Milli birliyimizin və
mədəni irsimizin rəmzi
Ana dilimiz
Ölkəmizdə ana dilinin hərtərəfli inkişafı,
beynəlxalq münasibətlər
sisteminə yol tapması Ulu Öndər Heydər Əliyevin dilimizin qorunmasına yönələn düşünülmüş
siyasətinin nəticəsidir
Fevralın 21-i bütün dünyada
Beynəlxalq Ana Dili Günü
kimi qeyd olunur. 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü
ilə UNESCO tərəfindən
fevralın 21-i Beynəlxalq
Ana Dili Günü elan edilib.
Beynəlxalq Ana Dili Günü
1952-ci il fevralın 21-də Banqladeşin Benqal şəhərində öz
ana dilinin rəsmi dil olması uğrunda mübarizə aparan 4 tələbənin
öldürülməsi hadisəsini
bir daha insanların xatirəsində
canlandırır.
Millətin dilinin dövlət
dili statusuna yüksəlməsi tarixi hadisə, milli dövlətçilik
tarixinin qızıl səhifəsidir. Bu məqam
millətin millət olaraq təsdiqidir. Çünki dilin dövlət dili statusuna yüksəlməsi
millətin öz taleyinə sahibliyinin, dövlət qurmaq və qorumaq qüdrətinin, eyni zamanda, dilinin zənginliyinin sübutudur.
Bu mənada dilin dövlət dili statusu qazanması həqiqətən qürur
gətirən tarixi hadisədir. Azərbaycan dili bu tarixi
hadisəni yaşayıb.
Ölkəmizdə ana dilinin hərtərəfli
inkişafı, beynəlxalq
münasibətlər sisteminə
yol tapması Ulu Öndər Heydər Əliyevin dilimizin qorunmasına yönələn
düşünülmüş siyasətinin nəticəsidir.
2002-ci il sentyabrın 30-da “Azərbaycan
Respublikasında dövlət
dili haqqında” Qanunun qəbul edilməsi Azərbaycan dilinin dövlət dili kimi işlədilməsi,
onun tətbiqi, qorunması və inkişaf etdirilməsi, dünya azərbaycanlılarının
Azərbaycan dili ilə bağlı milli mədəni özünümüdafiə
ehtiyaclarının ödənilməsi
istiqamətində daha
bir addım olub. Bu sənəd Ümummilli Lider Heydər Əliyevin xalqımıza və onun dilinə tükənməz məhəbbətinin,
qayğısının parlaq
nümunələrindən biridir.
Ana dilimizi qorumaq və inkişaf etdirmək hər bir azərbaycanlının
müqəddəs borcudur.
Dil bir millətin
kimliyini, tarixi yaddaşını və mədəni irsini yaşadan ən mühüm faktorlardan biridir. Keçmişinə
bağlı olan,
milli-mənəvi dəyərlərinə
sahib çıxan xalqlar
tarixin ağır sınaqlarından uğurla
keçib, müstəqilliklərini
və varlıqlarını
qoruyub saxlaya biliblər.
Azərbaycan xalqı zəngin
tarixə, mədəniyyətə
və ədəbiyyata
malikdir. Tarix boyu müxtəlif çətinliklərlə üzləşsə
də, milli kimliyini, dilini və mədəni irsini qorumağa müvəffəq
olub. Məhz bu amillər Azərbaycanı bu gün inkişaf etmiş və xoşbəxt ölkələr
sırasında qərarlaşdırıb. Azərbaycanın
beynəlxalq arenada nüfuzunun artması, iqtisadi və mədəni sahədə
qazandığı nailiyyətlər
bunun bariz sübutudur. Bütün bu uğurların əsasında milli kimliyə
sahib çıxmaq, onu
qorumaq və inkişaf etdirmək dayanır.
Bu baxımdan hər bir azərbaycanlı dilinə, mədəniyyətinə
və tarixinə sahib
çıxmalı, onları
gələcək nəsillərə
ötürmək üçün
əlindən gələni
etməlidir. Ümummilli
Lider gənclərə
daim tövsiyə edirdi ki, tariximizi dərindən öyrənsinlər,
milli-mənəvi dəyərlərimizə
sahib çıxsınlar. Çünki
xalqın kimliyi, varlığı onun dili, tarixi və
mədəniyyəti ilə
sıx bağlıdır.
Bu çağırış bu gün də
öz aktuallığını
qoruyur və hər bir azərbaycanlının
üzərinə məsuliyyət
qoyur. Ulu Öndərin
2001-ci il 18 iyun tarixli
“Azərbaycan dilinin tətbiqi işinin təkmilləşdirilməsi
haqqında”,
2001-ci il 9 avqust tarixli “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” fərmanları,
eyni zamanda, milli mənəvi dəyərlərimizin
qorunmasına xidmət
edən 2001-ci il
13 avqust bəyanatı
da deyilənlərin təsdiqidir.
