Xocalı faciəsi
Misli görünməmiş
qəddarlıq -
Qan
yaddaşı
Tarixdə elə faciələr var ki, üzərindən
illər, qərinələr
ötsə də insanların xatirəsində
hər zaman təzədir, lap dünən olduğu kimi. 1992-ci ilin soyuq fevral günlərində
körpələrin, qadınların,
ahıl insanların qətlə yetirildiyi, əsir, girov götürüldüyü, insanlığın
yaşamadığı işgəncələrə
məruz qaldığı,
ləyaqətlərinin alçaldıldığı
Xocalı soyqırımı
da belə faciələrdən idi. Xalqımız üçün
fevral ayı Xocalı ayıdır. Bu ay bir
gecədə bir şəhərin yer üzündən silindiyi,
Xocalının şəhid
statusu aldığı
aydır.
33 il öncə,
1992-ci il fevralın
25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri
və onların havadarları beynəlxalq hüquq normalarını,
bütünlükdə insanlığa
dayanan davranış və əməlləri vəhşicəsinə pozdu.
Bu faciənin törədilməsində Rusiyanın
366-cı alayının verdiyi
dəstək düşməni
daha da azğınlaşdırır
və əl-qolunu açırdı. Bəşər
tarixində mövcud olan bütün savaşların qanunları
olub. O qanunlar körpəyə, hamilə
qadına, ahıl qocaya aman verib.
Amma Xocalının qatilləri müharibələr
tarixinin görmədiyi
qədər amansız
idi. Mühasirədə
olan Xocalının dinc əhalisinin üzərinə ağır
hərbi texnika yeridib, onlara misli görünməmiş
qəddarlıqla divan
tutub, şəhəri
barbarcasına yerlə-yeksan
edən düşmənin
adı isə erməni idi. Azərbaycanlılara, ümumən
türk millətinə
qarşı düşmən
mövqeyindən çəkinməyən
bu barbar toplumun Xocalıda törətdiyi qətliam əslində bütün
bəşəriyyətə qarşı yönəlmiş
dəhşətli cinayət
əməli idi. Yüzlərlə insan erməni vəhşiliklərindən
canın qurtarmaq üçün qarlı yollarda donaraq, əzabla dünyasını
dəyişib. Xocalıda
öldürülən 613 nəfər
dinc sakindən
63-ü uşaq idi. Bu kütləvi qırğın, vandalizm aktı zamanı 56 nəfər xüsusi qəddarlıq və amansızlıqla qətlə
yetirilmiş, başları
kəsilmiş, yaxud başlarının dərisi
soyulmuş, gözləri
çıxarılmış, hamilə qadınlar süngü ilə deşik-deşik edilmişdir.
Xəsarət alanlardan
487 nəfəri şikəst
olmuşdur ki, onlardan 76 nəfəri azyaşlı idi. 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən
birini itirib. 56 nəfər diri-diri yandırılmışdır. 1275 sakin girov götürülmüş,
150 nəfərin taleyi
isə bu günədək naməlum
olaraq qalmaqdadır.
Azğınlaşmış
erməni silahlı birləşmələri Xocalıda
bu qətliamı törədərkən doğma
torpağını qəsbkarlara
vermək istəməyən
Azərbaycan xalqının
mübarizə əzmini
qırmaq, məhv etmək niyyətini güdürdü. Amma düşmən bu niyyətinə çata bilmədi. Xocalı faciəsinin ağırlığı
o zamankı Azərbaycan
hakimiyyəti tərəfindən
lazımınca qiymətləndirilmədi,
əvvələn, soyqırımı
aktının qarşısının
alınması üçün
zəruri tədbirlər
həyata keçirilmədi.
