Əsgəran qala-kompleksində açıq
səma altında
tarixi park yaradılacaq
Mədəni irs
Azərbaycan
dövləti xalqımızın milli-mədəni irsinin
qorunub saxlanmasına xüsusi diqqət və qayğı göstərir.
Torpaqlarımız işğal altında olduğu dövrdə
Ermənistan tərəfindən dağıdılan, məhv
edilən irsimiz, o cümlədən tarixi, dini abidələrimiz
bu gün dövlətimiz tərəfindən təmir-bərpa
edilir, yenidən qurulur. Birinci vitse-prezident Mehriban
Əliyevanın dəstəyi ilə Heydər Əliyev Fondu
da bu işlərə mühüm
töhfə verir.
Şuşada Molla Pənah Vaqifin
muzey-məqbərə kompleksinin, Vaqifin büstünün,
görkəmli bəstəkar Üzeyir Hacıbəylinin heykəlinin
yenidən qurulması, eyni zamanda, Mehmandarovların malikanə
kompleksinin təmiri, Zəngilan məscidinin bərpası,
Ağdam Cümə məscidinin tikinti-bərpası bu işlərdən
bəziləridir. Görülən tədbirlər, eyni
zamanda, bölgənin turizm potensialının inkişafına
müsbət təsir göstərir. Bu baxımdan, Əsgəran
qala-kompleksinin bərpası, tarixən malik olduğu
şöhrətinin özünə qaytarılması
xalqımızın çoxəsrlik zəngin mədəniyyətinin,
memarlıq və şəhərsalma sənətinin
tanıdılmasına xidmət edir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər
verir ki, Qarabağın hakimi Pənahəli xanın göstərişi
ilə inşa olunan XVIII əsrə aid Əsgəran
qalası Azərbaycan memarlığının nadir nümunələrindəndir.
Qala Şuşadan 24, Xocalıdan isə 5 kilometr məsafədə
yerləşir.
Qalanın salınması Qarabağ
xanlığının yüksəliş
dövrünə təsadüf edib. Sağ sahil istehkamı
bürclərlə möhkəmləndirilmiş ikiqat daş
divarlardan ibarətdir. Bütün bürclər ikimərtəbəli
olub, bir-birləri ilə ikimərtəbəli qala dəhlizləri
ilə birləşdirilib.
Xocalı
şəhəri 1992-ci ildə
Ermənistan silahlı qüvvələri tərəfindən
işğal olunduqdan sonra qala dağıntılara məruz
qalmışdı. Bu abidə işğalçılar tərəfindən
erməniləşdirilməyə məruz qalan abidələrmizdən
biridir. Ermənistan tərəfi işğal dövründə
Əsgəran qalasında qanunsuz “bərpa-tikinti” işləri
aparıb, özünküləşdirmək naminə tarixi
abidənin görkəminə ciddi zərər vurublar.
2023-cü
il sentyabrın 19-20-də Azərbaycan
Ordusunun Qarabağda həyata keçirdiyi lokal xarakterli
antiterror tədbirlərindən sonra Əsgəran qalası da
separatçılardan azad edilib.
İndi qala Azərbaycan dövləti tərəfindən bərpa
olunur. Qala-kompleksinin dizayn layihəsi “Mədəni və təbii
irs”, “İnfrastruktur və xidmətlər”, “Əyləncə
və istirahət”, “Marketinq və təşviqat” olmaqla, 4
istiqaməti əhatə edən konsept üzrə
hazırlanıb. Layihəyə əsasən, qalanın
konservasiyası, möhkəmləndirilməsi, arxeoloji
qazıntıların aparılması və açıq səma
altında tarixi parkın yaradılması nəzərdə
tutulur.
Qala ərazisində müxtəlif
rekreasiya xidmətlərinin də təklif
olunduğu yaşayış kompleksinin inşası, daxili yol
şəbəkəsinin (piyada və nəqliyyat)
hazırlanması planlaşdırılır.
Kompleks ərazisində ilin dörd fəslində festival və mədəni
tədbirlərin keçirilməsi, idman, istirahət və əyləncə,
ticarət, ictimai iaşə və digər sahələr
üzrə müvafiq infrastrukturun yaradılması nəzərdə
tutulur.
Qeyd edək ki, Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım
Mehriban Əliyeva fevralın 18-də Əsgəran
qala-kompleksinin konsepsiya layihəsi ilə tanış olublar.
İki sahil.- 2025.- 22 fevral, №33.- S.8.