Gənc nəslin milli
ruhda tərbiyə olunmasının prioritetliyi
bütün dövrlərdə
atılan addımlardan
aydın görünür.
Hazırda bu ənənələri
Prezident İlham Əliyev
uğurla davam etdirir. Dövlətimizin başçısının “Azərbaycan
dilində latın qrafikası ilə kütləvi nəşrlərin
həyata keçirilməsi
haqqında” 2004-cü il 12 yanvar
tarixli Sərəncamı
və bu istiqamətdə görülən
digər işlər dilimizin inkişafına böyük qayğının
təzahürüdür. Prezident
İlham Əliyev 2011-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının
illik ümumi yığıncağında bu
kimi məsələlərə
ayrı-ayrılıqda diqqət
yönəldərək konkret
tapşırıqlarını verib. “Müstəqillikdən əvvəl
bizi millət kimi qoruyub saxlayan
milli dəyərlərimiz, milli ənənələrimiz, ana dilimiz,
ədəbiyyatımız, musiqimiz olub” söyləyən dövlətimizin
başçısı qeyd
edib ki, bu sahəyə dövlət
tərəfindən daima
diqqət göstərilir.
Cənab İlham Əliyevin
imzaladığı “Azərbaycan
dilinin saflığının
qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə
bağlı tədbirlər
haqqında” Fərman
da məhz bu məqsədə xidmət
edir.
Sirr deyil ki, müasir Azərbaycan dili mükəmməl qrammatik
quruluşa, zəngin lüğət tərkibinə
və ifadə vasitələrinə malikdir.
Bununla yanaşı, dilimizin hüdudsuz imkanlarından yetərincə
və düzgün istifadə edilməməsi
halları hələ
də kifayət qədər geniş yayılıb. Televiziya və radio kanallarında,
internet resurslarında, mətbu
nəşrlərdə və
reklam daşıyıcılarında
ədəbi dilin normalarının kobud şəkildə pozulması,
leksik və qrammatik qaydalara əməl edilməməsi,
məişət danışığından
istifadə olunması,
əcnəbi söz və ifadələrin yersiz işlədilməsi
də inkaredilməz həqiqətlərdir. Bu gerçəkliklər
dövlətimizin başçısının
məlum Fərmanında
da öz əksini tapıb ki, mövcud sahədə hüquqi tənzimləmənin
və daimi nəzarətin olmaması
dil pozuntularının
azaldılması və
aradan qaldırılması
istiqamətində təsirli
tədbirlər görməyə
imkan vermir. Məhz bu problemlərin
həlli məqsədilə
imzalanan sənədə
əsasən dövlət
dilinin tətbiqinə
nəzarət, kütləvi
informasiya vasitələrində,
internet resurslarında və
reklam daşıyıcılarında
ədəbi dil normalarının qorunmasını
təmin edən, dövlət büdcəsindən
maliyyələşən “Azərbaycan
Respublikasının Dövlət
Dil Komissiyası yanında Monitorinq Mərkəzi” publik hüquqi şəxs yaradıldı.
Monitorinq
Mərkəzinin yaradılması
Azərbaycan dilinin qorunması və inkişaf etdirilməsi istiqamətində mühüm
addımlardan biri oldu. Mərkəz ədəbi dilin norma və qaydalarına
riayət olunmasına
nəzarət etməklə
yanaşı, dilin zənginləşdirilməsi, müasir
dövrün tələblərinə
uyğun inkişafı
və kütləvi informasiya vasitələrində
düzgün tətbiqinin
təmin edilməsi məqsədilə ardıcıl
tədbirlər həyata
keçirir. Eyni zamanda, dilin saflığını qorumaq
təkcə rəsmi qurumların deyil, hər bir vətəndaşın
məsuliyyətidir. Cəmiyyətin
bütün təbəqələri,
xüsusilə media nümayəndələri,
müəllimlər, alimlər
və ziyalılar dilimizin düzgün və səlis istifadəsinə xüsusi
diqqət yetirməli,
gənc nəslə ədəbi dili sevdirib öyrətməlidirlər.
Bu istiqamətdə görülən
tədbirlər, maarifləndirmə
işləri və ictimai nəzarətin gücləndirilməsi milli kimliyimizin
əsas göstəricisi
olan ana dilimizin qorunmasına və inkişafına mühüm
töhfə verəcək.
Nigar Orucova
İki sahil.- 2025.- 21 fevral, №32.- S.6.