Məhz ilk vaxtlar rəsmi orqanların Xocalı faciəsini soyqırımı
faktı kimi açıqlamaması və
bununla bağlı dünya ictimaiyyətinə
heç bir məlumatın verilməməsi
ağır nəticələr
verdi. Yalnız Ümummilli Lider Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə gəldikdən
sonra Xocalı faciəsi ermənilərin
Azərbaycan xalqına
qarşı həyata
keçirdikləri soyqırımı
aktı kimi təsbit olundu. Ümummilli Lider Heydər Əliyevin həyata keçirdiyi böyük tədbirlər
nəticəsində 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı Soyqırımı
Günü haqqında”
qərar qəbul etdi. BMT-dən və dünya dövlətlərindən bu
qətliamın gerçək
mahiyyətini açıqlayaraq
erməni terrorizminə
qarşı təsirli
tədbirlər görülməsi
tələb olundu. Ulu Öndər martın 1-də Xocalı
soyqırımı qurbanlarının
ailələrinə müraciət
edərək bu hadisəni, eyni zamanda, bütün bəşəriyyətə qarşı
yönəldilmiş tarixi
cinayət kimi səciyyələndirdi. Ümummilli
lider hər il faciənin ildönümündə Xocalı
soyqırımı ilə
bağlı xalqa müraciət etmiş, faciənin bütün azərbaycanlıların qan
yaddaşına çevrildiyini
vurğulamışdır. Ulu Öndərin 1997-ci il fevralın 25-də imzaladığı Sərəncama
əsasən, hər il fevralın 26-sı ölkəmizdə Xocalı
soyqırımı qurbanlarının
xatirəsi bir dəqiqəlik sükutla yad olunur.
30 il Xocalıda
soydaşlarımızın başına gətirilən
müsibətlərin ağrı-acısı
ilə yaşadıq,
yer üzündən silinən ailələrin müsibəti, körpələrin
yarımçıq qalmış
taleyi, yardıma möhtac qocalara tutulan divanlar içimizi göynətdi.
Lakin xalqın mübarizə əzmi heç zaman qırılmadı, Xocalının
qisasının bir gün mütləq alınacağına hər
kəs inandı. Prezident İlham Əliyev Xocalı soyqırımını törədənlərin
ifşa olunmasını
və beynəlxalq ictimaiyyətin geniş məlumatlandırılmasını Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biri
kimi müəyyənləşdirdi.
Eləcə də Xocalı həqiqətlərinin
dünyaya çatdırılması,
beynəlxalq aləmdə
yayılması, bu soyqırımına obyektiv
qiymət verilməsi məqsədilə davamlı
addımlar atılır.
Azərbaycan Respublikasının
Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə
Heydər Əliyev Fondu bəşəriyyətin
ən böyük faciələrindən olan
Xocalı soyqırımı
haqqında faktların
dünyaya çatdırılması
istiqamətində sistemli
və ardıcıl fəaliyyət göstərir.
2008-ci ildə Heydər
Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü
ilə başlanmış
“Xocalıya ədalət!”
beynəlxalq kampaniyası
bu istiqamətdə təbliğat işini daha da fəallaşdırıb.
Faciə ilə əlaqədar dəhşətli
faktlar bu kampaniya çərçivəsində
geniş beynəlxalq ictimaiyyətə çatdırılıb,
planetin bütün guşələrində milyonlarla
insan erməni millətçilərinin əsl
simasına bələd
olub. Bütün bunların nəticəsidir
ki, indiyədək 17 dövlətin milli qanunvericilik orqanı, həmçinin ABŞ-ın
23 ştatı Xocalıda
dinc əhalinin qətliamını pisləyən
və bunu insanlıq əleyhinə cinayət aktı kimi dəyərləndirən
qətnamə və qərarlar qəbul edib. Eyni zamanda,
İslam Əməkdaşlıq
Təşkilatında və
Türk Dövlətləri
Təşkilatında Xocalı
soyqırımının kəskin
şəkildə pislənilməsini
ehtiva edən qətnamə və bəyanatlar qəbul olunub.
Nəhayət, uzun illərdən sonra haqq-ədalət öz yerini tapdı..
Müzəffər Ali
Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsindəki
parlaq Qələbəsi
2020-ci ili Azərbaycan
tarixinə Zəfər
ili kimi yazdı. Güclü siyasi iradə, möhkəm iqtisadi potensial, qüdrətli ordu, xalq-lider vəhdəti, cəmiyyətdəki
böyük ruh yüksəkliyi, vətənpərvərlik,
əzmkarlıq tarixi Qələbəni təmin
etdi. 30 illik həsrət bitdi, torpaqlarımız mənfur
düşmənin işğalından
azad edildi, ərazi bütövlüyümüz
təmin olundu. Artıq xalqımız Bakıdakı “Ana harayı” abidəsini alnıaçıq, başıuca
ziyarət edir, çünki düşməndən
bütün şəhidlərimiz
kimi, Xocalı soyqırımı qurbanlarının
da qisası alınıb. Müharibə
başa çatsa da, Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin imzalanması
məsələsi gündəmə
gəlsə də, erməni vəhşiliyini,
33 il əvvəl Xocalıda törədilmiş
amansız soyqırımını
heç vaxt unutmaq olmaz.
Sevinc Azadi
İki sahil.- 2025.- 22 fevral, №33.- S.3.