubileylərinin keçirilməsi ilə bağlı sərəncamlar, eləcə də Aşıq Ələsgərin Bakı şəhərində heykəlinin ucaldılması tarixi torpaqlarımızdakı mənəvi irsimizə sahib çıxmağımızın parlaq nümunələridir.
Unutmayaq ki, Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər, tarixi xəritələr təsdiqləyir. Əfsuslar olsun ki, ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini və mədəniyyət abidələrimizi yerlə-yeksan ediblər, dağıdıblar, bununla da həmin məkanlardan azərbaycanlıların tarixi irsini silmək istəyiblər. Bu Sərəncam həm də Qərbi Azərbaycan həqiqətlərinin öyrənilməsi, dünya ictimaiyyətinə çatdırılması ilə yanaşı, erməni saxtakarlıqlarının ifşasına da xidmət edir”.
Həmsöhbətimiz vurğulayıb ki, ömrünün sonunadək teleqrafçı vəzifəsində çalışmış, peşəkar rəssam təhsili almamış Mirzə Qədim İrəvani Azərbaycan təsviri sənətinin banilərindən biri kimi zəngin irs qoyub getmişdir: “Onun yaratdığı əsərlər təkcə bədii dəyəri ilə deyil, həm də milli kimliyimizi əks etdirməsi ilə fərqlənir. Fars, rus və fransız dillərinə bələd olan Mirzə Qədim İrəvani həm də yaradıcılığında Şərq və Qərb bədii ənənələrini daha uğurla birləşdirən rəssam kimi sənət tariximizə daxil olub.
Qeyd edək ki, rəssamın vəfatından sonra ailə arxivində onun yüzdən çox əsəri qalıbmış. Amma 1918-ci ildə hayların İrəvanda yaşayan azərbaycanlılara qarşı törətdikləri qırğınlar zamanı onların çoxu yoxa çıxıb. Bizim günümüzə isə onların yalnız 23-ü gəlib çatıb. Həmin sənət əsərlərindən ikisi Rusiya Dövlət Ermitajında (Sankt-Peterburq), biri Gürcüstan Dövlət İncəsənət Muzeyində (Tbilisi) saxlanılır. Yeri gəlmişkən, 2019-cu ildə Heydər Əliyev Mərkəzi tərəfindən Gürcüstan Milli İncəsənət Muzeyində Azərbaycan və Şərq kolleksiyalarından ibarət "Tarixin şah əsərləri" adlı sərgi keçirilmişdir. Həmin sərgi ekspozisiyada, həmçinin Azərbaycan panno rəngkarlığının banisi, Azərbaycan təsviri incəsənətinə böyük təsir göstərmiş ornament və portret ustası Mirzə Qədim İrəvaninin yağlı boya ilə işlənmiş altı əsəri də sərgilənmişdir. Mirzə Qədim İrəvani tikmə üçün olan trafaretləri, divar naxışları, zərgərlik məmulatları, lakla çəkilmiş rəsm əsərləri və şüşə rəssamlığı ilə tanınan bir rəssam olub. XIX əsrin ortalarında İrəvan xanlığının Sərdar sarayının salamat qalmış orijinal əsərlərini və həmin saray kompleksinin məscid və sarayının dekorunda işlədilən seramik plitələri yenidən boyamış şəxs olub.
Bu möhtəşəm sarayın keçmiş divar bəzəklərini bərpa etməklə yanaşı, Mirzə Qədim bəy burada bir neçə yeni əsər də yaradıb. Rəssamın Bakıda yaşayan qohumlarının verdikləri məlumata görə, Mirzə Qədim bu sarayda 2 metr hündürlüyü və 1 metr enində yağlı boya ilə portret çəkib. Tarixi sənədlər göstərir ki, 1918-ci ildə saray uçub dağıldığı zaman rəssamın portretləri divardan çıxarılıb Tiflisə gətirilib. Hazırda Gürcüstan Dövlət Muzeyində saxlanılan "Sərkərdə" adlı əsəri rəssamın bu saray üçün yaratdığı ən dəyərli əsərlərdəndir.
Ümumiyyətlə, rəssamın çəkdiyi portretləri Azərbaycan incəsənət tarixində yağlı boya ilə çəkilmiş ilk əsərlərdən saymaq olar. Onun sulu boya və qələmlə çəkilmiş 20 ədəd əsəri Azərbaycan Milli İncəsənət Muzeyində qorunub saxlanılır. Həmin əsərlərdən "Fətəli şah ", “Qırqovul və güllər”, "Rəqqasə", "Dərviş", “Abbas Mirzə”, “Mah Tələt xanım”, “Vüculla Mirzə”, “Gənc qadın” və s. adlarını çəkmək olar.
Qeyd etdiyimiz
kimi, Mirzə Qədim İrəvani tək kətan üzərində işləməyib.
O, dəri və șüşə üzərində
də böyük məharətlə əsərlər
ərsəyə gətirib.
Onun hazırda Sankt-Peterburq Dövlət Ermitajında saxlanılan bir əsəri bu baxımdan diqqətəlayiq və çox qiymətlidir. Həmin əsər ilk baxışda orta yüzillik Şərq əlyazmalarının
üz qabığını
xatırladır, əslində
isə o, qovluq şəklində bir hədiyyədir. Qovluğun
içərisində, sağ
tərəfində güzgü
bənd edilmiş, sol tərəfində isə bir kiși
portreti çəkilmişdir.
Portretin altındakı
yazıdan bu rəsmin rus generalı Karvilinə həsr edildiyi bəlli olur. Qovluğun ornamental kompozisiyası
öz üslub xüsusiyyətinə görə
Şəkidə yerləşən
Şəkixanovların evinin
və Sərdar sarayının divar bəzəklərini xatırladır.
Bundan başqa, qovluqda nəsx xətti ilə fars dilində Sədinin șeirlərindən
götürülmüş beytlər və fransız dilində "Qədim bəy çəkmişdir" sözləri
yazılmışdır.
Ülviyyə Həmzəyeva sonda
deyib: “Biz rəssamlar
da hamı kimi Qərbi Azərbaycana qayıdışımızı, həmçinin öz dövründə mədəniyyətimizə
yeniliklər gətirmiş
Mirzə Qədim İrəvaninin irsinin doğma şəhərində
sərgilənəcəyi günü
gözləyirik. Yeri gəlmişkən, Prezident
İlham Əliyevin bu
istiqamətdəki qətiyyətli
və prinsipial mövqeyi Qərbi Azərbaycana qayıdışımızın
heç də uzaqda olmadığını
göstərir”.
Qvami Məhəbbətoğlu
İki sahil.- 2025.- 20 fevral, №31.- S.6.